Gədəbəy yeni yüksəliş yolunda

 

Rayon icra hakimiyyətinin təşkil etdiyi "dəyirmi masa" çox mühüm mövzuya həsr olunmuşdu. Regionların sosial-iqtisadi inkişafı dövlət  proqramlarının icrası və 2014-2018-ci illər üçün qəbul edilmiş yeni proqramda nəzərdə tutulan tədbirlər barədə ətraflı söhbət açıldı.

İcra hakimiyyətinin başçısı Ramiz Yediyarovun ətraflı məlumatından və ayrı-ayrı natiqlərin söhbətlərindən bəlli oldu ki, dağlar diyarı Gədəbəydə Prezident İlham Əliyevin sərəncamları və göstərişləri uğurla yerinə yetirilir. Son illərdə dövlətin qayğısı və köməyi sayəsində iqtisadiyyatın tərəqqisi və sosial quruculuq sahəsində mühüm işlər görülmüşdür. Ötən il rayon üzrə 367 milyon manatlıq  məhsul istehsal olunmuşdur ki, bu da 2003-cü illə müqayisədə 6,7 dəfə çoxdur. Rayonda təqribən 200 min ton kartof, çoxlu taxıl, meyvə-tərəvəz və heyvandarlıq  məhsulları istehsal olunmuşdur. Son illərin ən xarakterik cəhəti budur ki, rayonda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahələri də sürətlə inkişaf edir. Təkcə bir faktı  qeyd etmək kifayətdir ki, son bir neçə il ərzində sənaye məhsulunun istehsalı 80 dəfə artmışdır.

Gəlir, qazanc çoxaldıqca abadlıq və quruculuq işlərinə xüsusi diqqət yetirilir. Dövlət proqramlarının icrası ilə əlaqədar genişmiqyaslı tikinti işləri görülmüş, onlarca obyekt, o cümlədən Çolpan çayı üzərində strateji əhəmiyyətli körpü, Aşıq musiqi məktəbi, tərəvəz anbarı, süd emalı fabriki istifadəyə verilmiş, mərkəzi meydanda milli üslublu saat-abidə quraşdırılmış, münasib bir yerdə bazar kompleksinin əsası qoyulmuşdur. İl ərzində mənzil  fondunun ümumi sahəsi 48,5 faiz artmışdır. Rayonda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə xüsusi  qayğı göstərilir. Son vaxtlarda 40 mənzilli yaşayış binası istifadəyə verilmiş, daha 54 mənzilli iki binanın inşasına hazırlıq görülür.

Dövlət proqramlarına uyğun olaraq təbii qaz, suelektrik enerjisi problemləri ardıcıl şəkildə həll edilir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq rayonda məktəb tikintisi geniş miqyas almışdır. Son illərdə onlarca yeni məktəb binası inşa edilmişya əsaslı  surətdə təmir olunmuşdur. Bu günlərdə isə Samanlıq kəndində 180 nəfərlik  ikimərtəbəli məktəb binası istifadəyə verilmişdir. Səhiyyə, mədəniyyət, idman, habelə rabitə sahəsində də müəyyən işlər görülmüşdür.

Gədəbəyin ən böyük problemi kənd yolları ilə bağlıdır. Bəlli olduğu kimi, Şəmkir-Gədəbəy yolu dövlət başçısı İlham Əliyevin tapşırığı ilə başdan-başa yenidən qurulmuşdur. İndi isə rayonda kəndlərarası yollar yenidən qurulur. Gədəbəy böyük rayondur. İrili-xırdalı yüzdən artıq yaşayış məntəqəsini əhatə edir. Coğrafi şəraiti elədir ki, evlər bir-birindən aralı tikilib, dağlara, dərələrə səpələnib. Gediş-gəliş mürəkkəbdir. Rayonun baş magistralından və şəhərdaxili küçələrdən əlavə, 336  kilometr yerli əhəmiyyətli yolları vardır. Onların abadlığı, rahatlığı hər bir insanın  taleyində, kəndin tərəqqisində mühüm rol oynayır.

Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq Slavyanka-Qoşabulaq, Arıxdam-Söyüdlü-Ərtəpə, Gədəbəy-Rüstəm Əliyev, Gədəbəy-Qızıltorpaq-Şınıx yolları əsaslı təmir olundu. 15 kilometrlik Xarxar-Samanlıq yolu yenidən quruldu. Nərimankənd-Moruqlu, İsalı-Mormor, İnəkboğan-Böyükqaramurad, Şahdağ-Arabaçı, Slavyanka-Nərimankənd yollarında təmir-bərpa işləri aparıldı. Bir sıra yerlərdə - çayların üzərində keçidlər düzəldildi, Fındıqlı çayı üzərindəki körpü əsaslı təmir edildi. Bütün bunlar dövlət başçısının sərhəd bölgəsində yerləşən qəsəbə və kəndlərə göstərdiyi tükənməz qayğı və diqqətin bəhrəsidir. Təkcə keçən il sentyabr ayının 20-də rayonla bağlı iki mühüm sərəncam imzalanmışdı. "Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında" və "Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında". Hər iki sərəncam uğurla yerinə yetirilir.

Bu yaxınlarda dövlət başçısının daha bir sərəncamı ilə Qızıltorpaq-Ağbaşlar  avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Gədəbəy Rayon İcra Hakimiyyətinə 6,7 milyon manat vəsait ayrıldı. Bu mühüm yolun inşası başa çatanda 27 min nəfər əhalinin yaşadığı 11 kəndin nəqliyyat problemi həll olunacaqdır.

Bütün bunlar barədə minnətdarlıqla danışan gədəbəylilər 2014-2018-ci illər üçün dövlət proqramında nəzərdə tutulan çox mühüm tədbirləri fərəhlə qeyd etdilər. Yeni proqramda kiçikya orta həcmli çörək istehsalı müəssisələrinin yaradılmasına, heyvandarlıq, arıçılıq, kartofçuluq və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə xüsusi önəm verilir. Bəlli olduğu kimi, Gədəbəy tarixən maldarlıq məskənidir. Bu sahədə uğurların daha da artırılması üçün baytarlıq idarəsi və diaqnostika kabineti üçün inzibati binaların tikilməsi nəzərdə  tutulmuşdur. Rayonda elektrik enerjisi, istilikqaz təchizatının yaxşılaşdırılması üçün bir sıra işlərin görülməsi, xüsusən elektrikqaz xətlərinin əsaslı surətdə yenidən qurulmasının vacibliyi qeyd olundu.

Son illərdə ölkənin hər yerində su təchizatı və kanalizasiya sistemlərinin yeniləşdirilməsinə xüsusi diqqət yetirilir. Dövlət proqramında ASC-yə bir vəzifə olaraq tapşırılıb ki, 2014-2017-ci illərdə Gədəbəy rayonunda su təchizatı və kanalizasiya sahəsində əsaslı işlər görülsün.

"Dəyirmi masa" arxasında keçən söhbətdə o da bildirildi ki, yaxın illərdə İsalı, Moruqlu  kənd orta məktəbləri və Miskinli kənd uşaq bağçası-körpələr evi üçün müasir quruluşlu binalar tikiləcək, bir sıra təhsil obyektlərində əsaslı təmir-bərpa işləri aparılacaqdır. Yaxın illərdə də yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması, əsaslı təmiri və körpülərin bərpa edilməsinə dair tapşırıqlar, o cümlədən Gədəbəy-Novosaratovka-Qaravəllər, Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq, Ağbaşlar avtomobil yollarının tikintisi və yenidən qurulması sahəsində nəzərdə tutulan tədbirlər hamının ürəyindən xəbər verir.

Bir sözlə, əvvəlki dövlət proqramları hər sahədə uğurla yerinə yetirildi. Rayonda çox şey dəyişildi, təzədən quruldu. Yeni proqramla isə Gədəbəy yeni yüksəliş yoluna qədəm qoyur.

Aylar, illər keçəcək, gündən-günə gözəlləşən Gədəbəy bugünkündən də abad yaşayış məskəninə, turizm diyarına çevriləcəkdir.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.- 19 iyun.- S.5.