Qəbələdə keçirilən V
Azərbaycan-Rusiya Regionlararası Forumu
ölkələrimizin mehriban dostluq və qonşuluq
prinsiplərinə söykənən uğurlu
əməkdaşlığın nümunəsidir
İyunun
23-də Qəbələ Konqres Mərkəzində
“Regionlararası əməkdaşlıq: yeni inkişaf
imkanları” mövzusunda V Azərbaycan-Rusiya Regionlararası
Forumu işə başlamışdır.
Əvvəlcə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və güllər qoymuşlar.
Sonra Azərbaycan və Rusiyanın nailiyyətlərini nümayiş etdirən sərgi-ekspozisiyalarla tanışlıq olmuşdur.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirmişdir ki, bu forum ölkələrimiz arasında mehriban qonşuluq və dostluq prinsiplərinə söykənən uğurlu əməkdaşlığın nümunəsidir. Nazir demişdir: “Ölkələrimiz beynəlxalq qurumlarda bir-birini dəstəkləyirlər. Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafına güclü təkan verir”.
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin 2 milyard 600 milyon dollar təşkil etdiyini bildirən nazir vurğulamışdır: “Qarşılıqlı maliyyələşdirmə ikitərəfli əməkdaşlığın mühüm istiqamətləridir. Azərbaycan son 10 ildə Rusiyaya 1 milyard dollar sərmayə yatırmışdır. Rusiya iş adamlarının iştirakı ilə Azərbaycanda çoxsaylı biznes-forumlar keçirilmişdir”.
Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlığın fəal inkişaf etdiyini bildirən nazir bu sahədə əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rolunu xüsusi vurğulamışdır.
Azərbaycanın Rusiya regionları ilə uğurla əməkdaşlıq etdiyini bildirən Şahin Mustafayev demişdir: “Azərbaycan Rusiyanın 15 subyekti ilə əməkdaşlıq haqqında sənədlər imzalamışdır. Bununla belə, Azərbaycan və Rusiya böyük potensiallarının köməyi ilə əmtəə dövriyyəsinin həcmini genişləndirə bilərlər”.
Azərbaycan iqtisadiyyatının inkişafından söz açan nazir demişdir ki, ölkəmizə 170 milyard dollardan yuxarı sərmayə yatırılmışdır. O bildirmişdir ki, Azərbaycanda davamlı iqtisadi inkişaf vardır və əhalinin rifahı yüksəlir. Bununla belə, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması müxtəlif iqtisadi layihələri tam həyata keçirməyə imkan vermir.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bildirmişdir ki, növbəti forumun Azərbaycanda keçirilməsi ölkələrimizin rəhbərlərinin əsasını 5 il əvvəl qoyduqları xoş ənənənin güc topladığının və genişləndiyinin göstəricisidir.
Rusiya nazirinin sözlərinə görə, bu gün Azərbaycan və Rusiya energetika, bank, nəqliyyat, sənaye və s. sahələrdə uğurla əməkdaşlıq edirlər. Humanitar əlaqələrə toxunan nazir qeyd etmişdir ki, Rusiyada 13 Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir. İ. Slyunyayev demişdir: “Bir çox regionlarda Azərbaycan dilinin və milli özünəməxsusluğun qorunub saxlanılması üçün şərait yaradılmışdır. Azərbaycanın ali məktəbləri ilə birlikdə Həştərxanda Azərbaycan dili üzrə mütəxəssislər hazırlanır”.
Plenar iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.
Sonra RF Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına müraciətini oxumuşdur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Şəki Rayon İcra Hakimiyyətinin başçısı E.Usubov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev, Dağıstan Respublikasının başçısı R.Abdulatipov, Rusiyanın Stavropol diyarının başçısı vəzifələrini müvəqqəti icra edən V.Vladimirov, İnquşetiya Respublikasının başçısı Y.Yevkurov da forumda iştirak etmişlər.
Sonra keçirilən “dəyirmi masa”larda energetika, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilmiş, turizm, investisiyalar, aqrar və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilmişdir.
Forumda təqribən 500 nümayəndə - hər iki ölkənin Prezident administrasiyalarının, nazirliklərinin rəsmiləri, parlamentlərin deputatları, yerli icra hakimiyyəti orqanlarının başçıları, Rusiya Federasiyasının bir sıra subyektlərinin rəhbərləri, habelə sahibkarlar, qeyri-hökumət təşkilatlarının əməkdaşları və jurnalistlər iştirak edirlər.
Forumun təşkilatçıları Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın Regional İnkişaf Nazirliyidir. Foruma hazırlıq iki ölkənin Prezident administrasiyalarının ümumi rəhbərliyi altında aparılmışdır.
İyunun 24-də işini davam etdirəcək
forum çərçivəsində birgə
sənədlərin imzalanması nəzərdə tutulmuşdur.
Azərbaycan.-2014.- 24 iyun.- S.3.