Qəbələdə V Azərbaycan-Rusiya
Regionlararası Forumu başa
çatmışdır
İyunun
23-24-də Qəbələdə “Regionlararası əməkdaşlıq:
yeni inkişaf imkanları” mövzusunda keçirilən V Azərbaycan-Rusiya
Regionlararası Forumu işini başa
çatdırmışdır.
AzərTAc xəbər verir ki, yekun plenar iclasda forumda keçirilən “dəyirmi masa” moderatorlarının hesabatları dinlənilmişdir. Forumda ümumilikdə kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlığın perspektivlərinə, humanitar əlaqələrə, nəqliyyat, energetikaya dair “dəyirmi masa”lar keçirilmişdir.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirmişdir ki, forum geniş mövzuları əhatə etmiş, səmərəli müzakirələr aparılmışdır.
Çıxış edənlər bildirmişlər ki, Forum çərçivəsində iclaslarda turizm sahəsində yeni əməkdaşlıq imkanları, hər iki ölkənin turizm potensialı müzakirə edilmiş, kənd təsərrüfatı sahəsində təcrübəyə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə dair ətraflı fikir mübadiləsi aparılmış, şirkətlər tərəfindən müxtəlif təqdimatlar keçirilmişdir.
Eyni zamanda, Azərbaycan tərəfdən Mərkəzi Bankın və bir sıra kommersiya banklarının, Sahibkarlığa Kömək Milli Fondunun, Rusiya tərəfdən isə müxtəlif bankların nümayəndələrinin qatıldığı bankçılıq üzrə “dəyirmi masa”da Azərbaycan və Rusiya bankları arasında əməkdaşlığın inkişaf tarixi, əldə olunan nailiyyətlər, birgə həyata keçirilmiş layihələr və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
İclaslar çərçivəsində
hər iki ölkənin sahibkarları əməkdaşlıq
imkanlarını araşdırmışlar. Bundan
əlavə, tərəflər humanitar
sahədə yüksək səviyyədə olan
əlaqələri daha da
genişləndirməklə bağlı fikir
mübadiləsi aparmışlar. Azərbaycan və
Rusiyanın energetika və nəqliyyat sahələrində
uğurlu əməkdaşlığı
qeyd edilmiş,
perspektivdə görüləcək işlərdən
danışılmışdır.
Azərbaycan.-2014.- 25 iyun.- S.8.