Azərbaycan mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoqun uğurlu məkanına
çevrilib
Azərbaycan nümunə göstərir
Tolerantlıq sivil dünyanın demokratik dəyərlər uğrunda mübarizə salnaməsində xüsusi yer tutur. Hələ qədim zamanlardan insanlarda bir-birinin fərqli baxışlarına, fikir və düşüncələrinə dözümlü yanaşma mədəniyyəti formalaşmağa başlamış, zaman keçdikcə tolerantlıq hər bir cəmiyyətdə sivil harmoniyanın, sülh və barışın təmin olunmasında həlledici amilə çevrilmişdir.
1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edildi. Prezident İlham Əliyev son 10 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi kömək göstərilmişdir. Əjdər bəy məscidində əsaslı təmir və yenidənqurmanın aparılması, Şamaxı Cümə məscidində böyük təmir-tikinti işlərinin başa çatdırılması deyilənlərə əyani misaldır. Bütövlükdə müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində isə 140-a yaxını inşa olunmuş, 80 məscid əsaslı təmir edilmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Bir sözlə, dövlət daim xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl tədbirlər görür. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirilir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Odur ki, bütün millətlərin və dinlərin nümayəndələri ölkəmizdə sülh, anlaşma şəraitində yaşayırlar. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.
Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri"ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanıb.
Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkə rəhbəri bu qənaətdədir ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "The Business Year: Azerbaijan-2014" nəşrinin təqdimat mərasimində bildirib: "Son 10 ildə Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilərək bütün dünyaya öz tolerantlıq, humanizm nümunəsini təqdim edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhəri bu gün Avrasiya məkanında beynəlxalq humanitar mərkəz statusu qazanmışdır. Azərbaycan məscidin, kilsənin və sinaqoqun yan-yana fəaliyyət göstərdiyi nadir tolerantlıq məkanı kimi bütün dünyada tanınır və qəbul edilir. Təbii ki, Azərbaycanın bu identikliyini şərtləndirən ən başlıca amil ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının bütün Azərbaycan vətəndaşlarının düşüncəsinə hakim kəsilməsi və milli vətəndaş birliyini möhkəmləndirməsidir. Bu sahədə Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın yorulmaz fəaliyyəti xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondu cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub-saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə həm Azərbaycan cəmiyyətində, həm də dünyada böyük nüfuz və etimad qazanmışdır. Heydər Əliyev Fondu öz humanitar missiyası ilə milli və qlobal müstəvidə olduqca vacib məsələlərin həllinə özünəməxsus yenilik gətirmişdir ki, bu da, əlbəttə, növbəti Azərbaycan nümunəsi kimi səciyyələndirilməlidir. Buna görə də "The Business Year" şirkəti Mehriban xanım Əliyevanı dünyada "İlin birinci xanımı" mükafatına layiq görmüşdür".
Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu yaxından iştirak edir. Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun və İSESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.
Son illər fondun səyi ilə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İƏT-nin Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Ölkəmizdə müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşılması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.
Buna görə də Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunur.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 21 iyun.- S.4.