Dövlət Sosial Müdafiə Fondunun sədri

 Mingəçevirdə vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev iyunun 18-də Mingəçevir şəhərində vətəndaşları qəbul etmişdir.

DSMF-in Mingəçevir şəhər şöbəsinin inzibati binasında təşkil olunan qəbulda Mingəçevir şəhərindən, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-in sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılması, eləcə də qəbula gəlmək üçün qurumun rayon şöbələri tərəfindən xüsusi nəqliyyat vasitələrinin ayrılması insanlar tərəfindən razılıq hissi ilə qarşılanmışdır.

Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə “Açıq qapı” şəraitində keçirilən görüşdə qəbula yazılanlardan əlavə digər vətəndaşların da müraciətləri dinlənilmişdir.

Ümumiyyətlə, qəbulda 7 şəhər və rayondan gəlmiş 35 vətəndaşın müraciətinə baxılmışdır.

Qəbulda vətəndaşların sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərinin bəziləri yerindəcə həll edilmiş, bəziləri barədə izahat verilmiş, bir qismi isə fondun səlahiyyətlərinə aid olmadığından aidiyyəti təşkilatlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə qəbulların keçirilməsindən razı qaldıqlarını vurğulayaraq, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.-2014.- 19 iyun.- S.4.