Moskvada böyük
Azərbaycan bəstəkarı Qara Qarayevin
xatirə lövhəsinin təntənəli
açılış mərasimi olmuşdur
İyunun 20-də Moskvada böyük Azərbaycan bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq Artisti Qara Qarayevin xatirə lövhəsinin təntənəli açılış mərasimi olmuşdur.
Moskvanın Tryoxprudnı döngəsində bəstəkarın yaşayıb yaratdığı evi bəzəyən xatirə lövhəsinin müəllifləri azərbaycanlı heykəltəraş Hüseyn Haqverdi və arxitektor Pyotr Kozlovdur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açılış mərasimində çıxış edərək demişdir ki, bu, mənim üçün xüsusilə əlamətdar bir gündür. Hər şeydən əvvəl ona görə ki, Qara Qarayev mənim müəllimim olmuşdur.
P.Bülbüloğlu demişdir: “Bir müəllim kimi mənim musiqi həyatıma yol açmış bu bəstəkarın işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaqdır. Sovet İttifaqında onun qazanmadığı fəxri ad qalmamışdır. Bununla belə Qara Qarayev həmişə çox ciddi və qayğıkeş bir insan idi. O, bu gün bütün dünyada məşhur olan Azərbaycan bəstəkarlarının bütöv bir nəslini yetişdirmişdir. Xoşbəxtəm ki, müəllimimin yaşadığı evdə onun xatirə lövhəsi məhz mənim səfir işlədiyim bir dövrdə açılır”.
Səfir qeyd etmişdir ki, bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində Azərbaycan ilə Rusiya arasında əlaqələr möhkəmlənməkdə və genişlənməkdədir.
Moskva Mədəniyyət Departamentinin rəhbəri Sergey Kapkov Rusiya paytaxtının meri Sergey Sobyaninin təbrik məktubunu oxumuşdur. Məktubda deyilir: “Bu gün Moskvada daha bir görkəmli Azərbaycan bəstəkarının adı əbədiləşdirilmişdir. Bizə çox xoşdur ki, xatirə lövhəsi Moskvanın belə bir tarixi yerində açılır. Azərbaycan ilə Rusiya arasında çoxəsrlik səmərəli münasibətlər mövcuddur. Moskvadakı Azərbaycan diasporu millətlərarası münasibətlərin və dostluq əlaqələrinin inkişaf etdirilməsində bizim böyük tərəfdaşımızdır”.
S.Sobyanin, həmçinin qeyd etmişdir ki, artıq 36 ildir, Moskvada Qara Qarayev adına musiqi məktəbi fəaliyyət göstərir.
Rusiya Federasiyasının (RF) mədəniyyət nazirinin müavini Nikolay Malakov çıxış edərək xatırlatmışdır ki, bu günlərdə Rusiya Mədəniyyət Nazirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq proqramı imzalanmışdır. O, qeyd etmişdir ki, Qara Qarayevin xatirə lövhəsinin açılışı əlamətdar hadisədir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük Azərbaycan bəstəkarının xatirə lövhəsinin açılmasına göstərdikləri köməyə görə Moskva hökumətinə və RF Mədəniyyət Nazirliyinə Azərbaycan Prezidenti İlham Əliyevin təşəkkürünü çatdırmışdır. Nazir demişdir: “Bir neçə ay bundan əvvəl Bakıda Qara Qarayevin abidəsinin açılışı olmuşdur. Bu, Qara Qarayevin yaradıcılığına, qədim vətənimizin mədəniyyətinə olan ehtiramın təzahürüdür”. Ə.Qarayev humanitar sahədə Azərbaycan ilə Rusiya arasındakı sıx əməkdaşlıqdan danışaraq bildirmişdir ki, son əsrlərdə iki xalqa məxsus mədəni əlaqələr inkişaf etmiş və qarşılıqlı surətdə zənginləşmişdir.
Nazir demişdir: “Çox istərdik ki, Azərbaycanda dahi rus bəstəkarlarının musiqisinin səsləndirildiyi kimi, Rusiya səhnələrində də Qara Qarayevin və digər Azərbaycan bəstəkarlarının musiqisi daha tez-tez səsləndirilsin”.
RF Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyinin İşləri və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski mərasim iştirakçılarını təbrik edərək demişdir: “Bu, təkcə sarsılmaz dostluğumuz üçün deyil, həm də bütün mədəniyyət aləmi üçün əlamətdar hadisədir”.
Mərasimdə SSRİ xalq artistləri dirijor Vladimir Fedoseyev, Boris Akimov və başqaları çıxış etmişlər.
Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev atasının xatirəsinə göstərilən diqqətə görə ailəsi adından təşəkkür etmişdir.
Açılış mərasimində Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Rusiyanın tanınmış siyasət, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın RF-dəki səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2014.- 22 iyun.- S.3.