Vaşinqtonda Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunması faktının diqqətə çatdırıldığı «dəyirmi masa» keçirilmişdir

 

İyunun 16-da Vaşinqtonda "Beynəlxalq Sülh  uğrunda Karnegi Fondu"nda Ceymstaun Fondunun təşkilatçılığı ilə  "Rusiya-Ukrayna münaqişəsi. Qərbin siyasəti. Moldova və Cənubi Qafqaz üçün nəticələr" mövzusunda "dəyirmi masa" keçirilmişdir.  Müzakirələr iki paneldə aparılmışdır.

Ceymstaun Fondu nəzdində Balkan, Qafqaz və Mərkəzi Asiya üzrə proqramın direktoru Marqarita Assenovanın giriş nitqindən sonra fondun direktoru Qlen Hovard bu qurumun nümayəndələrinin Ukraynaya son səfərinin hesabatı ilə bağlı, Katon İnstitutunun baş elmi  əməkdaşı Andrey İllarionov "UkraynaPutinin "rus dünyası" nəzəriyyəsi", Ceymstaun Fondunun baş elmi  əməkdaşı Vladimir Sokor "Rusiya-Ukrayna münaqişəsi: Moldovaya təsir və Qərbin siyasəti", ABŞ-ın Gürcüstandakı və Qazaxıstandakı sabiq səfiri Uiliam Kortni "Ukrayna böhranından sonra ABŞ-ın Rusiyaya münasibətlə bağlı siyasəti" mövzularında məruzələrlə çıxış etmişlər.

Avropa Siyasətinin Təhlili Mərkəzinin elmi əməkdaşı Yanuş Buqayskinin sədrliyi ilə keçirilmiş ikinci paneldə "ABŞ-ın Xarici Siyasəti Şurası" elmi-tədqiqat mərkəzinin baş elmi işçisi, professor Stiven Blank "Rusiya-Ukrayna münaqişəsindən sonra Cənubi Qafqazda təhlükəsizliyə təhdidlər" mövzusunda,  Cənubi Qafqazda hadisələr ətrafında öz ölkələri üçün perspektivi təqdim edən, Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Natiq Baxışov, Gürcüstanın ABŞ-dakı səfirinin müavini Georgi Xelaşvili, eləcə də "IHS Country Risk" təşkilatının baş analitiki Aleksandr Melikişvili "Krım strategiyası Abxaziyada tətbiq ediləcəkmi?" mövzusunda məruzələrlə çıxış etmişlər.

Professor Stiven Blank auditoriyaya dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ətrafında situasiyanın təfərrüatları barədə danışmışdır. O bildirmişdir ki,  bu yaxınlarda Avrasiya İttifaqının təsis iclasında Ermənistanın qarşısında  ittifaqa beynəlxalq səviyyədə tanınmış sərhədlərlə, yəni Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu olmadan daxil olmaq şərtləri  irəli sürülmüşdür. S.Blank vurğulamışdır ki, ABŞ münaqişənin nizamlanması üçün güc tətbiq etməməlidir.

Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Natiq Baxışov çıxış edərək bildirmişdir ki, artıq iyirmi ildən çoxdur Azərbaycanın əraziləri Ermənistanın işğalı altındadır və 650 minədək məcburi köçkün indiyədək öz torpaqlarına qayıda bilmir. Ukrayna  böhranına və digər münaqişələrə toxunan N.Baxışov vurğulamışdır ki, Azərbaycan regionun bütün dövlətlərinin ərazi toxunulmazlığını tanıyır. Bu mövqe  martın 27-də BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünün təsdiqi üçün Azərbaycanın səsverməsinin gedişində əks olunmuşdur, həmin vaxt Ermənistan əleyhinə səs vermişdi. Səfirliyin əməkdaşı beynəlxalq ictimaiyyəti sərhədlərin, Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq hüququn  pozulmazlığı, ümumiyyətlə, Ukrayna və Gürcüstandakı münaqişələrlə bağlı  mövqe bildirməyə çağırmışdır.

N.Baxışov bir sıra beynəlxalq sənədləri, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə, Azərbaycanın ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyən dörd qətnaməsini sadalamışdır. Ermənistanın ABŞ-dakı səfirliyinin nümayəndəsinin Azərbaycanın "hərbi ritorikası" və "Dağlıq Qarabağın iradəsini izhar etməsi" haqqında şərhlərinə cavab olaraq N.Baxışov bildirmişdir ki, Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasına tamamilə tərəfdar olmasına baxmayaraq, onun öz ərazi bütövlüyünü bərpa etməsi üçün münaqişəni hərbi yolla həll etməsi də istisna deyildir.

N.Baxışov müxtəlif yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələri tərəfindən  dinc azərbaycanlı əhalinin məhv edildiyini, o cümlədən Xocalıda 613 nəfərin qətlə yetirildiyini diqqətə çatdırmışdır.  Professor S.Blank  bildirmişdir ki, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin mayın 7-də səsləndirdiyi rəsmi siyasətinə əsasən, tərəflər "gələcəkdə qarşılıqlı razılaşdırılmış və hüquqi iradə ifadəetmə vasitəsilə" Dağlıq Qarabağ regionunun "qəti hüquqi statusunun" müəyyənləşdirilməsini razılaşdırmalıdırlar. Başqa sözlə,  S.Blank  qeyd etmişdir ki, indiyədək heç bir "xalqın iradəsinin ifadə edilməsi" olmamışdır və bundan əlavə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı rayonlar bugünədək Ermənistanın işğalı altındadır.

AzərTAc-ın ABŞ-dakı müxbiri Yusif Babanlının Gürcüstanın digər rayonlarında, o cümlədən Cavaxetiyada separatizmin potensialı ilə bağlı sualına cavab olaraq Gürcüstanın ABŞ-dakı səfirliyinin nümayəndəsi Georgi Xelaşvili bildirmişdir ki, Gürcüstan hökuməti artıq etnik azlıqların, o cümlədən ermənilərin gürcü cəmiyyətinə inteqrasiyası  proqramını həyata keçirir ki, bu da separatizmin potensial imkanlarını azaldır.

 

Azərbaycan.-2014.- 18 iyun.- S.15.