İslam Əməkdaşlıq Təşkilatının
Rəhbər Komitəsinin ilk iclası
çərçivəsində bir
sıra görüşlər keçirilmişdir
Bakıda
İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) Əmək, məşğulluq və sosial
müdafiə ilə bağlı Çərçivə sənədinin
icrası üzrə Rəhbər Komitəsinin ilk iclası
çərçivəsində əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümov bir sıra
görüşlər keçirmişdir.
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, İƏT-in Baş Katibinin iqtisadi məsələlər
üzrə müavini səfir Hameed Opeloyeru ilə
görüşündə nazir Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə respublikamızda
dayanıqlı sosial-iqtisadi inkişafın təmin
olunması, iri iqtisadi layihələrin
reallaşdırılması sahəsində əldə olunan
nailiyyətlər barədə məlumat vermişdir.
O,
İƏT ilə Azərbaycan arasında əməkdaşlığın
arzuolunan səviyyədə inkişaf etdiyini diqqətə
çatdırmışdır. Bildirmişdir ki, Ermənistanın
Azərbaycana qarşı işğalçılıq siyasətinə
son qoyulması ilə bağlı İƏT və üzv
dövlətlər tərəfindən dəfələrlə
nümayiş olunan birmənalı və qətiyyətli
mövqe dünyada ədalətin, sülh və əmin-amanlığın
təmin olunmasına yönələn mühüm
addımlardır.
S.Müslümov
Təşkilat çərçivəsində, bir sıra sahələrdə
olduğu kimi, əmək, məşğulluq və sosial
müdafiə sahəsində də artıq genişlənən
əməkdaşlıq əlaqələrinin üzv dövlətlərin
hər biri üçün xüsusi önəm kəsb
etdiyini demişdir.
H.Opeloyeru
Azərbaycana növbəti səfərində də ölkənin
sürəti inkişafının şahidi olduğunu ifadə
edib, Azərbaycanın İƏT çərçivəsində
konkret fəaliyyət sahələri üzrə əməkdaşlığın
genişləndirilməsində göstərdiyi səyləri
yüksək dəyərləndirmişdir. Görüşdə
İƏT-in Bakıda Əmək Mərkəzinin
yaradılması ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
S.Müslümovla
Səudiyyə Ərəbistanı Krallığının əmək
nazirinin müavini Ziyad Əlsaiq arasında keçirilən
görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı
Krallığı arasında əmək, məşğulluq
və sosial müdafiə sistemləri sahəsində əməkdaşlıq
məsələləri müzakirə olunub, əməkçi
miqrantlar üzrə dolğun məlumatlar diqqətə
çatdırılmışdır.
Beynəlxalq
Əmək Təşkilatının (BƏT) departament rəhbərinin
müavini Kamran Fənnizadə ilə görüşündə
isə S.Müslümov Azərbaycanda əmək və məşğulluq
sahəsində aparılan islahatlarda BƏT-in mütərəqqi
dəyərləri ifadə edən prinsiplərinin daim diqqətdə
saxlanıldığını qeyd etmişdir. Nazir
işsizliyin kəskin şəkildə azaldılması,
xüsusən gənclərin məşğulluğunun dəstəklənməsi
istiqamətində ölkədə aparılan məqsədyönlü
siyasət barədə məlumat vermişdir.
K.Fənnizadə
Azərbaycanın əmək və məşğulluq məsələlərinin
həllində əldə etdiyi uğurlu təcrübənin
digər bir çox ölkələr üçün
yaxşı nümunə olduğunu, hazırda İƏT
çərçivəsində əmək və məşğulluq
üzrə əməkdaşlıq istiqamətlərinin
BƏT-in prinsipləri ilə də
uzlaşdığını vurğulamışdır.
Görüşdə Azərbaycanla BƏT arasında əməkdaşlığın
genişləndirilməsini nəzərdə tutan məsələlər
nəzərdən keçirilmişdir.
Azərbaycan.-2014.- 19 iyun.- S.3.