Azərbaycan Respublikasının baş
prokuroru Gəncə şəhərində
vətəndaşları qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstəriş
və tövsiyələrinə müvafiq olaraq vətəndaşların
qəbulu, onların müraciətlərinə vaxtında
baxılması və haqlı tələblərinin təmin
edilməsi bütün dövlət qurumlarının əsas
vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.
Baş
prokuror Zakir Qaralov bölgələrdə vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq iyunun 20-də Gəncə
Şəhər Prokurorluğunun inzibati binasında Gəncə
şəhərindən, Göygöl, Samux, Daşkəsən,
Xocalı, Goranboy və Kəlbəcər rayonlarından olan vətəndaşları
qəbul etmişdir.
Azərbaycan
Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, qəbuldan əvvəl
baş prokuror Zakir Qaralov və Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
yenidən qurulan Heydər Əliyev parkında Ulu Öndərin
abidəsini ziyarət etmiş, önünə gül dəstələri
düzərək əziz xatirəsini ehtiramla yad etmiş, Heydər
Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Baş
Prokurorluğun məsul əməkdaşlarının, habelə
əlaqədar tabe prokurorların iştirakı ilə
keçirilən qəbulda baş prokuror bölgədə
yaşayan 100-dən artıq vətəndaşın müraciətlərində
qaldırılan və bilavasitə prokurorluq orqanlarının
səlahiyyətlərinə aid olan məsələlər
üzrə onların qanunauyğun və operativ şəkildə
həll edilməsi üçün əlaqədar struktur
qurumlarının rəhbərlərinə və tabe rayon
prokurorlarına müvafiq göstərişlər
vermişdir.
Gün
ərzində baş prokuror tərəfindən qəbul edilən
vətəndaşların müraciətlərinin
böyük əksəriyyəti elə yerindəcə öz
həllini tapmışdır.
Vətəndaşların
ərizə və şikayətlərində
qaldırdıqları məsələlərin, o cümlədən
konkret cinayət işlərinin istintaqı və törədilmiş
cinayətlər barədə məlumatların
araşdırılması zamanı yol verilmiş qanun
pozuntuları ilə əlaqədar və sosial problemlərə
aid müraciətlərin bilavasitə prokurorluqda və ya
aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli
üçün zəruri tədbirlərin görülməsi
təmin edilmişdir.
Eyni
zamanda, qeyd edilən rayonların prokurorlarının
iştirakı ilə müşavirə keçirilməklə
cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi
və kəsərliliyinin artırılması
üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların
müraciətlərinə obyektiv baxılması və
onların qəbulu işinin düzgün təşkilinə
görə tabe prokurorların fərdi məsuliyyət
daşımaları onların diqqətinə
çatdırılmışdır.
Qəbuldan
sonra baş prokuror şəhər icra hakimiyyətinin başçısı
ilə şəhər prokurorluğunun 4 mərtəbəli
müasir və milli memarlıq üslubunda yeni inzibati
binasının inşa edildiyi əraziyə gedərək
binanın layihələrini əks etdirən stendlərlə
tanış olmuş, tikinti işlərinin gedişi ilə
maraqlanaraq görülən işlər və ətraf ərazinin
abadlaşdırılması ilə əlaqədar tövsiyələrini
vermişdir.
Azərbaycan.-2014.- 21 iyun.- S.5.