Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunun

 aktual problemlərimövzusunda elmi-praktiki konfrans keçirilir

 

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı gününə həsr olunan “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir.

AzərTAc xəbər verir ki, konfrans Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ölkəmizdə biliyə əsaslanan milli inkişaf və dövlət qulluğu sisteminin idarə edilməsinin elmi əsasları, dövlət quruculuğu, dövlət idarəçiliyinin formalaşması və dövlət qulluğunun inkişafı prosesində ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri barədə danışmışdır.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov dövlət idarəçiliyi istiqamətində respublikamızda həyata keçirilən islahatlar nəticəsində əldə edilən irəliləyişlərdən söhbət açmışdır.

Konfransda “Dövlət qulluğunda insan resurslarından səmərəli istifadə”, “Dövlət idarəçiliyində səmərəliliyin təmin olunmasında dövlət qulluqçusu – vətəndaş münasibətləri” və digər mövzularda məruzələr dinləniləcəkdir.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.6.