Dünya şöhrətli alim,
böyük ziyalı
Dövlət
mükafatı laureatları
Azərbaycanda kimya elminin təşəkkülü XIX əsrin sonlarından başlasa da, inkişaf dövrü XX əsrin 40-ci illərinə təsadüf edir. Milli elmimizin ötən yüzillikdə yetirdiyi ən görkəmli alimlərdən biri də Tofiq Murtuza oğlu Nağıyevdir.
Kimya elmləri doktoru, akademik T.M.Nağıyev 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası, akademik Murtuza Fətulla oğlu Nağıyev zəmanəsinin bütün dünyada tanınmış kimyaçı-alimi və mühəndislərindən sayılırdı. M.Nağıyevin elm yolunu müəyyənləşdirən "Kimya texnologiyasında resirkulyasiya prosesləri nəzəriyyəsi" və "Kimyəvi resirkulyasiya" təlimi ona dünya şöhrəti qazandırmışdı. Resirkulyasiya nəzəriyyəsinin banisi olan M.F.Nağıyevin adı 1991-ci ildə Moskvada çapdan çıxmış "Görkəmli kimyaçı alimlər" bioqrafik məlumat kitabında da əks olunmuşdur.
Oğlu Tofiq Nağıyev də atasının yolunu davam etdirərək özünün gələcək fəaliyyət istiqaməti kimi kimya sahəsini seçmişdir. O, 1964-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının M.F.Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda başlamışdır.
1967-ci ildə namizədlik, 1973-cü ildə doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, 1976-cı ildən professor adına layiq görülmüş, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvü seçilmişdir.
O, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının laboratoriya müdiri, 2004-cü ildən AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru, 2013-cü ilin aprelindən isə AMEA-nın vitse-prezidentidir.
T.M.Nağıyev neft, neft kimyası, kataliz üzrə nüfuzlu beynəlxalq konqreslərdə, simpoziumlarda, beynəlxalq konfranslarda milli elmimizi ən yüksək səviyyədə təmsil etmişdir. 400-dən artıq məqalə və konfrans materiallarının, keçmiş SSRİ-nin 32 müəlliflik şəhadətnaməsinin, 1 patentin, Rusiya Federasiyasının 1, Azərbaycan Respublikasının 4 patentinin müəllifidir. Kimya elmi üzrə 20-dən çox fəlsəfə doktoru hazırlamışdır. 2007-ci ildə akademik T.Nağıyevin elmi monoqrafiyası dünyanın ən nüfuzlu elmi nəşriyyatı olan "Elsevier" nəşriyyatında (Niderland) ingilis dilində çapdan çıxmışdır. "Böyük Rusiya ensiklopediyası"nın 2013-cü ildə işıq üzü görmüş 21-ci cildində də akademik Tofiq Nağıyev haqqında geniş məlumat verilmişdir.
O, "Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri" jurnalının redaksiya heyətinin, həmçinin "Simurq" jurnalının redaksiya şurasının üzvüdür. AMEA-nın Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının və AMEA mətbuat-redaksiya şurasının büro tərkibində çalışır. "Azərbaycan Nefti və Qazı" Ensiklopediyasının tərtibatının kuratorudur. 2004-cü ildə Azərbaycan Respublikasının "Şərəf" ordeni ilə təltif olunmuşdur.
Akademikin məşğul olduğu tədqiqat sahəsi kimya elminin ən mühüm istiqamətlərindən birini təşkil edir. O, bu sahə ilə hələ tələbəlik dövründən maraqlanmış, universitetdə oxuyarkən Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İnstitutunda karbohidrogenlərin hidrogen-peroksidlə oksidləşdirici dehidrogenləşməsi sahəsində ilk elmi araşdırmalarını aparmışdır.
Həmin illərdə dehidrogenləşmə prosesləri reaksiyaqabiliyyətli birləşmələrin alınmasında daha çox yayılmış proseslərdən idi. Bunların arasında neft-kimya sənayesi üçün qiymətli xammal kimi dietilbenzolun dehidrogenləşmə məhsulu olan divinilbenzol böyük maraq doğururdu. Hidrogen-peroksidlə dietilbenzolun əlaqəli dehidrogenləşməsi reaksiyasının öyrənilməsi T.Nağıyevin ilk tədqiqatlarının əsasını təşkil edirdi. Burada o, həmin reaksiyanın kinetikası və mexanizminin tədqiqi ilə məşğul olurdu.
Tofiq Nağıyevin 1967-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasının mövzusu belə idi: "Etilbenzolun stirola əlaqəli dehidrogenləşməsi reaksiyasının öyrənilməsi". Bu mövzuda tədqiqatın aktuallığını o şərtləndirirdi ki, o zaman etilbenzolun dehidrogenləşməsi stirolun sintezi prosesinin intensivləşdirilməsini alimlər iki istiqamətdə - yeni katalizatorların axtarışı və mövcud istehsalların optimallaşdırılması yolu ilə aparırdılar. T.Nağıyevin qarşısında karbohidrogenlərin dehidrogenləşməsi prosesinin effektivliyini artırmaq məqsədilə yeni prinsipial üsulun işlənib hazırlanması vəzifəsi qoyulmuşdu. Dünya təcrübəsində ilk dəfə olaraq o, etilbenzolun oksidləşdirici dehidrogenləşməsində oksidləşdirici kimi hidrogen-peroksiddən istifadə etmişdir.
Kimyəvi proseslərin zəhərli maddələr əmələ gətirmədən və onlar tədqiq edilmədən intensivləşdirilməsinin yeni prinsipial, eyni zamanda, qüsursuz metodunu (proseslərin aparılması üçün vacib olan sərt şəraiti - yüksək temperaturla təzyiqi təmin edən katalizatorların və mürəkkəb aparatların tətbiqi yolu ilə) yaratmışdır.
Görkəmli alim hidrogen-peroksidin etilbenzola təsir mexanizminin tədqiqi nəticəsində belə bir mühüm qənaətə gəlmişdir ki, dehidrogenləşmənin baş verməsi üçün reaksiyanın başlanğıcında hidrogen-peroksid sonradan etilbenzol molekulları ilə qarşılıqlı təsirdə ola bilən sərbəst radikallara (OH və HO2) parçalanmalıdır. Məhz elə bu, bir reaksiyanın digərindən asılılığı Tofiq Nağıyevə etilbenzolun hidrogen-peroksidlə dehidrogenləşməsi reaksiyasını əlaqəli adlandırmağa imkan vermişdir.
Alim faktiki olaraq hidrogen-peroksidin əvvəllər məlum olmayan xassəsini kimyəvi reaksiyaları induksiya etmək qabiliyyətini üzə çıxarmışdır. Prosesin göstəriciləri nəinki sənayedə geniş istifadə olunan oxşar katalitik dehidrogenləşmədən, hətta molekulyar oksigenin iştirakı ilə baş verən oksidləşdirici dehidrogenləşmədən daha üstün idi. T.Nağıyevin əlaqəli proseslər sahəsində işləyib hazırladığı müddəaların fundamentallığı ondan ibarət idi ki, o, burada karbohidrogenlərin qaz fazada hidrogen-peroksidlə oksidləşdirici dehidrogenləşməsi reaksiyalarında əlaqə effektini aşkar etmişdir.
Akademikin bu istiqamətdə əldə etdiyi mühüm nəticələrin elmi və praktik əhəmiyyəti müvafiq istiqamətli xüsusi laboratoriyanın yaradılması zərurətini şərtləndirmiş və 1969-cu ildə təşkil edilən ilk belə laboratoriya Tofiq Nağıyevin rəhbərliyi altında fəaliyyətə başlamışdır.
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə elmin inkişafına yaratdığı şərait, alimlərə verdiyi dəstək, xüsusilə xarici elmi təcrübənin öyrənilməsi, dünya alimləri ilə təcrübə mübadilələrinin aparılması məsələlərinə göstərdiyi diqqət digər alimlərimiz kimi T.Nağıyevin qarşısında da yeni üfüqlər açmışdır. O, ötən əsrin 70-ci illərinin əvvəllərində Fransa Neft İnstitutunda kimyanın mühüm sahələrindən biri üzrə elmi təcrübə keçmişdi.
Böyük alimin 1968-1972-ci illər ərzində topladığı zəngin eksperimental material və bu əsasda apardığı fundamental ümumiləşmələr hidrogen-peroksidin iştirakı ilə əlaqəli reaksiyaların özünəməxsus gedişi haqqında yeni biliklər sisteminin əsasını qoymuşdur. Bu nəticələr üzrə o, 1973-cü ildə A.V.Topçiyev adına SSRİ Elmlər Akademiyasının Moskva Neft-Kimya Sintezi İnstitutunda "Praktiki cəhətdən mühüm karbohidrogenlər sırasının və onların törəmələrinin əlaqəli dehidrogenləşməsi və hidrogenolizi reaksiyalarının kinetikasının və mexanizminin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
Belə bir mövzunun araşdırılmasını doymamış karbohidrogenlərin ucuz və asan əldə olunan xammaldan alınması yolu ilə yüksək effektli proseslərin inkişaf etdirilməsini zərurətə çevirirdi. T.Nağıyev buna 2 əsas prinsip əsasında nail olmağı daha düzgün sayırdı. Bunlardan biri yeni katalizatorların yaradılması, ikincisi isə biri digərini induksiya edən və aktiv aralıq hissəciklərin qatılığının artırılmasını təmin edən əlaqəli reaksiyalar vasitəsilə maddələrin yeni zəncirvari çevrilməsinin yaradılmasından ibarət idi. O, ikinci prinsipdən istifadəni daha düzgün saymışdır.
Alimin doktorluq dissertasiyanın mövzusu üzrə apardığı tədqiqatlar nəticəsində homogen fazada, atmosfer təzyiqi altında, katalizator tətbiq edilmədən qiymətli kimyəvi məhsulların alınması texnologiyasını əhəmiyyətli dərəcədə sadələşdirən (tsiklopatentin termiki dehidrogenləşməsi halında yüksək təzyiqin tətbiqi və ya dərin vakuumdan istifadə ləğv edilmişdir, xüsusi heterogen katalizatorların sintezi və onların regenerasiyası istisna olunmuşdur və s.) yeni metodlar yaranmışdır.
Aparılan tədqiqatlar nəticəsində prinsipcə yeni üsullarla - karbohidrogenlərin hidrogen-peroksid tətbiq edilməklə əlaqəli dehidrogenləşməsi və hidrogenolozi vasitəsilə monomerlər alınmasının reaksiyaları aşkarlanmışdır.
Bu reaksiyaların hərtərəfli tədqiqi yalnız optimal şəraitin (temperatur, təzyiq, komponentlərin nisbəti və onların verilmə sürəti, H2O2 sulu məhsulunun qatılığı) təyin edilməsi ilə məhsulun sintezinin yeni üsullarını deyil, həm də onun kinetikası və mexanizminin dərindən öyrənilməsini əhatə edir.
T.Nağıyevin əvvəlki tədqiqatlarında qoyduğu təməl sonrakı tədqiqatların nəticələri ilə möhkəmləndirilərək ümumiləşdirilmiş və yeni nəzəriyyənin əsasını təşkil etmişdir. Alimin yaratdığı reaksiya sistemi müvafiq doymamış birləşmələrin əldə olunması texnologiyasını xeyli sadələşdirməyə imkan vermiş və onun digər heterogen katalitik sistemlərlə müqayisədə bir sıra üstünlüklərə malik olduğu sübuta yetirilmişdir.
Bu sistem yeni katalizatorlar, onların sintezi və regenerasiyası ilə bağlı xərcləri aradan qaldırır. Belə bir sistemin köməyi ilə reaksiyaların kinetikası və mexanizminin tədqiqini yaxşı işlənmiş və dürüst ifadə olunmuş müddəalar əsasında həyata keçirmək olur. Reaksiyaların kinetik modelləri alınmış eksperimental nəticələri yaxşı təqlid edir və öyrənilən reaksiyaların həm gedişini, həm də istiqamətinin şüurlu surətdə idarə olunmasına imkan yaradır. Eyni zamanda, prosesin yüksək selektivliyi böyük miqdarda olan, bir-birindən çətinliklə ayrılan kənar məhsulların əmələ gəlməsi ilə bağlı xeyli sayda texnoloji əməliyyatların istisna olunması imkanlarını təmin edir.
Bundan başqa, nisbi çıxımların reaksiya aparatının məhsuldarlığından asılı olmaması laboratoriya tədqiqatlarının nəticələrinin pilot qurğularda çoxmərhələli tədqiqatlar keçirmədən sənayedə birbaşa tətbiqinə imkan verir.
Bu gün dünya elmi qarşısında Yer üzünü sivilizasiyanın inkişafının mənfi təsirlərindən qorumaq üçün səmərəli yollar düşünməkdən vacib vəzifə ola bilməz. T.Nağıyevin dünya kimya elminə verdiyi mühüm töhfələr də məhz bu missiyaya xidmət edir. O, yaranmış vəziyyəti başqalarından daha tez və düzgün qiymətləndirmiş, öz tədqiqatları ilə biomimetik katalitik sistemlər sahəsində çalışan bir çox alimləri qabaqlamışdır.
Tofiq Nağıyevin elmi nailiyyətləri yalnız onun ayrı-ayrı mühüm ixtiralarından ibarət deyildir. Alimin başlıca elmi xidməti ondan ibarətdir ki, o, müxtəlif tərkib hissələrin məntiqi komplementarlığını görmüş və əlaqəli proseslərin vahid nəzəriyyəsini yaradaraq koherent-sinxronlaşdırılmış proseslərin ümumi konsepsiyasını inkişaf etdirmişdir. T.Nağıyev üçün təkcə karbohidrogen-peroksidin yeni, qiymətli xüsusiyyətinin aşkarlanması deyil, həm də onun təsirinin mahiyyətinin dərki əhəmiyyətlidir.
Ümumilikdə T.Nağıyevin elmi fəaliyyətini tam əhatədə nəzərdən keçirsək, bu fəaliyyətin müvafiq tədqiqat sahəsinin bir çox spektrlərini əhatə etdiyini görərik. Bura, ilk növbədə, koherent-sinxronlaşdırılmış reaksiyaların kinetikası və mexanizmi, hidrogen-peroksidin iştirakı ilə baş verən radikal-zəncirvari reaksiyalar, qaz fazada hidrogen-peroksidlə katalitik oksidləşmə reaksiyaları, atmosfer azotunun oksidləşdirici fiksə edilməsi məsələləri daxildir.
Bundan başqa, neft-kimya və kimya sənayesi üçün praktik cəhətdən vacib olan bəzi məhsulların (monometrlərin) istehsal texnologiyasının təkmilləşdirilməsi və yeni sintez metodlarının yaradılması da akademikin elmi fəaliyyət dairəsinə aiddir.
Onun apardığı tədqiqatların mühüm bir qismi də kimya və biologiya elmlərinin qovuşmasından yaranmış, bir-birinə qarşılıqlı nüfuz etməklə enzim oksidləşmə proseslərinin modelləşməsinə imkan verən nisbətən yeni elmi sahələrin - imitasion kataliz və biomimetik sensorlar sahələrinin inkişafına həsr olunmuşdur.
Akademik bütün dünyada tükənməz ehtiyatlara malik azot və hidrogen peroksidin neft-kimya sintezinə cəlb edilməsi sahəsində ilk işlərin müəlliflərindən sayılır. Onun azotun fiksasiyası və azot (I) oksidin oksidləşdirici dehidrogenləşməsi proseslərində müsbət rolu sahəsində fundamental tədqiqatları hələ ötən əsrin 70-ci illərinin əvvəllərində elmi ictimaiyyət və dünya elmi tərəfindən yüksək qiymətləndirilirdi. Təsadüfi deyildir ki, bu tədqiqatların əsas nəticələri iki dəfə SSRİ Elmlər Akademiyasının ən nüfuzlu elmi dərgisi olan Məruzələr toplusunda (1973, T 213, ¹ 5, s. 1096-1098 və 1987 T 292 ¹ 6, s. 1392-1395) çap olunmuşdur. Azotun fiksasiyası və neft-kimya sintezində istifadəsi sahəsində T.Nağıyevin apardığı tədqiqatların nəticələri ümumilikdə 25 elmi əsərdə şərh edilmişdir.
Akademikin bir sıra ixtiraları Ufa sintetik spirt zavodunda, Novosibirsk şəhərində qapalı müəssisədə tətbiq edilmiş, onun apardığı tədqiqatların nəticələri Azərbaycanda, MDB və xarici ölkələrdə çapdan çıxan 430-dan çox elmi əsərdə öz əksini tapmışdır.
Hələ 40 il əvvəl Tofiq Nağıyevin azotun (N2) hidrogen-peroksidlə yüksək temperatur şəraitində (500) N2O.NO şəklində əlaqələnməsi reaksiyası ilə bağlı irəli sürdüyü mexanizm əsasında alınmış nəticə kimya elminə "Nağıyev effekti" kimi daxil olmuş və gələcək tədqiqatlar üçün bu gün də bütün dünyada uğurla istifadə olunan yeni nəzəri əsas yaratmışdır.
Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin ortalarında bu istiqamətdə işlərin genişləndirilməsinə lazımi şəkildə diqqət göstərilməmiş, həmin sahədə tədiqiqatların aparılması məqsədəuyğun sayılmamışdır. Lakin zaman bu effektin nə qədər mühüm əhəmiyyətə malik olduğunu sübuta yetirmişdir. 2013-cü ilin 24 aprelində Belarus alimi S.Selişevin T.Nağıyevə göndərdiyi məktub və məqalə mətni 1-6 sentyabr 2013-cü ildə Fransada keçirilən Avropa Kataliz Konqresində Çexiya alimlərinin təqdim etdikləri məruzə "Nağıyev effekti"nin ümumilikdə dünya kimya elmi üçün necə böyük əhəmiyyət daşıdığını sübuta yetirməkdədir.
Zəngin neft və qaz ölkəsi olan, inkişaf etmiş kimya sənayesinə malik Azərbaycan Respublikasında "Nağıyev effekti"nin elmi tədqiqatlarda istifadəsi, bu istiqamətin inkişafı üçün şəraitin yaradılması mühüm aktuallıq kəsb edir. Dünya kimya elminin bu effekti qəbul etməsi, onun başlanğıcının məhz Azərbaycan alimi tərəfindən qoyulmasının təsdiqlənməsi ümumilikdə milli elmimizin nailiyyətidir. Ekoloji baxımdan yeni və əlverişli neft-kimya proseslərinin yaradılmasına imkan verən bu effekt müvafiq sahə üzrə geniş perspektivlər açır. Tükənməz ehtiyatlara malik azot və hidrogen-peroksidin neft və kimya sintezinə cəlb olunması həm ekoloji, həm də iqtisadi baxımdan yetərincə səmərəlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə T.Nağıyevin "Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları" və "Nağıyev effekti" - atmosfer azotunun hidrogen peroksid vasitəsilə fiksasiyası" adlı monoqrafiyasının Dövlət mükafatına layiq görülməsi müstəqil Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin bu əhəmiyyətli tədqiqat istiqamətinə diqqətinin ifadəsidir.
Bu sahədə elmi-tədqiqat işlərinin canlandırılması və genişləndirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasında xüsusi tədqiqat şöbəsi də yaradılmışdır. Bütün bunlar isə təbii ehtiyatlarının tükənmə perspektivində azotun fiksasiyası və hidrogen peroksidin iştirakı ilə neft-kimya proseslərinə cəlb olunması baxımından Azərbaycan üçün böyük elmi və iqtisadi potensialın formalaşdırılması deməkdir.
Bu gün kimi dünya elmi ictimaiyyəti görkəmli "Azərbaycan aliminin 41 il əvvəlki uğuruna - indiki "Nağıyev effekti"nə böyük maraq göstərir. Müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordenli akademiki Tofiq Nağıyev Dövlət mükafatı laureatı adının sevincini gündoğar ölkədə - Yaponiyada yaşayır. O, Kiotada keçirilən (31 may - 7 iyun) "Qabaqcıl katalitik elm və texnologiya üzrə VII Tokio konfransı"nda (TOKAT 7) "Katalizdə yeni konsepsiya" sessiyasına sədrlik edir. Akademik T.Nağıyev bu konfransın sessiya sədri olmaqla yanaşı, həm də məruzəçisidir.
T.Nağıyevin elmi fəaliyyəti bütün bunlarla da məhdudlaşmır. O, AMEA-nın M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunun rəhbəri olduğu "Monooksigenaz reaksiyaların modelləşdirilməsi" laboratoriyasında bir neçə əsaslı elmi istiqamətin formalaşmasına nail olmuşdur. Dünya alimləri tərəfindən yüksək qiymətləndirilən bu istiqamətlər XXI əsr kimya elmi üçün mühüm aktuallıq kəsb edir.
Onun inkişaf etdirdiyi elmi sahələrin dünya alimləri cəmiyyəti tərəfindən tanınmasının göstəricilərindən biri də Rieqo şəhərində (Xorvatiya) İNTECH mətbuatında 2011-ci ildə çap olunan "Biomimetic Based Applications" kitabının redaktoru Anne Georgenin müraciəti ilə kitabın "Physicochemical Peculiarities of İron Porphyrin - Containing Electrodes in Catalase - and Peroxidase - Type Biomimetic sensors" fəslinin məhz T.Nağıyev tərəfindən yazılması faktıdır.
Azərbaycanlı
alimin onlarca icmal məqalələri xarici jurnallarda, o cümlədən
1974-cü ildə Amerika Kimya Cəmiyyətinin "Advances in
Chemistery" illik məcmuəsində, 1992-ci ildə
ABŞ-da "Charge and Field Effect in Biosistems-3" kitabında,
"Archivum Combustions (1989)," "Chemical Engneering
Communications" (2003), "Chemistry and Chemical Engineering",
"Applied Biochemistry and Biotechnology" ABŞ jurnallarında,
Moskvada nəşr edilən "Fiziçeskaya ximiya",
"Ximiçeskaya fizika", "Uspexi ximii" və s.
jurnallarında dərc edilmişdir. T.Nağıyevin
"Ximiçeskaya sopryajeniye" ("Kimyəvi əlaqə")
monoqrafiyası 1989-cu ildə Moskvadakı "Nauka" nəşriyyatı
"Hidrogen-peroksidlə koherent-sinxronlaşmış oksidləşmə
reaksiyalar" monoqrafiyası 2007-ci ildə Hollandiyada
"Elsevier" (Amsterdam) nəşriyyatı tərəfindən
nəşr olunmuşdur.
O, dəfələrlə
xaricə uzunmüddətli ezamiyyətə dəvət
almış, 1970-1971-ci illərdə Fransa Neft İnstitutunda
keçdiyi elmi təcrübənin ardından 1987, 1990, 1991-ci
illərdə 3 dəfə ABŞ-ın Virciniya Dostluq
universitetində (Riçmond) mühazirə oxumaq
üçün dəvət edilmiş və professor C.Terner
ilə birgə tədqiqat aparmışdır. ABŞ-ın
Pensilvaniya, Viskon, Corctaun Markuet universitetlərində və
"Du Pont" firmasının EM-də əlaqəli proseslərə,
katalaz və monooksigenaz reaksiyalarının mexanizminə və
imitasion katalizə dair mühazirələr böyük maraq kəsb
etmişdir. 1989-90-cı illərdə
İsveçdə (Lund şəhəri) Lund Universitetinin
Kimya Mərkəzində görkəmli üzvi kimyaçı
alim Salo Qronovitslə birlikdə tiofen törəmələrinin
hidrogen peroksidlə əlaqəli oksidləşməsinə
dair elmi-tədqiqat işləri aparmışdır.
T.Nağıyev dəfələrlə xaricdə və
ölkəmizdə keçirilən beynəlxalq elmi konqres,
simpozium və konfransların təşkilatçılarından
olmuşdur. 1994-1996-cı illərdə o, Azərbaycan
Respublikasının Ali Attestasiya Komissiyasının kimya
üzrə ekspert şurasına sədrlik etmişdir. O,
2001-ci ildən indiyə qədər Azərbaycan
Respublikası Prezidenti yanında AAK Rəyasət Heyətinin
üzvü, 2013-cü ildən Elmin İnkişafı Fondunun
Himayədarlar Şurasının üzvüdür.
Tofiq
Nağıyev elmi tədqiqatları ilə yanaşı, pedaqoji sahədə
də zəngin təcrübəyə malik ustad alimlərimizdəndir.
O, uzun illərdir ki, Bakı Dövlət Universitetinin
"Fiziki və kolloid kimya" kafedrasının professoru kimi
fiziki kimya ixtisası üzrə magistrlərə mühazirələr
oxuyur, bu çətin elmin incəliklərini gənc
kimyaçı-alimlərə öyrədir. Akademikin
elmi tədqiqatlarına, yazdığı əsərlərə
xarici ölkələrin universitetlərində də
müraciət edilir. M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin kimya fakültəsinin "Kimyəvi kinetika və
kataliz" üzrə xüsusi kursunda fenomenoloji kinetika və
molekulyar azotun fiksə edilməsinin katalitik proseslərinin tədrisi
zamanı akademik Tofiq Nağıyevin hidrogen-peroksidlə azotun
oksidləşdirici fiksə edilməsinə dair tədqiqatlarından
dəyərli bir mənbə kimi istifadə edilir.
Görkəmli alim humanitar və ictimai fəaliyyətlə
də məşğuldur. 2004-cü ildə o, "Azərbaycan
Milli Ensiklopediyası"nın Elmi Mərkəzinin
direktoru və Azərbaycan Milli Ensiklopediyasının Redaksiya
Şurasının məsul katibi təyin edilmişdir. Ona bu vəzifədə etimad göstərilməsində
T.Nağıyevin bir alim kimi yüksək erudisiyası, elmi
imkanları, müxtəlif elm sahələrinə bələdliyi,
təşkilatçılıq qabiliyyəti, qərarvermə
bacarığı böyük rol oynamışdır. Beləliklə, akademik T.Nağıyev elmi-tədqiqat
işlərinə paralel daha bir məsuliyyətli elmi-ictimai
işə də rəhbərlik etməyə
başlamışdır.
Milli
Ensiklopediyanın yaradılması işi onun üçün
yeni olmaqla yanaşı, özünəməxsus çətinlikləri olan bir
sahə idi. Ona görə ki, Azərbaycanda ilk
çoxcildlik universal ensiklopediya sonuncu cildi 1987-ci ildə
çapdan çıxmış "Azərbaycan Sovet
Ensiklopediyası" idi və bu ensiklopediyanın nəşri
də asan başa gəlməmişdi. Yeni
çoxcildlik universal ensiklopediyanın yaradılması
işində qarşıya çıxan çətinliklərin
aradan qaldırılması, bu mühüm fəaliyyət sahəsinin
yüksəliş çağları bilavasitə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə
bağlıdır. O vaxt bu oncildlik ensiklopediyanın nəşri
Azərbaycanın elmi və mədəni həyatında ən
mühüm hadisələrdən idi.
Azərbaycan dövlət müstəqilliyinə
qovuşduqdan sonra yeni universal milli ensiklopediyanın nəşri
məsələsi yenidən aktuallaşdı. Yeni
ictimai-iqtisadi formasiyaya keçid, Azərbaycan
Respublikasının dövlət müstəqilliyinə
qovuşması, yeni siyasi və sosial şərait təşkilati
sahədəki müvafiq çətinliklərdən əlavə,
Azərbaycan Milli Ensiklopediyasının hazırlanmasına
tamamilə yeni yanaşma tələbini də ortaya qoyurdu.
Ölkə və cəmiyyət həyatında baş
vermiş bütün dəyişikliklərin yenidən mənalandırılması, bəşəriyyətin,
o cümlədən Azərbaycan xalqının əldə
etdiyi çoxəsrlik təcrübənin qorunub saxlanması
şərti ilə bir dəyər kimi yenidən qiymətləndirilməsi
böyük tarixi zərurət idi. Yeni nəşrdə Azərbaycan
xalqının dünya tarixində, mədəniyyətində,
iqtisadiyyatında, elmində, siyasətində yeri və rolu,
onun bu sahələrdə respublikada çalışan
ayrı-ayrı nümayəndələrinin, həmçinin
görkəmli azərbaycanlı mühacirlərin,
mesenatların, neft sənayesi sahibkarlarının nailiyyətləri,
Azərbaycanın öyrənilməsində mühüm rolu
olmuş əcnəbi tədqiqatçıların əsərləri
öz əksini tapmalı idi. Tez bir zamanda işə başlamaq və həm də
bu işi obyektivlik, qərəzsizlik prinsipi, faktlar və rəqəmlər
əsasında həyata keçirmək lazım gəlirdi.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
dövlət əhəmiyyətli bu mühüm işin həyata
keçirilməsi, ensiklopediyanın yüksək elmi səviyyədə
hazırlanıb nəşr olunması üçün
lazımi maddi-texniki bazanın yaradılmasının təmin
edilməsi məqsədilə müxtəlif illərdə
imzaladığı sərəncamlar bu prosesə böyük
təkan verdi. Ensiklopediyanın
hazırlanmasında azərbaycançılıq
ideologiyası təməl prinsip kimi önə çəkildi.
Onun respublikamızın yeni dövrdəki tələblərinə
cavab verməsi, xalqımızın həyatındakı
mühüm tarixi, ictimai-siyasi, elmi-mədəni hadisələri
obyektiv şəkildə əks etdirməsi kimi zəruri vəzifələr
müəyyənləşdirmişdir.
T.Nağıyevin
rəhbərliyi altında Azərbaycan Milli
Ensiklopediyasının kollektivi, ilk növbədə,
bütövlükdə Azərbaycana həsr olunmuş
xüsusi cildi üzərində işə başladı. Bu
cilddə ölkə haqqında, onun inkişafının
müxtəlif mərhələləri barədə müfəssəl
məlumatlar toplandı. Azərbaycan Milli
Ensiklopediyasının hazırlanması Azərbaycan
üçün respublika əhəmiyyətli hadisəyə
çevrildi. "Azərbaycan" xüsusi cildi qısa
müddətdə
hazırlandı və 2007-ci ilin noyabr ayında
Almaniyanın "Sigloch" nəşriyyatında
uğurla nəşr olundu. Hazırda Tofiq Nağıyevin rəhbərliyi
altında yeni cildlər nəşrə hazırlanmaqdadır.
Görkəmli
alim bu gün də elmi, ictimai-humanitar fəaliyyəti ilə
fikir tariximizi zənginləşdirir, məşğul
olduğu sahələrə yeni-yeni töhfələr bəxş
edir. Önəmli an kimi bir məqamı da
xatırladaq ki, Tofiq müəllimin atası, böyük
alimimiz Murtuza Nağıyevdən başlanan ənənələr
bu ailənin gənc davamçılarının fəaliyyətində
də qorunur. Tofiq
Nağıyevin qızı İnarə Tofiq qızı
Nağıyeva kimya üzrə fəlsəfə doktorudur və
hazırda Bakı Dövlət Universitetinin "Üzvi
kimya" kafedrasında çalışır.
Müasir dünyanın ən qiymətli sərvəti
insan kapitalıdır. Bu kapitalı yaradanlarsa alimlərdir.
Biz də bu böyük, çətin və
şərəfli yolun davamında Tofiq Murtuza oğluna
uğurlar diləyir, ona uzun ömür, möhkəm can
sağlığı, həyat və fəaliyyətində
yeni-yeni nailiyyətlər arzulayırıq.
Abel MƏHƏRRƏMOV,
akademik,
Abdulsəyid ƏZİZOV,
Professor
Azərbaycan.-2014.- 22 iyun.- S.4.