Milli Məclisin deputatı AŞPA-nı mülki vətəndaşları

hədəf alan Ermənistana qarşı sərt təzyiqlərə çağırmışdır

 

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-dakı çıxışında bu qurumu azərbaycanlı məcburi köçkünlərin çağırışlarına cavab verməyə və onların Ermənistan tərəfindən pozulan hüquqlarını müdafiə etməyə çağırmışdır.

AzərTAc xəbər verir ki, Qənirə Paşayeva Ermənistanın törətdiyi cinayətlərə toxunaraq təşkilatı belə hallara son qoymaq üçün işğalçı ölkəyə təzyiq göstərməyə səsləmişdir. O, ilk növbədə, Ermənistanın atəşkəsi pozaraq mülki vətəndaşları hədəf aldığını diqqətə çatdıraraq demişdir: “Azərbaycan ilə Ermənistan arasında ön cəbhə bölgələrindən birinin nümayəndəsi olaraq sadəcə son 4 gündə regionda mövcud vəziyyət barədə məlumat vermək və Assambleyanı bu məsələyə diqqəti artırmağa çağırmaq istərdim. Dörd gün əvvəl Ermənistan silahlı qüvvələri müntəzəm şəkildə atəşkəsi pozaraq mülki azərbaycanlıları, onların evlərini atəşə tutmuşlar. Həmin gün deputat olaraq təmsil etdiyim Tovuz rayonunun Əlibəyli kənd sakini, mülki şəxs Ənayət Əliyeva Ermənistan silahlı qüvvələrinin onun evini atəşə tutması nəticəsində yaralanmış, ailə üzvləri isə ciddi sarsıntılar keçirmişlər. Bundan başqa, digər mülki şəxs - 72 yaşlı Qaraqız Nağıyeva və onun ailəsi də eyni aqibətlə üzləşmişdir. Üç gün əvvəl 72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi də Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində yaralanmışlar. Mülki şəxslərin snayperlər tərəfindən vurulması kimi faktlara digər ön cəbhə ərazilərində də rast gəlinir. Biz AŞPA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlara zərbə vuran hərəkətləri dayandırmağı tələb etməyə çağırırıq”.

Ermənistanın 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam etdiyini vurğulayan deputat Qənirə Paşayeva bildirmişdir ki, AŞPA Ermənistan tərəfindən haqları pozulanöz evlərinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlərin səsini eşitməli, işğalçı dövlətə qarşı sərt mövqe nümayiş etdirməlidir. Deputat demişdir: “Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozmuşdur və 20 ildən artıqdır ki, torpaqların bir hissəsini işğal altında saxlayır. Ermənistan BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymayaraq, bu gün də Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etmir, 100 minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermirmülki şəxsləri atəşə tutmaqda davam edir. Cəbhə bölgəsində yaşayanlar sizdən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini gözləyirlər. Biz Assambleyanı məsələni ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini artırmağa çağırırıq. Mən 1 milyondan artıq qaçqın və məcburi köçkün adından deyirəm ki, onlar 20 ildir öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur. AŞPA Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd qalmamalı və bu məsələlərə ciddi yanaşmalıdır”.

Qənirə Paşayeva demişdir: “AŞPA-da bu məsələ ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını yada salaq. Bu məsələ ilə bağlı apardığımız müzakirələrin tarixini xatırlayaq, təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞPA-nın qeyd edilən qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməli, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9 il keçməsinə baxmayaraq, Ermənistan onu yerinə yetirməkdən imtina edir. Azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən səylərinizi daha da artırmağınızı gözləyirlər. Sadəcə müzakirələri aparmaq və sənədlər qəbul etmək kifayət deyildir. Bu adamlar sizi qəbul etdiyiniz qətnamələrin və sənədlərin yerinə yetirilməsi üzərində ciddi nəzarət həyata keçirməyə, daha səmərəli mexanizmləri tətbiq etməyə və onların pozulmuş hüquqlarını müdafiə etməyə, bu məsələ ilə bağlı müzakirələr aparmağa çağırırlar. Mən də Assambleyanı bu insanların səsini eşitməyə və 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün öz təsir və təzyiq mexanizmlərini gücləndirməyə çağırıram”.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.4.