Rusiyalı qonaqlar
İsmayıllı rayonunun İvanovka kəndində olmuşlar
Qəbələdə
keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun
iştirakçıları iyunun 23-də günün ikinci
yarısında İsmayıllı rayonunun rusların
yaşadıqları İvanovka kəndinə gəlmişlər.
AzərTAc
xəbər verir ki, kənd mədəniyyət
sarayının qarşısında rusiyalı qonaqlar
duz-çörəklə qarşılanmışlar.
İsmayıllı
rayonunun, Nikitin adına kolxozun rəhbərlərinin,
ağsaqqal və ziyalıların iştirak etdikləri
qarşılanma mərasimində rayon icra hakimiyyəti
başçısının İvanovka inzibati ərazi dairəsi
üzrə nümayəndəsi Olqa Jabina qonaqları
salamlayaraq İvanovka kəndi, onun sakinləri, insanların məşğuliyyəti,
kolxozun nailiyyətləri barədə qısa məlumat
vermişdir.
O.Jabina
Azərbaycanda rahat, dinc şəraitdə
yaşadıqlarını qeyd edərək Azərbaycan və
rus mədəniyyətlərinin qarşılıqlı əlaqələrindən
faydalandıqlarını, bu əlaqələrin artıq
onların həyat tərzinə çevrildiyini
bildirmişdir.
Sonra
qonaqlar mədəniyyət sarayı ilə tanış
olmuşlar. Sarayın foyesində təşkil olunmuş
çay süfrəsi arxasında onlar kənddəki
“Slavyanka” folklor qrupunun ifasında rus və Azərbaycan
musiqisindən nümunələri dinləmişlər.
Görüşdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə müsahibəsində demişdir: “Azərbaycan öz tolerantlığı ilə digər ölkələrə nümunədir. Buna hər kəs heyran qalmışdır. Azərbaycanda hamı bir ailə kimi bərabər, sərbəst və rahat yaşayır. Ölkəmizin bütün vətəndaşlarının imkanları da eynidir. Azərbaycanda son illərdə baş vermiş böyük dəyişiklikləri ölkəmizə gələn hər kəs hiss edir və yüksək qiymətləndirir. Rusiya ilə də əlaqələrimiz yüksək səviyyədədir”.
Azərbaycan.-2014.- 24 iyun.- S.5.