Sənətin, sənətkarın keçdiyi yol haqqında kitab

 

Jurnalist Telman Qarayevin nəşr olunmuş kitabı "Sənətin keçdiyi yollar" adlanır. Əslində, bu, müəllifin üçcildliyinin adıdır. Oxuculara hələlik təqdim olunan isə "İşıqlı dünyada yazdıqlarım" adlı birinci kitabdır.

Telman Qarayevin kitabında müxtəlif sənət sahibi olan onlarca insanın taleyindən söhbət açılır. Kimlərdir müəllifin qəhrəmanları? Dahi Nizamidən üzü bəri Azərbaycan xalqının yetişdirdiyi görkəmli yazıçı şairlər, dünya şöhrətli bəstəkarlar, rəssamlar, müğənnilər... Təqdirəlayiqdir ki, bunlarla bahəm Telman Qarayev müxtəlif illərdə digər sahələrdə çalışan sənət sahiblərinin, bəzən ən sadə peşə adamlarının əməyini, daxili dünyasını işıqlandırıb.

T.Qarayev o jurnalistlərdəndir ki, onlar üçün mövzu məhdudiyyəti olmur. Bu da onların peşəkarlığından, topladığı sənət təcrübəsindən əlbəttə ki, istedadından bilgilərinin zənginliyindən irəli gəlir. Təsadüfi deyil ki, Telman müəllim həm jurnalistikanın müxtəlif sahələrində çalışıb onların hər birində öz sözünü deməyə müvəffəq olub. Onun qəzet məqalələri, radio televiziya verilişləri, resenziyaları eyni dərəcədə uğur qazanıb. Bu, müəllifin sözügedən kitabında da öz əksini tapır. Akademik Bəkir Nəbiyevin kitaba yazdığı "Ön söz"də deyildiyi kimi: "Kitabda müəllifin oxuculara təqdim etdiyi hər bir yazı, oçerk, televiziya radio verilişləri jurnalistin əlli illik fəaliyyəti nəticəsində damla-damla, gilə-gilə, qətrə-qətrə topladığı incilərdir. Bu incilərin bir hissəsini dövri mətbuatda - qəzet jurnallarda, radio televiziyada, xüsusilə yeddi il şöbə müdiri işlədiyi "Ədəbiyyat incəsənət" qəzetində toplayıb".

Kitab 10 fəsildən, 524 səhifədən ibarətdir. Burada toplanan ayrı-ayrı yazıların üzərində dayanmadan deyək ki, Telman Qarayev axtarış həvəsli jurnalistdir. Bu, onun bir çox məqalə oçerklərində özünü aydın göstərir. Müəllif bir yazını ərsəyə gətirmək, oxucuya qəhrəmanı haqqında söz demək üçün tarixə baş vurur, bəzən  Azərbaycanın sərhədlərindən kənara çıxır. Bu da jurnalistin yazdıqlarını adi bir məlumat, informasiya çərçivəsindən çıxararaq onlara sanbal, geniş məna məzmun bəxş edir.

Hər yaxşı yazıda yaxşı yazarın qəlbinin odundan, gözünün nurundan pay qalır. Bu, birbaşa mənada 80 yaşını tamamlayan hörmətli yazarımız Telman Qarayevə aiddir. "İş elə gətirdi ki, işıqlı dünyada gördüklərimə qaranlıq dünyadan boylanası oldum" deyir Telman müəllim. Səkkiz ildən çoxdur dünya işığından məhrum olmuş jurnalistin ruhdan düşməməsi, axtarışlarını, yaradıcılığını davam etdirməsi isə əsl hünərdir.

Telman Qarayev Azərbaycan jurnalistikası ümumən Azərbaycan tarixi üçün əhəmiyyətli işlər görüb. Dəyərli sənətkarlarımız haqqında zəngin məlumatlar toplayaraq Azərbaycan xalqına ərməğan edib. Bu, onun özünün dəyərli bir sənətkar ömrü yaşadığını təsdiqləyir. Başqa sözlə, yazdıqlarını oxuduqca müəllifin özünün keçdiyi yol da göz önündə canlanır. Ona görə bu, ümumilikdə həm müəllifin özü, həm qəhrəmanları haqqında bir kitabdır.

Bu qısa qeydlərimizi xalq yazıçısı Elçinin bir radio verilişində səslənən sözügedən kitabda da yer alan çıxışının mətnindən bir parça ilə tamamlamaq istərdik: "Böyük sənətkarların qədrini vaxtında bilməliyik. Vaxtında onları danışdırmalı, səslərini, xatirələrini yazmalı, sənətlərini maqnitofon lentinə, kinolentə köçürməli, gələcək nəsillərə ötürməliyik. Mən bu cəhətdən xüsusi olaraq hörmətli jurnalistimiz, çoxdan bir fədai kimi tanıdığım, Azərbaycan musiqisinin təbliği yolunda var gücü ilə çalışan Telman Qarayevin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm". 

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 19 iyun.- S.7.