Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi qeyd edilmişdir
İyunun
18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan
Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, mərasimdə dövlət və
hökumət qurumlarının nümayəndələri,
Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş
qonaqlar və AYB-nin çoxsaylı üzvləri iştirak
etmişlər.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət
məsələləri şöbəsinin müdiri Fatma
Abdullazadə Prezident İlham Əliyevin Azərbaycan
Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə
təbrik məktubunu oxumuşdur .
Mərasimdə
çıxış edən Xalq Yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar təşkilatın
keçdiyi tarixi yola nəzər salmışdır.
Bildirmişdir
ki, 1934-cü ilin iyun ayında yaradılmış Azərbaycan
Yazıçılar İttifaqının ilk sədri Məmmədkazım
Ələkbərli olmuşdur.
Sonrakı
illərdə Azərbaycan Yazıçılar
İttifaqına Seyfulla Şamilov, Rəsul Rza, Səməd
Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Mirzə
İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı
kimi nəhəng söz bahadırları rəhbərlik
etmişlər.
Azərbaycan
Yazıçılar Birliyinin tarixindəki qara səhifələrdən
söz açan Xalq Yazıçısı
vurğulamışdır ki, ötən əsrin 37-ci ilində
Azərbaycanın bir çox dəyərli
yazıçıları, çox istedadlı sənətkarları
repressiya qurbanları olmuşlar.
İkinci
Dünya müharibəsi illərində Azərbaycan
yazıçılarının sözləri cəbhədə
döyüşən əsgərləri
ruhlandırmış, yazıçılar onlarla
görüşüb mənəvi dəstək vermişlər.
Qurumun sədri diqqətə çatdırmışdır ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra AYB milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərmişdir. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirmişdir.
Qarabağ məsələsi ortaya atılan gündən bu ədalətsizliyə qarşı ilk etiraz səsini qaldıran ictimai təşkilat məhz AYB olmuşdur. Həmin dövrdə xalq o vaxtkı iqtidardan əlini üzəndə üzünü AYB-yə tutmuşdu.
Xalq Yazıçısı bildirmişdir ki, elmə, ədəbiyyata, ölkənin mədəni yüksəlişinə, ədəbiyyat və incəsənət xadimlərinə xüsusi qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev AYB–nin bir çox qurultaylarında çıxış etmişdir. Ümummilli Liderin strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qələm sahibləri daim dəstəklənir, onların yaradıcılığına geniş imkanlar yaradılır.
Anar demişdir: “Biz yalnız ədəbiyyata xidmət edirik. Azərbaycan Yazıçılar Birliyinin tərkibində də müxtəlif siyasi baxışları olan insanlar təmsil olunur. Bizi birləşdirən yalnız ədəbiyyatdır”.
Xalq Yazıçısı Anar AYB-nin bu gün artıq bölünməz bir təşkilat kimi Azərbaycan mənəviyyatının qorunmasında mühüm rol oynadığını vurğulamış, tədbirin keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley münasibətilə Azərbaycan yazıçılarına ən xoş arzularını çatdırmışdır.
Bildirmişdir ki, bu gün ədəbiyyatın və mədəniyyətin bayramıdır. AYB-nin 80 illiyini qeyd etməklə Azərbaycan ədəbiyyatının əbədiyaşarlığı bir daha təsdiqlənmiş olur. Azərbaycan mədəniyyəti həmişə öndə getmiş, daim xalqın qayğısı və düşüncəsi ilə bir addımlamışdır. Çətin tarixi yol keçən xalqımızın yenidən müstəqilliyə qovuşmasında ədəbiyyat xadimlərimizin də danılmaz zəhmətləri olmuşdur. Ulu öndər Heydər Əliyev yaradıcı insanlara daim diqqət və qayğı göstərmiş, onların fikirlərinə ehtiramla yanaşmışdır.
Əbülfəs Qarayev rəhbərlik etdiyi qurumun təbrik məktubunu oxumuşdur.
Tədbirdə dünyada tanınmış söz adamları- qardaş Türkiyədən Yahya Agenkin, İmdat Afşar, Seyfəddin Altaylı, Qırğızıstandan Omar Sultanov, Rusiyadan Yevgeni Reyn, Mixail Sinelnikov, Qazaxıstandan Tolen Abdikuli, İrandan Ruqaya Kabiri, ABŞ-dan Aleksandr Qriç, Özbəkistandan Babaxan-Mohammed Şarif, Estoniyadan Xaqani Qayıblı, Almaniyadan Orxan Araz, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya çıxış edərək yubiley münasibətilə AYB-i və onun çoxsaylı üzvlərini təbrik etmişlər.
Natiqlər yazıçı missiyasından, onların əsərlərinin insanların formalaşmasındakı rolundan, qələm adamlarının müqəddəsliyindən, ömrü sözlə bölüşməyin çətin və məşəqqətli bir iş olmasından, müasir dünyada maraq doğuran ədəbi nümunələrdən və bugünkü oxucunun tələblərinə cavab verə biləcək əsərlərin yazılmasının zəruriliyindən söz açmışlar.
Bildirilmişdir ki, ötən müddətdə Azərbaycan yazıçıları həm keçmiş SSRİ ərazisində, həm də dünyada böyük nüfuz qazanmışlar. Onların ölməz sənət inciləri xalqlar arasında sülhə, həmrəyliyə, insanlarda məhəbbət və ədalət hissinin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Mərasimdə, həmçinin beynəlxalq təşkilatların, xarici ölkələrin yazıçılar birlik və təşkilatlarının təbrik teleqramları oxunmuşdur.
Sonda AYB-nin sədri Anar iki gün ərzində keçən tədbirlərin məhsuldar olduğunu bildirmiş, mərasimin iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.
AYB-nin sədri, həmçinin Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində fəaliyyət göstərən, ədəbi nümunələrimizin başqa dillərə tərcümə edilərək yayılmasını reallaşdıran insanlara təşəkkür etmişdir.
AYB-nin yubiley tədbirində İraqda baş vermiş terror hadisələri ilə bağlı Azərbaycan yazıçılarının XII qurultayında təklif edilmiş bəyanatın mətni oxunmuşdur.
Yubiley tədbiri konsert proqramı ilə davam
etdirilmişdir.
Azərbaycan.-2014.- 19 iyun.- S.4.