Nazir Şahin Mustafayev: Azərbaycan Rusiyanın
bir
çox federal subyekti
ilə fəal əməkdaşlıq edir
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi sahədə də əməkdaşlıq genişlənir, Azərbaycan ilə Rusiya arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb. Ticarət, qarşılıqlı investisiya qoyuluşu və humanitar sahələrdə iki ölkə arasında əlaqələrin uğurlarından danışan nazir Azərbaycanın Rusiyanın bir çox federal subyekti ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini qeyd edən Şahin Mustafayev Qəbələ forumunun əməkdaşlığın inkişafına daha sanballı töhfə verəcəyini diqqətə çatdırıb.
Rusiya Federasiyasının regional inkişaf naziri İqor Slyunyayev qonaqpərvərliyə görə təşəkkür edib, V Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya Federasiyasının geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu bildirib. Forumda Rusiyanın 25 federal subyektinin və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirak etdiyini bildirən İ.Slyunyayev tədbirin regional əlaqələrin inkişafına, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığının genişlənməsinə yeni perspektivlər açacağına əminliyini ifadə edib.
Görüşdə Azərbaycan
və Rusiya regionları arasında əməkdaşlıq
imkanları, bir sıra ikitərəfli sənədlərin
imzalanması, kənd təsərrüfatı, sənaye və
s. sahələrdə əlaqələrin
genişləndirilməsi, eləcə də
qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.
Azərbaycan.-2014.- 24 iyun.- S.3.