Ramazan Abdulatipov: Prezident İlham Əliyev Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığı fəal şəkildə dəstəkləyir

 

Prezident İlham Əliyevlə görüşdükdən sonra biz Dağıstanda bir sıra layihələri fəal şəkildə həyata keçirməyə başladıq.

AzərTAc xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində V Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün Qəbələyə gəlmiş Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov səsləndirmişdir.

Prezident İlham Əliyevin Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığı fəal şəkildə dəstəklədiyini vurğulayan R.Abdulatipov demişdir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə Dağıstanda kommersiyadan daha çox sosial xarakterli olan layihələr həyata keçirilməyə başlanmışdır. Bu isə o deməkdir ki, Azərbaycan Dağıstan Respublikasının inkişafına yardım göstərən mehriban qonşumuzdur”.

Dağıstanın başçısı bildirmişdir ki, Rusiyanın ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafı üçün böyük potensialı vardır. O demişdir: “Bununla belə, məncə, biz qarşılıqlı faydalı münasibətlərin inkişaf potensialının maksimum 10 faizindən istifadə edirik. Sovet dövründə Dağıstan Respublikası Azərbaycan ilə birlikdə onlarca layihə həyata keçirmişdir. Perspektivdə Azərbaycanın Dağıstan Respublikasının inkişafına töhfəsi böyük olacaqdır. Rusiya Prezidenti Vladimir Putinbu əməkdaşlığı dəstəkləyir. Biz prezidentlərimiz arasındakı bu mehriban münasibətləri müasir iqtisadi, mədəni münasibətlərimizdə real şəkildə təcəssüm etdirməliyik. Bunun üçün böyük imkanlar vardır”.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.3.