Jurnalist keçmiş
qəhrəmanlarını yad edir
Yazıçı-jurnalist Əhməd İsayevin yeni kitabı "Yad et məni, yad et" adlanır.
Müəllif Azərbaycan mətbuatında çalışdığı yarım əsrə bərabər bir müddət ərzində rastlaşdığı, həyat yolunu izlədiyi, əməyini, fəaliyyətini işıqlandırdığı insanları yenidən yad edir. Bu dəfə daha ətraflı, təfərrüatı ilə - bugündən dünənə boylanaraq...
Peşəkar jurnalist o kəsləri bir daha yad edir ki, vaxtilə Vətəninə, xalqına sədaqətlə xidmət edib, insanlara xeyirxahlığı, uzaqgörənliyi, müdrikliyi ilə dəstək olublar. Müəllif Azərbaycanın aparıcı qəzetlərində çalışdığı bu uzun illər ərzində həmin insanlar haqqında dəfələrlə yazıb. Yeni kitabında isə onların haqqında eşitdiklərini, bildiklərini, öyrəndiklərini və vaxtilə yazdıqlarını ümumiləşdirərək hərəsi barədə həcmcə yığcam olsa da, məzmunca dolğun bir əsər yaradır.
Ön sözü əvəz edən "Həyat dərsləri" adlı girişdən sonra kitabda müəllifin tanınmış jurnalist Ağababa Rzayev haqqında xatirələri dərc olunub. A.Rzayev yaşadığı dövrün 1 nömrəli mətbu orqanı olan "Kommunist" qəzetinə 18 il redaktorluq edib. O, Azərbaycan jurnalistlərinin bir neçə nəslinin müəllimi olub ki, onların arasında sözügedən kitabın müəllifi - əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü Ə.İsayev də var.
"Yad et məni,
yad et". Daxili dünyamızda səslənən
bu sözlər bizlərə sevib-seçdiyimiz
sənətin sirlərini
öyrədən, həyatda
irəlilədiyimiz yolları
göstərən, boynumuzda
böyük mənəvi
haqqı olan belə ustadların, müəllimlərin umacağıdır
sanki.
O səs müəllifi daha kimləri yad etməyə çağırır? 11 ildən çoxdur dünyasını dəyişsə
də, el-obada yeri görünən Altay
Məmmədovu. O, Nizami
yurdunda yaşayıb-yaradan
yazıçı, dramaturq
idi. Əsərləri mütəmadi
olaraq Gəncə Dövlət Dram Teatrında
oynanılırdı. H.Zərdabi
adına Gəncə Dövlət Pedaqoji İnstitutunda (hazırda Gəncə Dövlət Universiteti) bu alim-pedaqoqdan dərs almış müəllimlərə indi
Azərbaycanın bütün
bölgələrində rast
gəlmək olar. Kitabları hələ də sevilə-sevilə oxunur.
"Altay Məmmədov uzun
illər Gəncə ədəbi mühitinin bayraqdarı olub" - deyən müəllif onun adına
bu şəhərdə
bir küçənin,
yaxud xatirə lövhəsinin yoxluğuna
təəssüf edir.
Müəllif bu kitabında ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövründə
Gəncədə aparıcı
vəzifədə çalışaraq
böyük quruculuq işləri görmüş
Həsən Həsənovun
fəaliyyəti barədə
də yazır. Daha sonra Ə.İsayev görkəmli şərqşünas
alim Rüstəm Əliyevi, odlardan-alovlardan
çıxmış əfsanəvi
təyyarəçi Məzahir
Abbasovu, İkinci Dünya müharibəsinin
bir sıra digər qəhrəmanlarını
eyni ehtiram və məhəbbətlə
yad edir. Müəllif tarixi vərəqləyərək
XIX əsrin sonu - XX əsrin əvvəllərində
yaşamış, öz
dövrünün tanınmış
ictimai xadimi olmuş Ələkbər
bəy Rəfibəyovdan
söhbət açır.
"Polad təki
mətin, gül kimi zərif" oçerkini isə ötən yüzillikdə
Neva sahilində silinməz
iz qoyan azərbaycanlı qızı
Gülarə Nuriyevaya
həsr edib. Gülarə
mühəndis-metallurq, poladəritmə
sahəsində çalışan
ilk azərbaycanlı qadın
idi. Sankt-Peterburqda yaşayıb-işləmiş,
marten sexinin rəisi olmuşdu.
Ə.İsayevin yeni kitabı təsdiqləyir ki, jurnalistlər nə vaxtsa müsahibə aldıqları, portretini yaratdıqları qəhrəmanları
bir gündən-beş
gündən sonra unutmurlar. Bir çox hallarda
onların sonrakı həyatı ilə də maraqlanır, uğurlarını izləyirlər.
Bu da təsadüfi
deyil. Çünki jurnalistlər öz
yazıları üçün
elə gözəl və layiqli qəhrəmanlar seçirlər
ki, o insanların həmişə, dönə-dönə
yad edilməyə haqqı var.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 21 iyun.- S.7.