Müasirləşən sağlamlıq
ocaqları
Kurort-sanatoriya şəbəkəsinin
təkmilləşdirilməsi məqsədilə
"Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən
bütün zəruri tədbirlər görülür, mədəni
istirahət üçün hərtərəfli şərait
yaradılır
Sağlam bədəndə sağlam da ruh olar, deyiblər. Bu, birmənalı şəkildə belədir. Hər hansı ailənin, cəmiyyətin, ardınca isə bütün varlığımızla bağlandığımız dövlətimizin layiqli vətəndaşı olmaq üçün mühüm amillərdən biri də sağlamlıqdır. Bu baxımdan Azərbaycan dövləti hər zaman vətəndaşının sağlamlığının qeydinə qalmaqla, insan potensialını əsas prioritetlərdən biri kimi seçib. Beləliklə də, ölkə əhalisinin sağlamlığının qorunması, vətəndaşların istirahətinin səmərəli təşkili, sosial-məişət problemlərinin yüksək səviyyədə həlli dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirilən uğurlu islahatlar sırasında xalqın sosial problemlərinin tezliklə yoluna qoyulmasını daim önə çəkirdi. Əhalinin güzəranının yaxşılaşdırılması, sağlam həyat tərzi ulu öndərin sosialyönümlü siyasətinin mühüm tərkib hissəsi idi.
Danılmaz həqiqətdir ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1970-1980-ci illərdə kurort sisteminə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu sistem görünməmiş bir sürətlə ən yüksək inkişaf mərhələsinə çatmaqla, o dövrdə Sovetlər İttifaqının aparıcı sanatoriya-kurort sistemlərindən birinə çevrilmişdi.
Belə ki, respublika sanatoriyalarının 1930-1969-cu illərdə təxminən 40 il ərzində 8 sanatoriya və 8 pansionatı əhatə etməklə 4592 çarpayı fondu var idisə, 1970-1980-ci illərdəki inkişafın nəticəsində artıq 17 sanatoriya və 3 istirahət evi və pansionat, 11239 çarpayı fonduna malik idi. O dövrdə sağlamlıq ocaqlarında 324 həkim və 630 orta tibb işçisi çalışırdı. Rəqəmlərin analizi göstərir ki, həmin illərdə ölkəmizin sanatoriya-kurort sistemi sıçrayışla inkişaf etməklə güclü maddi-texniki baza formalaşmışdı.
Kurort-sağlamlıq ocaqları şəbəkəsi genişləndirilir
Ölkəmizin sanatoriya-kurort şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən səmərəli tədbirlər bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycan kurortları Dövlət Proqramı haqqında" 2007-ci il 27 fevral tarixli sərəncamı həmkarlar ittifaqları sistemində kurort-sağlamlıq ocaqları şəbəkəsinin genişləndirilməsində mühüm stimul olmuşdu. Bu proqram layihəsinin hazırlanmasında AHİK-nın təklifləri nəzərə alınmışdı.
Respublikamızın regionlarında təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlıq ocaqlarının və kurortlarının imkanlarının öyrənilməsi, istifadəsi, inkişafı və mühafizəsi ilə bağlı münasibətləri tənzimləyən "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun təsdiqi və qanunun tətbiqi ilə bağlı Prezident İlham Əliyevin 2008-ci il mayın 7-də imzaladığı fərman təbii ehtiyatlardan istifadə əsasında xəstələrin müalicəsi, profilaktikası və istirahətinin təşkili sahəsində həyata keçirilən elmi-praktik fəaliyyətin istiqamətlərinin müəyyənləşməsində müstəsna rol oynayır.
Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan dövlət proqramı
Aparılan tədbirlərin məntiqi davamı olaraq "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında dövlət başçısı İlham Əliyevin 6 fevral 2009-cu ildə imzaladığı sərəncam da xüsusi əhəmiyyətə malikdir.
Sərəncamda qeyd olunur ki, kurort işi Azərbaycan Respublikasında ənənəvi olaraq dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu sahədə aparılan dövlət siyasəti nəticəsində kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılıb. Kurort işinin təşkili iqtisadi və sosial əhəmiyyətli fəaliyyət olaraq ölkənin bir çox regionlarının inkişafını, infrastrukturunun yaradılmasını, əhalinin məşğulluğunu, xidmət sahələrinin inkişafını təmin edib. Ölkədə yaradılmış sanatoriya-kurort sistemi insanların istirahətinin, sağlamlaşdırılmasının və müalicəsinin təşkili baxımından olduqca vacib ümummilli sosial-iqtisadi funksiyaları da yerinə yetirib.
Dövlət proqramında vurğulandığı kimi, keçən əsrin 80-ci illərinin sonunda, 90-cı illərin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən proseslər kurort kompleksinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, insanların müalicəsinin, istirahətinin təşkilinə də təsirsiz ötüşməmişdi. Nəticədə, bu sahədə normal fəaliyyət göstərmək mümkün olmadığından ahəngdarlıq pozulmuşdu. Ermənistanın Azərbaycan Respublikasına təcavüzü nəticəsində vurulmuş böyük ziyanı da unutmaq olmaz. Ölkəmizin işğal olunmuş ərazilərində unikal təbii xüsusiyyətlərə malik kurort yerləri dağıdılıb. Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız hələ sovet dövründə inşa edilmiş sanatoriya-kurort müəssisələrindəki çarpayı fondunun təxminən 50 faizi nisbətində ölkənin digər ərazilərində yerləşən sanatoriya, pansionat və istirahət evlərində məskunlaşıb. Ümid olunur ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi ilə bağlı dövlətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində yaxın vaxtlarda sanatoriya-kurort şəbəkəsinə məxsus tikililərdə müvəqqəti yaşayan soydaşlarımızın hamısı yeni mənzillərlə təmin ediləcəklər. Bu da öz növbəsində sağlamlıq ocaqlarının fəaliyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərəcək.
Uşaq sanatoriyaları və istirahət düşərgələrinə diqqət artırılmalıdır
Təcrübə göstərir ki, sanatoriya-kurort müalicəsi əhalinin sağlamlığının qorunması sahəsində olduqca mühüm yer tutur. Bu sağlamlıq ocaqlarında aparılan müalicə nəticəsində xəstələrdə reabilitasiya prosesi sürətlənir, xəstəliklərin kəskinləşməsi prosesinin qarşısı alınır və xəstələr normal həyata qayıtmaq imkanı əldə edirlər. Səmərəli sanatoriya-kurort müalicəsi böyüklərdə və uşaqlarda xəstəliklərin kəskinləşməsi hallarını, habelə sanatoriyalarda reabilitasiya keçmiş xəstələrdə əmək qabiliyyətinin müvəqqəti və daimi itirilməsi hallarının sayını dəfələrlə azaldır.
Sanatoriya-kurort müalicəsinə əlillərin, xəstələrin, ekoloji cəhətdən çirkli zonalarda yaşayanların, uşaqların xüsusilə böyük ehtiyacı var. Bu kimi amillər əsas götürülməklə əhalinin bu kateqoriyalarının sanatoriya-kurort müalicəsinə tələbatı sanatoriya-kurort şəbəkəsinin inkişafında nəzərə alınmalı, uşaq sanatoriyaları və istirahət düşərgələri şəbəkəsi genişləndirilməli, mövcud uşaq sanatoriyaları müasir avadanlıqlarla təmin olunmalı, onların maddi-texniki bazası sanitar norma və qaydalara uyğunlaşdırılmalı, xəstə və sağlamlıq imkanları məhdud uşaqların tibbi, psixoloji və sosial reabilitasiyası üçün optimal şərait yaradılmalıdır.
Ölkəmizdə mövcud sanatoriya-kurort şəbəkəsinin yenidən təşkili və yaradılacaq müəssisələrin fəaliyyətinin müasir beynəlxalq tələblər səviyyəsində qurulması mühüm vəzifələrdəndir. "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nda həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı kompleks tədbirlər nəzərdə tutulub.
Keyfiyyətin artması sanatoriya və istirahət evlərinə axına müsbət təsir göstərir
Dövlət proqramının əsas məqsədi respublikamızda kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının inkişaf etdirilməsindən, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil olunmasından, ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.
Sual olunur: ümumiyyətlə, kurort nədir və onun cəmiyyət üçün əhəmiyyəti nədən ibarətdir? Kurort təbii müalicə ehtiyatlarına malik olan və həmin ehtiyatlardan bərpa, profilaktika və müalicə məqsədi ilə istifadə etmək üçün zəruri şəraiti olan ərazi hesab olunur. Ölkəmizin ərazisi kurortlarla zəngindir.
Təbii müalicə ehtiyatlarına görə Azərbaycanda kurortların balneoloji, iqlim, müalicəvi palçıq kurortları və Naftalan nefti kurortu kimi növləri mövcuddur.
Balneoloji kurortlara əsasən təbii mineral sulardan
istifadə olunan kurortlar aiddir. Ölkəmizdə
müalicəvi xüsusiyyətlərinə görə
dünyada qəbul olunan səkkiz qrup mineral suyun hər biri
mövcuddur.
İqlim kurortları müalicəvi iqlimə malikdir. İqlim kurortları üçün
səciyyəvi olan müalicəvi amillər (dəniz suyu,
günəş vannaları, isti qum
vannaları, dağ iqlimi və s.) bir çox xəstəliklərin
profilaktikası və müalicəsi baxımından əhəmiyyətli
hesab olunur.
Müasirləşən sanatoriyalarımızda istifadə
olunan müalicə üsulları ilə yanaşı,
respublikada mövcud olan müalicəvi Masazır və
Zığ gölünün və vulkan
palçıqlarından bir çox xəstəliklərin
müalicəsində (hərəkət orqanlarının,
oynaq xəstəliklərinin və c.) geniş istifadə
olunur.
Respublikamızda kurort sistemi üzrə fəaliyyət
Azərbaycan Respublikası Həmkarlar İttifaqları
Konfederasiyasının tərkibində olan "Kurort"
Qapalı Səhmdar Cəmiyyəti tərəfindən
reallaşdırılır. Səhmdar cəmiyyətinin
tərkibinə 2 kurort birliyi, 7 sanatoriya və 2 istirahət evi
daxildir.
Qeyd edək ki, hazırda həmkarlar ittifaqlarının
bütün müalicə ocaqlarına tələbat
böyükdür. İldən-ilə sanatoriya və istirahət
ocaqlarında müalicənin və asudə vaxtın təşkilinin
keyfiyyətinin artması sanatoriya və istirahət evlərinə
axına da müsbət təsir göstərib. Lakin
hazırda "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin
sağlamlıq ocaqlarında 7346 çarpayı var ki, bunlardan
da 2890 çarpayı qaçqın və məcburi
köçkünlərin istifadəsindədir. 1881 çarpayı isə işğal zonasında
qalıb. 1261 çarpayı sanator-kurort
müalicəsi üçün istifadə edilir. 1334 çarpayı isə təmirə
dayandırılıb və konservasiya olunub.
Belə
ki, 1992-ci ildən başlayaraq SC-nin tabeliyindəki
"Abşeron", "Günəşli",
"Qaranquş", "Xəzər",
"Şıx" sanatoriyalarında, Hacıkənd istirahət
evində, Naftalan və Pirşağı sanatoriya-kurort birliklərində
qaçqın və məcburi köçkünlər məskunlaşıblar.
Kurort
kompleksi kütləvi tələbatı ödəyir
Son illər respublikamızın sosial-iqtisadi həyatını
əhatə edən, bütün sahələrdə
müşahidə olunan yeniliklər sanatoriya-kurort sistemində
də nəzərəçarpacaq dərəcədə hiss
olunub. Dövlət başçısının Azərbaycan
kurortlarının inkişafı ilə bağlı
imzaladığı dövlət proqramına və bununla əlaqədar
verilmiş qanuna uyğun olaraq sağlamlıq ocaqlarında
köklü surətdə əsaslı təmir və yenidənqurma
işləri aparılıb. Görülən işlər
haqqında ətraflı məlumat verən SC-nin prezidenti
Əbil Ağasıyev dedi:
- "Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramı"
dövlətin kurort işi ilə bağlı ənənəvi
siyasətinin davamlı olmasından xəbər verir. Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra bu sahədə
aparılan uğurlu dövlət siyasəti nəticəsində
ölkəmizdə kütləvi tələbatı qədərincə
ödəyən kurort kompleksinin yaradıldığı barədə
bu gün qürur hissi ilə danışmaq olar. Kurort işinin yüksək səviyyədə təşkili
iqtisadi və sosial əhəmiyyətli fəaliyyət olaraq
regionların inkişafına, infrastrukturun yaradılmasına,
əhalinin məşğulluğuna, xidmət sahəsinin
genişləndirilməsinə təminatlar yaradıb. Ölkəmizdə mövcud olan kurort-sanatoriya sistemi
insanların istirahətinin, sağlamlaşdırılmasının
və müalicəsinin təşkili baxımından son dərəcə
zəruri ümummilli sosial-iqtisadi funksiyaları yerinə yetirməkdədir.
Ə.Ağasıyev bildirdi ki, dövlət
proqramından irəli gələn vəzifələrin
lazımi səviyyədə, müasir tələblərə
uyğun şəkildə icra olunması istiqamətində əhəmiyyətli
fəaliyyətlər həyata keçirilməkdədir. Konkret olaraq "Bilgəh"
kardioloji sanatoriyasının ərazisində yerləşən
4 mərtəbəli əsas yataq korpusunda, 2 mərtəbəli,
hər biri 48 çarpayıdan ibarət yataq korpuslarında, 1
mərtəbəli yay kotteclərində, müalicə
korpuslarında, sanatoriyanın yeməkxanasında və mətbəxində
əsaslı təmir və yenidənqurma işləri
aparılıb. Qazanxana təsərrüfatı
yeniləşdirilib, fasiləsiz su təchizatının təmin
edilməsi məqsədilə əlavə su quyuları
qazılıb, qazanxana təsərrüfatında əlavə
olaraq müasir tələblərə cavab verən qazan və
ehtiyat su boylerləri quraşdırılıb.
Qeyd olunanlarla yanaşı, sanatoriyaya məxsus ərazidə
abadlıq və yenidənqurma işləri aparılıb. Bunlara
nümunə olaraq əraziyə yeni asfalt
örtüyünün çəkilməsi, böyük bir
sahənin üzlük daşı ilə üzlənməsini,
yeni hovuz və fəvvarələrin tikilməsini göstərmək
olar. Eyni zamanda, xəstələrin
rahatlığını təmin etmək məqsədilə əsas
korpusda yeni sərnişin lifti quraşdırılıb.
Burada istirahət edənlərin vaxtının
səmərəli keçməsi də diqqətdə
saxlanılıb. Bu məqsədlə
açıq havada idman meydançası tikilib və burada
müasir idman qurğuları, müxtəlif növ trenajorlar
quraşdırılıb.
Yeni
müalicəvi vanna
SC-nin
prezidenti "Abşeron" sanatoriyasının ərazisində
də abadlıq və yenidənqurma işlərinin aparıldığını,
ərazidəki 1 və 4 saylı yataq korpuslarında,
müalicə korpusunda, yeməkxana və mətbəxdə nəzərəçarpacaq
dəyişikliklər edildiyini nəzərə
çatdırdı. Xüsusi olaraq qeyd etdi ki, son illər
Abşeron" sanatoriyası ilə yanaşı, "Bilgəh",
"Günəşli" və "Qaranquş"
sanatoriyalarında da mətbəxlərin iş şəraitinin
yaxşılaşdırılması məqsədilə əsaslı
təmir və yenidənqurma işləri görülüb. Eyni zamanda, həmin sanatoriyalarda bütün mətbəxlər
müasir avadanlıqlarla təmin olunub. Bu
da öz növbəsində mətbəxlərdə əl əməyinin
yüngülləşməsinə, yeməklərin
vaxtında və daha keyfiyyətli şəkildə
çatdırılmasına şərait yaradıb.
Ə.Ağasıyev həmçinin qeyd etdi ki, müalicə
korpusunda aparılan əsaslı təmir və yenidənqurma
işlərindən sonra korpusda yeni müalicəvi vanna
şöbəsi yaradılıb.
Sualtı
dartma hovuzu
2013-2014-cü illərdə "Günəşli"
sanatoriyasının ərazisində olan 1 saylı yataq
korpusunda tikintisi yarımçıq qalmış yataq
otaqları yenidən əsaslı təmir olunub ki, bu da
sanatoriyada mövcud çarpayı fondunun sayının
artmasına şərait yaradıb. Ərazidə
quraşdırılmış yeni trenajor meydançası
müasir tələblərə cavab verən idman
qurğuları ilə təmin olunub. Bununla
yanaşı, müalicə korpusunda aparılmış əsaslı
təmir və yenidənqurma işləri başa
çatdırılıb, yeni sualtı dartma hovuzu müalicəvi
kabineti istifadəyə verilib.
Təbii
amillər... fizioterapevtik, massaj, bədən tərbiyəsi
müalicəsi
"Qaranquş" sanatoriyasının ərazisində
uzun illər istifadəsiz qalan 3 saylı yataq korpusunda
aparılan yenidənqurma işlərinin nəticəsində
müasir tələblərə cavab verən 36
çarpayıdan ibarət yataq korpusu istifadəyə verilib. Digər
sanatoriyalarda aparılan analoji tədbirlərlə
yanaşı, buradakı 4 və 5 saylı yataq korpusları da
əsaslı təmir olunub.
Qeyd olunan sağlamlıq ocaqlarının yataq
korpuslarında aparılan yenidənqurma tədbirlərinin
davamı olaraq yataq otaqları müasir tələblərə
cavab verən məişət və texnoloji avadanlıqlarla, o
cümlədən soyuducu, kondisioner, televizor, yeni mebel dəstləri,
yataq və digər yumşaq inventarlarla təmin olunub. Oxşar tədbirlər
təyinatı üzrə yeməkxana və mətbəxlərdə
də reallaşdırılıb.
Xüsusi olaraq qeyd etmək lazımdır ki,
sağlamlıq ocaqlarında xəstələrə təbii
amillərlə (naftalan nefti, hidrogen kükürdü və
yod-brom mineral suları. palçıq) yanaşı
fizioterapevtik, massaj, bədən tərbiyəsi müalicəsi
aparılır. Xəstələrin diaqnozlarını dəqiqləşdirmək
və müalicəsini daha düzgün aparmaq məqsədilə
sağlamlıq ocaqlarında elektrokardioqrafiya, ultrasəslə
müayinə, qastroskopiya, kliniki və biokimyəvi laborator
müayinələrdən və digər müayinə
üsullarından geniş istifadə olunur. Xəstələrin müalicəsi ilə
yanaşı istirahətlərinin təşkilinə də həmişə
xüsusi diqqət yetirilir. Bu məqsədlə
mədəniyyət evlərinin, ayrı-ayrı musiqi və
teatr kollektivlərinin imkanlarından istifadə edərək
maraqlı rəqs və musiqi axşamları, tamaşalar,
diskotekalar təşkil edilir. Bakı şəhərinin
görməli yerlərinə ekskursiyalar da mədəni istirahətin
tərkib hissəsidir.
Qeyd olunanlardan da göründüyü kimi, Azərbaycan
dövləti, o cümlədən də aidiyyəti icra
strukturları bütün sahələrdə olduğu kimi, vətəndaşların
sağlamlıqlarının mühafizəsi üçün
də lazımi tədbirləri yüksək səviyyədə
yerinə yetirirlər. Bir qalır, görülən işlərin
əyani şahidi olmaq üçün həmin şəfa
ocaqlarına gəlmək. Bunun üçün
münbit şərait də var, üzv olduğunuz həmkarlar
ittifaqı komitəsində ehtiyacınız olan şəfa
ocağına getmək üçün güzəştli
yollayışlar da...
Əli
SƏLİMOV,
Azərbaycan.-2014.- 20 iyun.- S.10.