Naxçıvan Muxtar
Respublikasının nümayəndə
heyəti Polşada səfərdə olmuşdur
Polşanın
Krakov şəhərində Naxçıvan Muxtar
Respublikasının (MR) 90 illik yubileyi ilə əlaqədar
Naxçıvan Günləri keçirilmişdir.
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 14-dən 17-dək Polşa Respublikasının Krakov şəhərində səfərdə olmuş, yubiley tədbirində iştirak etmişdir.
İyunun 16-da nümayəndə heyətinin iştirakı ilə Polşa Elmlər Akademiyasının Krakov Bölməsində və Krakov şəhərindəki Yaqellon, AGH Elm və Texnologiya, eləcə də İqtisadiyyat universitetlərində görüşlər keçirilmişdir.
Ali Məclisin Sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası ilə Krakov şəhəri arasında elm və təhsil sahəsində əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirmiş, qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov muxtar respublikada elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə yaradılan müasir infrastrukturdan bəhs etmişlər. Qeyd olunmuşdur ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti ilə dünyanın nüfuzlu elm müəssisələri və ali təhsil ocaqları arasında səmərəli əməkdaşlıq qurulmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi ilə Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında “2014-2016-cı illər üzrə elm sahəsində əməkdaşlıq haqqında” protokol və Naxçıvan Dövlət Universiteti ilə Krakov İqtisadiyyat Universiteti arasında niyyət protokolu imzalanmış, ali təhsil müəssisələri arasında əlaqələrin qurulması barədə razılıq əldə edilmişdir.
Naxçıvan Muxtar Respublikasının sahibkarları ilə Krakov şəhərini təmsil edən iş adamları arasında işgüzar görüş də olmuşdur. Görüşdə Krakov şəhər meriyasının sahibkarlarla iş üzrə müşaviri Yan Okonski, Krakov şəhərinin ticarət və sənaye palatasının direktoru Votslav Andruşko və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış etmişlər.
Tədbirdə əməkdaşlığın perspektiv imkanları nəzərdən keçirilmiş, qarşılıqlı investisiya yatırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmış və iş adamları arasında niyyət protokolu imzalanmışdır.
* * *
İyunun 16-da Krakov şəhər meriyasında Naxçıvan nümayəndə heyətinin iştirakı ilə görüş keçirilmişdir.
Şəhərin meri Yatsek Mayxrovski Naxçıvan nümayəndə heyətini Krakovda görməkdən şad olduğunu bildirmiş, Polşa-Azərbaycan ikitərəfli dostluq münasibətlərinin uğurla inkişaf etdiyini xatırlatmış, əlaqələrin genişlənməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırmışdır. Muxtar respublikanın yaradılmasının 90 illiyi münasibətilə nümayəndə heyətinə təbriklərini çatdıran Yatsek Mayxrovski səfərin əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov nümayəndə heyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirmiş, muxtar respublikanın ərazisi, əhalisi, idarəetmə quruluşu və sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat vermişdir. Azər Zeynalov Krakov şəhərində Naxçıvan Günlərinin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir.
Görüşdə əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı perspektivin olduğu diqqətə çatdırılmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Krakov şəhərinin meri Yatsek Mayxrovskiyə muxtar respublikanın 90 illik yubileyi münasibətilə buraxılan xatirə medalını təqdim etmişdir.
Görüşdə Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov və Krakov şəhər meriyasının rəsmi şəxsləri iştirak etmişlər.
İyunun 16-da Krakov şəhər meriyasının binasında Naxçıvan nümayəndə heyətinin şərəfinə rəsmi nahar verilmişdir.
X X X
İyunun 16-da Krakov şəhərinin Opera Teatrında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilmişdir.
Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək demişdir: “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri gündən-günə inkişaf edərək genişlənir. Bu münasibətlərin bütün sahələrdə davamlı xarakter alması üçün ciddi əsaslar vardır. Bu, bir tərəfdən xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin dərinləşməsindən irəli gəlirsə, digər tərəfdən bu əlaqələr qarşılıqlı münasibətlərin qədim tarixinə söykənir. Polyak və Azərbaycan xalqları tarixən dostluq şəraitində yaşamışlar. Həm Krakov, həm də Naxçıvan qədim dövlətçilik ənənələrinə və zəngin tarixə malikdir.
Naxçıvan ən qədim sivilizasiya beşiklərindən biridir və beş min illik şəhər mədəniyyətinə malikdir. Bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının yubileyi Azərbaycanda və onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Yubiley münasibətilə Bakıda, Naxçıvan şəhərində, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində tədbirlər keçirilmiş, dünyanın nüfuzlu mətbu orqanlarında muxtar respublikaya həsr olunmuş məqalələr dərc edilmiş, kitab və bukletlər buraxılmışdır. Bu gün Polşa Respublikasının tarixi paytaxtı Krakov şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə Naxçıvan Günləri keçirilir”.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. 5,5 min kvadratkilometr əraziyə malik olan Naxçıvan Muxtar Respublikası şimalda və şərqdə Ermənistan Respublikası ilə 246 kilometr, qərbdə və cənubda İran İslam Respublikası ilə 204 kilometr və Türkiyə Respublikası ilə 11 kilometr məsafədə həmsərhəddir. Muxtar respublikanın ərazisi 7 inzibati rayona bölünmüşdür, 5 şəhəri, 8 qəsəbəsi, 207 kəndi vardır. 430 mindən çox əhali yaşayan Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini isə muxtar respublikanın məhkəmələri həyata keçirirlər. Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın ali vəzifəli şəxsidir. Beş il müddətinə seçilən Ali Məclis 45 deputatdan ibarətdir.
Azər Zeynalov Naxçıvan Muxtar Respublikasının 20 ildən artıq bir dövrdə Ermənistan tərəfindən blokadaya alındığını bildirərək demişdir ki, buna baxmayaraq muxtar respublika yerli resurslar hesabına dinamik inkişaf edir. Burada istehsal olunan məhsullara xarici ölkələrdə də böyük tələbat vardır. Təsadüfi deyildir ki, muxtar respublika 50-yə yaxın xarici ölkə ilə iqtisadi-ticarət əlaqəsinə malikdir. Ümid edirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Polşa, o cümlədən Krakov şəhəri arasında da faydalı əməkdaşlıq qurulacaq və yaxın perspektivdə dinamik inkişaf edəcəkdir. Polyak atalar məsəlində deyilir ki, “Əsl Polşanın nədən ibarət olduğunu bilmək istəyirsənsə, gərək Krakova gələsən”. Səfər çərçivəsində şəhərin infrastrukturu, müasir inkişafı, qədim tarixi və polyak xalqına məxsus olan zəngin mədəni irsi ilə tanışlıq zamanı bu kəlamın əbəs yerə deyilmədiyinin şahidi olduq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Krakov şəhərində Naxçıvan Günlərinin yüksək səviyyədə təşkilinə görə Polşa hökumətinə, Krakov meriyasına və Azərbaycan Respublikasının Polşadakı səfirliyinə hörmət və ehtiramını bildirmişdir.
Tədbirdə Krakov şəhər merinin müavini və Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov çıxış etmişlər.
Sonra naxçıvanlı incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilmişdir. Musiqi kollektivlərinin və Şərur xalq yallı ansamblının çıxışları alqışlarla qarşılanmışdır.
Konsert proqramından sonra tədbir iştirakçıları
Naxçıvan Muxtar Respublikasından bəhs
edən kitab, albom və
kataloqlardan, muxtar respublikada istehsal olunan yerli məhsullardan,
eləcə də Naxçıvan ilə bağlı
fotoşəkillərdən ibarət sərgiyə
baxmışlar.
Azərbaycan.-2014.- 21 iyun.- S.4.