Yunanıstan Azərbaycanla bütün
sahələrdə
əməkdaşlığı
gücləndirmək niyyətindədir
Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına mühüm önəm verdiyi ölkələrdən biri də Yunanıstandır. Rəsmi Afinanın da Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında əlaqələr inkişaf etməyə başlayıb. Yunanıstanın Azərbaycandakı səfirliyi 1993-cü il mayın 27-də, Azərbaycanın Yunanıstandakı səfirliyi isə 2004-cü il aprelin 16-da fəaliyyətə başlayıb. Ötən müddətdə iki ölkə arasında iqtisadi, sənaye, texnologiya, enerji, elm, təhsil, mədəniyyət, nəqliyyat, investisiyaların qorunması, gömrük sahələrində sazişlər imzalanıb.
Prezident İlham Əliyevin bu günlərdə Yunanıstana dövlət səfəri də iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Azərbaycan Prezidenti səfər çərçivəsində Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas, Baş nazir Antonis Samarasla keçirdiyi görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın davamlı inkişaf etdiyi bildirildi. Əlaqələrin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Azərbaycan-Yunanıstan əməkdaşlığının Avropa İttifaqı çərçivəsində də önəmi vurğulandı. Prezident İlham Əliyevin Yunanıstana dövlət səfərinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından əhəmiyyəti qeyd olundu. Həmçinin görüş zamanı ikitərəfli əlaqələr, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın iştirakı ilə sənədlərin imzalanma mərasimi də keçirildi. Bu sırada "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikası Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum"u misal gətirmək olar.
Azərbaycanla Yunanıstan arasında enerji sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da, öz növbəsində, ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdir. İlkin mərhələdə Azərbaycan qazının daşınması "Şahdəniz-2" layihəsinin hasilatı hesabına olacaq. Təbii qazın nəqli ilk mərhələdə 15-16 milyard kubmetrlə başlanacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq. "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçının ehtiyacını ödəyəcək. Yunanıstan bu marşrutun başlanğıc nöqtəsi olacaq və bu marşruta TAP, eləcə də Yunanıstanda mövcud olan və yeni layihələr vasitəsilə çəkiləcək kəmərlərlə qaz nəql ediləcək.
Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığı belə xarakterizə edib: "Əlaqələrimizin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. Burada Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən "Şahdəniz", TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir. Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcəkdir".
Rəsmi Afinanın Cənubi Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimad və inam getdikcə möhkəmlənir. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri də ikitərəfli münasibətlərin genişlənməsində mövcud potensialdan daha səmərəli istifadənin zəruriliyini ön plana çıxarır. Yunanıstan və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri də məhz ölkələrimiz arasında uğurla inkişaf edən iqtisadi əlaqələrdir. Bu sahədə də əldə olunan nəticələr onu deməyə əsas verir ki, Yunanıstan-Azərbaycan münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir.
Yunanıstan Prezidenti Karolos Papulyas bildirib: "Bugünkü səfər Yunanıstan ilə Azərbaycan arasında gözəl münasibətlərin yeni bir işarəsidir, əməkdaşlığımız üçün yeni yollar, yeni üfüqlər açır. Prezident Əliyevin və mənim ikitərəfli münasibətlərimizin hər bir aspektini nəzərdən keçirmək imkanımız oldu. Burada həm siyasi, həm enerji, həm iqtisadi, həm ticari, həm də mədəni sahələrdə əlaqələr nəzərdə tutulur. Bizim, həmçinin mühüm beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu. Ölkələrimiz arasında siyasi münasibətlər inkişaf edir. Bu, ölkələr arasında həm dövlət səviyyəsində, həm də siyasi səviyyədə çox mühüm səfərlərin həyata keçirilməsindən görünür. Mədəni münasibətlərimiz sahəsində də gözəçarpan artım mövcuddur".
Prezident İlham Əliyevin
Yunanıstana dövlət səfəri çərçivəsində
keçirdiyi yüksək səviyyəli
görüşlər və imzalanan sənədlər
iki ölkə arasında əməkdaşlıq
əlaqələrinin daha da
genişlənməsinə müsbət təsir göstərəcək,
daha böyük
nəticələrin əldə olunmasına imkan
yaradacaq.
Azərbaycan.-2014.- 22 iyun.- S.1.