Azərbaycan Prezidenti İlham Əliyev
Avropa
Şurası Parlament
Assambleyasının sessiyasında nitq söyləmişdir
Xəbər
verdiyimiz kimi, iyunun 24-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurası Parlament
Assambleyasının (AŞPA) sessiyasında nitq söyləmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayan AŞPA-nın sədri xanım Ann BRASÖR dedi:
- Hörmətli Prezident.
Assambleyanın iclas zalına xoş gəlmisiniz.
Bu zal Sizə çox
tanış gəlir. Keçmişdə parlamentdə fəaliyyət
göstərmisiniz, Assambleyanın üzvü və sədr
müavinlərindən biri kimi burada olmusunuz. Həmçinin
Strasburqa səfərlərinizi, məsələn, 2004-cü
ildəki səfərinizi xatırlayırıq. Biz Azərbaycanın
bu təşkilatın Nazirlər Komitəsində sədrlik
etdiyi dövrdə Avropa Sarayında Sizi salamlamaqdan olduqca məmnunuq.
Mən, həmçinin
bütün nümayəndə heyətinizi, xarici işlər
nazirinizi və heyətinizin digər üzvlərini də
salamlamaq istərdim. Xarici işlər naziri burada bazar ertəsi
artıq çıxış edib. İcazənizlə bir
qeydi nəzərinizə çatdırım. Nümayəndə
heyətinizdə yalnız kişiləri görürəm. Bu
da, həmçinin gələn səfəriniz zamanı həll
olunar.
Cənab
Prezident, Assambleyamızın oynadığı rol
bütün üzv dövlətlərə, xüsusən də
öz ərazilərində münaqişə vəziyyəti
ilə üzləşən üzv dövlətlərə dəstək
verməkdən ibarətdir.
Cənab
Prezident, dünən açılış nitqimdə bir daha
vurğuladığım suverenlik və ərazi
bütövlüyü ilə bağlı prinsipial
mövqeyimiz Sizə çox yaxşı məlumdur. Müstəqilliyin
əldə edilməsi, dövlətin ərazi tərkibindən
regional vahidlərin çıxması silahlı
münaqişə hesabına deyil, yalnız qanuni və dinc
proses vasitəsilə baş tuta bilər.
Dağlıq
Qarabağ münaqişəsinə gəldikdə, diplomatik səylər
artırılmalıdır. Sizi əmin etmək istərdim ki,
Assambleya bu prosesi ATƏT-in Minsk qrupu çərçivəsində
dəstəkləməyə hazırdır. Eyni zamanda, biz
dialoqun gücləndirilməsi və irəliləyişin əldə
edilməsində çox vacib olan etimad mühitinin
yaradılması üçün Ermənistan və Azərbaycan
parlamentariləri, nümayəndə heyətlərinin
üzvləri ilə də işi davam etdirməyə
hazırıq.
Cənab
Prezident, 2004-cü ilin aprel ayında Assambleyadakı
çıxışınızda Siz qeyd etdiniz ki, iqtisadi
artım və cəmiyyətinizin demokratikləşdirilməsi
ölkənizdə siyasətin əsas elementləridir. Sizinlə
tam razıyam ki, bunlar bir-birindən ayrı mövcud ola bilməz
və Siz bunu haqlı olaraq qeyd etdiniz. Mən 2004-cü ildəki
çıxışınıza istinad edirəm. Siz iqtisadi
baxımdan güclü ola bilərsiniz, lakin əgər sizdə
demokratiya və şəffaflıq olmasa, insan hüquqları
qorunmasa, ölkə heç vaxt uğur qazana bilməz.
Ölkəniz güclü iqtisadi inkişafa və
yoxsulluğun azaldılmasına nail olub. Bu günə qədər
Azərbaycan Avropa Şurasının 59 konvensiyasına
qoşulub və ratifikasiya edib. Eyni zamanda, demokratiya və insan
hüquqlarına aid bir çox məsələlər öz
həllini gözləyir. Siz onları öz
çıxışınızda və verəcəyimiz
suallara cavablarınızda əhatə edəcəksiniz.
Şadam ki, biz bu məsələləri - ifadə
azadlığı, yerdəyişmə azadlığı, təşkilatlanma
azadlığı və mətbuat azadlığını
Bakıya səfərim zamanı və bu gün səhər
iş otağımda Sizinlə açıq və konstruktiv
qaydada müzakirə etmək imkanımız oldu. Həmçinin
mənim xahişimlə hazırda ölkənizdə həbs
olunmuş hüquq müdafiəçiləri və jurnalistlər
ilə bağlı bizim söhbətlərimiz oldu.
Cənab
Prezident, ümidvaram ki, ölkənizin sədrliyi Azərbaycanın
maraqlarına, digər avropalılar kimi ləyaqət,
demokratik hüquq və azadlıqlara malik olmalı, irəliləyiş
və inkişafın faydasından yararlanmalı ölkənizin
bütün əhalisinin maraqlarına uyğun islahatlar
prosesini sürətləndirmək imkanını
yaradacaqdır. Bilirəm ki, cənab Prezident, mən və biz
dəstəyinizə arxalana bilərik. İndi isə
sözü Sizə vermək istəyirəm. Buyurun söz
Sizindir.
Dövlətimizin
başçısı sessiyada nitq söylədi.
Azərbaycan Prezidenti İlham
Əliyevin nitqi
- Hörmətli
xanım sədr.
Xanımlar
və cənablar.
Əvvəlcə,
xanım sədr, dəvətinizə görə minnətdarlığımı
bildirmək istəyirəm. Strasburqda yenidən olmaqdan
böyük şərəf və iftixar hissi duyuram. Həmçinin
burada on il öncə söylədiyim nitqimə istinad etdiyinizə
görə minnətdaram. Mən sadəcə on il öncə
söylədiyim sözləri bir daha təsdiqləyə bilərəm
ki, bu, islahatlara aid mövqeyimizdir. Müstəqillik illərində
Azərbaycanın uğurlu inkişafı göstərdi ki,
iqtisadi və siyasi islahatlar paralel şəkildə həyata
keçirildiyi təqdirdə uğurla nəticələnir.
Əlbəttə
ki, biz islahatlarımızı davam etdirəcəyik.
AŞPA-nın
sədri Ann Brasör:
- İcazə
verin, cənab Prezident. Əvvəlcə, mən mətbuatdan
xahiş edirəm ki, onlar zalı tərk etsinlər, çünki
üzvlərimiz Prezidenti görə bilmirlər. Həmçinin
Sizi dinləməyə gələn insanlara xatırlatmaq istərdim
ki, onlara hər hansı razılıq və ya narazılıq
aktını burada nümayiş etdirmək icazəsi verilmir.
Mətbuatdan xahiş edirəm ki, mətbuat parlamentarilərimiz
üçün görünüşü kəsməsin.
Burada, fikrimcə, bir kamera ilə yenə də problem qalır
ki, biz bu məsələni həll etməliyik. Sağ olun.
Cənab
Prezident, sözünüzü kəsdiyimə görə
üzr istəyirəm, çünki mən hər şeyin
qaydasında olmasına nəzarət etməliyəm. Söz
yenidən Sizə verilir.
Prezident
İlham Əliyev:
- Siz mənə
iki dəfə istinad etdiniz və beləliklə, məni, həmçinin
ən azı iki dəfə dayandıra bilərsiniz. Bir
sözlə, buna hazıram.
Beləliklə,
Azərbaycanda həyata keçirilmiş islahatlar göstərir
ki, onlar paralel şəkildə aparıldıqda gözəçarpan
tərəqqi ilə nəticələnə bilər. Əlbəttə
ki, Azərbaycanın Avropa Şurasında üzvlük illəri
çox sürətli iqtisadi və siyasi dəyişikliklər
illəri oldu. Əslində, Azərbaycandakı islahatlar
müstəqilliyimizin bərpasından bir neçə il
sonra, yəni 1990-cı illərin ortalarında başladı.
Müstəqilliyin ilk illəri xalqımız
üçün həddindən artıq böyük çətinliklərlə
və fəlakətlərlə yadda qaldı. Əvvəlcə,
sosial narazılıq, iqtisadi çətinliklər, siyasi,
iqtisadi və hərbi böhran, Azərbaycanın əvvəlki
rəhbərliyinin yarıtmaz idarəçiliyi, bütün
bunlar elə bir çətin vəziyyətə gətirib
çıxardı ki, hətta dövlətçiliyimiz belə
sual altına çəkilmişdi. Bu vəziyyət nəticəsində
1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi
başladı. Bu, müasir tariximizin ən ağrılı
hissəsinə çevrildi.
Beləliklə,
islahatlar 1990-cı illərin ortalarında başladı. Azərbaycanın
yeni demokratik Konstitusiyası qəbul edildi. İqtisadi və
siyasi islahatlar isə qeyd etdiyim kimi, paralel şəkildə
aparıldı və ölkəmizin müstəqillik illərində
nail olduğu böyük tərəqqi ilə nəticələndi.
Avropa
Şurasına qoşulmaq bizim düşünülmüş
seçimimiz oldu. Çünki biz islahatların genişləndirilməsi
üçün bu təsisatın üzvü olmaq istəyirdik.
Əlbəttə, bilirdik ki, Avropa Şurasına
qoşulmağımız, həmçinin öhdəlikləri
nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik.
Bu günə qədər biz öhdəlikləri yerinə
yetiririk. Xanım sədrin qeyd etdiyi kimi, biz demək olar ki,
60-a yaxın konvensiyaya qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik.
Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə
çox müsbət mühit yaradır.
Fundamental
azadlıqlara gəldikdə, Azərbaycanda bütün
azadlıqlar təmin edilir. Siyasi fəaliyyət
azadlığı vardır. Yüzlərlə siyasi təşkilat,
partiya mövcuddur. İfadə azadlığı, mətbuat
azadlığı vardır. Qırxdan artıq gündəlik
və təxminən iki yüz həftəlik və aylıq qəzet
çıxır. Respublika səviyyəsində doqquz
televiziya kanalı vardır. On dörd bölgə və on
dörd kabel televiziya kanalı fəaliyyət göstərir.
Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin
sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz
böyük sərmayələri tələb edən layihəni
həyata keçirməkdədir: genişzolaqlı internet hər
bir şəhər və kənd üçün təmin
edilməlidir. Digər sözlə, azad internetin
mövcudluğu, senzuranın olmaması şəraitində
biz mətbuat azadlığını məhdudlaşdıra
bilmərik. Əksinə, biz mətbuat
azadlığının tərəfdarıyıq,
çünki media azadlığı demokratiya deməkdir. O,
hökumətə çatışmazlıqlara diqqət
yönəltməyə yardım edir. O, hökumət ilə
cəmiyyət arasında zəruri əlaqələrin
qurulmasına zəmin yaradır. Bu, Azərbaycanın, müasir
Azərbaycanın ən böyük zənginliklərindən
biridir. Biz bundan qürur hissi duyuruq. Bu səbəbdən, biz
bir daha söyləyə bilərik ki, mətbuat
azadlığı tam şəkildə təmin edilir.
Təşkilatlanma
və toplaşma azadlığı, həmçinin tam şəkildə
təmin edilir. Siyasi təşkilatlar bundan yararlanır,
vaxtaşırı nümayişlər keçirirlər. Bu,
dinc şəkildə baş tutur. Bu, həmçinin
islahatlara sadiqliyimizi nümayiş etdirir. Bildirmək istəyirəm,
islahatların həyata keçirilməsi bizim
üçün onunla bağlı deyil ki, biz öhdəliklərimizi
icra edək və ya beynəlxalq təsisatlardan müəyyən
müsbət qiymətlər alaq. Bu, onunla bağlıdır
ki, biz ölkəmizi müasirləşdiririk. On il öncə
qeyd etdiyim kimi, güclü demokratik təsisatlar olmadan iqtisadi
uğurumuz davamlı ola bilməz. Bu səbəbdən iqtisadi
və siyasi islahatlar paralel şəkildə
aparılmalıdır. Cəmiyyətin demokratikləşdirilməsi
cəmiyyətimizdə müsbət əhval-ruhiyyə
yaradır.
Bizdə
dini azadlıq vardır. Bu da ölkəmizin ən
böyük varlığıdır. Biz çoxmillətli və
çox dinlərin olduğu cəmiyyətik. Əsrlər
boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri
Azərbaycanda sülh şəraitində layiqli həyat
sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz
zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri
olacaqdır.
Azərbaycan
2008-ci ildə Avropa Şurasının mədəniyyət
nazirlərinin toplantısında başlamış Bakı
prosesinin təşəbbüskarı olub. Biz həmin tədbirə
İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət
nazirlərini dəvət etdik. Bu, tarixdə ilk dəfə idi
ki, iki mühüm beynəlxalq təşkilatın nümayəndələri
Bakıya toplaşmışdılar. Növbəti il, 2009-cu
ildə əksinə etdik: biz Avropa Şurasının mədəniyyət
nazirlərini İslam Əməkdaşlıq Təşkilatının
Bakıda keçirilən tədbirinə dəvət etdik.
Bir sözlə, multikulturalizm üstünlüklərdən,
böyük varlıqlardan biridir. Sədrliyimiz zamanı biz bu
məsələyə birmənalı olaraq diqqət yetirəcəyik.
Çünki bunun üçün böyük ehtiyac
vardır. Əfsuslar ki, dünyanın müxtəlif yerlərində,
qonşu bölgələrdə, Orta Şərqdə və
Avropada müəyyən narahatlıq yaradan meyllərin
şahidi oluruq. Təcridolunma, ayırma və bəzən ədavət
meyllərini görürük. Biz bu məsələləri həll
etməliyik. Çünki dünyaya töhfə vermək,
daha yaxşı dünyanı, hamı üçün
müvafiq olan dünyanı qurmaq üçün
yaşayırıq. İstəyirik ki, bütün
xalqların, dinlərin nümayəndələri
yaşayış tərzindən asılı olmayaraq, layiqli
şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə
əsaslanan gərginlik halları bütün ölkələr,
o cümlədən çoxmillətli cəmiyyəti olan
ölkələr üçün çox təhlükəlidir.
Digər
prioritetlərə gəldikdə, biz diqqətimizi beynəlxalq
təşkilatların qətnamə və qərarlarının
icrasına yönəldəcəyik. Çünki bizə gəldikdə,
Ermənistan ilə Azərbaycan arasında münaqişəyə
dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa
Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin,
ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və
qətnamələrdən heç biri icra olunmayıb. Beləliklə,
nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul
edilmiş qətnamələrin həyata keçirilməsi
mexanizmi olmalıdır. Bu mexanizm hamımız tərəfindən
yaradılmalıdır. Digər halda, bu qətnamələr
öz mahiyyətini itirir.
Biz beynəlxalq
hüququn norma və prinsiplərini qəti şəkildə
təşviq edəcəyik. Xanım sədrə çox minnətdaram
ki, giriş nitqində Azərbaycanın ərazi
bütövlüyünə dair şərhlərini verdi. Bu,
beynəlxalq hüququn fundamental prinsipidir. Bu, dondurulmuş
münaqişələrin həllində riayət edilməli əsas
prinsip olmalıdır.
Dünən
nazirimiz Parlament Assambleyasında çıxış etdiyi
zaman digər prioritetləri də qeyd edib və mən təfərrüatlara
varmayacağam. Mən sadəcə onları xatırlatmaq istəyirəm:
korrupsiyaya qarşı mübarizə. Bu, prioritetimizdir. Hesab
edirəm ki, Azərbaycanın bu sahədə nadir təcrübəsi
vardır. Əfsuslar ki, bütün keçmiş sovet
respublikalarında eyni problem yaşanır. Korrupsiya mirası ölkəmizin
uğurlu inkişafına ciddi zərbə vurur. Biz Azərbaycanda
bir çox tədbirlər görürük, o cümlədən
inzibati və təsisat islahatlarını həyata
keçiririk ki, korrupsiyaya qarşı uğurla mübarizə
aparaq. Onlardan biri bu yaxınlarda dövlət xidmətləri
proqramının qəbul edilməsi oldu. O, il yarımdır
ki, icra edilir və artıq iki milyona yaxın insan bu dövlət
xidmətləri mərkəzlərinə müraciət edib və
lazımi sənədləri alıb. Bu, Azərbaycanda
korrupsiyanın azaldılmasına böyük təsir göstərdi.
Hesab edirəm ki, bu təcrübə üzv dövlətlər
üçün də maraqlı ola bilər. Cənab baş
katibin Azərbaycana səfəri zamanı o, həmin mərkəzlərdən
birində oldu.
Gənclər
və təhsillə bağlı daxili siyasətimizə gəldikdə,
bu, prioritetlərimizdən biridir. Cəmiyyətimiz gəncdir,
çox dinamikdir və yaxşı təhsilə malikdir. Azərbaycanda
savadlılıq səviyyəsi 100 faizə yaxındır.
Aydın şəkildə anlayırıq ki, yalnız
yaxşı təhsil səviyyəsinə malik olan cəmiyyət
uğurlu inkişafın qarantıdır. Bu, radikalizm və
fundamentalizmə qarşı qarantiya ola bilər. Bu səbəbdən,
təhsil hökumətimiz üçün ən yüksək
prioritetlərdən biridir. Son on ildə Azərbaycanda
üç yüzdən artıq yeni məktəb binası
tikilmişdir. Təhsilin keyfiyyəti də
yaxşılaşır. Eyni zamanda, biz dünyanın
aparıcı universitetləri ilə əməkdaşlıq
proqramlarını həyata keçiririk. Gənc tələbələrimizi
iqtisadi potensialımıza uyğun intellektual potensiala da malik
olmaları üçün təhsil məqsədilə xaricə
göndəririk. Bu, sədrliyimiz zamanı diqqət yetirəcəyimiz
əsas prioritetlər olacaqdır.
Sədrliyimiz
Avropa Şurasında üzvlük tariximizdə mühüm mərhələdir.
Əlbəttə ki, bu sədrlik rotasiya prinsipinə əsaslanan
sədrlikdir. Bu səbəbdən, növbəmiz artıq
çatıb. Lakin, eyni zamanda, bu, bizim üçün
ölkəmizi təqdim etməkdə gözəl fürsət
olacaq və həmçinin müxtəlif Avropa ölkələrində
narahatlıq doğuran mühüm məsələləri həll
etmək imkanını yaradacaqdır. Bunlar demokratiya, qanunun
aliliyi və müxtəlif ölkələrdəki vəziyyətə
bəzən selektiv yanaşma kimi məsələlər
olacaqdır.
Hesab edirəm
ki, sədrliyimiz dövründə birmənalı şəkildə
qaldıracağımız məsələlərdən biri
eyni regionda olan ölkələrə tətbiq edilən
yanaşmada fərqlərin aradan qaldırılmasına aid
olacaqdır. Buna görə, ikili standartlar yanaşmasından
imtina, fikrimcə, sədrliyimiz dövründə Assambleyada
bacardığımız təqdirdə, böyük töhfə
ola bilərdi.
Azərbaycanın
ümumi inkişafına gəldikdə, öncə qeyd etdiyim
kimi, ölkəmiz gəncdir, lakin zəngin tarixə, ənənələrə
və inkişafa malik olan ölkədir. Bizim olduqca fəal
xarici siyasətimiz vardır. Ölkə regionda sabitləşdirici
rol oynayır, çünki Azərbaycanın potensialı
artır. Regional əməkdaşlığa aid təşəbbüslərimiz
qonşularımız tərəfindən dəstəklənir.
Bu gün qonşuluq əlaqələri genişlənir.
İrəli sürdüyümüz təşəbbüslər
bir çox ölkələri əhatə edir.
Beynəlxalq
ictimaiyyət bizi güclü şəkildə dəstəkləyir.
Nüfuzumuz beynəlxalq təsisatlar qarşısında
çox müsbətdir. Ən böyük diplomatik
uğurumuz Azərbaycanın BMT-nin Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi oldu.
Özünü dünyaya təqdim etməyi arzulayan gənc
dövlət üçün bu, böyük nailiyyət idi və
biz bundan fərəhlənirik. Eyni zamanda, 155 üzv ölkənin
namizədliyimizin lehinə səs verməsi faktından da
qürur hissi duyuruq. Beləliklə, beynəlxalq ictimaiyyətin
əksər hissəsi Azərbaycana etimad göstərir, onu dəstəkləyir
və etibarlı tərəfdaş hesab edir. Təhlükəsizlik
Şurasında iki illik üzvlüyümüz zamanı biz bu
qurumda iki dəfə sədrlik etdik. Ümumi qiymətləndirməyə
görə, üzvlüyümüz və sədrliyimiz
çox uğurlu olmuşdur. Biz dünyada sülhə, təhlükəsizliyə,
sabitliyə və proqnozlaşdırmaya böyük töhfə
verdik. Eyni zamanda, Təhlükəsizlik Şurasına
üzvlük ölkəmiz üçün nadir təcrübə
oldu və biz bu təcrübədən gələcək təşəbbüslərdə
istifadə edəcəyik.
Biz beynəlxalq
ictimaiyyətin tam əksəriyyəti ilə çox
konstruktiv münasibətlər qurmuşuq. Avropa ölkələri
ilə ikitərəfli əlaqələrimiz çox
uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır.
Azərbaycan ilə Avropa arasında tarixi əlaqələr
müstəqillik illərində daha da möhkəmlənib.
Eyni zamanda, Azərbaycan müsəlman ölkəsi kimi
İslam Əməkdaşlıq Təşkilatının fəal
üzvüdür. Fikrimcə, nəinki coğrafi baxımdan,
o cümlədən mədəni və siyasi baxımdan
regionumuzda mühüm körpü rolunu oynayırıq. Nə
qədər uğurlu olarıqsa, sivilizasiyalar arasında bir o
qədər mühüm rol oynaya bilərik.
Sivilizasiyalararası Dialoq Forumunun Bakıda keçirilməsi
göstərir ki, Azərbaycan multikulturalizm baxımından
dünya mərkəzlərindən biridir. Bu yaxınlarda isə
ölkəmizdə Dünya Multikulturalizm Mərkəzi
yaradılacaqdır.
Üzləşdiyimiz
problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazi bütövlüyünün
pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi
bütün regionu təhlükə altına salır. Bu,
dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində
donmuş hesab edilə bilməz. O, dondurula bilməz,
çünki münaqişə öz həllini
tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın
tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq
Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər
bu yerlərdə iki yüz ildən az müddət öncə
yaşamağa başlayıblar. Tarixi abidələr,
Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda
erməni işğalçı ordusu tərəfindən
dağıdılıb. Münaqişə Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazisinin
20 faizinin işğalı ilə nəticələnib. Biz erməni
silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə
məruz qalmışıq. Bir milyon azərbaycanlı öz
ölkəsində qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb.
Dağlıq Qarabağ və onun ətrafında yerləşən
yeddi rayon iyirmi ildən artıqdır ki, işğal
altındadır. Bu, çox böyük ədalətsizlikdir.
Artıq
qeyd etdiyim kimi, Dağlıq Qarabağ Azərbaycanın tarixi
hissəsidir. Qarabağ sözünün özü Azərbaycan
mənşəli addır. Bu sahədə bütün
coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda,
beynəlxalq hüquq normaları baxımından Dağlıq
Qarabağ Azərbaycanın tərkib hissəsidir.
Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın
hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən
Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil
qurum kimi tanımayıb. Dünyanın ən ali beynəlxalq
orqanı – BMT-nin Təhlükəsizlik Şurası erməni
işğalçı qüvvələrin işğal
olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul edib. Təəssüf ki, öncə qeyd etdiyim kimi,
bu qətnamələr icra edilməyib. Bu, bir daha ikili standart
siyasətini göstərir. Çünki bəzən
görürük ki, BMT-nin qətnamələri bir neçə
saat ərzində icra edilir. Bizə gəldikdə isə bu,
iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur. Ermənistan
əraziləri tərk etmək istəmir. Onlar işğal
etdiyi ərazilərdən çıxmaq istəmir. Onlar hər
bir şeyi olduğu kimi saxlamaq istəyirlər. Onlar
status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Bu,
beynəlxalq vasitəçilərin göstərdiyi səylərə
tam ziddir. ATƏT-in Minsk qrupu və həmsədrləri,
BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri
– Birləşmiş Ştatlar, Rusiya və Fransa – onların
prezidentləri dəfələrlə aydın bəyan ediblər
ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, Ermənistan
işğal edilmiş ərazilərdən öz
işğalçı qüvvələrini çıxarmağa
başlamalıdır. Lakin onlar beynəlxalq hüquqa sadəcə
məhəl qoymur. Onlar dünyanın aparıcı dövlətlərinin
bəyanatına məhəl qoymurlar. Onlar Avropa Şurası
Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə
məhəl qoymurlar. Müvafiq qətnamələr Avropa
Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları
vardır. Bütün bu qərarlarda işğala son
qoyulması, erməni işğalçı qüvvələrin
zəbt edilmiş ərazilərdən çıxması tələb
olunur. Əfsuslar olsun, münaqişə həll olunmayıb.
Azərbaycan çox konstruktiv şəkildə
çıxış edir. İyirmi ildən artıqdır ki,
biz danışıqlar prosesinə sadiq qalmışıq.
Lakin hər kəs, o cümlədən ermənilər
anlamalıdır ki, bu proses daim davam edə bilməz. Gec ya tez
nə isə baş verə bilər. Buna görə, Ermənistan
rəhbərliyi digər ölkənin ərazisinin XXI əsrdə
zəbt edilməsinin qəbuledilməz olduğunu nə qədər
tez anlasa, bir o qədər onlar üçün yaxşı
olar. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyindən
adekvat yanaşmanı görmürük.
Ermənistanın
əvvəlki Prezidenti burada, demokratiya sarayında
çıxış edərkən bildirmişdir ki, ermənilər
ilə azərbaycanlılar arasında milli uyğunsuzluq
vardır. Onun davamçısı, Ermənistanın indiki rəhbəri
münaqişəyə dini don geyindirir. Bu, tamamilə qəbuledilməz
yanaşmadır. Ondan başlayaq ki, azərbaycanlıların
heç bir digər millətlə uyğunsuzluğu yoxdur. Bəlkə
ermənilərdə bu meyar vardır. Özü də tək
bizimlə deyildir. Bu gün həmin ölkə monoetnikdir. Ermənistan
əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir.
Bütün azlıqlar, o cümlədən azərbaycanlılar
qovulublar. Bu səbəbdən, belə irqçi yanaşma
danışıqlarda üstünlük təşkil edə
bilməz. Biz bu məsələni həll etməliyik, ədaləti
və Azərbaycanın ərazi bütövlüyünü
bərpa etməliyik.
Əfsuslar
olsun ki, bu işğal nəticəsində tarixi abidələrimiz
məhv edilib, məscidlərimiz yerlə yeksan edilib, qəbiristanlıqlarımız
dağıdılıb. İşğal edilmiş ərazilər
bu gün tam məhvə məruz qalmış torpaqlardır.
ATƏT iki dəfə faktaraşdırıcı və vəziyyəti
qiymətləndirən missiyasını işğal
edilmiş ərazilərə göndərib. Onların
hesabatında aydın şəkildə göstərilir ki, hər
şey dağıdılıb. Bu, işğal edilmiş ərazilərdə
erməni vandallığının nəticəsidir. Ərazi
bütövlüyü beynəlxalq hüququn əsas
prinsipidir. Erməni tərəfinin daim istinad etdiyi öz
müqəddəratını təyinetmə prinsipi ölkələrin
ərazi bütövlüyünü pozmamalıdır. Qoy Ermənistan
rəhbərliyi Helsinki Yekun Aktını diqqətlə oxusun
və aydın tərifləri görsün. Bundan başqa, ermənilər
artıq öz müqəddəratını təyin ediblər.
Onlar əslində Azərbaycanın tarixi torpaqları
hesabına yaradılmış Ermənistan dövlətinə
malikdirlər. Bəlkə də Assambleyanın bir çox
üzvü bilmir. Amma erməni nümayəndə heyəti
bunu, əlbəttə, bilir ki, Rusiya imperiyasının
dağılması nəticəsində 1918-ci ildə
yaradılmış Azərbaycan Demokratik Respublikasının ən
birinci fərmanlarından biri İrəvanın paytaxt kimi Ermənistan
dövlətinə verilməsi idi. Bir sözlə, onların
artıq öz dövləti vardır. Onlar bununla neçə
erməni dövlətinə nail olmaq istəyirlər? Onlar
yaşadıqları hər bir yerdə öz dövlətini
yaratmaq istəyirlər? Nəyə görə Azərbaycanda
bu gün belə dövlət olmalıdır? Buna görə,
öz müqəddəratını təyinetmə ərazi
bütövlüyünü pozmalı deyildir. Münaqişə
hamımızın, o cümlədən Ermənistanın tam
məhvinə və fəlakətə aparan bugünkü
hökumətindən əziyyət çəkən erməni
xalqının xeyri üçün mümkün qədər
tez həll olunmalıdır.
Münaqişəyə
baxmayaraq, Azərbaycan iqtisadiyyatı artmaqdadır. Son on il ərzində
Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə
artan iqtisadiyyat olub. Heç bir digər ölkə Azərbaycanın
artırdığı kimi öz iqtisadi potensialını
artırmayıb. Ümumi daxili məhsul 3,5 dəfə
artıb, biz iqtisadiyyatı şaxələndirmişik. Bunun nəticəsində
hazırda iqtisadiyyatımızın qeyri-enerji sektoru ümumi
daxili məhsulumuzun 55 faizini təşkil edir. Bütün beynəlxalq
maliyyə təsisatları islahatlarımızı yüksək
dəyərləndirir. Maliyyə böhranı illərində
əsas reytinq agentlikləri – S&P, Moody`s və Fitch Azərbaycanın
kredit reytinqini artırmışlar. Davos Dünya İqtisadi
Forumu Azərbaycan iqtisadiyyatına Qlobal Rəqabət Cədvəlində
39-cu yeri vermişdir. Bu, o deməkdir ki, biz planlı
iqtisadiyyatdan bazar iqtisadiyyatına maksimal dərəcədə
keçə və eyni zamanda, rəqabətədavamlı
iqtisadiyyat yarada bildik. Azərbaycanda 1 milyon 200 min iş yeri
yaradılıb. Həmçinin milli sərvətin ədalətli
şəkildə paylanılması ölkəmizin əsas
nailiyyətlərindən biridir. Bunun nəticəsində
yoxsulluq səviyyəsi son on il ərzində 49 faizdən 5,3
faizə düşmüşdür. İşsizlik beş
faizdir. Büdcə kəsiri Avropa İttifaqı ölkələri
üçün qəbul edilən limitlər çərçivəsindədir.
Xarici borc ümumi daxili məhsulun səkkiz faizini təşkil
edir. Maliyyə vəziyyəti sabitdir. Sosial proqramlar həyata
keçirilir. Siyasi vəziyyət sabitdir. Öncə qeyd
etdiyim kimi, Azərbaycan beynəlxalq birliyin fəal
üzvüdür. Ölkə müasirləşir və biz gələcəyə
böyük nikbinliklə baxırıq.
Mən
müzakirələr üçün vaxtın çox hissəsini
almaq istəmirəm. İstəyirəm suallar üçün
də vaxt qalsın. Lakin gördüyünüz kimi, ölkəmiz
haqqında saatlarla danışa bilərəm. Bütün
vaxtı çıxışıma sərf etmək istəmirəm.
Sadəcə qeyd edim ki, Nazirlər Komitəsində sədrlik
böyük məsələdir, məsuliyyətdir. Biz buna
hazırıq və əlimizdən gələni edəcəyik
ki, demokratiyanın ümumi dəyərlərinə, qanunun
aliliyinə və azadlıqlara töhfə verək.
Çox
sağ olun.
X X X
AŞPA-nın
sədri Ann Brasör: Çıxışınıza görə
çox sağ olun, cənab Prezident. İndi isə bir
neçə şəxs sizə sual vermək istəyir.
Xatırlatmaq
istəyirəm ki, sizin bəyanat səsləndirmək yox,
sual vermək üçün 30 saniyəniz vardır. Əvvəlcə
siyasi qruplar adından çıxış edən natiqlərə
sual vermək imkanını təqdim etmək istəyirəm.
Birinci natiq sosialist qrupu adından çıxış edən
cənab Maknamaradır.
Maykl
Maknamara: Xanım sədr, cənab Prezident, çox sağ
olun. “Amnesty International”ın məlumatına görə
ölkənizdə 19 siyasi məhbus vardır. Digər təşkilatlar
isə onların daha çox olduqlarını qeyd edirlər.
Buradakı məhkəmə İlqar Məmmədovun həbs
olunmasını qeyri-qanuni bəyan edib və bu həbsin
arxasında duran motiv seçkilərlə bağlı idi. Digəri
isə Anar Məmmədlidir ki, Sizin sonuncu dəfə qalib gəldiyiniz
prezident seçkilərində səhvləri aşkara
çıxarıb. “Nida” fəalları öz fikirlərini
bildirdiklərinə və dinc xarakterli nümayişlər
keçirdiklərinə görə həbs olunublar. Bu qurum
siyasi məhbusların tərifini qəbul edib. Lakin məruzəçiyə
Azərbaycana gəlmək imkanı verilməmişdir.
Bütün bu hadisələr Avropa Şurasının Nazirlər
Komitəsinə sədrlik legitimliyinizi azaltmırmı və
Siz bu məhbusları buraxacaqsınızmı?
AŞPA-nın
sədri Ann Brasör: Çox sağ olun. Cənab Prezident, mən
bu gün keçirdiyimiz görüşdə iştirak edən
şəxslərdən xahiş etmək istəyirəm ki,
onlar burada iştirak etmək üçün gəliblər.
Xahiş olunur, əl çalmayın. Çox sağ olun.
Prezident
İlham Əliyev: Əvvəlcə qeyd etmək istəyirəm
ki, Azərbaycanda siyasi məhbus yoxdur və sizin qeyd etdiklərinizin
hamısı yanlış informasiya əsasındadır, ya da
sizin Azərbaycana qarşı qərəzli mövqeyinizdən
irəli gəlir. Birinci dəfə deyil ki, siz Azərbaycanı
təhqir etməyə çalışırsınız.
Lakin burada hər hansı bir nəzərəçarpan
uğur əldə etməmisiniz və əminəm ki, sizin
dünənki təşəbbüsünüzün nəticəsi
bir neçə il bundan öncə olan təşəbbüsün
nəticəsi ilə eynilik təşkil edəcəkdir. Bunun
da nəticəsi 2013-cü ilin yanvar ayında cənab Ştrasserin
burada fiaskoya uğraması idi. Əfsuslar olsun ki, Azərbaycan
məqsədyönlü təxribatlara məruz qalıb. Biz
bunların mənbəyini və səbəbini bilirik. Bunun
insan haqları və demokratiya ilə heç bir əlaqəsi
yoxdur. Bu, geosiyasi məsələdir. Çox güman ki, sizin
kağız üzərindən oxuduğunuz sualı sizə
Azərbaycana hücum etmək marağı olan tərəflər
veriblər.
Maykl
Maknamara: Mən bunu çıxışlardan
götürürəm.
Prezident
İlham Əliyev: Anlayıram, əgər siz müzakirə
açmaq istəyirsinizsə, biz bunun üçün
başqa yer tapa bilərik.
Buna
görə də Azərbaycanda heç bir siyasi məhbus
yoxdur və cənab Ştrasserin hesabatı da bu zalda
uğursuzluqla nəticələndi. Çünki o hesabat
yanlış informasiyaya, şər və uydurmalara əsaslanırdı.
Siz də indi eyni şeyi etməyə
çalışırsınız. Siz bu səhv informasiyanı
təkrarlamaqla Assambleyanı yanlış fikrə yönəltmək
istəyirsiniz. Azərbaycanda siyasi məhbuslar yoxdur və
ölkəmiz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
üzvüdür. Məhbuslarla əlaqəli bütün məsələlər
öz həllini orada tapa bilər və biz İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına
hörmət edirik. Buna görə, bir daha qeyd etmək istəyirəm
ki, ölkəmizə hücum cəhdləri tamamilə əsassızdır
və bunların heç bir nəticəsi olmayacaqdır.
X X X
AŞPA-nın
sədri Ann Brasör: İndi isə EPP qrupu adından
sözü xanım Bakoyannisə vermək istəyirəm.
Dora
Bakoyannis: Cənab Prezident, icazə verin EPP qrupu adından Sizi
salamlayım. Mən Dağlıq Qarabağ məsələsinə
qayıtmaq istəyirəm. Son illər ərzində bir
çox təşəbbüslər irəli
sürülüb. ATƏT-in Minsk qrupu regionda fəaldır və
Sizin fikrinizcə, Avropa Şurasının Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı hər
hansı təşəbbüslə çıxış etmək
imkanı varmı? Son aylar ərzində vəziyyəti necə
dəyərləndirirsiniz? Sizin fikrinizcə, belə bir təşəbbüsdən
faydalanmaq məqamı olacaqmı?
Prezident
İlham Əliyev: Biz həmişə bu məsələyə
burada – Avropa Şurasında baxılmasının güclü
tərəfdarı olmuşuq. Təşkilata üzv
olmağımızdan bəri bu, belə olub və şərhlərimdə
qeyd etdiyim kimi, 2005-ci ildə Avropa Şurası vəziyyət,
işğal və işğala son qoymaq zərurəti ilə
bağlı qətnamə qəbul edib. Sonra xüsusi komitə
yaradılmışdır. Lakin Ermənistanın
qeyri-konstruktiv mövqeyinə və bu komitəni boykot etməsinə
görə hazırda bu komitə artıq toplaşmır. Buna
görə də düşünürəm ki, beynəlxalq təşkilatlar
bu münaqişəyə nə qədər diqqət
ayırsalar, biz bu məsələnin həllinə daha tez nail
ola bilərik. Çünki qeyd etdiyim kimi, Ermənistan hər
şeyi olduğu kimi saxlamaq istəyir. Ermənistan istəyir
ki, beynəlxalq ictimaiyyət bu münaqişəni unutsun. Ona
görə də onlar düşünürlər ki, Minsk
qrupunun formatı onlar üçün çox əlverişlidir.
Biz
başa düşürük ki, bu gün vasitəçilik
missiyası ilə bağlı Minsk qrupuna alternativ yoxdur,
baxmayaraq ki, onların fəaliyyəti heç bir nəticə
verməyib. Lakin düşünürəm ki, Avropa
Şurası bu məsələyə daha fəal
baxmalıdır və fikrimizcə, xüsusi komitənin fəaliyyətinin
bərpa edilməsi çox vacib addım olardı.
Danışıqların
perspektivlərinə gəlincə, əfsuslar olsun ki, biz bu məsələ
ilə bağlı çox da nikbin deyilik. Ermənilər
status-kvonun dəyişməz olaraq qalması üçün
əllərindən gələni edirlər.
Vaxtaşırı bizim Ermənistan prezidenti ilə ikitərəfli
görüşlərimiz olur, sonuncu
görüşümüz keçən ilin noyabr ayında
Vyanada baş tutdu. Bu görüşün nəticəsində
bizdə müəyyən nikbinlik yaranmışdı və
biz də ictimaiyyət qarşısında bu məsələyə
mövqeyimizi bildirdik. İrəliyə kiçik addımların
atılması, lakin prosesin ləngidilməsi ilə
bağlı köhnə taktika davam etdirilir. Buna görə də,
beynəlxalq ictimaiyyətin fəal iştirakı olmadan
düşünürəm ki, Ermənistan etdiyini davam etdirməyə
çalışacaqdır.
AŞPA-nın
sədri Ann Brasör: Növbəti sual EDD qrupundan Qraf Dandidəndir.
Qraf Dandi:
Cənab Prezident, sualım insan hüquqları sahəsinin təkmilləşdirilməsi
və bu sahədə aparılan islahatlarla bağlıdır.
Avropa Şurası ilə hazırda
razılaşdırılmış ictimai fəaliyyətlə
bağlı tədbirlər planından əlavə, xüsusi
hədəflərə nail olmaq üçün Sizin ölkəniz
hansı tədbirlərə əl atacaqdır?
Prezident
İlham Əliyev: Bu, cənab baş katibin ölkəmizə
səfəri zamanı razılaşdırıldı. Azərbaycan
üçün bu, hərtərəfli bir sənəddir və
Azərbaycan ilə Avropa Şurası arasında gələcək
əməkdaşlıq üzrə yol xəritəsidir.
Əlbəttə ki, insan haqları, qanunun aliliyi və
demokratik islahatlarla bağlı vəziyyət bizim
üçün prioritetdir. Əvvəldə qeyd etdiyim kimi,
bir çox işlər artıq görülüb, lakin bir
çoxunun da görülməsi nəzərdə tutulur.
Əgər tənqid real faktlara əsaslanırsa, biz bu tənqidlərə
çox açığıq. Əlbəttə ki, ola bilsin
Parlament Assambleyasının digər üzvləri kimi, biz də
mükəmməl deyilik. Lakin bəzi hallarda tənqid qərəzli
yanaşmaya əsaslanır. Bu, sadəcə olaraq, Azərbaycanın
nüfuzuna xələl gətirmək üçün bir cəhddir.
Azərbaycanın Avropa Şurasına üzv olduğu illər
sürətli siyasi islahatlar illəri idi və Azərbaycanın
Avropa Şurasına üzv qəbul olunması bizim hökumət,
eyni zamanda, Avropa Şurası üçün düzgün
seçim idi. Buna görə də düşünürəm
ki, gələcək əməkdaşlıq, o cümlədən
bir neçə ay ərzində sədrliyimiz dövründə
demokratik islahatlarla bağlı ölkəmizdə yeni,
yaxşı nəticələr hasil olunacaqdır.
X X X
AŞPA-nın
sədri Ann Brasör: Siyahıda olan növbəti şəxs
LD qrupunun rəhbəri cənab Şukladır.
Cənab
Şukla: Çox sağ olun, xanım sədr. İcazə
verin, öz ana dilimdə sual verim. 2006-cı ildə Azərbaycan
Respublikası Avropa Şurasının korrupsiya ilə
mübarizəyə dair konvensiyasına qoşulub. Bu, bizim
standartlar nöqteyi-nəzərindən çox vacib məsələdir
və aydın təlimatlarımız vardır. Bilmək istəyirəm
ki, həmin vaxtdan bəri bu konvensiyanın və informasiyaya
çıxışla bağlı qanunun tələblərinin
yerinə yetirilməsi, həmçinin maliyyə vəsaitləri
və əmlakla bağlı şəffaflığa dair
hökumətiniz tərəfindən hansı tədbirlər
görülüb?
Prezident
İlham Əliyev: Qeydlərimdə bildirdiyim kimi, korrupsiya
bizim Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimiz
dövründə diqqət yetirəcəyimiz əsas məsələlərdəndir.
Çünki bu, müalicə olunmalı xəstəlikdir.
Bayaq da qeyd etdiyim kimi, bizim ölkəmiz Sovet İttifaqına
daxil olan bütün respublikalar kimi, cəmiyyətimizdə dərin
kök salmış korrupsiyaya görə çətin vəziyyətdə
idi. Buna görə də bu bəlanın aradan
götürülməsi bizim hökumətin hədəflərindən
biridir. Bu olmadan bizim uğurumuz dayanıqlı ola bilməz.
Ona görə də konvensiyaya qoşularaq və xüsusilə
Avropa İttifaqına daxil olan ölkələrin müsbət
təcrübəsindən istifadə edərək bu, Avropa
İttifaqı ilə əməkdaşlığımızın
bir hissəsidir, ölkəmiz üçün müstəsna
əhəmiyyət kəsb edir. Qeyd etdiyim kimi, bizim icra
etdiyimiz institusional tədbirlər inzibati və cəza tədbirləri
ilə müqayisədə daha yaxşı nəticə verir.
Çünki əfsuslar olsun ki, məsələ insanların
dəyişilməsi ilə öz həllini tapmır. Buna
görə də biz elə bir mexanizm tapdıq ki, - qeydlərimdə
ictimai xidmətlər sisteminin mövcud olduğunu
bildirmişdim, - bu, korrupsiyanı mümkünsüz edir və
əlbəttə, şəffaflıq artır. Mən sizin
dediyinizlə tamamilə razıyam. Bizim yaxşı təcrübəmiz
var, Azərbaycan Birləşmiş Krallığın sabiq
baş naziri Toni Bleyer tərəfindən irəli
sürülən Mədən Sənayesində Şəffaflıq
Təşəbbüsünə qoşulan ilk ölkələrdən
biri olub və Azərbaycan bu təşəbbüsün ilk
tamhüquqlu üzvü olub. Buna görə də Azərbaycanda
mədən sənayesində 100 faiz şəffaflıq təmin
olunub. İndi isə eyni şəffaflıq göstəricisini
maliyyə və ictimai xidmətlər sektorunda əldə etməliyik
və biz bu məsələ üzərində işləyirik.
AŞPA-nın
sədri Ann Brasör: Siyasi qruplar adından sual verən sonuncu
şəxs Birləşmiş Solçular qrupunun rəhbəri
cənab Koksdur.
Cənab
Koks: Cənab Prezident, maraqlı
çıxışınız üçün çox
sağ olun. Çıxışınızda ölkənizdə
insan hüquqları sahəsində əldə edilən
nailiyyətləri yaxşı təhlil etdiniz. Lakin heç də
hər kəs Sizin də bildiyiniz kimi, bu müsbət təhlillə
razılaşmır. Bakıda olarkən bəzi insanlarla
görüşdüm, bu gün də müəyyən
insanlarla görüşəcəyəm və əlbəttə
ki, gələn ilin yanvar ayında Assambleyada bu məsələyə
baxılacaqdır. Cənab Prezident, bu baxımdan Azərbaycanda
insan hüquqları üzrə “dəyirmi masa”nın təşkil
olunmasını nəzərdən keçirməyə və
bu “dəyirmi masa”da Siz Azərbaycanın insan hüquqları sahəsinin
təkmilləşdirilməsini zəruri sayan tərəflərlə
şəffaf dialoq aparmağa hazırsınızmı?
Əminəm ki, Assambleya bu tədbirin təşkil edilməsində
Sizə yardımçı olmaq istəyər. Sizin
cavabınızı səbirsizliklə gözləyirəm.
Çox sağ olun.
Prezident
İlham Əliyev: Əlbəttə ki, biz nəinki
hazırıq, biz belə bir sessiyanı keçirmək istəyirik
və tərəfdaşlarımızla birgə iş
apardığımız zaman bu məsələni nəzərdən
keçirmişdik. Bu ilin may ayında xanım sədr və
baş katibin səfəri zamanı bu məsələ ilə
bağlı əsaslı müzakirələr aparmışdıq.
Baxmayaraq ki, biz bəzi məsələlərlə
bağlı razılığa gəlməsək də, lakin,
eyni zamanda, konstruktiv dialoqumuz oldu. Bayaq da qeyd etdiyim kimi, biz Azərbaycanda
insan hüquqları və demokratiya ilə bağlı vəziyyətin
mükəmməl olduğunu düşünmürük.
Lakin böyük bir irəliləyiş də var və biz
konstruktiv tənqidə reaksiya göstərməyə
hazırıq, buna reaksiya veririk. Mən öz qeydlərimdə
ölkəmizdə aparılan islahatların müsbət
nümunəsinə diqqət yetirdim. Çünki adətən,
bu zalda əsasən diqqət mənfi məqamlara yetirilir. Buna
görə də bu sessiya ərzində azacıq tarazlıq
yaratmaq üçün mən vaxtımdan istifadə etdim,
lakin suallar üçün də müəyyən vaxt
saxladım. Ona görə də düşünürəm
ki, mahiyyət üzrə açıq və səmimi
müzakirələrin aparılması yaxşı fikirdir.
Çünki bəzən biz bu məsələləri
müzakirə etdikdə həmkarlarım və tərəfdaşlarımdan
eşidirəm ki, belə bir fikir formalaşıb. Lakin bu
fikirləri kim yaradır? Bəzən Azərbaycanın
nüfuzuna xələl gətirmək üçün bu
fikirlər süni olaraq yaradılır. Ona görə də
biz mahiyyətə nəzər yetirək. Azadlıqlarla
bağlı mən öz qeydlərimdə bildirmişdim. Bizdə
mətbuat azadlığı, azad internet vardır. Bizdə
azad internet varsa, senzura yoxdursa və internet istifadəçilərinin
sayı 70 faizə çatıbsa, biz mətbuatın
azadlığını necə məhdudlaşdıra bilərik?
Sonuncu dəfə keçirilən prezident seçkilərindən
əvvəl və sonra müxalifətin mitinqləri oldu,
onlara qarşı heç bir məhdudiyyət tətbiq
olunmadı və bu gün kimsə mitinq keçirmək fikrinə
düşərsə, müvafiq qaydada bildiriş verməklə
3 gün ərzində Azərbaycanın mərkəzində
onlara mitinq keçirmək üçün yer
ayrılacaqdır. Digər məsələ isə ondan ibarətdir
ki, seçkilərdən sonra müxalifətin təşkil
etdiyi sonuncu mitinqdə yalnız 840 nəfər iştirak etdi.
Prezident seçkilərindən razı qalmayan 840 adam olub.
Lakin Azərbaycanda müxalifətin zəif olması faktı
bizim hansısa zərərli fəaliyyətlə məşğul
olmağımız anlamına gəlmir. İqtisadiyyat və
sosial inkişafla bağlı bildirdiklərimə məhəl
qoyulmaya bilməz. Azərbaycana gələn və
inkişafı görən hər bir kəs başa
düşə bilər ki, belə böyük iqtisadi
artım cəmiyyətimiz tərəfindən qəbul edilməyə
bilməz. Ona görə də insanlar bizim etdiklərimizi,
bizim hökumətimizi dəstəkləyir. Bizim hökumətimiz
güclüdür, lakin insanları yatırmağımıza
görə yox, işlərimizi lazımi qaydada
gördüyümüzə görə.
Digər
bir məsələ ondan ibarətdir ki, indi müxalifətdə
olan insanlar 1992-1993-cü illərdə hakimiyyətdə idilər.
Onlar xaos yaratdılar, ərazilərimizin itirilməsinə və
işğala görə məsuliyyət daşıyırlar.
Onlar vətəndaş müharibəsini törətdilər
və sonra da qaçdılar. Bu qrupun gənc nəsil
nümayəndələri burada eyvanda əyləşiblər.
Bu insanlar başa düşmürlər, onlar 1992-1993-cü
illərdə nələr baş verdiyini bilmirlər və bu,
onların günahı deyildir. Onlar yanlış
yoldadırlar. Ona görə də biz sizin
iştirakınızla “dəyirmi masa” müzakirələrində
iştirak etməyə hazırıq.
AŞPA-nın
sədri Ann Brasör: Çox sağ olun. İndi isə cənab
Prezident, təklif edərdim ki, 3 sual verilsin və Siz
onların hamısına birlikdə cavab verəsiniz. Birinci
sual, Norveçdən xanım Kristofersonundur.
Xanım
Kristoferson: Çox sağ olun xanım sədr. Cənab
Prezident, bu Assambleya üçün bütün Avropa
miqyasında cinsi azlıqların hüquqlarının
çoxsaylı pozuntuları məsələsi xüsusi
olaraq nəzərdən keçirilir. Siz cinsi azlıqların
hüquqlarını əsas insan hüquqlarının bir hissəsi
kimi tanıyırsınızmı? Əgər bu belədirsə,
Azərbaycan Respublikası cinsi azlıqların
hüquqlarını təmin etmək və ölkənizdə
onların təşkilatlanmaq azadlığını təmin
etmək üçün hansı tədbirləri görəcəkdir?
AŞPA-nın
sədri Ann Brasör: Çox sağ olun. Növbəti sual
Fransa nümayəndəsi cənab Roj Bluandadandır.
Roj
Bluanda: Çox sağ olun xanım sədr. Cənab Prezident,
Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində
tanınmış şəxs olan Leyla Yunusla pis
davranış Avropa Şurasının Parlament
Assambleyasını Azərbaycanın beynəlxalq səviyyədə
tanınan Avropa İnsan Hüquqları Konvensiyasında
göstərilən azadlıqlara hörmət etməsini
inandıra bilərmi? Çox sağ olun.
AŞPA-nın
sədri Ann Brasör: İndi isə sual vermək növbəsi
xanım Fialanındır.
Xanım
Fiala: Cənab Prezident, bu yaxınlarda beynəlxalq sərhədlərdə
zorakı insidentlərin sayı əhəmiyyətli dərəcədə
artıb. Demək olar ki, hər gün biz itkilər barədə
məlumatlar alırıq və onların arasında mülki
şəxslər də vardır. Cənab Prezident, əgər
biz tərəfləri atəşkəsə ciddi əməl
etməyə və Minsk qrupu həmsədrləri tərəfindən
təklif olunan təhlükəsizlik tədbirlərinin yerinə
yetirilməsinə, yəni snayperlərin
çıxarılması və müstəqil
araşdırmaların aparılmasına çağırsaq,
Siz bununla razılaşarsınızmı?
Prezident
İlham Əliyev: Azərbaycanda bütün qrup insanların
hüquqları təmin olunub və heç bir məhdudiyyət
yoxdur. Azadlıqlarla bağlı Azərbaycandakı mövcud
vəziyyət artıq bildirdim ki, sizin ölkənizdəki vəziyyətdən
fərqlənmir.
Leyla
Yunusa qarşı pis davranışla bağlı suala gəldikdə,
mən bu bəyanatla razı deyiləm, çünki onunla pis
davranılmayıb. Əksinə, polis nəfəri onun fiziki və
şifahi hücumuna məruz qalıb. Bəzi cinayət
araşdırması ilə bağlı aparılan iş
üzrə şahid ifadəsi vermək üçün
çağırıldıqda o, qaçmağa cəhd edib və
saxlanılaraq şahid qismində ifadə verməyə dəvət
olunub. Lakin əfsuslar olsun ki, o, bu dəvətə bir
neçə həftə ərzində məhəl
qoymayıb və informasiya təqdim etmək üçün
bu legitim müraciətdən imtina edib.
Sərhəddə
insidentlərlə bağlı suala gəldikdə, sizin
verdiyiniz sualı - təhlükəsizlik və etimadın
artırılması tədbirləri ilə bağlı
sualı mən həmişə Minsk qrupunun həmsədrlərindən
eşidirəm. Deyə bilərəm ki, bəzən Azərbaycan
və erməni əsgərləri arasında məsafə 50
metr təşkil edir. Burada hər hansı bir məkrli niyyətləri
həyata keçirmək üçün heç snayper də
lazım deyildir. Etimadın artırılması tədbirlərinin
yaradılmasının ən yaxşı yolu
işğalçı erməni ordusunun Azərbaycan ərazilərindən
çıxarılmasına başlamaqdır. Sizin istinad
etdiyiniz itkilər Azərbaycan ərazilərində baş
verir. Onlar Azərbaycanın ərazisi olan Dağlıq
Qarabağda yox, işğal edilmiş ərazilərdə
baş verir. Erməni əsgərlərinin orada nə işi
var? O əsgərlərin çoxu Ermənistandan cəlb
olunub. Onların işğal olunmuş ərazilərdə nə
işi var? Ona görə qüvvələrin öz mövqelərindən
geriyə çəkilməsi mümkün deyildir. Belə
olan halda biz torpaqlarımızı əlavə hücumlardan
necə müdafiə edə bilərik? Buna görə də
Ermənistan rəhbərliyi Dağlıq Qarabağla
bağlı siyasətinin uğursuzluğunu, onların Azərbaycanla
mübarizədə faktiki məğlub olduğunu nə qədər
tez başa düşsə, o qədər də yaxşı
olar. Onların statistik göstəricilərinə əsasən
bu gün Ermənistanda yoxsulluğun səviyyəsi 40 faizdən
artıqdır. Onların statistik göstəricilərinə
görə, bu ilin yalnız birinci rübündə 40 min erməni
vətəndaşı Ermənistanı birdəfəlik tərk
edib və onlar heç vaxt geri dönməyəcəklər.
Bu da işğal siyasətinin nəticəsidir. İndi də
onlar hər yerdə şikayət edirlər ki, Azərbaycan təhlükə
mənbəyidir. Bizim ölkəmizin torpaqları işğal
olunub, onlar bizim üçün və bütövlükdə
bütün region üçün təhlükə mənbəyidir.
Onlar nə qədər tez bu siyasətin gələcəyinin
olmadığını başa düşsələr, - Azərbaycan
heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə
razı olmayacaq, - münaqişə həllini o qədər
tez tapacaq və erməni xalqı da o qədər tez firavan həyat
yaşamağa başlayacaqdır.
AŞPA-nın
sədri Ann Brasör: Növbəti 3 suala keçmək istəyirəm.
Birinci sualı Birləşmiş Krallıqdan cənab Flin verəcəkdir.
Cənab
Flin: Jurnalistlər Azərbaycanda yalandan ittiham olunaraq həbs
ediliblər. Seçkilər saxta olub. Mən bu proseslərə
cəlb olunan insanlarla danışmışam. Ona görə
də Azərbaycanın bu il standartları Avropa
Şurasının səviyyəsinə yüksəldəcəyini,
yoxsa digər ölkələr üçün insan
hüquqları üzrə standartları daha da pisləşdirmək
baxımından örnək ölkə olacağını
gözləyə bilərikmi?
AŞPA-nın
sədri Ann Brasör: Sual növbəsi cənab Dias
Teridanındır.
Dias
Terida: Çox sağ olun xanım sədr. Çox sağ olun
cənab Prezident. Ölkənizin yerləşdiyi regionda bir
çox qonşularınız vardır. Mən Sizə enerji
riskləri və sabitliklə bağlı risklər barədə
sual vermək istəyirəm. Çünki
düşünürəm ki, İsrail Yaxın Şərqdə
olduğu kimi, Siz də öz regionunuzda mühüm rol
oynayırsınız. Birbaşa gələcək
üçün enerji və sabitlik riskləri ilə
bağlı fikrinizi öyrənmək istərdim.
Gördüyünüz işlər üçün çox
sağ olun.
AŞPA-nın
sədri Ann Brasör: Çox sağ olun. İndi isə
Danimarkadan xanım Lokliyə sual vermək imkanı yaratmaq istəyirəm.
Xanım
Lokli: Cənab Prezident, Siz qeyd etdiniz ki, Azərbaycanda
bütün azadlıqlar təmin olunur. Lakin biz beynəlxalq
mediadan bilirik ki, Azərbaycanda neçə minlərlə məcburi
köçkün vardır. Bu
çağırışın öhdəsindən necə gəlirsiniz?
Prezident
İlham Əliyev: Birinci sualla bağlı. Verdiyiniz qısa
sualda iki dəfə yalan danışdınız. Siz iki dəfə
yalan dediniz və mən bunu sübut edəcəyəm.
İndi isə mənə qulaq asın. Azərbaycanda jurnalistlər
ittiham olunmur və 2009-cu ildən bəri heç kəs
böhtana görə həbs olunmayıb. Heç bir kəs.
Bu, sizin birinci yalanınızdır. İkinci yalanınız
isə seçkilərin saxta olması ilə
bağlıdır. Avropa Şurasının Parlament
Assambleyası seçkini müşahidə etmək
üçün nümayəndə heyəti göndərmişdi
və çox güman ki, siz bu nümayəndə heyətinin
tərtib etdiyi hesabatla tanış deyilsiniz. Əgər siz
hesabatla tanış deyilsinizsə, həmkarlarınızla əlaqə
saxlayın. Onlar Azərbaycanda keçirilən seçkiləri
müsbət dəyərləndiriblər. Mindən çox
beynəlxalq müşahidəçi seçkilərdə
iştirak etmişdir, beynəlxalq təşkilatlar tərəfindən
bir neçə exit-poll keçirilib. Bütün bu təşkilatlar
seçkilərin rəsmi nəticələrini dəstəkləyib.
Beləliklə, onların da verdiyi qiymət fərqli
olmayıb. Avropa Şurası Parlament Assambleyası nümayəndə
heyəti göndərmişdi və onların tərtib etdiyi
hesabat müsbət olub. O hesabat burada tərtib olunub. Avropa
Parlamenti nümayəndə heyəti göndərmişdi,
hesabat müsbət olmuşdur. ATƏT-in Parlament
Assambleyası da nümayəndə heyəti göndərmişdi,
bu da müsbət nəticə vermişdir. Niyə görə
siz burada yalan danışırsınız? Seçkilər
azad və ədalətli idi və seçkilərin nəticələri
burada bu təşkilat tərəfindən təsdiq olunub. Ola
bilsin ki, bu vəziyyət sizin ölkənizdə baş verir.
Enerji təhlükəsizliyi
ilə bağlı məsələyə gəldikdə, Azərbaycan
enerji təhlükəsizliyinə töhfə verən ölkə
kimi öz rolunu oynayır. Bu gün mən bu məsələni
qaldırmadım, çünki diskussiyalara daha çox vaxt
ayrılmasını istəyirdim. Lakin enerji təhlükəsizliyi
tərəfimizdən ciddi nəzərdən keçirilən
bir məsələdir. Faktiki olaraq biz Azərbaycan
üçün tam enerji təhlükəsizliyi səviyyəsinə
nail olmuşuq. Çünki neft və qaz ehtiyatlarımız
üçün şaxələndirilmiş təchizat
marşrutumuz vardır. Biz indi bəzi Avropa ölkələrinin
enerji təhlükəsizliyinin təmin olunmasına kömək
etməyə çalışırıq. Bu gün Parlament
Assambleyasının üzvü olan bəzi ölkələr
neftin 40 faizini Azərbaycandan əldə edirlər. İndi isə
biz böyük qazpaylama və nəqliyyat layihəsini işə
salırıq. Bu layihə Azərbaycanın Avropaya qaz ixrac etməsinə
imkan yaradacaqdır. Fikrimcə, sualınızda da
düzgün qeyd etdiyiniz kimi, enerji təhlükəsizliyi,
siyasi təhlükəsizlik və sabitlik birgə həll
olunmalı məsələlərdir. Ona görə də
Avropada hazırda icra edilən və ümumi sərmayə dəyəri
ən azı 45 milyard avro olan ən böyük infrastruktur
layihəsi hesab edilən yeni qaz infrastruktur layihəsi Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinə verdiyi ən
böyük töhfə olacaqdır.
Danimarka
nümayəndəsinin verdiyi növbəti suala gəldikdə
siz məcburi köçkünlər məsələsinə
toxundunuz. Əgər düz başa düşdümsə siz
Ermənistanın işğalından əziyyət çəkən
insanları nəzərdə tutursunuz? Bu, belədir?
Xanım
Lokli: Bir çox məcburi köçkünlər vardır.
Prezident
İlham Əliyev: Bizdə olan qaçqın və məcburi
köçkünlərin ümumi sayı milyondan
artıqdır. Bunların 250 mini Ermənistandan qovulan azərbaycanlılardır,
700 min azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf
rayonlardan qovulub. Bizdə, həmçinin digər ölkələrdə
gedən müharibələrin qurbanı olan və ölkəmizə
gələn qaçqınlarımız vardır. Bu
insanların yaşayış şəraitini
yaxşılaşdırmaq üçün əlimizdən gələni
etməyə çalışırıq. Lakin sizin də
bildiyiniz kimi, bu, çoxlu vaxt və maliyyə vəsaiti tələb
edir. Hər il biz 20 mindən çox məcburi
köçkünü yerləşdiririk. Biz 82 qəsəbə
tikmişik və artıq 40 min ailə mənzil və evlərlə
təmin olunub. Amma bütün bu insanların
ehtiyaclarını təmin etmək üçün bizə əlbəttə
ki, əlavə vaxt və vəsait lazım olacaqdır.
AŞPA-nın
sədri Ann Brasör: Cənab Prezident, adətən
iclasımızın saat 1-də başa çatmasına
baxmayaraq, icazənizlə, əlavə 3 suala da cavab verərsinizmi?
Birinci sual Gürcüstan nümayəndəsi cənab
Caparidzedəndir.
Cənab
Caparidze: Çox sağ olun xanım sədr. Cənab Prezident,
Azərbaycana uğurlu və məhsuldar sədrlik arzu edirəm.
Siz münaqişələr barədə
danışdınız və bildiyiniz kimi, Gürcüstan da
eyni problemləri yaşayır. Siz iqtisadi inkişaf barədə
də danışdınız. Buna görə də mən Sizə
regional əməkdaşlıqla bağlı sual ünvanlamaq
istəyirəm. Çünki Azərbaycan Gürcüstan və
Türkiyə ilə birlikdə bu layihələr üzrə
aparıcı qüvvədir. Çox sağ olun.
AŞPA-nın
sədri Ann Brasör: Növbəti sualı Polşa nümayəndəsi
cənab Bedro verəcəkdir.
Cənab Bedro: Çox sağ olun, xanım sədr. Cənab Prezident, yalnız kişilərdən ibarət nümayəndə heyətinizi gördükdə çox təəccübləndim, kişi və qadın bərabərliyi xatirinə bu sualı vermək məcburiyyətində qaldım. Azərbaycan qlobal gender ayrı-seçkiliyi indeksinə görə 136 ölkə arasında 99-cu yeri tutur. Gender bərabərliyi ilə bağlı bu, çox dəhşətli mövqedir. Buna görə bilmək istərdim ki, hökumətiniz kişi və qadın bərabərliyini həyata keçirmək üçün hansı addımları atır, İstanbul konvensiyasını nə vaxt imzalayacaq və ratifikasiya edəcəkdir?
AŞPA-nın sədri Ann Brasör: Çox sağ olun və sonuncu sual Ukrayna nümayəndəsi cənab Arievdən gəlir.
Cənab Ariev: Cənab Prezident, əvvəlcə GUAM-ın yenidən gücləndirilməsi ilə bağlı fikrinizi öyrənmək istərdim. Çünki bu quruma daxil olan bütün ölkələr Rusiyanın işğalının qurbanı olublar. İkincisi, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən ölkənin Prezidenti kimi Rusiyanın qadağası ucbatından Krıma qayıda bilməyən Krım tatarlarının lideri Mustafa Cəmiloğluna bu məsələdə kömək edə bilərsinizmi? Çox sağ olun.
Prezident İlham Əliyev: Cənab Caparidze tərəfindən verilən sualla bağlı onu qeyd edə bilərəm ki, enerji və nəqliyyat üzrə Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq artıq regionumuzda çox ciddi geosiyasi dəyişikliklə nəticələnib. Çünki keçən ay ilk dəfə üç ölkənin dövlət başçıları səviyyəsində Tbilisidə sammit keçirilib. Bu üç ölkə arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlıq təkcə bizim üçün vacib deyil, həm də region üçün önəmlidir. Çünki biz birlikdə, xüsusilə enerji təhlükəsizliyinə aid məsələlərlə bağlı sabitləşdirici rol oynayırıq.
Birinci geosiyasi dəyişiklik ilk dəfə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi idi. İndi isə biz TANAP-Trans-Anadolu, Cənubi Qafqaz və TAP-Trans-Adriatik qaz kəməri layihələrini həyata keçiririk. TAP Bakıdan başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan və bir çox ölkələri əhatə edəcəkdir. Biz, həmçinin çox önəmli Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini də həyata keçiririk. Bu, bizim ölkələrimizin ərazisindən Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xətti olacaqdır. Əlbəttə ki, regionda vəziyyətin uğurlu inkişafı üçün ölkələrimizdə sabitlik əsas ilkin şərtdir. Ona görə də biz Gürcüstan və Türkiyə ilə ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk və bu əməkdaşlığı fəal inkişaf etdirməkdə davam edəcəyik.
Azərbaycanda gender sahəsində bərabərliyin olmaması ilə bağlı ittiham eşitmək çox qəribədir. Azərbaycan böyük ənənələrə malik olan ölkədir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılanda ilk fərmanlardan biri qadınlara seçkilərdə iştirak etmək hüququnun verilməsi ilə bağlı idi və ola bilsin ki, bu, sizin ölkənizdən daha tez Azərbaycanda olub. Bu gün Azərbaycan qadınları eyni hüquq və imtiyazlardan faydalanırlar. Onlar ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Mən istəməzdim ki, siz məni müşayiət edən nümayəndə heyətini yalnız kişilərdən ibarət hesab edəsiniz. Burada Azərbaycanın nümayəndələri, məşhur qadın parlamentariləri əyləşiblər. Onlar özlərini göstərə bilərlər, siz bunu görə bilirsiniz və bizdə heç bir məhdudiyyət yoxdur. Biz heç vaxt mənim nümayəndə heyətimdə neçə nəfər kişinin və neçə nəfər qadının təmsil olunması məsələsini nəzərdən də keçirməmişik. Çünki onlar bərabərdirlər və bərabər hüquqlardan faydalanırlar.
Gender bərabərliyinə gəldikdə, siz yəqin bilirsiniz ki, Azərbaycan gender bərabərliyi ilə bağlı qanun və Ailə Məcəlləsini qəbul edib. Biz hazırda İstanbul konvensiyasını nəzərdən keçiririk. Buna qarşı bizim heç bir etirazımız yoxdur. Bakıya gələndə siz qadınların eyni hüquqlara malik olmasını özünüz görəcəksiniz. Bu, çox sevindirici haldır.
GUAM-la bağlı deyə bilərəm ki, GUAM-ın fəallığı və ya passivliyi əsasən Ukraynanın mövqeyindən asılı idi. Çünki bu əməkdaşlıq formatındakı təcrübəmə əsasən deyə bilərəm ki, artıq bir neçə dəfə Ukrayna hökuməti ya GUAM-ın lehinə, ya da əleyhinə idi. Buna görə də bizim və əminəm ki, gürcüstanlı və moldovalı həmkarlarımız üçün bu qurumun inkişafı üzrə uzunmüddətli strategiyanı planlaşdırmaq çox çətindir. Çünki qurumun fəaliyyəti və ya fəaliyyətsizliyi əsasən əvvəllər hökumətinizin siyasi quruluşundan asılı idi. Buna görə də GUAM-ın əvvəllərdəki kimi, fəal olması üçün Ukraynadan müsbət siqnallar gözləyəcəyik.
AŞPA-nın sədri Ann Brasör: Cənab Prezident, nitqiniz və həmkarlarımın suallarına cavab verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.
AzərTAc
Azərbaycan.-2014.- 26 iyun.- S.1-3.