Bakıda “Birinci dünya müharibəsi və Azərbaycan”

mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir

 

 

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə “Birinci dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Konfransın açılışında Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə Bakıda keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Birinci dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş konfransın məqsədi Azərbaycanın və digər qonşu regionların tarixinin yenidən araşdırılması və olduğu kimi yazılmasıdır.

Birinci dünya müharibəsi illərində Cənubi Qafqaz regionunun və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı soyqırımlarının törədildiyini  diqqətə çatdıran Y. Mahmudov bildirmişdir ki, ermənilər Azərbaycanda xüsusilə qanlı cinayətlərə yol açmışlar. 1918-ci ildə erməni hərbi dəstələrinin tarixi Azərbaycan torpaqlarında bu əraziləri azərbaycanlılardan təmizləmək məqsədilə dinc azərbaycanlı-müsəlman əhaliyə qarşı həyata keçirdikləri  etnik təmizləmə və kütləvi qırğın əməllərindən bəhs edən Y. Mahmudov  vurğulamışdır ki, azərbaycanlılara qarşı törədilən soyqırımı aktları erməni millətçilərinin gələcəkdə öz dövlətlərini qura biləcəkləri ərazilərdə müsəlmanların sayını maksimal dərəcədə azaltmağa  yönəlmiş irimiqyaslı planlarının bir hissəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1918-ci il iyulun 15-də yaratdığı, bütün Zaqafqaziya hüdudlarında Birinci dünya müharibəsi başlanandan bəri azərbaycanlı-müsəlman əhaliyə, habelə onların əmlakına qarşı  törədilmiş cinayət əməllərinin araşdırılması üzrə Fövqəladə Təhqiqat Komissiyasının topladığı və tərtib etdiyi sənədlərdə Bakı və ətraf ərazilərin azərbaycanlı əhalisinə qarşı törədilmiş zorakılıq əməllərindən bəhs edilmişdir. 1918-ci ilin martında təkcə Bakıda 15 mindən çox dinc sakin xüsusi amansızlıqla qətlə yetirilmişdir. Komissiyanın  topladığı materiallarda erməni hərbi dəstələrinin Nuxa, Şamaxı, Qarabağ, Zəngəzur, Ərəş, Cavad, Quba, Göyçay, Lənkəran qəzalarında və Gəncə quberniyasının kəndlərində dinc əhaliyə qarşı törətdikləri cinayətlərdən də bəhs olunmuşdur.

İnstitutun direktoru qeyd etmişdir ki, ermənilərin Şərqi Anadoluda və Azərbaycanda həyata keçirdikləri soyqırımı siyasətinin məqsədi “Böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq idi.  Biz istəyirik ki, Azərbaycanın tarixi dünya ictimaiyyətinə olduğu kimi çatdırılsın. Bu işdə alimlərin əvəzsiz rolu  danılmazdır. Birinci dünya müharibəsi ilə bağlı tarixin çox hissəsi yenidən yazılmalıdır. Ermənilər 2015-ci ildə qondarma “erməni soyqırımı”nın yüz illiyini qeyd etməyə hazırlaşırlar. Tarixi təhrif etmək olmaz. Dünya ictimaiyyəti tarixin saxtalaşdırılmasına, uydurma tarixə əsaslanan bu cür tədbirlərin keçirilməsinə yol verməməlidir.

Y. Mahmudov konfransın qoyulan məqsədə nail olacağına əminliyini bildirmiş, tədbir iştirakçılarına səmərəli fəaliyyət, uğurlar  arzulamışdır.

Plenar iclasda AMEA-nın Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İradə Bağırova, Türkiyənin Atatürk Araşdırma Mərkəzinin direktoru, professor Məhmət Əli Beyhan və başqaları çıxış edərək Birinci dünya müharibəsi dövründə baş vermiş soyqırımı hadisələrindən danışmışlar. Konfransın tarixi əhəmiyyətini vurğulayan natiqlər tarixin qaranlıq səhifələrinin üzə çıxarılmasında bu cür tədbirlərin tez-tez keçirilməsinin zəruriliyini qeyd etmişlər.

Daha sonra konfransın işi üç bölmədə davam etmişdir.

Bölmə iclaslarında Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Mərkəzi Asiya dövlətləri və digər ölkələrdən  tanınmış tarixçi alimlər mövzuya dair məruzələrlə çıxış etmişlər.

Tədbirdə “Qafqaz cəbhəsində Osmanlı ordusunun vəziyyəti”,   “Birinci dünya müharibəsi illərində Azərbaycan xalqına qarşı “Böyük Ermənistan” cinayəti”, “1918-ci ilin mart hadisələri və Bakıda Sovet hakimiyyətinin bərpası”, “Birinci Dünya müharibəsi illərində Bakı quberniyasında azərbaycanlıların soyqırımı”, “Birinci dünya müharibəsi və ermənilərin türk xalqına qarşı vəhşilikləri”, “Birinci dünya müharibəsi illərində erməni-Rusiya hərbi birliklərinin Şərqi Anadolunun Qars vilayətində törətdikləri soyqırımları” və digər mövzularda məruzələr dinlənilərək müzakirə edilmişdir.

 

Azərbaycan.-2014.- 21 iyun.- S.3.