Xarici işlər naziri Elmar Məmmədyarov
Avropa Şurasının
Parlament Assambleyasının yay
sessiyasında çıxış etmişdir
İyunun
23-də Azərbaycanın xarici işlər naziri və Avropa
Şurasının Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov
Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay
sessiyasında çıxış etmişdir.
Bu barədə AzərTAc-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir. Nazir çıxışında demişdir: “Sizi Azərbaycan sədrliyinin əsas prioritetləri və ötən ay bu şərəfli vəzifəni təhvil aldıqdan sonra görülən işlər, eyni zamanda, sonuncu sessiyadan sonra Nazirlər Komitəsində baş verən yeniliklər barədə məlumatlandırmaq istərdim.
Sədrliyimizin əsas prioritetləri insan haqları, demokratiya və qanunun aliliyi sahəsindən seçilmişdir. Bu sahələr Avropa Şurasının gündəliyində duran ən vacib məsələlərdən bəziləri, eləcə də Azərbaycanın bu sahədə malik olduğu spesifik təcrübə əsasında verə biləcəyi töhfə nəzərə alınaraq müəyyən edilmişdir.
Korrupsiya ilə mübarizə qarşımızda duran
prioritet tapşırıqlardan biridir. Bu istiqamətdə beynəlxalq səviyyədə
ciddi addımlar atmış bir ölkə olaraq, təşkilatın
bu sahədəki səylərinə töhfə vermək məqsədi
ilə Korrupsiyaya qarşı Dövlətlər Qrupu – GRECO və
Beynəlxalq Antikorrupsiya Akademiyasının dəstəyi ilə
bu ayın sonunda Bakı şəhərində yüksək səviyyəli
konfrans təşkil etməyi planlaşdırırıq. Konfrans milli təcrübələr və antikorrupsiya
qanunları və qabaqlayıcı tədbirlərin tətbiqi
sahəsində qabaqcıl təcrübələr barədə
fikir mübadiləsi aparmaq üçün nadir imkan
yaradacaqdır.
Futbol yarışları da daxil olmaqla, müxtəlif
idman müsabiqələrinin manipulyasiyası korrupsiya
fenomeninin önəmli aspektlərindən və yeni təhlükələrindən
hesab olunur.
Bununla bağlı olaraq, Assambleyanın ötən ay bu qurumun
adından fəaliyyət göstərən Daimi Komitənin
Bakıdakı iclasında qəbul edilmiş 287 saylı Rəy
(2014) vasitəsilə İdman yarışlarının
manipulyasiyası haqqında Konvensiyanın layihəsinə
razılığını verməsi və öz şərhlərini
bildirməsindən olduqca məmnunuq. Hazırda
mətn yuxarıda qeyd olunan rəy əsasında Nazirlər
Komitəsi tərəfindən nəzərdən
keçirilir.
Azərbaycan sədrliyi dövründə Konvensiyanın
ən qısa zamanda qəbulu üçün əlindən gələni
əsirgəməyəcəkdir. Konvensiyanın məhz 2015-ci il Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın
sədrliyi dövründə qəbulu bizim üçün məmnunluq
və qürur mənbəyi olacaqdır.
Bundan başqa, Azərbaycan Avropa Şurasının
İdman üzrə Genişləndirilmiş Hissəvi
Sazişinə maliyyə yardımı ayıraraq, bu prioritet xətti
dəstəkləyəcəkdir”.
Müxtəlif
etnik və dini icmaların əsrlərdən bəri sülh
şəraitində yaşadığı bir dövlət
olan Azərbaycanın mədəniyyətlər və dinlərarası
dialoqun təşviqini özünün xarici siyasətinin
prioritetinə çevirdiyini vurğulayan E.Məmmədyarov
demişdir: “Son illərdə Azərbaycan Ümumdünya Mədəniyyətlərarası
Dialoq və Bakı Beynəlxalq Humanitar forumları kimi
çox mötəbər beynəlxalq tədbirlərin ev
sahibi olmuşdur. Bu yaxınlarda Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycan
hökumətinin bu sahədə beynəlxalq səylərə
dəstəyini daha da gücləndirmək məqsədi
daşıyır. Bundan başqa, biz 2016-cı ildə
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi daha bir
mötəbər tədbirə də ev
sahibliyi etməyi planlaşdırırıq.
Bununla yanaşı, Azərbaycan sədrliyi
dövründə çoxmədəniyyətli cəmiyyətlərin
qarşılıqlı anlayış və hörmət
mühitində birliyi istiqamətində
çalışacaqdır. Bu məqsədlə, bu il sentyabrın 1-2-də Bakıda Avropa
Şurasının mədəniyyətlərarası dialoqun
dini aspektləri mövzusunda illik iclası keçiriləcəkdir.
Bu görüş dini və qeyri-dini xadimlərin
iştirakı ilə debatların keçirilməsinə
imkan yaradacaqdır. Görüşün əsas
mövzusu çoxmədəniyyətli cəmiyyətlərdə
din və qeyri-dini inancların tolerantlığı,
onların bütün növ ayrı-seçkilik,
dözümsüzlük və zorakılıqla mübarizəyə,
eyni zamanda, dini xarakterli mədəni irsin mədəniyyətlərarası
dialoqa verdiyi töhfəsi olacaqdır.
Assambleya nümayəndələrinin bu vacib tədbirə
qatılaraq fəal iştirakına ümid edirəm.
Bu
prioritet xəttə uyğun olaraq, Azərbaycan sədrliyi
dövründə mədəniyyətlə bağlı daha
bir sıra tədbirlərə ev sahibliyi
edəcəkdir. Bunların sırasına iyul ayının əvvəllərində
keçiriləcək Mədəniyyət və Rəqəmsallaşmada
Platforma Mübadiləsi, oktyabr ayında Bakı şəhərində
təşkil olunacaq 2014-cü il Mədəni
Marşrutlar üzrə Məşvərətçi Forumu və
İrs günlərinə həsr olunmuş tədbir, Qəbələdə
baş tutacaq “Nifrət Nitqinə Yox Hərəkatı” Gənclər
Forumu daxildir”.
Azərbaycan
sosial vəhdətin sabit, çiçəklənən və
çoxmədəniyyətli cəmiyyətlərin inkişaf
və davamlılığının əsas zəmini
olduğu qənaətindədir - deyən nazir bildirmişdir:
“Sədrliyimiz Avropa Şurasının hər bir insanın
ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlardan
istifadə etməsi istiqamətində gördüyü
işləri dəstəkləyəcəkdir. Xüsusilə
risk qrupunda olan insanlar Avropa Şurasının müxtəlif
sənədlərinin təmin etdiyi hüquqlardan tam istifadə
edə bilməlidir. Xarici işğal nəticəsində
irimiqyaslı daxili köçkünlük problemi yaşayan
Azərbaycan şübhəsiz ki, əhalinin ən zəif
seqmenti olan məcburi köçkünlərin
hüquqlarının müdafiəsinə sədrlik fəaliyyəti
çərçivəsində böyük diqqət
ayıracaqdır”.
Gənclərin
sosial hüquqlardan istifadə imkanlarının
artırılmasına diqqətin gücləndirilməsini
vurğulayan E.Məmmədyarov demişdir: “Bununla bağlı
olaraq, Azərbaycan hökuməti gənclərə
qarşı kənarlaşdırma, ayrı-seçkilik və
zorakılıqla mübarizə istiqamətində
görüləcək tədbirlərin təkmilləşdirilməsinə
hədəflənən “Enter-2” layihəsinə maliyyə dəstəyi
ayırmaq qərarı vermişdir. Qadın
haqları da heç bir halda diqqətdən kənarda
qalmamalıdır. Bununla bağlı, bir
neçə gün öncə Bakı şəhərində
keçirilmiş Avropa Ombudsmanlarının Konfransında
milli insan haqları institutlarının qadın
hüquqlarının təmin edilməsi istiqamətində
rolu mövzusunda geniş müzakirələr aparılmışdır.
Sosial vəhdət ilə bağlı sədrlik prioritetlərimiz
çərçivəsində cari ilin sentyabr ayında
Bakıda Avropa Şurasının Sosial Vəhdət
Strategiyası və Fəaliyyət Planı müzakirə
olunacaqdır.
Bundan
başqa, Azərbaycanın Avropa Şurası ilə bu
xüsusi sahədə əməkdaşlığının
daha da dərinləşdirilməsi səylərinin məntiqi
davamı olaraq, Sosial Vəhdətə məsul olan Avropa
Şurası Nazirlər Konfransının Bakıda
keçirilməsinə dair niyyətimizi ifadə etmişik”.
Biz təhsilli
və məsuliyyətli gəncliyin tərbiyə olunması
ehtiyacına xüsusi əhəmiyyət verərək diqqətimizi
gənclər və təhsil üzərində cəmləşdirəcəyik
- deyən nazir bildirmişdir: “Azərbaycan Hökumətinin
milli səviyyədə yeritdiyi siyasət gəncləryönümlü
olaraq təhsilə xüsusi diqqət ayırır. Azərbaycan Hökumətinin milli səviyyədə
yeritdiyi siyasət gəncləryönümlü olaraq
onların təhsilinə xüsusi diqqət ayırır.
Ümumi daxili məhsulda təhsil
üçün dövlət xərclərinin payı
dayanmadan artır və bu təhsilin keyfiyyətinə və
Avropa təhsil sisteminə sıx inteqrasiyasına təsir
edir. Eyni zamanda, təhsili dövlət tərəfindən
maliyyələşdirilən azərbaycanlı tələbələrin
aparıcı xarici, xüsusilə Avropa universitetlərində
sayı 2015-ci ildə 5 minə çatacaqdır.
Azərbaycanın
ev sahibliyi etdiyi birinci tədbir təhsilə
aid olan Demokratik Vətəndaşlıq və İnsan Hüquqları
üzrə Avropa Şurası Təhsil Xartiyası
üçün əlaqələndiricilər
görüşü olmuşdur. Görüş
vətəndaşlıq və insan hüquqları sahəsində
təhsil vasitəsilə həssas vəziyyətlərdə
olan uşaqların həyatında dəyişikliklərin
edilməsinin əhəmiyyətinə həsr edilmişdir.
Yaxşı
təhsilli gənclərin təşviqi digər sədrlik tədbirində
- keçən həftə Bakı şəhərində
Avropa Yerli və Regional Qurumlar Konqresi ilə birlikdə təşkil
olunan “Yerli demokratiya və gənclik” üzrə beynəlxalq
Konfransda geniş müzakirə edilmişdir. Müzakirələr
zamanı gənclərin təhsili, onların qərar qəbuletmədə
və həmin qərarların idarəetmənin bütün
səviyyələrində həyata keçirilməsində
fəal iştirakına xüsusi diqqət
ayrılmışdır. Həmin
toplantı üzv dövlətlərin bu sahədə
böyük əhəmiyyət kəsb edən qabaqcıl təcrübə
mübadiləsinə imkan yaratmışdır.
Oktyabr
ayında biz iki əhəmiyyətli tədbirə - Avropa Ali Təhsil
Zonasının həyata keçirilməsi üzrə
4-cü regional nazirlər görüşünə və Gənclər
Siyasəti üzrə BMT-nin Qlobal Forumuna ev
sahibliyi edəcəyik.
Bizim sədrlik fəaliyyətlərimiz üzrə qeydlərimi
tamamlayaraq Belçika, Bosniya və Herseqovinanın Nazirlər
Komitəsində qarşıdan gələn sədrlikləri
zamanı bir çox prioritetlərimizə şərik
çıxmalarını görməkdən böyük məmnunluğumuzu
bildirmək istəyirəm”.
Çıxışının
ikinci hissəsində Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş
124-cü sessiyasına istinad edən nazir E.Məmmədyarov
demişdir: “Mən Avstriyaya bu əhəmiyyətli
görüşün yüksək səviyyədə təşkilinə
görə təşəkkürümü bildirmək istəyirəm.
Əlavə etməliyəm ki, sessiyanın istənilən
şəxs tərəfindən izlənilməsi
üçün şəffaflıq naminə Nazirlər Komitəsi
onları açıqlamaq qərarına gəldi.
Nazirlər Vyanada Azərbaycan sədrliyinin xüsusi
önəm verdiyi Avropa Şurasının qonşu ölkələr
və regionlar istiqamətindəki siyasəti kimi sahələrdə
bir sıra qərarlar qəbul etdilər. Nazirlər
Avropa Şurasının dəyərləri əsasında bu
siyasətin inkişafını davam etdirməyə dair qətiyyətlərini
ifadə etdilər. Avrasiya dövlətləri
ilə güclü tarixi münasibətlərə malik olan və
iki qitənin kəsişməsində yerləşən Azərbaycan
təşkilatın bu sahədəki səylərini dəstəkləmək
niyyətindədir. Bu məqsədlə
biz, sentyabr ayında Bakıda Avropa Şurasının
qonşuluq siyasəti üzrə yüksək səviyyəli
Nazirlər Konfransını təşkil edəcəyik.
Konfrans Nazirlər Komitəsi çərçivəsində
bu ölkələrlə siyasi əlaqələri necə
gücləndirməyə dair davam edən dialoqu tam nəzərə
alaraq, Avropa Şurasının qonşuluq siyasətinə
daxil olan ölkələrdə uzunmüddətli öhdəliklərin
araşdırılması üçün əhəmiyyətli
forum rolunu oynayacaqdır”.
Azərbaycan
sədrliyi dövründə ATƏT, BMT və digər beynəlxalq
təşkilatlarla əməkdaşlığı gücləndirməyə
çalışacaqdır - deyən Elmar Məmmədyarov
diqqətə çatdırmışdır: “İki məsələ
Nazirlər Komitəsinin sessiyasının gündəliyində
xüsusilə əhəmiyyətli olmuş və növbəti
aylarda prioritet təşkil edəcəkdir: birincisi,
Ukraynadakı vəziyyət, ikincisi isə baş katibin Nazirlər
səviyyəsində indiyədək ilk dəfə nəzərdən
keçirilən Avropada demokratiya, insan hüquqları və
qanunun aliliyi haqqında hesabatıdır. Avropa
Şurasının monitorinq qurumlarının gəldiyi nəticələrə
əsasən baş katibin hesabatı üzv dövlətlərin
qarşılaşdığı bir sıra əhəmiyyətli
problemləri müəyyənləşdirmişdir. Hesabat, həmçinin artıq nazir müavinləri
tərəfindən nəzərdən keçiriləcək
çox faydalı fəaliyyət təkliflərini ehtiva edir.
İki həftə ərzində nazir müavinləri
mövzu üzrə müzakirələr aparacaqlar ki, bu da
müvafiq növbəti tədbirlər üçün qərarların
qəbuluna imkan yaradacaqdır”.
Sonda nazir E.Məmmədyarov sualları
cavablandırmışdır.
Azərbaycan.-2014.- 24 iyun.- S.4.