Azərbaycanlı deputatın hazırladığı bəyanatda Avropa Şurasının sərhəd pozucusu olan deputatın müdafiəsinə qalxması tənqid edilmişdir

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə Azərbaycanın bu qurumdakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı bəyanat çap edilərək yayılmışdır. Fransa nümayəndə heyətinin üzvü Rene Ruqeyə Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərinə görə viza verilmədiyindən onun AŞPA-nın bu il may ayında Bakıda keçirilən büro iclasında və Daimi Komitənin toplantısında iştirak etməməsi məsələsinə həmin sənəddə tam aydınlıq gətirilmişdir. Qaydaları pozmuş fransalı deputata qarşı tədbirin mövcud qanunlar çərçivəsində həyata keçirildiyinin vurğulandığı bəyanatda deyilir: “Parlament Assambleyası bürosununDaimi Komitənin son iclasları Bakıda baş tutdu. Zahirən adi statistika kimi görünsə də, istər bu hadisələr, istərsə də Avropa Şurası saytında hər gün Azərbaycan bayrağını ən başda görməyim mənim üçün xüsusi məna daşıyır, dövlət müstəqilliyimizin, inkişafımızın mühüm nişanələri təsiri bağışlayır. On üç il əvvəl Azərbaycan Avropa Şurasına üzv qəbul ediləndə müstəqilliyinin 10-cu ilini yaşayırdı və arxada qalan müddətdə həm ölkənin, həm xalqın siyasi, iqtisadi, mədəni həyatında elə ciddi irəliləyişlər olmuşdur ki, bunu hər kəs görür və həmin tərəqqidə demokratiya məktəbi olaraq Avropa Şurasının da əvəzsiz payı vardır.

Azərbaycan Avropa Şurasına birona görə həmişə minnətdardır ki, bu nüfuzlu beynəlxalq təşkilat mənim xalqımın ən mühüm probleminə dünyada ilklər sırasında həssas münasibət göstərərək ayrıca sənəd qəbul etmişdir. Ədalətli və obyektiv münasibətin nəticəsi olan həmin sənəd 2005-ci il yanvarın 25-də Assambleyada təsdiqlənmiş Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana təcavüzü haqqındakı 1416 saylı qətnamədir. Bu qətnamədə birmənalı şəkildə Azərbaycanın dünya birliyi tərəfindən qəbul edilmiş ərazi bütövlüyü tanınır, ölkəmizin torpaqlarının qonşu dövlət tərəfindən işğal olunduğu bəyan edilir.

Müstəqilliyinin, öz ərazi bütövlüyünün və onların əsas rəmzi olan sərhədlərinin keşiyində dayanmaq hər bir dövlət kimi Azərbaycan üçün də ləyaqət məsələsidir.

Fransa mənim özümə doğma hesab etdiyim ölkə, Paris dünyada ən çox sevdiyim şəhərdir. İlk dəfə mənim bu ölkəyə gəlişim 20 il əvvəl baş veribarxada qalan illərdə mən azı yüz dəfədən çox bu sevimli ölkədə olmuşam. Hər dəfə gələndə də, gedəndə pasportumu alıb baxıblar, möhür vurublar. Təbiidir, çünki sərhəd keçirəm. Sərhəd isə hər ölkə üçün şərəf xəttidir. Mənim həm diplomatik, həm Avropa Şurası pasportum olmasına baxmayaraq, Fransanın, ya buradakı 40-dan artıq ölkənin hər hansı birinin sərhəd rejimini pozsam, o ölkənin ərazisinə qanunsuz daxil olsam, söz yox ki, mənə qarşı mütləq hansısa rəsmi sanksiya tətbiq olunar. Heç kim ağlına belə gətirməz ki, mənə qarşı belə bir qanuni addım atdığı üçün həmin ölkəyə cəza versin. Lakin təəssüf ki, bəzən biz reallıqda ziddiyyətlərlə də qarşılaşmalı oluruq.

Azərbaycan müstəqil bir dövlət olaraq onun zəbt edilmiş ərazilərinə işğalçı dövlətin ərazisindən, ölkəmizin qanunlarını pozaraq, həm də dövlətimizə və millətimizə qarşı hörmətsizlik göstərərək səfər edənləri xüsusi siyahılara daxil edirXarici İşlər Nazirliyimiz onların ölkəyə gəlişlərinə məhdudiyyət qoyur. Bu, tamamilə qanunauyğun bir haldır və ayrı-ayrı şəxslərə qarşı deyil, eyni qəbahəti törətmiş hər kəsə tətbiq olunur. Azərbaycan dövləti onun sərhədlərini pozan istənilən şəxsə qanunların tələbi ilə məhz pozucu kimi yanaşır, pozucuya qarşı hansı tədbiri görmək lazımdırsa onu da edir. İstər bu şəxs adi vətəndaş olsun, istər müğənni, istərsə də deputat. Bu işi Avropa Şurasının deputatı olan, qanunlardan xəbərdar bir insan törədəndə, həm də bunu nümayişkaranə şəkildə edəndə qanunun aliliyini ən ali demokratik dəyərlərdən sayan təşkilatımız biganə qalmamalı, belə pozucu, ya pozucuları ittiham etməlidir. Ammabaş verir? Qanunu kobud şəkildə pozana qarşı hüquqi baxımdan görülmüş tamamilə doğru tədbirə görə ədalətli münsif rolunda çıxış etməli olan Avropa Şurası pozucunu müdafiə etmək mövqeyi tutur. Bu, nə dərəcədə məntiqlidir? Avropa Şurası Azərbaycan üçün önəmlidir. Amma müstəqillik, qanunlar, ərazi bütövlüyümüz, sərhəd toxunulmazlığımız bundan qat-qat önəmlidir. Ona görə də büronun həmin məsələ ilə bağlı Bakı toplantısında qəbul etdiyi qərarı mən Avropa Şurasının özünə qarşı atdığı addım, öz təməl prinsiplərinə zidd olan hərəkət hesab edirəm. Ədalətli olmaq istəyənin ədalətsiz və qeyri-obyektiv mövqeyi yalnız təəssüf doğura bilər. Tarixlə ehtiyatlı davranaq!”.

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

Azərbaycan.-2014.- 24 iyun.- S.4.