Mübarizliyin Mübariz nümunəsi və ya torpaqsevərliyin ölməzlik apogeyi

 

Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu  qorumaq üçün aparılan müharibədir!

 

Heydər ƏLİYEV

 

Bəzən bir ordu böyük bir məmləkətin taleyini, müqəddəratını həll edir... Bəzən bir nəfər böyük bir ordu şücaəti göstərir, əmrsiz, xəbərsiz, kimsəsiz, Vətən sevgisi ilə... Yəni qarşılıq gözləmədən, torpağında sarsılmaz dayanıb zamanı gələrsə bayrağının altında şərəflə, gözünü belə qırpmadan şəhid ola bilmə gözlənilməzliyi və ya ənənəsi... Vətən sərhəddən başladığı kimi, vətənpərvəlik də insandan başlayır. Mövqeyindən, tutduğun vəzifədən, irqindən, dinindən asılı olmayaraq gözlərin yaşarırsa, qəhər boğursa səni, qəlbin qürurla döyünürsə... deməli, Vətən var.

Tarixi xronologiyaya nəzər yetirsək aydın şəkildə görə bilərik ki, Azərbaycan demokratik prinsiplərdən ağızdolusu danışan, bəli, sadəcə danışan dünyaya dəfələrlə vətənsevərlik dərsi keçib. Və 20 faiz torpağına edilən ədalətsik üçün dünya birliyindən sadəcə ədalət gözləyib, bəli, sadəcə gözləyib.

Azərbaycan Vətəndir. Çünki bu torpaq hər qarışını qoruyacaq sayda oğul böyüdüb, şəhid verib. Bu məmləkət hər bir vətəndaşına ucsuz-bucaqsız sevginin intəhasızlığını ərməğan edib. Əlif Hacıyevlər, Tofiq Hüseynovlar, Mübariz İbrahimovlar, Fərid Əhmədovlar yetirib bu torpaq.

Bu torpaqlarda böyüyüb və elə məhz Vətən naminə ölməzlik və unudulmazlıq zirvəsinə yüksələn, bununla da məmləkətinin tarixində yeni bir vətənpərvərlik səhifəsi açan Mübariz İbrahimovun şəhid olduğu gündür bu gün.

Mübariz Ağakərim oğlu İbrahimov - 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. Şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsil alıb. 2005-ci ildə hərbi xidmətə çağırılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayıb. Xidməti zamanı çavuş rütbəsi alıb və 2007-ci ildə xidməti başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də, valideynlərinin razılığı olmayıb. Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb. Bu dəfə artıq gizir kimi çalışmağa başlayıb. Çox çalışsa da, əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd rayonlarda xidmət etmək nəsib olmayıb. Nəhayət, 2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətə başlayıb...

Çox çəkmir ki, uzun müddət düşündüyü qəhrəmanlıq arzusunu həyata keçirmək və düşmənə sarsıdıcı zərbə vurmağın yollarını tapır. Ömrünün gənclik çağında - 22 yaşında 19 iyun 2010-cu il gecə saat 23:30 radələrində düşündüyü əməliyyata yollanır. 1 kilometrlik neytral məsafəni tək keçir və mənfur düşmənlərimizin bir neçə əsgər və zabitini məhv edir, özü  qəhrəmancasına həlak olur.

Bu hadisədən sonra bəzi dövlət başçıları ona "Azərbaycanın Rembosu" da dedilər. Görünən o idi ki, dünya çaşqınlıq içində idi, yox, bu dəfə danışmırdı... səsini içinə qısıb Azərbaycandan vətənpərvərliyin formulunu öyrənirdi.

Elə həmin çaşqınlığı və qorxunu yaşayan düşmən Mübarizin nəşini vermək istəmirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar və örnək göstəriləcək xarici siyasəti nəticəsində Vətən öz oğluna qovuşdu. Cəbhənin təmas xəttində işğalçı ermənilərlə döyüşdə böyük şücaət göstərərək qəhrəmanlıqla həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovPrezident sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmiş şəhid, baş leytenant Fərid Əhmədovla vida mərasimində çıxış edən dövlət başçısı qeyd etdi ki, gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir: "Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir".

Azərbaycan daha neçə-neçə Mübarizlər yetirəcək, Vətən var olacaq...

 

Məmməd Ağayev,

Azərbaycan.-2014.- 19 iyun.- S.8.