Azərbaycan ilə Rusiya
arasında əməkdaşlıq təkcə ikitərəfli
formatda
deyil, həm də regional səviyyədə
intensiv inkişaf edir
İyunun
18-də Azərbaycan Respublikasının xarici işlər
naziri Elmar Məmmədyarov
Rusiya
Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, əvvəlcə təkbətək, sonra
geniş formatda keçirilən görüşdən sonra
nazirlər mətbuat konfransı keçirmişlər.
Azərbaycan-Rusiya
əlaqələrinin strateji xarakter daşıdığını
deyən Elmar Məmmədyarov bildirmişdir ki, ölkələrimiz
arasında iqtisadi əməkdaşlıq sürətlə
inkişaf edir. E. Məmmədyarov rusiyalı həmkarı ilə
görüşdə ikitərəfli əlaqələrin daha
da dərinləşdirilməsi yollarına dair səmərəli
fikir mübadiləsinin aparıldığını diqqətə
çatdırmışdır. O, söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin də müzakirə
mövzusu olduğunu söyləmişdir.
Ölkələrimiz
arasında münasibətlərin inkişafında parlamentlərarası
əlaqələrin də mühüm rol
oynadığını qeyd edən E.Məmmədyarov həyata
keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini
vurğulamışdır.
Sergey
Lavrov bildirmişdir ki, Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq
təkcə ikitərəfli formatda deyil, həm də regional
səviyyədə intensiv inkişaf edir.
Hər
iki ölkənin strateji tərəfdaşlar olduğunu
vurğulayan S.Lavrov azərbaycanlı həmkarı ilə
danışıqların səmərəli şəkildə
keçdiyini bildirərək demişdir: “Biz münasibətləri
dostluq, qarşılıqlı anlaşma əsasında
inkişaf etdiririk. Ötən dövrdə nümayəndə
heyətlərinin ən intensiv mübadiləsi məhz Azərbaycan
ilə baş vermişdir”.
Keçən
ilin avqustunda Prezident Vladimir Putinin Azərbaycanda səfərdə
olduğunu xatırladan S.Lavrov bu ay parlament və digər rəsmi
səviyyələrdə Rusiya nümayəndə heyətlərinin
ölkəmizə səfər edəcəklərini
bildirmişdir. O, yüksək səviyyəli
qarşılıqlı səfərlərin əlaqələrimizin
daha da inkişafına töhfə verdiyini əlavə
etmişdir.
Azərbaycanın
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik
etdiyini xatırladan rusiyalı nazir görüşdə
ölkələrimiz arasında əməkdaşlığın
beynəlxalq təşkilatlar çərçivəsində
inkişafı ilə bağlı razılıq əldə
olunduğunu da söyləmişdir.
S.Lavrov
bildirmişdir ki, söhbət zamanı, həmçinin Xəzər
dənizinin hüquqi statusu ilə bağlı məsələyə
də toxunulmuş, bu ilin sentyabrında Həştərxanda
keçiriləcək sammitə hazırlıq müzakirə
olunmuşdur.
Azərbaycan.-2014.- 19 iyun.- S.2.