Bakıda Azərbaycan Teatr Xadimləri

 İttifaqının XIII konfransı keçirilmişdir

 

İyunun 23-də “Four Seasons” otelində Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIII konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət nümayəndələri, xaricdən gəlmiş qonaqlar, tanınmış elm və mədəniyyət xadimləri iştirak etmişlər.

Konfransı ATXİ-nin sədri, Xalq Artisti Azərpaşa Nemətov açmışdır.

Tədbirdə son illər dünyasını dəyişmiş ittifaq üzvlərinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yoluna nəzər salmış, əldə olunan nailiyyətlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

Bildirilmişdir ki, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunmuşdur.

Bu sırada 2006-cı ildə qəbul edilmişTeatrteatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu xüsusilə qeyd etmək yerinə düşər. Qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən bu qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilmişdir. Həmçinin Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il tarixli Sərəncamı, dövlətimizin başçısının 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı müvafiq sahənin inkişafı istiqamətində atılan mühüm addımlardır. Sözügedən Dövlət Proqramı milli-mədəni sərvətimiz olan teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiyası, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir.

Nazir son illərdə ölkədə fəaliyyət göstərən 27 dövlət teatrında hazırlanan tamaşalardan, teatrların binalarında aparılan yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işlərindən, dövlətimizin başçısının müvafiq sərəncamları ilə sənət adamlarına verilən yüksək fəxri adlardan, yüzlərlə insanın mənzil və digər problemlərinin həllindən və digər məsələlərdən söz açmışdır.

Vurğulanmışdır ki, ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna və İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər. Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşlar.

Konfransın işinə uğurlar arzulayan nazir yeni seçiləcək ATXİ sədrinin və idarə heyətinin üzvlərinin Azərbaycan teatrının inkişafına töhfələr verəcəyinə inamını ifadə etmişdir.

Konfransın gündəliyi təsdiq edilmiş, reqlament müəyyənləşdirilmişdir.

Tədbirdə ATXİ-nin sədri, Xalq Artisti Azərpaşa Nemətov hesabat məruzəsi ilə çıxış edərək son illərdə rəhbərlik etdiyi qurum tərəfindən görülmüş işlərdən və həyata keçirilən layihələrdən danışmışdır. Qeyd etmişdir ki, ölkəmizdə teatr sənətinin yüksəlişi və dünyaya inteqrasiyası sahəsində bu irimiqyaslı layihələrin gerçəkləşməsində öz tarixini XIX əsrin sonlarından götürən, ölkəmizin ən qocaman yaradıcılıq birliklərindən olan, 117 yaşlı Azərbaycan Teatr Xadimləri İttifaqının da rolu şəksizdir.

Məruzədə vurğulanmışdır ki, ATXİ fəaliyyəti boyu dövlətimiz tərəfindən həmişə dəstəklənmiş, qurumun milli teatr sənətinin inkişafı ilə bağlı təkliflərinə daim diqqətlə yanaşılmışdır.

ATXİ hesabat dövrü ərzində öz nizamnaməsinə əsaslanaraq, milli teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsinə çalışmış, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri və ittifaqlarla, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr qurmuş, beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm vermişdir.

A.Nemətov demişdir: “Milli mədəniyyətimizin tərəqqisi və inkişafı naminə görülən böyük işlərdə, həyata keçirilən möhtəşəm layihələrdə Heydər Əliyev Fondunun da müstəsna xidmətləri vardır. Fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəni irsimizin qorunması istiqamətində gördüyü böyük işlər danılmazdır”.

Natiq demişdir ki, hesabat dövründə görülmüş işlər sırasında “Musiqi dünyası” jurnalının yaradıcı heyətinin səyləri sayəsində www.teatrittifaqi.az saytının yaradılması,

“2+1” adlı eksperimental teatr festivallarının təşkili, Bakı Uşaq Teatrının təşəbbüsü və İttifaqın təşkilati dəstəyi ilə Beynəlxalq Teatr Gününə həsr olunmuş festivalın reallaşdırılması, eləcə də ATXİ-nin təklifi ilə ölkəmizdə Beynəlxalq Çexov Festivalının “İpək Yolu” mərhələsinin təşkili görülmüş işlər sırasındadır.

ATXİ üzvü olduğu UNESCO-nun Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr İttifaqları Konfederasiyası kimi təşkilatlarla geniş əməkdaşlığa nail olmuş, onların keçirdikləri konqressimpoziumlarda təmsil olunmuşdur.

Xalq Artisti demişdir ki, ATXİ yaradıcı gəncliyin inkişafını daim diqqətində saxlayır və qurumun sıralarında gəncləşmə prosesi müşahidə olunur. Son illərdə İttifaqa qəbul olunmuş üzvlərin əksəriyyətini məhz gənclər təşkil edir.

Vurğulanmışdır ki, qurum hesabat dövründə özünün əsas fəaliyyət sahələrindən biri olan memorial istiqamətdə nəzərəçarpan işlər görmüş, çap etdirdiyi bir sıra kitabların təqdimatlarını keçirmişdir. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir. Eyni zamanda, ATXİ bölgə teatrları ilə əlaqələrinin daha da genişləndirilməsi üçün regionlarda elmi-praktik konfransların keçirilməsini planlaşdırır.

Mövcud problemlərdən söz açan Azərpaşa Nemətov İttifaqın inzibati binasının təmirinin də yaxın vaxtlarda reallaşdırılacağına ümidvar olduğunu söyləmişdir.

Sonra ATXİ-nin təftiş və mandat komissiyalarının hesabatları dinlənilmişdir.

Hesabatlar ətrafında xalq artistləri Hafiz Quliyev, Afaq Bəşirqızı, Hacı İsmayılov, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə və başqaları çıxış edərək ATXİ-nin fəaliyyətini yüksək qiymətləndirmişlər.

E.Qasımzadə Xalq Artisti Azərpaşa Nemətova Azərbaycan Memarlar İttifaqının idarə heyəti adından fəxri fərman təqdim etmişdir.

Tədbirdə Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının prezidenti Valeri Şadrin çıxış edərək Azərbaycanda yaradıcı insanlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş və konfransın işinə uğurlar arzulamışdır.

Mərasimdə, həmçinin xarici ölkələrin teatrla bağlı birlik və təşkilatlarının təbrik teleqramları oxunmuşdur.

Günün ikinci yarısında işini davam etdirən konfransda təşkilati məsələlərə baxılmışdır.

Xalq Artisti Azərpaşa Nemətov açıq səsvermə yolu ilə yenidən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilmişdir.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov yenidən etimad göstərdiklərinə görə konfrans iştirakçılarına minnətdarlığını bildirmişdir.

Konfransda ATXİ-nin təftiş komissiyasının və idarə heyətinin tərkibi müəyyənləşmişdir.

Bununla da ATXİ-nin XIII konfransı öz işini başa çatdırmışdır.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.7.