Azərbaycan nümayəndə heyəti Təhlükəsizlik
məsələləri üzrə yüksək nümayəndələrin
V Beynəlxalq görüşündə iştirak
etmişdir
İyunun
19-20-də Rusiya Federasiyasının Tatarıstan
Respublikasının paytaxtı Kazan şəhərində Təhlükəsizlik
məsələləri üzrə yüksək nümayəndələrin
V Beynəlxalq görüşü keçirilmişdir.
AzərTAc
xəbər verir ki, 61 ölkənin nümayəndələrinin
iştirak etdiyi görüşün açılışında
Tatarıstan Respublikasının Prezidenti Rüstəm
Minnixanov, həmçinin Rusiya Federasiyası Prezidentinin
Povoljye federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi
Mixail Babiç çıxış etmişlər. Rusiya
Federasiyası Təhlükəsizlik Şurasının katibi
Nikolay Patruşev və BMT baş katibinin müavini Yuriy Fedotov
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Birləşmiş
Millətlər Təşkilatının baş katibi Pan Gi
Munun tədbir iştirakçılarına müraciətlərini
oxumuşlar.
Görüşdə
əsas müzakirə mövzuları narkotiklərin doğurduğu
qlobal təhlükə ilə mübarizə və transmilli
cinayətkar qruplar tərəfindən qeyri-qanuni miqrasiyadan
istifadənin qarşısının alınması sahəsində
beynəlxalq əməkdaşlıq olmuşdur.
Azərbaycan
Respublikasının nümayəndə heyətinə Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
başçılıq etmişdir.
Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə
məruzə ilə çıxış etmişdir.
Çıxışda qlobal səviyyədə narkotiklərin
qanunsuz dövriyyəsi sahəsindəki yeni təhlükəli
meyillər qeyd olunmuşdur. Xüsusilə
vurğulanmışdır ki, hərbi münaqişə
zonalarında və “boz zonalar” adlanan – milli və beynəlxalq
nəzarətin həyata keçirilmədiyi ərazilərdə
narkotik istehsalının genişləndirilməsi narkobiznesin
və beynəlxalq terrorçuluğun çiçəklənməsi
üçün əlavə əlverişli şərait
yaradır. Qeyd olunmuşdur ki, belə “boz zonalar”dan biri Azərbaycanın
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmiş Dağlıq Qarabağ ərazisində
və ona bitişik yeddi rayonda yaranmışdır. Bunun nəticəsində
Azərbaycan ilə İran arasındakı dövlət sərhədinin
Ermənistan tərəfindən nəzarət edilən 132
kilometrlik sahəsi vasitəsilə Avropaya, o cümlədən
Qara dəniz hövzəsi ölkələrinə
güclü narkotik axını həyata keçirilir.
Narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə məqsədilə Azərbaycan Respublikası
Prezidentinin rəhbərliyi altında görülmüş hərtərəfli
tədbirlər və bu sahədə əldə olunmuş
uğurlar tədbir iştirakçılarının diqqətinə
çatdırılmışdır. Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq
edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair
2013-2018-ci illər üçün geniş Dövlət
Proqramı” barədə ətraflı məlumat
verilmişdir.
Səfər
çərçivəsində Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Tatarıstan Respublikasının Prezidenti Rüstəm
Minnixanov, Baş nazir İldar Xalikov, Tatarıstan
Respublikası Prezidenti Aparatının rəhbəri Asqat Səfərov,
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının
katibi Nikolay Patruşev və katibin müavini Rəşid
Nurqaliyevlə ikitərəfli görüşlər
keçirmişdir.
Tatarıstan
Prezidenti Rüstəm Minnixanov ilə görüşdə Azərbaycan
Respublikası ilə Tatarıstan Respublikası arasında
sıx dostluq münasibətlərinin olduğu
vurğulanmışdır. Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev Azərbaycan Prezidentinin ölkəmizə səfərlə
bağlı dəvətini Prezident Minnixanova təqdim
etmişdir.
Rusiya
Federasiyası Təhlükəsizlik Şurasının katibi
Nikolay Patruşevlə görüşdə ikitərəfli əməkdaşlığın
inkişafı məsələləri müzakirə
edilmişdir. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri tədbirin qlobal narkotik təhlükə
və qeyri-qanuni miqrasiya ilə mübarizənin gücləndirilməsində
rolunu yüksək qiymətləndirmişdir.
Azərbaycan.-2014.- 24 iyun.- S.1.