Azərbaycan NATO PA-nın daha bir seminarına ev sahibliyi etdi

 

Aydın MİRZƏZADƏ: "Ermənistanın məntiq, beynəlxalq hüquq, eyni zamanda polemika mədəniyyətinin olmadığı bu tədbirdə də üzə çıxdı"

 

İyunun 16-da Bakıda Milli Məclisin və NATO Parlament Assambleyasının təşkilatçılığı ilə "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda 86-cı Rouz-Rout seminarı öz işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov açılış sessiyasında çıxış edərək seminarın işinə uğurlar arzuladı. Parlamentin Sədri əmin olduğunu bildirdi ki, seminarda aparılacaq fikir mübadiləsi, irəli sürüləcək təkliflər Cənubi Qafqaz bölgəsində sabitliyin və təhlükəsizliyin təmin edilməsi sahəsində problemlərin həllinə öz töhfəsini verəcəkdir.

Ancaq Ermənistan nümayəndə heyətinin üzvləri seminarın işini pozmağa cəhd edərək bölgədəki enerji layihələrinin təhlükəsizliyinə təminatın olmaması və Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham etməyə çalışdılar. Azərbaycan nümayəndə heyəti tutarlı arqumentlərlə erməni deputatlarını fakt qarşısında qoydular, onların yalanlarına layiqli cavab verdilər. 

Seminarın gedişi, müzakirə olunan məsələlər və erməni həyasızlığının şahidi olmuş Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə fikirlərini bizimlə bölüşdü.

- Öncə Bakıda keçirilən bu seminarın əhəmiyyəti, müzakirə olunan mövzular və onların Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi sahəsində verəcəyi töhfələr barədə fikirlərinizi eşitmək istərdik.

- Azərbaycan ilə NATO arasında sıx əməkdaşlıq formalaşmışdır. Azərbaycan 1994-cü ildən "Sülh naminə tərəfdaşlıq" və Fərdi Tərəfdaşlıq proqramları çərçivəsində NATO ilə sıx əməkdaşlıq edir. Azərbaycan NATO Parlament Assambleyasında iştirak edən bir ölkə kimi bu beynəlxalq təşkilatın tədbirlərinə çox böyük məsuliyyətlə yanaşır. Nümayəndə heyətimiz bütün tədbirlərdə NATO prinsiplərinin yayılması, üzv olan ölkələrin silahlı birləşmələrinin NATO standartlarına uyğun qurulması, beynəlxalq təhlükəsizlik sisteminin yaradılması istiqamətində öz töhfəsini verir. Bu səbəbdəndir ki, Azərbaycanın bu qurumun üzvü olmamasına baxmayaraq, NATO PA artıq ücüncü dəfədir paytaxt Bakı şəhərində sessiya keçirir. 18 ölkədən təqribən 50 nəfərədək deputat və onları müşayiət edən şəxslər Azərbaycana gəlib və onların bir qismi ilk dəfədir ki, ölkəmizə səfər edirdi. Sessiyada "Azərbaycanda təhlükəsizlik sektorunda islahatlar", "Müdafiə idarəçiliyi sahəsində islahatlar və bütövlüyün qurulması", "Krım böhranı: Cənubi Qafqaz üçün nəticələri", "Gürcüstanın Avratlantik yolu: perspektivlər və qalan çağırışlar", "Enerji təhlükəsizliyi: Cənubi Qafqaz və Xəzər regionlarında yeni imkanlar" və digər mövzular ətrafında müzakirələr aparıldı, dəyərli fikirlər səsləndirildi. Qeyd edildi ki, regionda ən böyük hərbi qüvvəyə malik Azərbaycan NATO-nun üzvü olan bir sıra ölkələrin təcrübəsini öyrənmişdir və bu proses davam edir. Ölkədə müdafiə sahəsində islahatlar NATO standartlarına uyğun həyata keçirilir. Hazırda Milli Məclis ilə NATO-nun Parlament Assambleyası arasında mövcud olan əməkdaşlıq əlaqələri Azərbaycanın alyansla qurduğu tərəfdaşlıq münasibətlərinin vacib elementlərindən birini təşkil edir.

- Seminarın ilk günü Ermənistan nümayəndə heyəti təxribata əl ataraq müzakirələrin məcrasını dəyişməyə, Azərbaycanı ittiham etməyə cəhd göstərib. Siz bu hadisələrin şahidi oldunuzmu?

- Azərbaycanda keçirilən tədbirə uzun fasilədən sonra Ermənistan parlamentinin iki üzvü və siyasi şərhçisi ölkəmizə gəlib. Əvvəlcədən onlar bu tədbirdə Azərbaycanın öz mövqeyini bildirməsinə imkan verməyəcəklərinə elə bil söz vermişdilər. Açıq deyim ki, bu təxribatçı mövqe NATO PA-nın diqqətini cəlb etmədi. Çünki tədbirdə iştirak etməklə ilk növbədə gündəliyə uyğun fəaliyyət göstərməlisən. Daha hansısa bir ölkənin mövqeyini pisləmək, onu ittiham etmək, gündəlikdən kənar fikirlər səsləndirmək yersizdir. Mən komitəmizin üzvü kimi tədbirdə iştirak etdim və ilk andan ermənilərin Azərbaycanla bağlı yalan və böhtanlarının şahidi oldum. Onlar Dağlıq Qarabağ münaqişəsini tamam başqa aspektdən tədbir iştirakçılarına təlqin etməyə çalışdılar. Onların mövqeyini heç bir ölkənin nümayəndəsi müdafiə etmirdi. Gah Azərbaycanın işğalçı olduğunu, gah ölkəmizin sülhə hazır olmadığını, gah da Dağlıq Qarabağla bağlı tamam absurd fikirlər söyləməyə başladılar.

Ancaq Milli Məclisin Sədri Oqtay Əsədov açılış nitqində Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini, Cənubi Qafqazda stabilliyin pozulmasında əsas səbəbkar olduğunu vurğulamışdı. Çıxış edən digər deputatlarımız da bu məsələlərlə bağlı kəskin mövqelərini bidirdilər. Azərbaycanın arqumentləri kifayət qədər ciddi idi. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində olduğunu, Xocalı faciəsini törətdiklərini bəyan edərək bir milyondan çox insanın öz torpaqlarından qovulduğunu seminar iştirakcılarının diqqətinə çatdırdılar. Eyni zamanda, Ermənistanın sərhədlərinin toxunulmazlıq prinsipini qəbul etmədiyini vurğuladılar. Ancaq bu ölkənin nümayəndələri üçün məntiq, beynəlxalq hüquq, eyni zamanda polemika mədəniyyətinin  xas olmadığı bir daha üzə çıxdı. Onlar heç nəyə baxmadan Dağlıq Qarabağı gah "müstəqil dövlət" elan edir, gah da Minsk qrupunu buraxıb yenidən hər şeyi xalq diplomatiyası ilə həll etməyi əsas götürürdülər.

- Dağlıq Qarabağı "müstəqil dövlət" kimi təqdim etməklə yanaşı, ermənilər Azərbaycanın öz torpaqlarının ön xəttində olan  snayperlərin geri çəkilməsi tələbini irəli sürürdülər...

- Amma Milli Məclis Sədrinin birinci müavini,  NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və digər çıxış edənlər onlara ciddi etiraz edib faktları səsləndirdikdə bilməyənlər də məsələdən agah oldu. Hətta Ziyafət Əsgərov orada təmsil olunan erməni deputatının atasının vaxtilə Azərbaycanda törətdiyi cinayət əməlinə görə hərbu prokurorluq tərəfindən iş aparıldığını söylədi. Eyni zamanda, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisində nə etdiklərini soruşdu. Qeyd edim ki, seminar iştirakçıları bu polemikada Azərbaycanın mövqeyinin həqiqət olduğu qənaətinə gəldilər. Çünki Ermənistan nümayəndələrinin söylədikləri fikirlər populizm və iftiradan başqa bir şey deyildi. Çünki onlar heç bir məntiqə söykənməyən fikirlər səsləndirdilər.

- Ermənipərəst hüquq müdafiəçisi Leyla Yunus həmin toplantıda da "özünəməxsus mövqe" nümayiş etdirdi. O, tədbir keçirilən zalın qarşısında "siyasi məhbus sərgisi" açaraq Ermənistan parlamentinin üzvlərinə vərəqlər paylamağa cəhd göstərdi. Tədbirin digər iştirakçıları bunu necə qəbul etdilər?

- Hesab edirəm ki, NATO Parlament Assambleyası Azərbaycandan olan qalmaqallı bir xanımın bu cür hərəkətlərinə ciddi yanaşmaz. Leyla Yunus əvvəlcə qoltuğundakı qovluqdan vərəqlər çıxararaq iştirakçılara paylamaq istədi. Amma iştirakçılar onun bu hərəkətinə çox etinasız yanaşdılar. Sonradan eşitdim ki, fasilə vaxtı belə bir hərəkət edib. Avropada bu cür hərəkətlər gülünc qarşılanır. Çünki repressiyadan danışan şəxsin ölkənin paytaxtında beynəlxalq tədbirdə iştirak etməsi onun düzgün danışmadığına dəlalət edir. Sadəcə olaraq bu, öz siyasi ambisiyalarına və yaxud da ona verilən suallardan qaçmaq üçün təşkil edilmiş bir şoudur. Hesab edirəm ki, onun bu və ya digər avropalı siyasətçiyə yaxınlaşaraq onları siyasi təxribata çəkməsi heç bir effekt verməyəcək.

- Erməni deputatlar həm də Türkiyə Respublikasının əleyhinə danışaraq Azərbaycan-Türkiyə münasibətlərinə etiraz ediblər. Buna necə reaksiya verildi?

- Seminarın birinci günündə erməni deputatlar aidiyyəti olmasa da, Türkiyənin ünvanına iftiralar yağdırmağa başladılar. Ancaq Türkiyə Böyük Millət Məclisinin üzvləri çıxış edərək onların bu hərəkətini pislədilər. Eyni zamanda Azərbaycanın mövqeyini müdafiə etdilər. Türkiyə-Azərbaycan dostluğunun möhkəm olduğunu onların diqqətinə çatdırdılar.

Ermənilərin bütün iftiraları, yalanları hər kəsə aydın oldu. Ona görə də Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov Ermənistanın beynəlxalq hüquq normalarına riayət etmədiyini, başqa bir dövlətin torpağını işğal etdiyinə görə NATO PA-nın üzvlüyündən çıxarılması tələbini irəli sürdü. Hesab edirəm ki, onun fikri əsaslıdır və Ermənistan üçün çox ciddi bir mesaj olmalıdır.

- Sizcə, Azərbaycana gələn qonaqlar həm sessiya çərçivəsində, həm də tədbirdən kənarda ölkəmizin bu məsələdə haqlı olduğunu və Azərbaycanın enerji təhlükəsizliyi və digər məsələlərdə ortaya qoyduğu mövqeyini bəyəndilərmi?

- Hesab edirəm ki, Azərbaycanda keçirilən belə seminarlar ölkəmizin beynəlxalq təşkilatlarla səmərəli münasibətlərini Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məsuliyyətində olduğunu göstərir, həmçinin xarici qonaqlar ölkəmizin qazandığı nailiyyətlərə birbaşa şahidlik edirlər. Şübhəsiz ki, Ermənistan parlamentinin üzvləri də Bakının timsalında Azərbaycanın inkişafını gördülər və uydurma erməni genosidi, onların Azərbaycan və Türkiyə torpaqlarına iddiası, pafoslu çıxışları, şübhəsiz ki, Azərbaycanın uğurları üzərindən xətt çəkə bilməz. Ermənistan torpaq işğal etməklə bu gün səfalət içərisində yaşayan bir ölkəyə çevrilib. Azərbaycan öz milli maraqlarını qorumaqla, müstəqil siyasət yeritməklə, həmçinin beynəlxalq hüquq normalarına hörmətlə yanaşmaqla bu gün dünyanın və regionun inkişaf edən ölkələri sırasına qalxa bilib. Bunu Bakıya gələn hər kəs aydın şəkildə görür.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 20 iyun.- S.8.