İlham Əliyev. Bioqrafiya davam edir...” kitabının ərəb

 dilində variantının təqdimatı olmuşdur

 

İyunun 19-da Azərbaycan Dillər Universitetində (ADU) Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovun və Viktor Andriyanovun birgə qələmə aldıqları “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabının ərəb dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev adına Muzey-Lektoriyada keçirilən tədbirdə Milli Məclisin deputatları, ərəb ölkələrinin Azərbaycandakı səfirləri iştirak etmişlər.

Təqdimat mərasimində ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov “Görkəmli adamların həyatı” silsiləsindən nəşr edilmiş kitabın məziyyətlərindən, ərəb dilinə tərcümə olunmasının əhəmiyyətindən danışmışdır. Rektor bildirmişdir ki, “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabında Azərbaycan Prezidenti İlham Əliyevin çoxcəhətli fəaliyyətindən bəhs edilir. Faktların səhihliyinə və zənginliyinə görə dünyanın bir çox kütləvi informasiya vasitələrinin etibarlı mənbə kimi istifadə etdikləri kitab indiyədək müxtəlif dillərə tərcümə olunmuşdur.

S.Seyidov kitabın ərəb dilində variantının təqdimatının ADU-da keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi təhsil siyasəti nəticəsində universitetdə 20-dən çox əcnəbi dilin öyrənildiyini, mərkəzlərin fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor 2011-ci ildən ADU-da ərəb dilinin də tədris olunduğunu, ərəb ölkələri ilə əlaqələrin gündən-günə inkişaf etdiyini söyləmişdir.

Rektorİlham Əliyev. Bioqrafiya davam edir...” kitabının ərəb dilində nəşrinin Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasında mühüm rol oynayacağına, kitabın universitetdə başqa dillərə də tərcümə olunacağına əminliyini bildirmişdir. Nəşrin beynəlxalq aləmdə yerini ildən-ilə möhkəmləndirən, iqtisadi inkişaf tempi ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın son dövr tarixinin öyrənilməsi baxımından mühüm mənbə olduğunu diqqətə çatdıran rektor, əsərin ADU-da ərəb dilini öyrənən tələbələr üçün faydalı tədris vəsaitinə çevriləcəyini vurğulamışdır.

Daha sonra kitabın Küveytdə keçirilmiş təqdimat mərasimindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Bildirilmişdir ki, kitab Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə bu ölkənin nüfuzluSuad Əl-Sahab Nəşriyyat və Yayım Evinin mətbəəsində çapdan çıxmışdır. Kitabı ərəb dilinə səfirliyin əməkdaşı Babək Əhmədov tərcümə etmişdir. Nəşrin redaktoru Ammar Həsəndir.

Tədbirdə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək kitab barəsində fikirlərini bölüşmüşdür. Bildirmişdir ki, kitab Prezident İlham Əliyevin bütün dünyada tanınan, parlaq zəkaya, uğurlu siyasi gələcəyə malik dövlət xadimi olduğunu bir daha sübut edir. O, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində Azərbaycanın iqtisadi potensialının durmadan artdığını, əhalinin rifah halının yüksəldiyini, daxilixarici siyasətdə böyük uğurların əldə olunduğunu vurğulamışdır. Komitə sədri ölkədə aparılan uğurlu təhsil siyasəti nəticəsində ali məktəblərin, o cümlədən ADU-nun inkişaf etdiyini bildirmiş, kitabın təqdimatının bu ali təhsil ocağında keçirilməsini yüksək dəyərləndirmişdir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli kitabın ərəb dünyasına inteqrasiya baxımından əhəmiyyətini qeyd etmiş, nəşrin gələcək əməkdaşlıqda böyük rol oynayacağına əminliyini bildirmişdir. Komitə sədri nəşrin təqdimatının keçirilməsinin ölkəmizdə kitaba, yaradıcı insanlara verilən qiymətin sübutu olduğunu vurğulamışdır. H.Rəcəbli “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabının həmmüəllifi H.Mirələmovun yaradıcılığını yüksək dəyərləndirmiş, ona daha böyük uğurlar arzulamışdır. Yetmişdən çox kitabın müəllifi olan yazıçının əsərləri əsasında 5 filmin çəkildiyi, 10 tamaşanın hazırlandığı, onun əsərlərinin 32 dilə tərcümə olunduğu diqqətə çatdırılmışdır.

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami ərəb ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirləri adından çıxış edərək demişdir ki, Prezident İlham Əliyev haqqında geniş məlumatı əks etdirən kitab Azərbaycan və dünya ictimaiyyəti üçün dəyərli mənbədir. Diplomat kitabın ərəb dilində nəşrinin təkcə ərəbdillilər üçün deyil, eyni zamanda, bu regiona maraq göstərənlər üçün də faydalı olacağına əminliyini bildirmişdir. H.Hami ADU-nun ərəb ölkələrinin səfirlikləri ilə əməkdaşlığını, bu əlaqələrin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəklərini qeyd etmişdir.

Sonda kitabın həmmüəllifi H.Mirələmov çıxış edərək bildirmişdir ki, “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabı ilk dəfə 2007–ci ildə Moskvada məşhur “Molodaya qvardiya“ nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından “Bioqrafiya davam edir” adlı yeni layihəsi əsasında rus dilində nəşr olunmuşdur. Kitabda Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri ardıcıl əks olunur. Azərbaycanın dövlət başçısına olan oxucu marağı nəzərə alınaraq kitab türk, gürcüUkrayna dillərinə də tərcümə edilmişdir. Müəllif bundan əvvəl bu seriyadan “Heydər Əliyev” və “Zərifə Əliyeva” kitablarını da geniş oxucu kütləsinin ixtiyarına verdiyini diqqətə çatdırmışdır.

H.Mirələmov “İlham Əliyev. Bioqrafiya davam edir...” kitabının ərəb dilində variantının ərsəyə gəlməsində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.-2014.- 20 iyun.- S.6.