Azərbaycan və Hindistan arasında imzalanmış

 iki müqavilə qüvvəyə minmişdir

 

İyunun 20-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Hindistan Respublikasının ölkəmizdəki səfiri Vinod Kumar ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişafı üzrə fikir mübadiləsi aparılmışdır. Həmçinin Hindistanda parlament seçkilərindən sonra yeni parlamentin və hökumətin formalaşmasına diqqət cəlb edilmiş, münasibətlərimizin inkişafına yönəlmiş qarşılıqlı səylərin davam etdiriləcəyi vurğulanmışdır.

Görüşün sonunda “Azərbaycan Respublikası və Hindistan Respublikası arasında təslimetmə haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin ratifikasiya fərmanlarının mübadiləsi haqqında protokollar imzalanmışdır. Bu protokolların imzalanması ilə qeyd olunan müqavilələr iyunun 20-dən qüvvəyə minmişdir.

 

Azərbaycan.-2014.- 21 iyun.- S.2.