Mədəniyyət və turizm naziri Xırdalan

 şəhərində vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xırdalan şəhərində vətəndaşları qəbul etmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Abşeron Rayon Mədəniyyət Mərkəzində keçirilən qəbula Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarından 30-a yaxın vətəndaş yazılmışdır.

Əvvəlki qəbullarda olduğu kimi, bu dəfə də vətəndaşların müraciətləri əsasən tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə ev-muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin keçirilməsi, istedadlı gənc musiqiçilərə təqaüdlərin verilməsi və s. məsələləri əhatə etmişdir. Sumqayıt şəhərində turizmin inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, Abşeron rayonunda dövlət teatrının yaradılması barədə təşəbbüslər, eləcə də işlə təminat və digər sosialyönümlü məsələlərlə bağlı müraciətlər də diqqətə çatdırılmışdır.

Nazir Əbülfəs Qarayev mətbuata açıqlamasında əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini qeyd etmiş, vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlığının təqdirəlayiq olduğunu bildirərək demişdir:Bugünkü qəbulda abidələrlə, onların bərpası ilə bağlı məsələlərin daha çox səslənməsi vətəndaşların tarixi-mədəni irsimizə diqqətindən xəbər verir. Biz bu təşəbbüsləri yüksək qiymətləndiririk”.

Bütün xahiş və təkliflərin diqqətlə nəzərdən keçiriləcəyini deyən nazir mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyətinin, incəsənət məktəblərində təhsilin təşkili ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu bildirmişdir. Vurğulamışdır ki, burada qaldırılan bəzi məsələlər nazirlik olaraq bizinarahat edir. Məsələn, musiqi və incəsənət məktəblərində tədrisin ikinci növbəyə düşməsi həm müəllimlər, həm də şagirdlər üçün əlavə çətinliklər yaradır ki, bu da kompleks yanaşma ilə həll olunmalıdır.

Qəbuldan sonra Əbülfəs Qarayevinnazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirilmişdir.

 

Azərbaycan.-2014.- 25 iyun.- S.10.