"QƏLƏBƏ"nin MƏĞLUBİYYƏTİ

 

Kompüter yeni bir dünya yaradıb: virtual dünya. Bu dünyanın öz sakinləri, öz "əhalisi" var. Hərə özünə "dostlar"ından ibarət "məhəllə" salıb. Bu məhəllələr öz  aralarında "görüşür", "danışır", "qohumluq əlaqələri" qururlar.

Virtual aləmdə hər şey yazıldığı və bəzən də göründüyü kimi olmur. İnsanlar hərdən  bir-birinə özlərini başqa cür, "xoşagələn", "ideal" formada təqdim etməyi sevirlər, haradasa çəkdirdikləri şəkilləri "öz evlərində çəkilən foto" kimi təqdim edə bilirlər. Necə deyərlər, bu, vicdan məsələsi, hərənin öz işidir. Və həm də tam başqa mövzudur, deyilənləri  sözğəlişi xatırlatdıq.

Kompüterin həqiqəti olduğu kimi göstərmək imkanı və gücü də var! Deyirlər, internetə girib müəyyən ödəniş müqabilində Azərbaycanın istənilən guşəsindəki  kəndi seyr etmək, hətta kənddəki istədiyin evi tapıb ona "yaxından" baxmaq,  nəyin  necə olduğunu dəqiqləşdirmək mümkündür.

Gözəl imkandır, deyilmi?!

Amma  bircə  kərə də bu imkandan bəhrələnməmişəm!

Ona  görə yox ki, xəsislik etmişəm! Qətiyyən!

Ona  görə yox ki, doğma  Ağdamın, doğulduğum evin, qohum-əqrəbanın ev-eşiyinin  hansı vəziyyətdə olduğunu bilmək istəmirəm!

Yenə də yox!

Oraları görmək üçün lap burnumun ucu göynəyir!

Sadəcə, ermənilərin "ruhlar şəhəri"nə çevirdikləri Ağdamın bayquşlar məskəninə  çevrilmiş vəziyyətinə baxmaq istəmirəm!

İçi qarət olunmuş, damı-daşı sökülüb aparılmış, həyətini qanqal basmış evləri, küçələrində ot-ələfin adam boyunda qalxmış Ağdamı görmək istəmirəm.

Bir vaxtlar gur-gur guruldayan, səkiləri, parkları və mağazaları dolub-daşan,  bazarında iynə atsan yerə düşməyən Ağdamı xarabalığa dönmüş, yiyəsiz və kimsəsiz  qalmış, ermənilərin sahiblik etdiyi vəziyyəti ilə barışa bilmirəm!

İstəyirəm ki, xəyalımda əvvəlki - top vursan dağılmaz, ermənilərin qorxudan tük  saldıqları Ağdam kimi qalsın!

 

"QALİB" ERMƏNİSTAN

 

Müharibə  qan, ölüm,  dağıntı  deməkdir!

Müharibə təkcə can almır, hərbi əməliyyatlar nəticəsində torpaqlar işğal olunur,  insanların mal-mülkü qarət edilir, qadınlar, uşaqlar, qocalar əsir və girov götürülür,  dövlətlərə ciddi maliyyə  ziyanı dəyir.

Müharibə həm də qalib və məğlub tərəfləri "müəyyən" edir.

Qarabağ uğrunda müharibə əvvəldən özünün qəribəlikləri ilə seçilib.

Ötəri diqqət yetirək:

* Əvvəla, bu müharibə ölkənin "içindən" başladı və Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan indiyədək bizə müharibə elan etməyib!

* İkincisi, işğal zamanı və sonradan Ermənistana kömək edən dövlətlər də daim  Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər!

* Üçüncüsü, dünyanın bu münaqişənin həllini etibar etdiyi ATƏT-in Minsk qrupu  yaradıldığı 20 ildən keçən müddət ərzində heç bir iş görə bilməyib, yaxud görmək  istəməyib!

* Dördüncüsü, müharibənin təhrikçisi və maliyyəçilərindən biri olan erməni lobbi və  diasporu millətinə xeyir gətirib yüksəltmək əvəzinə onu dilənçi və səfil vəziyyətinə salıb,  ələbaxan edib.

* Beşinci, bu müharibənin birinci mərhələsini udan və uduzan tərəflər arasında son  dərəcə qəribə və paradoskal fərq yaranıb!

* Ermənistan 20 min Azərbaycan vətəndaşını qətlə yetirib, Xocalı, Qaradağlı,  Bağanis-Ayrım və digər soyqırımıları törədib!

* Ermənistan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu ələ keçirərək  indiyədək işğal altında saxlayır!

* Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək, yaxud Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyətindədir.

* Ermənistan heç bir sülh danışıqlarına gəlmir, mövcud status-kvonu qoruyub  saxlamağa çalışır.

Ən nəhayət, indiyədək nə BMT, nə ATƏT, nə də həmsədr dövlətlər tərəfindən  Ermənistan işğalçı dövlət adlandırılmayıb və ondan Azərbaycan ərazilərini dərhal  tərk etməsi tələb olunmayıb!

İyirmi ildir ki, müharibə bölgəsində atəşkəs elan edilib. Atəşkəs rejimi vaxtaşırı  pozulsa da, çoxsaylı qurbanlar verilsə də, üçüncü qüvvə olmadan, əraziyə başqa dövlətlərin qoşunları yeridilmədən hərbi əməliyyatların bərpasının qarşısı hələ ki, alınıb.

Kövrək atəşkəs dövründə sülh danışıqlarında heç bir irəliləyiş olmasa da, hər  iki dövlətin daxilində və onlarla əlaqəli xeyli proses baş verib.

Bir-birindən ciddi şəkildə fərqlənən proses!

Ermənistanın hazırkı vəziyyətini yalnız "ACINACAQLI" sözü dəqiq ifadə edir. Bu, düşmən dövlətin qərəzli qiymətləndirilməsi deyil! Mövcud reallığın təhlilindən çıxan  nəticədir!

Statistik rəqəmlərə müraciət etməzdən öncə bir neçə məqama diqqət çəkək.

Qırmızı imperiya dağıldıqdan sonra yaranmış müstəqillik imkanından Ermənistan  yararlana bilmədi. Bu gün onu "forpost ölkə", "vassal dövlət", "altıncı quberniya"  adlandıranlar  öz fikirlərində çox haqlıdırlar.

Əvvəla, Ermənistanın müstəqilliyi sözdədir: ərazisində başqa dövlətin hərbi bazası  yerləşir, (hələ daha birini də açmaq  istəyirlər),  sərhədlərini  özgə  qoşunlarının  əsgərləri  qoruyur.

İkincisi, Ermənistan müstəqil siyasət yürütmək imkanında və ona qadir deyil! Dövlət  başçılarını seçdirənlər onlara haçan nə etməyi və necə oturub-durmağı diktə edirlər!

Üçüncüsü, təbii sərvətləri olmayan bu ölkənin iqtisadiyyatı dağılıb, strateji  obyektləri Rusiya tərəfindən satın  alınıb, hazırkı vəziyyətdə inkişaf  perspektivini itirib!

Dördüncüsü, qonşuluqdakı dövlətlərə qarşı ərazi iddiasında olması, terroru dövlət  səviyyəsində dəstəkləməsi onu özünütəcrid  vəziyyətinə, blokada şəraitinə salıb!

Beşincisi, Azərbaycanla müharibə vəziyyətində olduğuna görə ölkəmiz tərəfindən ən gəlirli transmilli layihələrdən kənarda saxlanılıb, beləliklə, hər il milyardlarla dollar qazancdan məhrum edilib!

Altıncısı, əhali  artımı tamamilə aşağı düşüb, ayağı yer tutanlar ölkədən qaçıb gedib, demoqrafik fəlakət qapını  alıb!

Ən acınacaqlı isə odur  ki, Ermənistan öz siyasəti və mövqeyi, yaranmış durumu ilə  dünya üçün bir dövlət olaraq əhəmiyyətini tamamilə itirib, "dilənçi dövlət" imici qazanıb!  Bu ölkəyə   gedib-gələn  var, nə də onunla  maraqlanan!

Bir də dilənçinin qapısına kim gələr ki?!

İndi isə rəqəmlərə diqqət yetirək.

Ermənistanın dövlət büdcəsi 2,3 milyard dollar təşkil edir ki, bu da  Azərbaycanın dövlət büdcəsindən təxminən 10  dəfə azdır.

Ermənistan Milli Statistika Xidmətinin açıqlamasında göstərilir:

* Ölkənin dövlət büdcəsi ənənəvi olaraq kəsirlə ödənilir;

* Ötən il orta aylıq əməkhaqqı 363 dollar olub ki, bu da MDB-də ən aşağı  göstəricilərdəndir;

* Son üç ildə ərzaq məhsullarının qiyməti 21,7 faiz, tibbi xidmət və dərman  preparatlarının  dəyəri 28,8 faiz, bütövlükdə isə qiymətlər 18,8 faiz  artıb;

* Ermənistan iqtisadiyyatına yönəldilən investisiyalar kəskin şəkildə azalıb. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında iqtisadiyyata cəmi 604,9 milyon dollar sərmayə  qoyulub;

* Ermənistan ötən ilin ilk 10 ayı ərzində idxal və ixrac əməliyyatları arasındakı fərqə - mənfi saldoya görə MDB-də lider olub. Belə ki, alınan malların dəyəri satılanların  dəyərindən 2,8 dəfə çox olub;

* 1991-ci ildən Ermənistanda əhalinin sayı 15,4 faiz, son beş ildə isə əmək  ehtiyatlarının  sayı 116 min nəfər azalıb.

Bunlar "qalib" dövlətin iqtisadi durumunu əks etdirən statistik rəqəmlərdir.

İndi isə Azərbaycana nəzər  salaq.

   

"MƏĞLUB" AZƏRBAYCAN

 

Hər dəfə Azərbaycanın dövlət müstəqilliyi reallaşmaq mərhələsinə çatanda maraqlı  qüvvələr ona mane olmaq, üstəlik, növbəti dəfə torpaq qoparmaq üçün bir məkrli plan  hazırlayıb meydana atıblar. Belə planların icraçıları isə taleyin bizə qonşu "qismət etdiyi" ermənilər olub. Mahiyyətində Azərbaycanın müstəqilliyi üçün buxova çevirmək, onu  daim asılı vəziyyətdə saxlamaq ideyası dayanan bu məkrli plan "Dağlıq Qarabağ" problemi adlanır. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti qurulanda eyni  situasiya yaradılmışdı. Nəticədə qədim Azərbaycan torpaqlarında erməni dövləti təşkil  edildi, İ.Stalinin iradəsi ilə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşdirilən  ermənilərə  "muxtar  vilayət" statusu verildi.

Nəhayətdə isə Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayaraq ömrünü  qırmızı imperiyaya bağışladı.

XX əsrin sonlarında tarixin təkrarı baş tutacaqdı: yenə də məqsəd və ssenarisi eyni olan "Qarabağ problemi" planı işə salınmışdı.

Tək bircə həlledici faktor nəzərə alınmamışdı:  artıq Azərbaycan xalqının inandığı və sınadığı rəhbəri, ümummilli lideri vardı!

Xalq üzünü ona çevirərək yenidən ölkə rəhbərliyinə dəvət etdi və Heydər Əliyev  xalqının çağırışına biganə qalmayaraq bu şərəfli və çətin missiyanı yerinə yetirmək üçün  yenidən geriyə döndü.

Onun bu qayıdışı müstəqilliyin qorunub saxlanması, qurtuluş missiyasının  başlanması ilə nəticələndi. Əslində, düşmənlərimizin niyyət və planları alt-üst oldu.

Azərbaycan müstəqil, suveren dövlətə çevrildi.

Ulu öndər Heydər Əliyev qısa müddətdə heç kəsin görə bilməyəcəyi işləri məharətlə  yerinə yetirdi:

* Müharibə cəbhəsində atəşkəs elan edilərək yeni ərazilərin işğalının qarşısı alındı;

* Əhalidəki silah-sursat yığıldı, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi.

* Ölkədə möhkəm və dönməz sabitlik yaradıldı;

* "Əsrin müqaviləsi" neft sazişi imzalanaraq Azərbaycanın dünyaya inteqrasiyası  prosesinə başlandı;

* Yeni Konstitusiya qəbul edildi, bazar iqtisadiyyatı münasibətlərinə keçidə,  demokratik cəmiyyət quruculuğuna start verildi;

* Azərbaycan beynəlxalq qurum və təşkilatlara üzv qəbul olundu, konvensiyalara  qoşuldu;

* Atılan addımlar Azərbaycanı məhvolmadan və müstəqilliyini itirməkdən qorudu, Cənubi Qafqazın lider dövlətinə çevirdi!

Azərbaycanın dövlət müstəqilliyi kimsədə zərrə qədər də şübhə doğurmur!

* Ərazisində heç bir hərbi baza və bir nəfər də olsun əcnəbi əsgər yoxdur;

* Dövlət sərhədlərini özü qoruyur;

* Sərbəst, yalnız dövlətin və xalqın maraqları əsas tutulan daxili və xarici siyasət  yürüdülür;

* Xalq öz təbii  sərvətlərinin əsl sahibidir və onun rifahına uyğun istifadə edilir;

* Müstəqillik illərində formalaşan  dünyanın qəbul etdiyi İnkişafın Azərbaycan  Modeli ölkə iqtisadiyyatının davamlı və düşünülmüş yüksəlişini təmin edir;

* Azərbaycançılıq ideologiyası cəmiyyətin  birliyini  və monolitliyini təmin edir;

 * Azərbaycan  qısa  müddətdə  idmanın  inkişaf  etdiyi  ölkəyə  çevrilmişdir;

 * Özünə və tərəfdaşlarına fayda gətirən, dünyaya gərək  olan transmilli layihələrin təşəbbüşçüsü, icraçısı və maliyyələşdirənidir;

*  Avropanın enerji  ilə təminatında etibarlı tərəfdaşlardandır;

* İqtisadi imkanlarını və siyasi gücünü artırmaqla artıq regional və qlobal mərkəzə  çevrilib!

Müstəqillik illərində həll edə bilmədiyi bircə problem qalıb:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi!

20 faiz torpaqlarının işğalda qalması, bir milyondan çox qaçqın problemlərinin həlli  müəyyən çətinliklər törətsə də, inkişafına əngəl törədə bilməmişdir. Səksəndən çox  müasir tipli qaçqın şəhərcikləri salınaraq məcburi köçkünlərin yaşayış şəraiti əsaslı  şəkildə yaxşılaşdırılmış, bütövlükdə onların yeni mənzillərə köçürülməsi prosesinin 2016-cı  ilədək başa çatdırılması planlaşdırılmışdır.

Azərbaycan Dağlıq Qarabağ uğrunda savaşda müharibənin birinci mərhələsini  uduzsa da, bütövlükdə və qalan sahələrdə qalib sayılır, onun uğur və nailiyyətləri  hamı tərəfindən etiraf edilir.

Deyilənləri sübut etmək üçün beynəlxalq qurum və təşkilatların rəsmi sənədlərindən  statistik hesabatlarından kifayət qədər rəqəmlər gətirmək mümkündür. Ancaq  görünənlər o qədər nəhəng və əhatəlidir ki, buna ehtiyac duymuruq. Xüsusilə ordu  quruculuğu sahəsində. Hər il Azərbaycan Ordusuna Ermənistanın dövlət büdcəsindən iki dəfədən də çox vəsait ayrılır!

Hərbi əməliyyatların birinci mərhələsində "qalib" sayılan Ermənistanın  məğlubiyyətini isə hətta artıq onların özləri, ağıllı və uzaqgörən siyasətçiləri də  etiraf  etməyə başlayıblar.

Həm də bu etiraflarda reallığın dərki və böyük ümidsizlik duyulur!

1991-1997-ci illərdə Ermənistanın prezidenti Levon Ter-Petrosyanın xüsusi  tapşırıqlar üzrə səfiri işləmiş, hazırda ABŞ-da yaşayan tarixçi-professor Jirayr Liparityan:

"...Münaqişə həllini tapmadıqca ölkəmiz daha da zəifləyəcək, iqtisadiyyat  dağılacaq, vergi bazası məhv ediləcək. Bu gün cavanlarımız qazanc dalınca xarici ölkələrə üz tutur.  Buna görə isə ordu zərər çəkəcək. Ermənistan bir neçə səviyyədə böhran içərisindədir. Sanki  biz kor olmuşuq, haradan gəlib hara gedəcəyimizi bilmirik".

"...Heç kim - nə ABŞ və Rusiya, nə də Fransa və İran indiyədək deməyib ki,  sərhədlərin dəyişdirilməsini, Dağlıq Qarabağın müstəqilliyini tanımaq istəyir... Ən betəri  odur ki, vaxt ötdükcə biz danışıqlarda yerimizi, ümumiyyətlə, sözümüzün çəkisini  itiririk".

Ermənistan Kommunist Partiyasının yetkilisi Andranik  Qukasyan:

"Ermənistanda dərinləşən ağır sosial-iqtisadi  durum ona gətirə bilər ki, müharibə  başlasa, 1992-1994-cü  illər qələbəsi  təkrarlanmaya  bilər".

"Əgər insan yalnız bir qarın çörək haqda düşünürsə, o, artıq öz  ölkəsinin sərhədləri  barədə fikirləşə bilməz".

Erməni politoloqu Arbak  Xaçaturyan:

"Rəsmi İrəvan heç bir diplomatik addım  atmır, siyasi  gedişlər etmir, ona  görə də  sadəcə susaraq  Əliyevin  məktubunu  dinləməyə  məcbur  olur. Əgər  Astanada  Sərkisyan  Nazarbayevə  cavab  versəydi,  nələrin olacağını  təsəvvür etmək çox  çətindir.  Hələ indiyə  qədər Ermənistan  Qarabağın  suverenliyini  tanımadığından  dəhşətli  dərəcədə  pis  vəziyyətə düşüb. Ona  görə  də belə  məktublar    susmalar  hələ çox  olacaq.  Bu,  hələ  başlanğıcdır. Ermənistan  öz  mövqeyini  tamamilə  itirib".

Əslində, bu fikirlər Azərbaycan oxucusu üçün yeni deyil və Azərbaycan  dövlətinin yeritdiyi blokada və təcridetmə siyasəti Ermənistanı artıq özlərinin də etiraf etdikləri acınacaqlı duruma salmışdır.

Bir məqama da toxunaq:  Ermənistan  hələ  itirəcəklərinin  hamısını  itirməyib:

* Perspektivsiz ölkə;

* Heç kəsin marağını cəlb etməyən dövlət;

* Daim  qonşularına qarşı  ərazi iddiasında  olan;

* Büdcəsini  ianələr  hesabına doldurmaq üçün daim qapı-qapı düşərək əl açan, yardım kampaniyaları keçirən;

* "Böyük  Ermənistan" yaratmaq  xülyası  ilə  yaşayan;

* Qondarma "erməni soyqırımını" qəbul etdirməyi milli məqsədə çevirən!

Bütün bunlar tarixin yaratdığı şansdan istifadə edərək müstəqilliyə qovuşmaq  əvəzinə kiminsə forpostuna çevrilməyi üstün tutan Ermənistanın müasir imicini  formalaşdıran xarakterik cizgilərdir.

Hələ biz də elə hesab etmirik ki, Ermənistan itirə biləcəklərinin hamısını itirib. Söhbət təkcə strateji obyektlərinin başqalarına satılmasından, iqtisadiyyatının pozulub dağılmasından, millətin yoxsul, səfil vəziyyətinə düşməsindən getmir. Əslində, bütün  bunlar çox mühüm  itkilər  sayılır.

Əsl fəlakət isə "dalan  dövlətə"  çevrilərək  bir  küncdə  qalmaq, millətin imkanlarını mümkün olmayan məqsədin həyata keçirilməsinə səfərbər etməkdir. Başqa bir məsələ isə dövlət başçılarının, siyasətçilərin öz millətlərini öz istək və karyeralarının girovuna  çevirməkdir.

R.Koçaryan və S.Sarkisyan Ermənistanda hakimiyyətə "Qarabağ kartı" ilə gəliblər. Azərbaycan torpağı olan Qarabağı ələ keçirmək üçün təkcə azərbaycanlıların yox, öz millətlərinin də qanını axıdıblar. Bu gün onların nə irəliyə, nə də geriyə yolları var! Belə ki, Dağlıq Qarabağın müstəqilliyini tanımaq, yaxud onu Ermənistana birləşdirmək  iqtidarında deyillər!

Bu, heç  mümkün  olan  məsələ  də deyil!

Qarabağdan imtina etsələr isə həm hakimiyyəti tərk etməli, həm də axıdılan qanlara və milləti saldıqları fəlakətli günlərə görə cavab verməlidirlər!

Artıq bunu Ermənistanda çoxları başa düşüb!

Keçmişdə Azərbaycan vətəndaşı olan ermənilər də nə itirdiklərinin fərqindədirlər!

Onlar da qısa müddətdə iqtisadi sıçrayış etmiş Azərbaycanın imkanlarından  bəhrələnə bilərlər.

Amma Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı" buna imkan vermir.

Azərbaycanın iqtisadi və siyasi gücünün artması, ordusunun modernləşərək qüvvətlənməsi də nəzərə alınmalı faktorlardandır!

Əslində, Ermənistanın indiki "qələbəsi" onu bütövlükdə ağır məğlubiyyətə düçar  edib!

Bəs sonrası necə olacaq?

Əslində, sonrası    sonu  görünmür bu məğlubiyyətin!

Ortalıqda səfil Ermənistan və xarabaya çevrilərək inkişafdan qalan, vətəndaşları ölkəni sürətlə tərk edən  forpost dövlət var!

Bir də bütün parametrlər üzrə sürətlə inkişaf edərək qlobal dövlətə çevrilmək  ərəfəsində  olan  Azərbaycan!

Azərbaycan Prezidenti cənab İlham Əliyev 28 May - Respublika Günü münasibətilə  rəsmi qəbulda söylədiyi nitqdə Ermənistanın yeganə qurtuluş yolunun nədən ibarət  olduğunu açıq şəkildə bildirib:

"Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura  rejimi varsa, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaq. Ona  görə əgər  erməni  xalqı  qonşularla  mehribanlıq  şəraitində   yaşamaq  istəyirsə, ilk  növbədə, kriminal, qaniçən, qanunsuz  rejimdən  imtina  etməlidir, onları  tarixin  arxivinə  göndərməlidir. Ermənistan  işğal  edilmiş  torpaqlardan  çıxmalıdır ki, bir  qədər  nəfəs  ala  bilsin. Əks təqdirdə, bu ölkənin taleyi çox qaranlıq olacaqdır".

Zaman "məğlub" tərəfin xeyrinə  işləyir!

Atəşkəsin tez-tez pozulduğu və bitməyən müharibənin birinci mərhələsində məğlubiyyətə uğrayan Azərbaycanın xeyrinə!

Cənubi Qafqazın ən güclü dövləti sayılan Azərbaycanın xeyrinə!

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2014.- 20 iyun.- S.7.