80 illik yol
Yazıçılar
Birliyinin qurultayı və yubileyi sonrası düşüncələr
13 iyun 1934-cü il...
Bu tarixi xatırladığım gün, aradakı 80 illik fərqlə yenə təqvimin eyni günü ilə üst-üstə düşür.
Yenə ondakı kimi yaydır, bürküdür, Bakıda havanın hərarəti 28 dərəcəyə çatıb və mən 80 illik uzaqlığın üzərindən bir an da olsa, geri adlayıb 1934-cü ilin 13 iyun gününün Bakı havasını təsəvvürümə gətirməyə çalışıram.
Yəqin ki, onda da doğma şəhərimizin isti günlərindən biri idi, sərinkeşin, indiki sayaq kondisionerlərin olmadığı o uzaq gündə qapalı zala toplaşmış qələm adamları içəridə adamın əhədini kəsən hərarətə dözüm gətirməkdən ötrü, güman ki, bir çarə axtarırdılar.
Amma cəmiyyətdəki ab-hava daha dözülməz idi...
Və 80 il əvvəlin 13 iyun günü Bakıdakı zallardan birində toplaşmış yaradıcı adamların çoxu üstlərinə gələn çətin ruzigarın onları əzib keçəcəyinin fərqində idilər...
Onda Yer üzünün böyük bir parçasını sarmış bolşevizmin ayaq basdığı hər yerdə ədəbiyyatın bütün mövcudluğu tarixinin ən ziddiyyətli bir dövrü başlanmışdı. O qədər ziddiyyətli ki, hətta aradan 80 il keçəndən sonra da o dövrə birmənalı qiymət verə bilmirsən.
Bolşevizm ədəbiyyata yeni insan tərbiyəsinin ən təsirli üsullarından biri kimi həddən artıq böyük önəm verirdi. Ədəbiyyatın inkişafı, qələm adamlarının yazıb-yaratmaları üçün imkan daxilində onların bütün maddi ehtiyaclarını qarşılamağa çalışırdı. Yazıçını, şairi ən nüfuzlu ictimai xadim səviyyəsində görürdü. Ədəbi əsərlərin təbliği, insanların savadlanması, kitaba, mütaliəyə həvəsləndirilməsi də ən azı Azərbaycanda o vaxta qədərki tarix boyu müşahidə edilən ən yüksək səviyyəyə gəlib çatmışdı. Bütün bu müsbət cəhətləri etiraf etməmək üçün qeyri-obyektivliyini boynuna almalısan. Bəli, bütün bunlar həqiqətən yaxşı idi. Amma başqa tərəfdən də bolşevizm ədəbiyyatın - bu ədəb və mərifət sənətinin əsrlərdən bəri daşlaşmış ənənələrini inkar yolu tutaraq özünün son dərəcə əcaib yeni ədəbiyyat konsepsiyasını formalaşdırırdı.
Bu konsepsiyanı əvvəlcə "proletar ədəbiyyatı" adı altında şəxsən V.İ.Lenin özü işləyib hazırlamışdı. Ədəbiyyatın mübhəm sirlərinə, təsir gücünə, insafən yetərincə vaqif olan Leninin irəli sürdüyü konsepsiya ədəbiyyatın sosialist inqilabının, proletar hakimiyyətinin müdafiəsində dayanmasını nəzərdə tuturdu.
Elə proletar ədəbiyyatının davamı olan sosializm realizmi ədəbi cərəyanı da ötən əsrin 30-cu illərində SSRİ-də bolşevik inqilabından sonra sovet hakimiyyətinin himayəsində və mahiyyət etibarilə onun xidmətində olan ədəbiyyatın adının ifadə olunduğu bir termin kimi ortaya çıxmışdı.
***
...Və 1934-cü ilin 13 iyunu...
Qələm adamlarının toplaşdığı zalın bürküsü bayırdakı ictimai-siyasi ab-havanın ağır xofuna qarışıb.
Partiyanın xəttindən sapan yaradıcı ziyalılara qarşı daha Leninin vaxtındakı kimi, onun məqalələrindəki sayaq intellektual hücum, düşündürücü tənqid əyyamı geridə qalıb.
Yolu yanılanları daha ancaq tənqid etməklə kifayətlənmirlər. Sadəcə tənqidlə canını qurtaranlara tale böyük lütf göstərmiş olur. Zaman Stalinin repressiya qılıncını Mirqəzəb kimi icraçı canişinlərin əli ilə düşünən başlar üzərində fırlatmaqdadır. Gecəyarı kiminsə qapısının döyülməsi, xalqın ən dəyərli insanlarının qara geyimli NKVD məmurları tərəfindən gedər-gəlməzə aparılması an məsələsidir.
"Qaymaq effekti" işə düşüb, cəmiyyətin qaymaqları sayılan ziyalıların sırası günü-gündən seyrəlir.
Bolşevizmin yeni ədəbiyyat adamlarının guya fəhlə sinfi sırasından çıxacağı ümidi, ədəbiyyat tarixinin acı zarafatı kimi davam edir. Vaxtilə zadəgan ailələrində yetişmiş qələm adamlarını bir-bir sinfi düşmən elan edirlər. Onların əsərləri irticaçı ədəbiyyat adı ilə damğalanır. Oxunması yasaqlanır...
***
Ədəbiyyat tarixən həyat həqiqətlərini bədii obrazlarla əks etdirən söz sənəti sayılıb. Amma sovet ədəbiyyatının əsas missiyası sovet həqiqətləri sırasındakı saysız qüsurların ədəbiyyata yol tapmasının, ədəbi həqiqətlərdə əks olunmasının qarşısının alınmasından, həyat həqiqətlərinin imitasiya edilməsindən ibarət idi.
Bu partiya tələbini pozan yaradıcı adamların ifşasından və ardınca, təbii ki, cəzalandırılmasından ötrü ötən əsrin 30-cu illərindən başlayaraq bütöv bir ədəbi tənqid institutu formalaşdırılmışdı. O illərdə ədəbi tənqidin haqlı-haqsız hücumlarına tuş gələn qələm sahiblərinin son mənzili "ya qəbir, ya da Sibir" idi.
O dövrün xəyalımdakı təsvirini vermək üçün, əslində bütün düşüncələrimi yazmaq istərdim. Amma əsas məqsədim bu deyil. Həm də nə qədər çalışsam belə, təsvirlərim, yəqin ki, ünlü ingilis yazıçısı, Stalin rejimini ifşa edən əsərləri vaxtilə "Ellər atası"nın göstərişi ilə bütün sosialist məkanında yasaqlanmış Corc Oruelin "1984" əsərindəkindən daha güclü alınmayacaq.
...Və belə bir vaxtda Azərbaycan yazıçıları 1934-cü ilin isti yay günlərindən birində - iyunun 13-də özlərinin ilk qurultayına toplaşıblar...
***
O vaxta qədər Azərbaycan yazıçılarının, şairlərinin müəyyən birlikləri, ədəbi məclisləri vardı. 1923-cü ildə Azərbaycan yazıçı və şairlərinin rəsmi bir qurumda birləşməsi zərurəti ortaya çıxarkən bir neçə qələm adamı mətbuatda dərc etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi"ni təsis etdiklərini bildirmişdilər.
Həmin ədəbi birliyə "İldırım" adı qoyulmuşdu. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrdə formalaşdırılmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı.
1925-ci ilin 25 dekabrında yaradılmış bu təşkilat Bakıda fəaliyyət göstərən ədibləri bir araya gətirirdi. "Qızıl qələmlər" cəmiyyəti vaxtaşırı müşavirələr, ədəbi məclislər, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. "Maarif və mədəniyyət" jurnalında, "Kommunist" və "Gənc işçi" qəzetlərində müntəzəm verilən ədəbi materiallar, "Qızıl qələmlər", "Oktyabr alovları" almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi.
1927-ci ilin iyulunda Azərbaycanın yazıçı və şairləri özlərinin birinci ümumi yığıncaqlarını keçirdilər və qərara gəldilər ki, bütün ədəbi qüvvələri konkret bir təşkilat ətrafında birləşdirsinlər.
Beləliklə, Azərbaycan yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yaradıldı. 1928-ci ilin 13 yanvarında Bakıda Ümumazərbaycan yazıçılarının birinci, 1929-cu ilin 20 oktyabrında isə ikinci qurultayı çağırıldı.
Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin ədəbi-bədii təşkilatların yenidən qurulmasına dair 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması səmtində təşkilatı tədbirlər görüldü.
İndiki Azərbaycan Yazıçılar İttifaqı da beləcə yarandı...
***
Azərbaycan yazıçılarının I
qurultayında İttifaqın sədri vəzifəsinə Məmmədkazım
Ələkbərlini seçmişdilər. O, 1905-ci ildə Dərbənd
şəhərində doğulmuş, Azərbaycan Pedaqoji
İnstitutunun dil və ədəbiyyat fakültəsinin
ardınca 1934-cü ildə Moskvada "Qırmızı
professorlar" İnstitutunu bitirmişdi. Bu ad, indiki nəslə, yəqin ki,
bir o qədər tanış gəlmir.
Etiraf edim
ki, mən özüm də M.Ələkbərlinin əsərləri
ilə dərindən tanış deyiləm.
Soraq məlumatlarından öyrəndiyim qədər,
o, "İdealizm, materializm və yeni fəlsəfə",
"Yeni əlifba və orfoqrafiya", bir də 1935-ci ildə
çapdan çıxmış "Azərbaycan ədəbiyyatı"
adlı kitabların müəllifi olub.
İndi
zamanın sərtliyinə, taleyin dönüklüyünə,
repressiya canilərinin acımasızlığına bax ki,
böyük ehtimalla proletar sinfinin sıralarından
çıxan, siyasi sistemin özünün yetişdirdiyi və
bütün həyatı, yaradıcılığı ilə
onu yetirmiş sistemin xidmətində dayanan 33 yaşlı gənc
alimə də aman verməyib.
Azərbaycan
Yazıçılar İttifaqının ilk sədrini 1938-ci
ildə güllələyiblər...
Ona qarşı irəli sürülən ittihamın nədən
ibarət olduğunu öyrənmək üçün
çox axtardım. Amma bu yazını işlədiyim an
əlim çatan heç yerdə bu barədə nəsə
oxuya bilmədim. Bir də o dövrdə
ömrünə bir güllə ilə nöqtə qoyulan
şairlərin, yazıçıların hansının
suçu bəlli idi ki?!
Məmmədkazım
Ələkbərli Azərbaycan Yazıçılar
İttifaqına cəmi iki il rəhbərlik
edə bilmişdi. 1936-cı ildə onu bu vəzifədə
tanınmış nasir, publisist, tərcüməçi kimi
tanınan Seyfulla Şamilov (1902-1974) əvəz elədi.
Amma repressiya dalğası ondan da yan keçmədi.
1937-ci ildə Seyfulla Şamilovu da həbs edib
sürgünə yolladılar.
1938-39-cu illərdə Yazıçılar
İttifaqına illər sonra Azərbaycanın ən görkəmli
şairlərindən və ictimai xadimlərindən biri kimi
bütün İttifaq məkanında böyük nüfuz
qazanacaq xalq şairi Rəsul Rza rəhbərlik etdi.
***
İlləri
kitab kimi vərəqləyirəm...
Müxtəlif
zamanlarda Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik
etmiş yaradıcı ziiyalılarımızın adları
və quruma rəhbərlik illəri 80 illik bütöv bir
tarixi filmin ayrı-ayrı fraqmentləri kimi yaddaşımdan
keçir: Süleyman Rəhimov (1939-1940, 1944-1946, 1954-1958), Səməd
Vurğun (1941-1948), Mirzə İbrahimov (1946-1954, 1965-1975),
Mehdi Hüseyn (1958-1965), İmran Qasımov (1975-1981),
İsmayıl Şıxlı (1981-1987), Anar (1987-ci ildən)...
Tarixi ardıcıllıqlarda, xüsusilə ötən
əsrin 50-ci illərinə qədərki
ardıcıllıqlarda müəyyən
qarışıqlıqlar, üst-üstə düşmələr
də göründü, fərqindəyəm.
Amma gəlin,
bunu mahiyyətcə özü də son dərəcə
qarışıq olan o illərin ayağına yazaq, vaxtın
təlatümlərinin, ziddiyyətlərinin dolaşıq kələfi
kimi dəyərləndirək...
İş
elə gətirdi ki, iyunun 17-də Milli Dram Teatrında Azərbaycan
Yazıçılar Birliyinin 12-ci qurultayı, iyunun 18-də
isə Beynəlxalq Muğam Mərkəzində birliyin 80 illik
yubileyi keçirildi. Ard-arda keçirilən bu iki əlamətdar
mərasim bu qurumun keçmişi, bu günü, gələcəyi,
öz varlığı ilə yaratdığı tarix barədə
daha geniş düşünmək fürsəti verdi.
Azərbaycan Yazıçılar Birliyinin təmsilçiləri
olaraq biz əslində böyük bir yol keçmişik.
Və bu,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Yazıçılar Birliyinə yubiley təbriki məktubunda
öz parlaq ifadəsini tapmışdı: "Xalqın
şüurunda azadlıq hisslərinin yaşadılmasında,
daha da dirçəldilməsində yazıçı və
şairlərimizin yaradıcılığının
gücü ölçüyəgəlməzdir. Onlar heç kəsin dilinə belə gətirməyə
cürət etmədiyi bir vaxtda müstəqillik və
azadlıq ideyalarının carçısı olmaqla dərin
məhəbbət və rəğbət qazanmışlar.
Tariximizin bütün dövrlərində, hətta
repressiyaların tüğyan etdiyi zamanda
yazıçılarımız öz əsərləri, mətbu
orqanları, ictimai fəaliyyətləri və şəxsiyyətləri
ilə azərbaycançılıq məfkurəsinin bərqərar
olmasında, milli ruhun qorunmasında heç nədən
çəkinmədən, əsl vətəndaşlıq
mövqeyi tutaraq ən yüksək ideallara sadiq
qalmışlar. Azərbaycan dilinin
saflığının saxlanılması və
inkişafında da yazıçıların rolu təqdirəlayiqdir".
***
Zaman ötən əsrin ikinci yarısından Azərbaycan
şair və yazıçılarının üzərinə
çətin və şərəfli bir vəzifə
qoymuşdu. 30-cu, 40-cı illərin repressiya kabusu
qarşısında geri çəkilib qəlblərin məhbəsinə
sığınmış milli ideyaların gün
işığına çıxarılması, xalqın
ruhunun oyadılması onların missiyası idi.
Və ötən əsrin 60-cı illərinin
ortalarından etibarən tarix Heydər Əliyevin şəxsində
Azərbaycanın yaradıcı adamlarına dar məqamda
onları qoruyacaq, mühafizə edəcək, qələm
adamlarının həmişə inanıb güvənəcəkləri
böyük bir şans da vermişdi.
Heydər Əliyev hələ Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsində rəhbər vəzifələr
tutduğu dövrdən Azərbaycanın yaradıcı
ziyalılarının təqiblərdən qorunması
üçün əlindən gələni edirdi.
1969-cu ildə Azərbaycanın birinci şəxsi
olduqdan sonra da milli ruhlu yazıçılara, şairlərə,
alimlərə liberal münasibət onun fəaliyyətində
əsas cizgilərdən biri kimi diqqəti çəkir.
Biz bu məqama əvvəlki yazılarımızda da
toxunmuşuq.
Desək ki, Heydər Əliyev bununla
açıq şəkildə mərkəzin
yürütdüyü siyasətə qarşı
çıxırdı, Soljenitsın kimi söz
ustadlarını fərqli düşüncəsinə görə
ölkədən qovmuş Kremli saya salmırdı, tarixi
obyektivlik hissini itirmiş olarıq.
Heydər Əliyevin bu məsələdə özünəməxsus
üsulu vardı. O, rəsmi tədbirlərdə, protokol
çıxışlarında söz ustalarını
partiyanın ədəbiyyat qarşısındakı tələblərinə
ciddi şəkildə əməl etməyə
çağırırdı. Partiyanın irəli
sürdüyü mövzuları qabardırdı. Hətta
əsərlərində o dövr üçün müəllifinə
risk yarada biləcək müəyyən
yanlışlıqlara yol vermiş qələm
adamlarını yüngülvari tənbeh etməsi də
olurdu.
Kreml qarşısında göstəri üçün
bu, çox vacib idi.
Amma çox tez-tez baş verən qeyri-rəsmi söhbətlərdə,
görüşlərdə yaradıcı ziyalılar
qarşılarında tamam başqa bir Heydər Əliyev
görürdülər. Bu görüşlər qələm
adamlarına milli ruhun oyanışına hədəflənmiş
yeni-yeni mövzular və bu mövzular üzərində
işləməyə cəsarət verirdi. Onları öz əsərlərində milli
ideyaları gündəmə gətirməyə ürəkləndirirdi.
Heydər Əliyev öz milli ideyalarını məhz
yaradıcı insanlar vasitəsilə həyata keçirirdi. Çünki
o dövrün reallıqları baxımından bu, xalq
üçün ən təsirli, fərd üçünsə
nisbətən ən təhlükəsiz yol idi.
***
Heydər Əliyev yazıçı, şair deyildi,
SSRİ Yazıçılar İttifaqının üzvləri
qarşısındakı unudulmaz
çıxışlarından sonra İttifaq rəhbərliyinin
bu quruma fəxri üzvlük təklifini də özünəməxsus
yumorla qarşılamışdı.
Amma Heydər Əliyev xilqətən ədəbiyyat
adamı idi.
O, kitablar dünyasından, sənət aləmindən gəlmişdi
və dünyada özünü bəlkə də ən rahat
hiss etdiyi yer yazıçıların, şairlərin,
ümumilikdə yaradıcı adamların mühiti idi, onlarla
ünsiyyətdə olduğu ortamlar idi.
Heydər Əliyev özü peşəkar ədəbiyyat,
sənət mənasında hər hansı sənət əsərinin
müəllifi deyildi. Onun yaratdığı ən böyük
sənət əsəri bu günkü müstəqil Azərbaycan
dövlətidir. Amma ötən əsrin
60, 70, 80-ci illərində yaradılmış hər bir cəsarətli
əsərin sonuna, bu əsərin əsas müəllifi ilə
yanaşı, böyük qətiyyətlə, Heydər
Əliyevin də imzasını qoymaq olar.
Çünki o əsərlərdə müəllifin
düşüncələri, yaradıcılıq istedadı
ilə bahəm, Heydər Əliyevin verdiyi ideyalardan, cəsarətdən,
ruhdan da nələrsə var.
Azərbaycanın müstəqilliyinin ilk illərindəki
çətin və təlatümlü günlərdə də
Heydər Əliyev yaradıcı insanlardan öz isti
münasibətini əsirgəmədi.
Yazıçılar Birliyinin binasının İngiltərə
səfirliyinə verilməsi məsələsi ortaya
çıxanda Heydər Əliyevin bu olaya necə müdaxilə
edib binanı yazıçılar üçün qoruması
məqamına dəyərli xalq şairimiz Vaqif Səmədoğlu
qurultayda dilə gətirdiyi xatirələrdə toxunmuşdu.
Heydər Əliyev yaradıcı insanlarımızın
dar məqamda güvəndikləri, kömək istəməkdən
çəkinmədikləri, buna ərk etdikləri qüdrət
sahibi idi.
Heydər Əliyev özü də milli məsələlərdə
həmişə yazıçılara, şairlərə
güvənirdi. Diplomatik etiketlər, siyasi maneələr
səbəbindən özünün dilə gətirə bilmədiyi
mətləblərin ifadəsində yaradıcı insanlara,
onlarla səmimi münasibətinə güvənirdi.
***
Azərbaycan
Prezidentinin yazıçılarımıza yubiley təbriki məktubunda
bir cümlə məni çox tutdu və xeyli
düşündürdü: "Qloballaşma şəraitində
Azərbaycan ədəbiyyatı qarşısında duran
problemlər olduqca mürəkkəb və
genişmiqyaslıdır".
Həqiqətən, indi yazıçılar
üçün zaman çox dəyişib. Yazıçının
yaşı zamanın sürətindən geri qalmaq, ədəbi
proseslərdən kənara çəkilmək
üçün bəhanə sayıla bilməz. Qurultayqabağı Yazıçılar Birliyinin rəhbərliyinə
qarşı bu xüsusda irəli sürülən bəzi
fikirlərə ən tutarlı cavab elə Birliyin sədri,
xalq yazıçısı Anardan gəldi. Onun bu fikirlərə cavabı təxminən belə
idi ki, içində çalışmaq eqşi olan və
bunu əməlləri ilə aşkara
çıxarmağı bacaran insan üçün yaş
heç bir maneə deyil. Əsas olan
ürəkdir, qəlbdir, yazıb-yaratmaq, ədəbi prosesləri
yönləndirmək əzmidir.
Dəyişən zaman geniş imkanlarla bir arada
qarşıya saysız-hesabsız cavabsız suallar da qoyur.
Qloballaşma dövrünün Azərbaycan ədibi,
şairi nədən yazmalıdır?! Necə
yazmalıdır?!
Ədəbiyyat intəhasız azadlıq deməkdir. Yazıçıya
nələrisə diktə etmək olmaz. Ona nədən
və necə yazmağı diktə edəcək yalnız bir
qüvvə var. Bu da öz ürəyidir...
Həyatın
ağrı-acılarını özündən keçirib
ona rahatlıq verməyən, hər döyüntüsü ilə
onu yazı masasına tərəf çəkən,
saxlancındakıları kağıza boşaltmayınca aram olmayan yazıçı ürəyi...
Əsl yazıçı ancaq ürəyinin
hökmünə tabe olmalıdır. Qəlbinin diktə
etdiklərini qələmə almalıdır.
Amma əgər bir yazıçının ürəyi
Vətənin ağrı-acılarına öz
qapılarını bağlayacaqsa, Qarabağ boyda dərdi
görməzdən gələcəksə, bəşəriyyət
tarixinin Xocalı kimi utancından, ağrısından
sızlamayacaqsa, daha bu nə yazıçı qəlbidir ki?!
Daha bu qəlb
nəyə yarar ki?!.
***
Qloballaşmanın, internetin cızdığı yeni sərhədlər,
əslində sərhədsizlik qarşımızda yeni
imkanlar açır. Əfsuslar olsun ki, hələlik bu
imkanlardan lazımi səviyyədə barına bilmirik.
Ən ciddi problemlərdən biri ana dilimizdə qələmə
alınmış əsərlərin dünyanın başqa
dillərinə keyfiyyətli tərcüməsi məsələsidir.
Ana dilində yazılmış hər bir ədəbi əsər
xalqın ruhunun səsidir, milli ruhun tərcümanıdır. Amma bu səsi,
bu ruhu kənar dil mühitlərinə aid
başqalarının da duyması üçün ədəbi
tərcümə məsələsi öz həllini
tapmalıdır.
Nə qədər yaxşı əsər olursa-olsun,
başqa dillərə yüksək şəkildə
çevrilməyənə qədər bir əsərin
auditoriyası yalnız milli məkan hüdudları ilə məhdudlaşıb
qalacaq. Beləliklə, bəlkə də bütün
dünyada "bestseller"ə çevriləsi bir əsər
öz layiqli qiymətini ala bilməyəcək.
Bizim yazdıqlarımıza ölkə
hüdudlarından kənarda olan maraq, əslində,
düşündüyümüzdən də
böyükdür. Buna başqa dillərə tərcümə
edilmiş kitablarımızın xarici ölkələrdə
təqdimatı zamanı dəfələrlə şahid
oluruq.
Viktor
Andriyanovla birgə qələmə aldığımız
"Görkəmli adamların həyatı"
seriyasından "Heydər Əliyev" kitabı
dünyanın 33 dilinə, müəllifi olduğum
"İlham Əliyev - bioqrafiya davam edir" kitabı 6 dilə,
"Zərifə Əliyeva" kitabı isə 5 dilə tərcümə edilib. Bu, dünyanın üst-üstə 100-ə qədər
ölkəsində Azərbaycanla, onun tarixinin bir
parçası ilə, şəxsiyyətləri ilə ədəbiyyatın
yaratdığı tanışlıq imkanı deməkdir.
Müxtəlif ölkələrə səfərlərimizdə,
xarici ədəbi çevrələrdə ünsiyyətdə
olduğumuz tanınmış ədəbiyyat adamları ilə
söhbətlərimizdə bu sözü tez-tez eşidirik.
Bizdə yaxşı əsərlərin
olduğunu onlar etiraf edirlər. Belə əsərlər
indinin özündə də yaranır.
Di gəl ki, bu ədəbi nümunələrin
dünyaya çıxarılması mexanizmini bilmirik. Fikrimcə, qloballaşma
dövründə dövlətin milli ədəbiyyatımızın
inkişafı istiqamətində görə biləcəyi ən
böyük iş belə bir mexanizmin müəyyənləşdirilməsindən,
Azərbaycan ədəbiyyatı nümunələrinin xarici
ölkələrin oxucu auditoriyalarına
çatdırılmasına dəstək verməkdən ibarət
ola bilər.
Əgər
bunu edə bilsək, əmin ola bilərik
ki, Azərbaycan yazıçılarından hansısa birinin ədəbiyyat
üzrə Nobel mükafatına layiq görülməsi o qədər
də uzaq olmayan illərin perspektividir.
Amma bundan da əvvəl Azərbaycan
yazıçısını məhz Azərbaycan oxucusuna
tanıtmalıyıq, sevdirməliyik. Çünki
yazıçını yetirən, yaradıcılığa həvəsləndirən
oxucu marağıdır.
***
İndi əksər postsovet ölkələrində
olduğu kimi, Azərbaycanda da kitab, ədəbiyyat gəlirli
biznes sayılmır. Azərbaycan Yazıçılar Birliyinin 80 illik
yubileyinə təşrif gətirmiş görkəmli qazax
şairi və ədibi, türk dünyasının dəyərli
övladlarından olan Oljas Süleymenov jurnalistlərlə
söhbətində bu problemin təkcə Azərbaycanda yox,
Rusiyada, Qazaxıstanda da olduğunu etiraf etdi: "Əvvəl
dövlət ədəbiyyata dəstək verirdi. İndi dövlət deyir ki, söz
azadlığıdır, ədəbiyyatla özünüz
qazanın. Yəni, ədəbiyyat
artıq bazara çıxıb, əmtəəyə
çevrilib. Amma təəssüf ki, gəlir
azdır".
Bu gün Azərbaycanda da yazıçıların yetərincə
çətinlikləri var. Yazıçılar əsərlərinə
görə qonorar ala bilmirlər. Kitablar lazımi səviyyədə
satılmır. Ədəbiyyat, bir növ,
yazıçı adına iddialı
insanların fədakarlığının, yaradıcı
hobbisinin ümidinə qalıb.
Azərbaycanda kitab oxucuları həmişə olub və
indi də var. Amma onların sayı bizə durumdan şikayətlənmək
və çıxış yolları barədə
düşünmək üçün ciddi əsaslar verir.
Bu məsələdə
televiziyaların üzərinə ələlxüsus
böyük iş düşür. İndi əsasən
çal-çağır, şou ovqatında köklənmiş
teleməkanın kitabı, ədəbiyyatı əsas təbliğat
mövzusuna çevirməsinə böyük ehtiyac var.
Lütfən "belə verilişlərə kimsə
baxmaz", "bu verilişlər reytinq gətirməz"
deyib şouya davam etməyək. Televiziyanın - bu sehrli
güzgünün insanların şüuruna təsir
baxımından bacarmayacağı bir iş yoxdur. Uğurlu vasitələrlə, peşəkar
yanaşma metodları ilə ədəbiyyatı təbliğ
etməyin yollarını tapmaq olar. Elə etmək olar
ki, bu gün hansısa müğənninin evlənib-boşanma
məzhəkəsini qlobal mövzu gözündə görən
tamaşaçı bu mənasız və faydasız
marağı kitablara, ədəbiyyata, ədəbi qəhrəmanlara,
ədəbiyyatın təlqin etdiyi ideallara dəyişsin...
Sadəcə, televiziyalarımız yolun çətinini
seçməkdən çəkinməməlidirlər.
***
Yazıçıların qurultayında rayon yerlərində
kitabxanaların, kitab mağazalarının olmaması da
ağrılı problem kimi gündəmə gəldi və bu
mövzuda narahat müzakirələri dinləyincə sovet
dövründə rayon yerində keçən
uşaqlığımı xatırladım.
O illərdə
kəndlərimizin çoxunda asfalt yollar, qaz, telefon rabitəsi
yox idi. İşığı da bəzi kəndlərə
sonradan çəkmişdilər, tək-tük evlərdə
radioya rast gələrdin. Amma o kəndlərin
hər birində kitabxanalar vardı. O kitabxanalara yeni
kitablar gedərdi. İnsanlar o kitabxanalardan evlərinə
qucaq-qucaq ədəbiyyat daşıyıb gecələr
çıraq işığında
uşaqlı-böyüklü mütaliə edərdilər.
Maraqlı
bir kitab kəndlərdə evdən-evə, əldən ələ
gəzərdi...
Ata-analar
yenicə dünyaya gəlmiş övladlarına sevimli ədəbi
qəhrəmanlarının adlarını
yaraşdırardılar...
Onda çoxumuzun dünyada, tutalım, Kolumbiya adlı
dövlətin mövcudluğundan xəbərimiz yox idi. Amma
Kolumbiyanın hansısa yazıçısını
tanıyırdıq, onun əsərlərindən xəbərimiz
vardı.
O illərin
uşaqları indikilərdən fərqli olaraq kompüter
qarşısında əyləşib dünyanın
ayrı-ayrı şəhərlərini virtual səyahətə
çıxmaq imkanından məhrum idilər. Amma sevimli
yazıçılarımızın - Viktor Hüqonun, Rəşad
Nuri Güntəkinin, Dostoyevskinin, Cek Londonun əsərlərində
onların təsvir etdikləri məşhur şəhərlərin
- Parisin, İstanbulun, Sankt-Peterburqun, Nyu-Yorkun küçələrində
asudə gəzib dolaşardıq...
***
Yaşlı
və gənc yazarlar...
Çoxumuz
üçün tanış mövzudur. Və fikrimcə, bu, təkcə indinin məsələsi
deyil. Ədəbiyyatın bütün
mövcudluq tarixi boyu ədəbi nəsillər arasında
daimi ixtilaflar baş verib.
Özüm
də gənc olmuşam, yaşlı nəslin mühafizəkarlığını
da görmüşəm, senzura qılıncının
itiliyini də, onların həssaslığını da,
qısqanclığını da,
etinasızlığını da...
İndiki ədəbi gəncliyin müəyyən bir kəsimi
də onlara qarşı "eyni" münasibətdən rəncidədirlər.
Ara-sıra bu mövzuda baş verən qalmaqallara
qarışmağı, hansısa formada münasibət bildirməyi
heç vaxt arzulamamışam. Amma indi düşünməli
oluram: gənclərimiz öz mövqelərində
haqlıdırlarmı?!
Vaxtım, imkanım olduğu qədər gənclərimizin
yaradıcılığını izləməyə, onlarla
ünsiyyətdə olmağa çalışıram. Aralarında
istedadlıları yetərincədir. Əsərlərində,
söhbətlərində çox iddialı
görünürlər. Bu, yaxşı cəhətdir.
Çünki gəncliyi, ələlxüsus
onun yaradıcı kəsimini iddiasız təsəvvür etmək
mümkün deyil. Amma bu gənclərin
çoxunun iddialarının istedadlarını üstələməsi,
bu iddiaların arxasında əsl yaradıcı istedadın
deyil, ucuz qeybətlərin, mənasız qalmaqalların
görünməsi adamı məyus edir.
Biz gənclərimizə əlimizdən gələn
köməyi göstərməyə
çalışırıq, onlara yeni mövzular, ideyalar
veririk, amma əfsuslar olsun ki, bu mövzular, bu ideyalar gənclərimizin
qələmində öz ifadəsini tapa bilmir.
...Və reallıq budur ki, müasir Azərbaycan ədəbiyyatı dedikdə, yenə də ağla gələnlər - ədəbi aləmə ötən əsrin 60-70-ci illərində qədəm qoymuş qələm sahiblərinin adlarıdır. Müasir ədəbiyyatımızın yükünü çəkən məhz bu insanlardır...
Ədəbiyyatda sələflər və xələflər məsələsi həmişə aktual olub. Ədəbiyyat həmişə irsin varisliyi üzərində öz mövcudluğunu, inkişafını təmin edib.
Yazıçılar Birliyinin 12-ci qurultayında, Birliyin 80 illik yubileyində kuluar söhbətləri zamanı eşitdiklərim istər-istəməz adamı narahat düşüncələrə çəkir.
Biz ötən əsrin 60-70-ci illərində böyük ədəbiyyata doğru ilk xəfif addımlarımızı atanda önümüzdə Səməd Vurğun, Rəsul Rza, Mir Cəlal Paşayev, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə kimi söz ustadları vardı.
Və biz bu sələflərin xələfi olmaq, o ədəbi nəhənglərin yollarını davam etdirmək iddiası ilə çıxmışdıq yola.
Bəs biz özümüz indi bu yolun davamını kimlərə tapşıracağıq?!
Məncə, günün əsas sualı da elə budur...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan.-2014.-
25 iyun.- S.6.