Avropa Şurasında növbəti məkrli fitnəkarlıq

 

 

"Sapı özümüzdən olan baltalar"ın pozucu fəaliyyəti

 ölkə ictimaiyyətinin hiddətinə səbəb olub

 

Xəbər verildiyi kimi, İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında çıxış edərək ölkəmizədə aparılan islahatlar barədə ətraflı danışıb.

AŞ PA-nın sessiyasına qatılan antiazərbaycançı şəbəkənin üzvləri, işğalçı Ermənistanın nümayəndələri həmişəki kimi öz çirkin əməllərindən çəkinməyərək Azərbaycan Prezidentinə təxribat xarakterli müxtəlif suallar veriblər. Lakin Prezident İlham Əliyev onların hər birini tutarlı arqumentlərlə yerində oturdub. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin çıxışı zamanı Avropada yaşayan "sapı özümüzdən olan baltalar" düşmən dəyirmanına su tökən hərəkətlərə də əl atıblar. Bu isə ölkə ictimaiyyətinin dərin hiddətinə səbəb olub.

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bunu erməni fitnəkarlığı adlandırdı: "PrezidentinPA-da çıxışı zamanı təxribata əl atanların davranışı fitnəkarlıqdır. Belə adamların milli hissi, milli marağı yoxdur. Bu cür insanlar həmişə öz maraqlarından, xeyirlərindən ötrü Azərbaycanın maraqlarını ayaqlar altına atmağa hazırdırlar. Çünki belə insanları erməni lobbisi idarə edir. Onlar ayrı-ayrı qrupların, dairələrin sifarişlərini yerinə yetirirlər. Ona görə mən bu cür hərəkətləri qətiyyətlə pisləyirəm".

Mübariz Qurbanlı onu da qeyd etdi ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, eləcə də ölkəmizin dünyadakı mövqeyini bəyan edərkən milli hissi olan adam ölkə rəhbərinə, yaxud öz dövlətinə qarşı belə hərəkət etməməlidir. Hər bir ölkə daxilində müxtəlif siyasi fikir ola bilər. Lakin bu, daxilidə həll edilməlidir: "Gedib düşmən Ermənistanın nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatda öz ölkəsinin əleyhinə bu cür hərəkətlər etmək "mən erməninin yanındayam", "mən erməniyə xidmət edirəm" deməkdir. Onlar bununla da antimilli ünsür olduqlarını nümayiş etdirdilər. Bu cür fitnəkarlığı, təxribatları dağıdıcı müxalifət və onların ətrafındakılardan görmüşük. Azərbaycan xalqı bu cür hərəkətləri qətiyyətlə pisləyir, belə adamları rədd edir və həmişə rədd edəcək".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə də dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin AŞ PA-dakı çıxışı öz məzmun yükü ilə çox dəyərli idi. Onun beynəlxalq təşkilata Azərbaycanda gedən proseslərlə bağlı verdiyi geniş məlumat, AŞ PA Nazirlər Şurasının sədri kimi götürdüyü məsuliyyəti qiymətləndirməsi bütün politoloji tələblərə cavab verirdi.

Suallara verdiyi cavablar isə auditoriya qarşısında ciddidemokratik əqidəli bir siyasi xadimin durduğuna dəlalət edirdi. Prezidentin Azərbaycanın demokratik cəmiyyət quruculuğunda qazandığı nailiyyətlər barəsində dedikləri real faktlara əsaslanırdı və orda iştirak edən xarici ölkə deputatlarının bir qismi ölkəmizə səfər zamanı özləri bunun şahidi olmuşdular: "Cənab Prezidentin bəzi ermənipərəst deputatların verdiyi təxribat xarakterli suallara cavabları da qətiyyətli və həqiqətə söykənən idi. Təcrübəli siyasətçi kimi cənab İlham Əliyev suallara layiqli cavab verdi. Təsadüfi deyil ki, sual-cavabdan sonra bir çoxları Prezidentə yaxınlaşaraq onunla qürur duyduqlarını bildirdilər.

Prezident İlham Əliyev Strasburqdakı çıxışı ilə növbəti dəfə Azərbaycan milli maraqlarını yüksək səviyyədə qoruduğunu və Azərbaycanın dünyanın ayrılmaz bir hissəsi olduğunu sübut etdi".

"Prezident İlham Əliyevin  AŞ PA-dakı çıxışı çoxsaylı ölkələrdən olan parlamentarilər tərəfindən yüksək qiymətləndirildi və yüksək qarşılandı". Bu fikri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü Çingiz Qənizadə söylədi. Deputat bildirdi ki, Prezident İlham Əliyev yüksək səviyyədə çıxış etdi və parlamentarilərin suallarını cavablandırdı: "Prezidentin çıxışı  hərtərəfli  verdiyi mesajlar da aydın idi. Məhz bu səbəbdən də çıxış geniş auditoriya tərəfindən yüksək səviyyədə qarşılandı.  Cənab İlham Əliyev suallara da hərtərəfli və dolğun şəkildə cavab verdi. Sual verən parlamentarilərin əksəriyyəti ölkəmizin inkişafını xüsusi qeyd etdilər. Bəzi ölkələrdən olan və qərəzi ilə tanınan parlamentarilər də qərəzli suallar verdilər. Dövlət başçısı onların da suallarına yüksək səviyyədə cavab verərək həmin parlamentarilərin ölkəmiz barədə yanlış fikirdə olduqlarını bildirdi. Hətta bəzi hallarda cənab Prezident onları ölkəmiz haqqında  yanlış informasiyalar yaymaqda ittiham etdi. Prezident İlham Əliyev bəzi  parlamentarilərin qərəzli  mənbələrdən informasiyalar aldıqlarını da qeyd etdi". Deputat dövlət başçısının çıxışının ölkəmiz üçün çox vacib olduğunubunun müsbət təsirlərinin olacağını da vurğuladı: "Prezidentin çıxışı Azərbaycanın imicinin daha da möhkəmlənməsinə səbəb olacaq. Prezident Avropa Şurasında yüksək səviyyədə çıxışı ilə demokratik təsisatlara, insan hüquqlarına necə önəm verdiyini Avropada bir daha sübut etdi".

Milli Məclisin deputatı Fərəc Quliyevqeyd etdi ki, dünyada heç bir ölkədə hər şey ideal vəziyyətdə deyil. Hər bir ölkədə iqtidar və müxalifət mövcudduronlar hakimiyyət uğrunda mübarizə aparırlar. Ölkənin ümummilli məsələləri ilə bağlı problemlər isə daxildə müzakirə olunmalıdır: "Elə məsələlər var ki, bayıra çıxmaz. İstər Azərbaycan Prezidenti, istərsə də başqa bir siyasətçi mötəbər məclislərdə Azərbaycanı təmsil edərkən ona, ölkənin mövqeyini qüvvətləndirmək baxımından dəstək olmaq lazımdır. Beynəlxalq toplantılarda ölkəni təqdim etmək, qüdrətindən danışmaq bir məqamdır. Ötən həftə NATO Parlament Assambleyasının Bakıda keçirilən 86-cı Rouz-Rout seminarı zamanı da analoji hadisə baş verdi. Azərbaycanın nüfuzuna xələl gətirmək istəyən şəxslər tərəfindən yalan məlumatlar səsləndirildi. Belə halların əleyhinə olduğunu bildirən Fərəc Quliyevin fikrincə, əgər hansısa bir fəaliyyət bütövlükdə  ölkənin imicinə zərər yetirəcəksə, düşmənlərin əlinə fürsət verəcəksə, belə hərəkətlərdən təkcə çəkinmək azdır. Belə hərəkətlərin qarşısı alınmalıdır: "Bilərəkdən, yaxud da bilməyərəkdən o cür təpkilər, davranışlar ölkəmizin maraqlarına pis təsir edir".

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 26 iyun.- S.4.