Publisistika fəlsəfi təfəkkür
aynasında
"Publisistika empirik səviyyədə - jurnalistikanın, bədii təfəkkür müstəvisində - ədəbiyyatın, nəzəri özünüdərk səviyyəsində - fəlsəfənin tərkib hissəsi, cari həyata açılan pəncərədir." Bu elmi postulat AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun fəlsəfi və ədəbi-bədii publisistikasını özündə əks etdirən "Həyatın özü və görünən üzü" ikicildlik kitabına müəllifin ön sözünün ilk sətirləridir. Cəsarətlə elmi postulat kimi dəyərləndirə biləcəyimiz həmin fikrin müəllifi publisistikanın elmi mahiyyətini ifadə edən bu tezisə iki mühüm aspektdən haqq edir: Birincisi, Azərbaycan fəlsəfi fikir dünyasında geniş diapazonlu əsərləri ilə qazandığı mövqeyə görə, ikincisi, bir sıra konkret əsərlərində publisistikanın empirik, bədii təfəkkür və fəlsəfi sahələrində ortaya qoyduğu illüstrativ faktlara görə.
Azərbaycanın elmi-nəzəri-humanitar fikir mühitində və eləcə də müasir beynəlxalq fəlsəfi düşüncə aləmində böyük filosof, mütəfəkkir ideyalar daşıyıcısı kimi tanınan S.Xəlilovun bir çox fundamental əsərləri sırasında onun fəlsəfi, ədəbi-bədii publisistikası da mühüm əhəmiyyət kəsb edir. S.Xəlilovun publisistikası öz tematik zənginliyinə görə polifonik xarakterdə olub, milli təfəkkür tariximizin fenomenal faktlarına münasibətdən tutmuş müasir ictimai həyatımızın çoxrəngli sahələrinə qədər saysız-hesabsız problem-mövzuları özündə əks etdirir. Bu əsərlərin hələlik bir qisminin toplandığı "Həyatın özü və görünən üzü" kitabı müasir publisistikamızın çox qiymətli faktı kimi bizim nəzərimizi cəlb etdi. İki cilddən ibarət bu kitabın birinci cildinə müəllifin fəlsəfi və ədəbi-bədii publisistikası, ikinci cildinə maarifçi publisistikası daxil edilmişdir. Burada həm də yeni və maraqlı bir fakt ortaya çıxır: indiyə qədərki milli və xarici elmi ədəbiyyatda, əsasən, bədii publisistika anlayışı altında izah edilən bu sahəyə S.Xəlilov "fəlsəfi publisistika" və "maarifçi publisistika" terminlərini də əlavə etmişdir. Hətta müəllif publisistikanın bu növləri arasında o qədər dəqiq fərq cizgiləri görür ki, onları tamam ayrı-ayrı bölgülərdə təqdim etməyi lazım bilir. Bu bölgülər və müəllifin həmin bölgülərə veridiyi qısa elmi-nəzəri şərhlər bizi məsələnin belə qoyuluşunun məntiqinə qəti şəkildə inandırır.
Doğrusu, publisistikanın nəzəri əsaslarına dair elmi-nəzəri fikrin kasadlıq keçirdiyi indiki vaxtda Səlahəddin Xəlilov kimi bir filosofun bu sahəyə diqqəti qiymətli bir hadisədir. Lap gəncliyindən elmi mühitdə qazandığı uğurlar bu gün S.Xəlilovu təkcə Azərbaycanda deyil, beynəlxalq elm aləmində elmi-fəlsəfi düşüncəmizi ləyaqətlə təmsil edən bir alim kimi tanıtmışdır.
Onun xarici ölkələrdə kitablarının nəşr olunması ilə yanaşı, bu kitablara həmin ölkələrin tanınmış mütəxəssislərinin rəyləri bizdə qürur hissi doğurur. Lakin daha maraqlısı xarici mətbuatın özünün S.Xəlilova müraciət etməsidir. Məsələn, Türkiyədə nəşr olunan "Özne" dərgisi xüsusi bir sayını ona həsr etmişdir. Dərginin bu sayında bir çox xarici ölkədən olan alim və tədqiqatçının S.Xəlilov haqqında maraqlı məqalələri öz əksini tapmışdır. Bundan başqa, onun "Həyat fenomenologiyasında Şərq və Qərb düçüncə ənənələrinin vəhdəti" kitabı haqqında Amerikada nəşr olunan "Fenomenoloji araşdırmalar" (Phenomenological İnquary) dərgisində və İtaliyada nəşr olunan "Akvinat" dərgisində geniş rəylər dərc olunub.
Əlbəttə, biz əsasən S.Xəlilovun təzəcə nəşr olunmuş "Həyatın özü və görünən üzü" ikicildlik publisistik əsərləri barədə danışmağı nəzərdə tutmuşduq. Lakin alimin indiki halda publisistik əsərlərinə diqqət etdikcə bu təfəkkürün hardan, necə qaynaqlandığı, bu təfəkkürə hansı dərəcədə qiymət verilir - sualları qarşısında qalanda onun bioqrafiyasının yuxarıda sadaladığımız məqamlarını da yazıya daxil etməyə bilmədik. Və həm də alimin təkcə beynəlxalq aləmdəki fəaliyyətini və xarici nəşrlərini diqqətə almaqla belə bir məqamı da oxucuya çatdırmağı özümüzə borc bildik: Bu qədər işin-gücün içində, dünya miqyasında qiymətləndirilən fəlsəfi yaradıcılığın yanında həm də publisistikaya vaxt ayırmaq bu insana necə nəsib olur? Əlbəttə, bütün bunlar cəmiyyətə öz sözünü demək öhdəliyindən irəli gəlir. S.Xəlilovun iki cildlikdə toplanan fəlsəfi və ədəbi-bədii publisistikası əsasən, filosof-müəllifin publisistikanın nəzəri özünüdərk səviyyəsində-fəlsəfənin tərkib hissəsi olduğu fikrini ifadə edir. Klassik dünya və milli publisistikamızın böyük ümumiləşdirmə gücünə malik nümunələri səviyyəsində qələmə alınan bu əsərlər ictimai maraq dairəsində olan onlarca problemin konkret faktlarını fəlsəfi ümumiləşdirmə səviyyəsində təqdim edir.
S.Xəlilovun publisistika
dünyasına bələd olmaq üçün ikicildlikdəki
mövzulara diqqət çəkmək istərdik: mədəniyyət,
xalq və millət, ədəbi-bədii notlar, televiziya və
mənəviyyat, şəxsiyyətlər, portretlər, fəlsəfə,
elm, təhsil, din, dil... Əlbəttə. bunların
hamısı publisistikanın - həm də "empirik səviyyədə
jurnalistikanın", "bədii təfəkkür müstəvisində
- ədəbiyyatın" mövzuları ola bilər və
olmaqdadır. Lakin filosof S.Xəlilov bütün bu mövzulara
qəsdən və səmərəlilik əmsalını nəzərə
almaqla fəlsəfə bucağından yanaşmağı
lazım bilir. Ona görə də ikicildliyi
oxuduqca müəllifin obyekt kimi seçdiyi mövzu
dünyasının dərin qatları ətrafında - məsələn,
mədəniyyət nədir, xalq və millət
anlayışları nəyi ifadə edir, filosofun ədəbi-bədii
notlarına nələr daxildir və onların mahiyyətində
nə dayanır,
tanıdığımız şəxsiyyətlərə bir
daha qayıdışla müəllif bizə nə vəd
edir, elmimiz, təhsilimiz, dinimiz, dilimiz mənəvi
ehtiyaclarımızı necə ödəyir və bu ödənişin
optimallığı üçün biz nə etməliyik -
kimi onlarca suala fəlsəfi cavablar alırıq. Bunlar
sadəcə cavab deyil, filosof-publisistin duyduğu, narahat
olduğu problemlərin göstərilməsi, bu problemlərin
yaranma səbəbləri və həlli yollarından doğan
yol göstəriciləridir. Belə anlarda S.Xəlilov nə
empirik səviyyədə jurnalistdir, nə də bədii təfəkkür
səviyyəsində yazıçıdır. Belə anlarda o, həmin iki
komponentin materialından çıxış edən
filosofdur. Çünki onun öz ifadəsi ilə desək,
"yazıçı publisistik materialdan insanın fərdi
aləminə" nüfuz edirsə, "filosof universal
prinsiplərə, ideyalar dünyasına" nüfuz edir.
"Baş verən hadisənin estetik, mənəvi
və ya sosial-psixoloji cəhətlərini, motivlərini
önə çəkməklə insan ilə cəmiyyət
arasında mövcud olan hansı isə qaranlıq məqamın
işıqlandırılmasına nail olan"
yazıçıdan fərqli olaraq, S.Xəlilov bir filosof kimi
"əyani təcəssüm, konkret təzahür
timsalında universal bir qanunauyğunluğun
izahını" verir. S.Xəlilovun publisistikasına bələd
olduqca onun belə bir nəzəri fikrinə haqq
qazandırırsan: "... fəlsəfə zaman və məkan
xaricində olan həqiqətləri, yəni, bütün
dövrlər üçün sabit olan universal prinsipləri əks
etdirdiyi halda, publisistika bir qayda olaraq cari hadisələrdən
bəhs edir və konkret bir insanın, xalqın, ölkənin
müəyyən bir dövrə aid problemlərini, cari həyatda
baş verən hadisələri təsvir edir". Və bu nəzəri fikir oxucuya fəlsəfi
publisistikanın mahiyyətini anlamağa bir açar, bir kod
rolunu oynayır. İkicildliyin yuxarıda
sadaladığımız tematika ilə bağlı
yazıları bu açar, bu kod vasitəsilə gerçəkləşmişdir.
Müəllifin "Mədəniyyət" ətrafındakı
fəlsəfi publisistikası bizə tarix və sivilizasiya, mədəniyyətlərarası
dialoq və dialoq mədəniyyətinin prinsipləri, Şərqdə
və Qərbdə milli-mənəvi dəyərlərin mənbələri
və müasir dövrdə vacibliyi və s. haqqında
ümumiləşdirilmiş faktlar təqdim edir. Əlbəttə,
məsələn, "Xalq və millət" kimi bir problemin
qoyuluşunda milli məfkurə, ziyalı dünyası,
türk ruhunun gələcək yolu və s. kimi məsələlər
onsuz da mütləq ciddi bir ümumiləşmə tələb
edir. Lakin deyək ki, məsələn,
ayrı-ayrı şəxsiyyətlər və onlara dair
portret oçerklərdə ümumiləşmələr
aparmaq o qədər də asan deyil. Bununla
belə, S.Xəlilovun neçə-neçə insan talelərinə
həsr etdiyi portret oçerklərin hamısında elm, sənət
adamlarının vətəndaşlıq qayəsi, milli ruhu o
dərəcədə ümumiləşdirilir ki, oxucu bu
yanaşma prinsipi ilə böyük alim, "Böyük vətəndaş,
böyük İNSAN kimdir?" - sualını
özü üçün aydınlaşdıra bilir və
içində məhz belə bir insan olmaq arzusu
yaşadır. Və bu tipli portret oçerklərin
hər birinin sonunda filosof - publisistin niyə məhz bu adamlara
müraciət etdiyi aydın olur. Aydın
olur ki, yazıçı öz obrazını oxucunun estetik idealı
səviyyəsinə yüksəltmək üçün bədii
təfəkkürünün gücünə güvənirsə,
filosof-publisist öz fəaliyyəti, öz həyatı ilə
artıq ümumiləşmiş, estetik ideal
daşıyıcısına çevrilmiş insanlara - deməli,
təqdir, təlqin edilməli İNSANlara güvənir.
Bu mənada S.Xəlilovun professor Rafiq Qurbanova həsr
etdiyi "Qürbətdə milli ruhun nisgili"
portret-oçerkinə nəzər yetirmək vacibdir. Oçerkdən məlum olur ki, Moskvada
yaşayıb-yaradan azərbaycanli filosof Rafiq Qurbanov Azərbaycan
elminin Moskvadakı səfiri, təmsilçisidir. Müəllif oçerkdə R.Qurbanovun - qürbətdə
yaşayan bir alimin portret cizgilərini elə ustalıqla təqdim
edir ki, qürbətdə yaşayan hər kəsin ürəyində
Vətənə, soy adını daşıdığı
xalqa səmərəli məhəbbətin alovları közərir.
S.Xəlilov istər sırf fəlsəfə əsərlərində,
istərsə də publisistikasında xalqı, milləti
narahat edən problemləri anlatmağı və bu problemlərin
həlli yollarını göstərməyi bacaran
yaradıcı bir ziyalıdır. Filosof bu tipli əsərlərini
"Maarifçi publisistika" adı altında təqdim
etmişdir. Bizim qənaətimizə görə,
bu sıradan olan publisistik yazıların əksəriyyəti
haçansa mətbuatda dərc edildiyi anlarda hadisə səviyyəsində
qəbul edilmişdir. Məsələn, filosofun
ikicildliyin maarifçi publisistikaya daxil etdiyi ikinci cilddəki
"Dövlət, dil, dilçilik", "Dilin hikmət
potensialı", "Elm və dil" kimi problemləri ehtiva
edən "Dil" bölməsi buna misal ola bilər. Ona görə də biz bu bölmə ətrafında
ayrıca dayanmaq istərdik.
İlk növbədə, biz bu əsəri hadisə səviyyəsində
qiymətləndirməyi əsaslandırmaq istərdik. Burada bir neçə məqam
var: Birincisi, yuxarıda da dediyimiz kimi, professor
Səlahəddin Xəlilov öz yazılarına tematikanı
elə-belə, gündəmdə olan məsələ
baxımından seçmir. Onun əsərlərinin
hər biri, adətən və elə əlimizdəki
ikicildlikdən də göründüyü kimi, daha çox
qlobal - elmi mahiyyəti ilə seçilir və alim o
mövzuları predmet seçir ki, onlar ən azı
ümummilli maraq kəsb edir. "Dövlət,
dil və dilçilik" ümummilli maraq dairəsindədir.
Cəsarətlə deyərdik ki, məqalənin
bir sıra nöqtələri öz nəzəri aspektləri
ilə xeyli dərəcədə bəşəri mahiyyət
daşıyır. Ona görə ki, milli
dil bütün millətlərin pənah gətirdiyi ilkin milli
atribut kimi hər kəsə əzizdir və bu əzizlik
faktı belə problemləri ortaya qoyan, həm də bu şəkildə
ortaya qoyan əsəri bəşəriləşdirir.
Məqaləni hadisə səviyyəsinə qaldıran
ikinci cəhət onun dilə fəlsəfi yanaşma tərzidir. Bu fəlsəfi
yanaşma son dərəcə təzədir, ciddi elmi mahiyyət
daşıyır və indiyədək yaranmış
stereotipləri qırmaq cəsarətilə yeni konsepsiya təklif
edir.
Üçüncü amil müəllifin dil və
dilçilik ətrafında çoxlarının öyrəşdiyi
basmaqəlib yanaşmalara yeni və daha elmi münasibətlə
bağlıdır. Məlum olur ki, bəzən bizim indiyədək dilin
qorunması zənginləşməsi, strukturlaşması,
sözün məna yükünün səmərəli
olması və s. məsələlər ətrafında kimdən,
kimlərdən ummağımız və ya bütün bunlara
kimin məsuliyyət daşımasına tələbimiz o qədər
də dəqiq düşüncəyə söykənmir. Müəllif bu tələblərimizdə dilə fəlsəfi
yanaşmanın uğurlu nəticəsinə güvənir və
bizi də bu qənaətinə inandırır. Dildə
özgələşmə prosesinin təhlükəli
olduğunu bildirən müəllif dilin milli ruhu kimi vacib bir məqama
toxunaraq bildirir ki, "...ancaq sözlər yox, həm də
elmi mətnin ümumi ruhu milli dilə çevrilirsə, -
ancaq bu zaman dil özgələşmədən xilas ola bilər və milli elmi dil üslubu
formalaşmış olar. Bunun üçün
isə əsas yük, ağırlıq mərkəzi dilin
üzərinə yox, elmi-fəlsəfi fikir prosesinin üzərinə
düşməlidir".
Müəllifin dil və dövlətçilik ənənələri
ilə bağlı düşüncələri
dördüncü cəhətdir. Bu məqamda məqalənin
hadisəliliyi onun dövlətçiliyin inkişafını
dövlət dilinin inkişafı ilə paralel götürməsi
və bu inkişafı kimin təmin etməsi sualına
cavabı ilə bağlıdır.
Yuxarıda qeyd etdik ki, S.Xəlilovun gündəmə gətirdiyi
mövzular, bir qayda olaraq, ən azı ümummilli maraq dairəsində
olur. Hələ 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində
- Azərbaycanın müstəqillik uğrunda mücadilə
çağında milli-elmi dil problemi alimi narahat etmişdi.
Niyə məhz həmin çağda? Birincisi, milli müstəqillik uğrunda mübarizə
bütün millətlərdə, bir qayda olaraq,
imperiyaların yox etməyə çalışdığı
milli dilin buxovlardan xilasına yeni münasibətdən
başlayır. İkincisi, S.Xəlilov elə
o günlərdə Azərbaycanın müstəqillik
faktının dövlətə, millətə nələr vəd
etdiyini bir filosof təfəkkürü ilə
görürdü. Müstəqilliyin millətə
vəd etdiyi çox maraqlı məsələlərdən
biri ölkəmizdə elmin inkişaf perspektivi idi. Bu inkişafı təmin edəcək faktorlar
içərisində isə alim ədəbi dilin elmi
üslubunun formalaşmasını ilkin şərtlərdən
sayırdı. Alimin hələ neçə il bundan əvvəl
qələmə aldığı "Elm və dil"
birbaşa ədəbi dilin elmi üslubu problemini qoyurdusa, bu
problemə yenidən qayıdan indiki əsər problemi daha da
zənginləşdirərək, artıq hətta keçid
dövrünü də başa vurmuş Azərbaycanda
dövlət, dil və dilçilik məsələlərinin
nəzəri-fəlsəfi modelini yaratmışdır. Məqalənin
preambula adlandıra biləcəyimiz birinci hissəsində
müəllif dil hadisəsinin elmi şərhini verir və bu
hadisəyə belə bir fəlsəfi yanaşma irəli
sürür: "Bir hadisələr dünyası, bir biliklər
dünyası, bir də söz dünyası var. Əsas
adekvat münasibət qurmaqdır. Söz,
anlayış, loqos adi danışıq dilinin əsasını
təşkil edir. Məhz buna görədir
ki, bir çox filosofların fikrinə görə, adi
danışıq dili həqiqi varlığın
özüdür. Yəni, hadisələr
dünyası da, ideyalar dünyası da məhz bu
danışıq dili sayəsində həyatiləşir,
insaniləşir və bizim üçün dünyaya
çevrilir". Müəllif dilin
daşıyıcısı, dilin strukturu, sosial sistem xarakteri
üzərində dayanaraq göstərir ki, "dilin
gücü təkcə onun strukturunda, formasında,
quruluşunda, mükəmməl olmasında deyil. Dilin gücü onun leksik zənginliyində, sözlərin
çoxluğu və ya azlığında da deyil. Dilin gücü daha çox dərəcədə
sözlərin məna yükündə, onların sərhədlərinin
aydınlığında, demorkasiya prinsipinin təmin
olunmasındadır".
Dilə fəlsəfi yanaşma ona gətirib
çıxarır ki, "...dil bütün xalqa məxsusdur
və dilin subyekti, hərəkətverici qüvvəsi də
dilçilər yox, bütün sahələrdə
çalışan insanlardır. Bu müqəddəs
işdə hərənin öz funksiyası, öz
missiyası var". Bu fikir dilin təmizliyi, leksik vahidlərin
məna tutumu, dilin zənginləşməsi və s. proseslərdə
hamını - birmənalı olaraq hamını fəal
olmağa dəvət edir.
Məqalədə ayrı-ayrı fəaliyyət sahələri
və bu sahələrin üslubları barədə yeni fikirlər
təqdim olunur. Məqalə belə bir tezisin elmi əsaslarını
verir ki, "...əsrlərin sınağından
çıxmış, böyük təzyiqlərə və
məhrumiyyətlərə baxmayaraq qorunub saxlanmış və
milli mənsubiyyətimizin ən böyük rəmzi və dəlil-sübutu
kimi formalaşmasında müstəsna rol oynamış Azərbaycan
dili öz həqiqi qiymətini ancaq müstəqillik
dövründə ala bilmişdir". Və müəllif
dərhal yeni bir təhlükəni anladır: "...lakin
müstəqillik illərində də Azərbaycan dilini yeni
sınaqlar gözləyir. Çünki məhz
bu dövrdə imperiya buxovlarından azad olmuş Azərbaycanın
qapıları bütün dünyaya açılır və
gənc bir dövlət möhtəşəm qloballaşma
dalğaları ilə üz-üzə gəlir. Ona
görə də yeni bir missiya: dilin keşiyində durmaq, onu
xarici təsirlərdən və "yad nəzərlərdən"
qorumaq vəzifəsi gündəmə gəlir". Müəllif Azərbaycan Prezidentinin "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında" sərəncamını məhz bu kontekstdən
qiymətləndirir.
Və bu fikirlərə yekun olaraq belə bir nəticəyə
gəlir ki, "...qarşıda böyük bir vəzifə
durur. Dövlətçiliyin
inkişafı ilə yanaşı, dövlət dilini də
inkişaf etdirmək... Bu gün dilimizin
inkişafının əsas qarantı dövlətimizdir.
Digər tərəfdən, dilimiz də öz
növbəsində dövlət müstəqilliyimizin
qarantıdır". Doğru və dəqiq
nəticədir. Milli dövlətçiliyimizin
təməl sütunlarından biri olan milli dil probleminə
elmi-fəlsəfi yanaşmanın yeni təfəkkür
faktıdır.
"Həyatın özü və görünən
üzü" ikicildliyinin 2-ci cildini müəllif
"Maarifçi publisistika" altında təqdim edir. Əlbəttə,
ilk baxışdan tematikaya görə publisistikanın növlərə
ayrılması təəccüblü görünə bilər.
Lakin müəllifin bu cildə də ayrıca
yazdığı ön sözü bizi bu "təəccübdən"
uzaqlaşdırır. Çünki "...həyatın
başqa sahələrində olduğu kimi, fəlsəfə,
elm və təhsil sahəsində də bütövlükdə
xalqın inkişaf səviyyəsinə və maraqlarına təsir
edən hadisələr, onların görünən və
görünməyən tərəfləri vardır. Özləri, mahiyyətləri üzə
çıxarmağa və həyatımızın daha
dolğun, daha məzmunlu olması üçün gərəkli
biliklərin təbliğinə böyük ehtiyac vardır.
Bu, maarifçilik missiyasıdır".
Müəllif insanların ümumi
dünyagörüşünün genişlənməsində
maarifçi publisistikanın səmərəsini hiss edərək
belə bir anlayışı - "maarifçi
publisistika" anlayışını dövriyyəyə gətirir.
Xüsusi
qeyd etmək istərdik ki, ikinci cilddəki problemlərin bir
çoxunu S.Xəlilov
peşəkar elmşünas kimi
çoxçeşidli monoqrafiyalarda elmi araşdırmalar
şəklində meydana qoymuşdur. Məsələn,
onun təkcə "Elmşünaslığa giriş" və
"Elm haqqında elm" kitablarını xatırlamaq kifayətdir.
Alimin "Elm haqqında elm" kitabına ön söz
yazmış ünlü filosof - akademik Ramiz Mehdiyev göstərirdi
ki, "... prof. S.Xəlilovun "Elm haqqında elm"
kitabı xüsusi aktuallığa malikdir. Məlum
olduğu kimi, elmşünaslıq müstəqil bir tədqiqat
sahəsi kimi Avropada meydana gəlmişdir. İslam ölkələrində, xüsusilə
Türkiyədə də elmşünaslığın
ayrı-ayrı sahələri üzrə müəyyən tədqiqat
işləri aparılmışdır. Amma
elmin bir sistem kimi, küll halında tədqiqi xüsusi əhəmiyyətə
malikdir. S.Xəlilovun bu kitabı məhz
elmlə bağlı bütün əsas tədqiqat istiqamətlərini
ehtiva etməsi ilə seçilir və təkcə Azərbaycanda
deyil, bütövlükdə islam Şərqində bu problemi
hərtərəfli əhatə edən ilk
elmşünaslıq əsəridir". Filosofun
"Elmşünaslığa giriş" (2010) kitabına
ön söz yazmış akademik Arif Mehdiyev də alimin bu sahədəki
müstəsna əməyini yüksək qiymətləndirmişdi.
S.Xəlilov sırf elmi üslubda
yanaşdığı bu məsələlərin bir çoxunu
maarifçi publisistika ilə geniş oxucuya da təqdim etməyi
vacib saymışdır.
Orası maraqlıdır ki, S.Xəlilov öz
ideyalarını geniş auditoriyaya çatdırmaq
üçün fəlsəfi ədəbi
yaradıcılığın bir çox növünə
müraciət edir.
Biz bu yolla - ədəbi yaradıcılığın bir çoxuna müraciətlə öz dünyagörüşünü xalqa çatdırmaq marağını klassik ziyalılarımızda müşahidə edirik. C.Məmmədquluzadə, Ü.Hacıbəyli və s. kimi unudulmaz ziyalılarımız ədəbi yaradıcılığın empirik jurnalistikadan tutmuş musiqiyə qədər, nəsrdən tutmuş poeziyaya, dram əsərlərinədək hər şeyi sınağa çəkmişlər. S.Xəlilov da özünün yaradıcılıq kredosunun ifadəsi üçün fundamental elmi-nəzəri monoqrafiyalardan tutmuş oçerkədək, hətta nəsr və poeziyadan tutmuş müsahibəyədək bir çox formatları sınağa çəkmişdir. Və bu yaradıcılıq formatlarının hər birində onun uğurları göz qabağındadır. Təkcə bu ikicildliyə daxil etdiyi on müsahibəsi onun həm problemlərə yanaşma tərzini duymaq, həm də bir ziyalı kimi mətbuata nə qədər açıq olduğunu hiss etmək üçün kifayətdir. Vaxtı ilə ayrı-ayrı mətbuat orqanlarında dərc olunmuş bu müsahibələrin hamısı Azərbaycan insanına vətən sevgisi, mənəviyyat, ziyalı mövqeyi və s. kimi ciddi problemlər qaldırır. Bütün bunlar milli ruha, milli kökə, türkçülüyə, elmə, mədəniyyətə, dünyaya, sivilizasiyaya bağlı böyük bir filosofun tamamilə orijinal, dəyərli baxışıdır. Dünyaya fəlsəfi baxış bucağı S.Xəlilov yaradıcılığını xüsusiləşdirən, fərqləndirən və qiymətə mindirən əsas keyfiyyət kimi hələ uzun müddət özünü göstərəcəkdir.
Nizami CƏfƏrov,
AMEA-nın müxbir üzvü,
professor
Cahangir
MƏmmƏdli,
Professor
Azərbaycan.-2014.- 22 iyun.- S.5.