Leyla Yunus erməni deputatlarla eyni mövqedədir

 

Məlahət İBRAHİMQIZI: "NATO Parlament Assambleyasının seminarında onun ermənilərlə birgə qalmaqal yaratmaq istəyi baş tutmadı"

 

Məlum olduğu kimi, iyunun 16-18-də Bakıda keçirilən Milli Məclisin və NATO Parlament Assambleyasının təşkilatçılığı ilə "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda 86-cı Rouz-Rout seminarında bir sıra mühüm məsələlər müzakirə edildi. İyunun 18-də seminara yekun vuran NATO Parlament Assambleyasının prezidenti Hu Beyli qonaqpərvərliyə görə Milli Məclisin Sədri Oqtay Əsədova və sədrin birinci müavini, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərova təşəkkürünü bildirdi. Qeyd etdi ki, aparılan müzakirələr NATO ölkələrinin bu regionun ölkələri ilə bir çox ortaq maraqlarının olduğunu göstərdi.

Seminar zamanı Ermənistan nümayəndə heyəti və bu ölkənin maraqlarına xidmət edən "hüquq müdafiəçisi" Leyla Yunusun qalmaqal yaratmaq istəkləri baş tutmadı. Erməni deputatların əsassız iddialarına Azərbaycan nümayəndə heyəti tutarlı arqumentlərlə cavab verərək bir daha Ermənistanın işğalçı olduğunu sübuta yetirdi.  Seminarda iştirak edən NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İBRAHİMQIZI seminarla bağlı fikirlərini bizimlə belə bölüşdü:

- Əvvəla, NATO PA-nın seminarının 3-cü dəfə Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisi hesab olunur. Azərbaycan apardığı siyasətlə etibarlı tərəfdaş olduğunu sübut edib. NATO PA-nın seminarları hər ölkədə keçirilmir. Çünki bəzi ölkələr toplantılara yaxşı ev sahibliyi edə bilmir. Bakıda keçirilən 86-cı seminar isə həmişəki kimi yüksək səviyyədə təşkil olunmuşdu. Bəzi ölkələrdə bu seminarlar keçirilərkən qurumun rəhbərliyi iştirak etmir. Ancaq Bakıdakı toplantıya NATO PA-nın prezidenti də qatılmışdı. Bu da Azərbaycan dövləti və onun Prezidentinə olan hörmətdir. Hətta NATO PA-nın prezidentinin səhhətində problem olduğu halda, o da Bakıya gəlmişdi.

Seminarın açılışında Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edərək bildirdi ki,  aparılacaq fikir mübadiləsi, irəli sürüləcək təkliflər Cənubi Qafqaz bölgəsində sabitliyin və təhlükəsizliyin təmin edilməsi sahəsində problemlərin həllinə öz töhfəsini verəcək. Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov isə Rouz-Rout seminarı haqda ətraflı məlumat verdi.

- Müzakirələrdə çıxış edən beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan - NATO PA əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycanın sosial-iqtisadi inkişafına görə qabaqcıl ölkələrdən birinə çevrildiyini etiraf etdilər. Eyni zamanda, Azərbaycanın işğala məruz qalan ölkə olduğunu da söylədilər. Amma erməni deputatlar buna etiraz etməyə çox cəhd göstərdilər.

- Dogrudur. LİNKS Təhlili və Oksford Universitetinin direktoru Dennis Sammut müzakirələrdə çıxış edərək son dövrlər Azərbaycanda gedən iqtisadi inkişafı xüsusi vurğuladı. Bildirdi ki, 10-15 il öncə Azərbaycana səfər etdikdə hər yerdə ölkəmizin işğala məruz qaldığını hiss edib. Amma bu gün Azərbaycan ona qalib bir ölkə kimi təsir bağışlayır. O, müsbət dəyişikliklərdən danışaraq qeyd etdi ki, iqtisadi cəhətdən qüdrətli Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Burada əsas fakt kimi ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmə prinsipləri əsas götürülməlidir. Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır. Dennis Sammutun çıxışı əksər iştirakçı ölkələrin nümayəndələri tərəfindən alqışlarla qarşılandığı halda, erməni deputatlar buna etiraz etməyə başladılar. Yenə yalan, uydurmalar səsləndirərək fikirləri yayındırmağa cəhd etdilər.

- Erməni deputatlar həmişəki kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uydurma məlumatlar verərək Azərbaycan nümayəndə heyətini təxribata çəkmək və tədbiri pozmaq istədilər. Hesab edirsinizmi ki, işğalçı ölkənin nümayəndələri məhz, əvvəlcədən təlimatlanaraq tədbirə qatılmışdılar?    

- Elədir ki, var. Erməni deputatlar təlimatlanaraq Azərbaycana gəlmişdilər. Əvvəllər beynəlxalq toplantılarda Azərbaycan torpaqlarının işğalı ilə bağlı fikirlər səsləndirilsə də, işğalçı dövlətin adını az-az çəkirdilər. Sanki bundan ehtiyat edirdilər. Ancaq bu gün əksər beynəlxalq təşkilatların nümayəndələri Ermənistanın işğalçı dövlət olduğunu söyləyir. Bakıda keçirilən toplantıda da bir daha bu faktlar səsləndi və erməni deputatlar çıxılmaz duruma düşdülər. Buna baxmayaraq onlar seminar başlayandan Azərbaycanla bağlı yalanböhtanlar səsləndirməyə başladılar. Guya Azərbaycan sülhə hazır deyil və Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Ermənistanı düşmən ölkə adlandırır. Amma nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov onların bütün iftiralarına, böhtanlarına təkzibolunmaz faktlarla cavab verdi. Nümayəndə heyətimizin üzvü, deputat həmkarım Siyavuş Novruzov da Azərbaycanın torpaqlarının faktiki olaraq Ermənistan tərəfindən işğal olunduğunu və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu konkret faktlarla iştirakçılara, o cümlədən Ermənistan nümayəndə heyətinə xatırlatdı. Ancaq onlar yenə də öz əməllərindən çəkinməyərək tədbirdə qalmaqal salmağa çalışırdılar. Digər üzv ölkələrin nümayəndələri də Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini vurğulayanda, yenə erməni deputatlar qəsdən aranı qatmağa çalışır, mövzunu başqa istiqamətə yönəltmək üçün arqumentsiz fikirlər səsləndirirdilər. Onların bütün cəhdləri hədər getdi. Layiqli cavablarını aldılar və toplantı iştirakçıları erməni  xislətinin bir daha şahidi oldular.

- Seminarda iştirak edən "hüquq müdafiəçisi" Leyla Yunusun çıxışı da erməni deputatların cıxışından fərqlənmədi. Bunu necə qiymətləndirirsiniz?

-  Ermənistan nümayəndə heyətinin məqsədi hər kəsə bəlli idi. Onlar işğalçı ölkənin rəhbərliyinin apardığı siyasətə don geyindirmək və özlərini məzlum millət kimi qələmə vermək istəyirdilər. NATO PA tərəfindən tədbirə dəvət olunan Azərbaycan vətəndaşı hesab olunan Leyla Yunus da erməni deputatlarla eyni mövqe sərgiləyirdi. Müzakirələr zamanı bu şəxs hədsiz dərəcədə təhqirlərə, böhtanlara əl atırdı. Damarında azərbaycanlı qanı axan insan o cür mövqe sərgiləməzdi. Onun çıxışı Ermənistandan gələn nümayəndələrin çıxışından da çox radikal idi. Azərbaycanın çörəyini yeyib, suyunu içən bir ölkə vətəndaşı dövlətimizin, millətimizin düşmənlərinə, Azərbaycanın inkişafını görmək istəməyən qüvvələrə xidmət  edir. Ona görə də hesab edirəm ki, Azərbaycan ictimaiyyəti Leyla Yunus kimilərinə qarşı mübarizə aparmalıdır. Çünki Dağlıq Qarabağ məsələsi bizim qeyrət, şərəf məsələmizdir. Belə bir ümummilli problemimizi müzakirə etdiyimiz mötəbər tədbirdə Azərbaycanı sevməyən qüvvələrdən maliyyə dəstəyi alaraq ölkəmizə qarşı çirkin kampaniya aparan şəxslə ölkə ictimaiyyəti barışmamalıdır. Onlara qarşı qətiyyətli mövqe göstərməlidir.

- Leyla Yunusun belə mövqeyi və hərəkəti NATO PA-nın rəhbərliyi və digər təşkilatların üzvləri tərəfindən necə qarşılandı?

- Qeyd etdiyim kimi, Ermənistan nümayəndə heyəti səsləndirilən faktlara dözümsüz yanaşaraq tədbirin gedişini pozmağa, müzakirələrin mövzusunu yayındırmağa cəhd edirdi. Deyirdilər ki, Azərbaycan bəzi məlumatları guya şişirdir.  Ancaq xarici dövlətlərin təmsilçiləri qeyd edirdilər ki, əgər sayından asılı olmayaraq qaçqın və məcburi köçkün varsa və dövlətin az da olsa, torpağı işğal edilibsə bu, işğal faktıdır. Ona görə də ermənilər mövzunu dəyişməyə çox can atırdılar. Leyla Yunusa gəldikdə o, fasilədə özünü çox gülünc vəziyyətə saldı. Öz şəklini vurduğu lövhələri nümayiş etdirib guya kiminsə diqqətini cəlb etmək istəyirdi. Amma beynəlxalq təşkilatların nümayəndələri ona əhəmiyyət belə vermirdilər. Çox yaxşı oldu ki, həmin nümayəndələr Leyla Yunusu tanıdı. O danışdıqca, hamı sanki cizgi filminə tamaşa edirdionun ikrah doğuran hərəkətlərini qınayırdılar. Bir neçə səfir isə dedi ki, bu qadın özünü ifşa elədi. Bir sözlə, nə ermənilərin, nə də Leyla Yunusun toplantıda qalmaqal yaratmaq istəyi baş tutdu.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 25 iyun.- S.5.