Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının
sədri Qax şəhərində vətəndaşları
qəbul etmişdir
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər
və rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə
iyunun 23-də Qax şəhərində növbəti qəbul
keçirmişdir.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilmişdir.
Qəbuldan əvvəl TQDK-nın sədri Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşdur.
Qəbulda vətəndaşların müraciətləri əsasən qəbul və buraxılış imtahanlarının məzmunu, ikinci ali təhsil almaq, TQDK tərəfindən nəşr olunan test kitabçalarının məzmunu, orta ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları və müəyyən metodiki məsələlərlə bağlı olmuşdur.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmışdır. Digər müraciətlər, o cümlədən TQDK-nın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətlər ünvanına çatdırılması üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən
razılıqlarını bildirmişlər.
Azərbaycan.-2014.- 24 iyun.- S.6.