İsrailli ekspert: Prezident İlham
Əliyevin AŞPA-da
çıxışı Azərbaycanın çoxvektorlu,
sərbəst və müstəqil xarici
siyasət strategiyasının parlaq əksi
və əsl sübutu oldu
Amerikanın
tanınmış dövlət xadimi, vaxtilə ABŞ-ın
dövlət katibi olmuş Henri Kissincer demişdir ki,
diplomatiya gücü cilovlamaq məharətidir. Dünən Azərbaycan Prezidentinin
Avropa Şurası Parlament
Assambleyasının (AŞPA) sessiyasında parlaq
və inamlı çıxışı Azərbaycan
Respublikasının son 20 ildə yürütdüyü çoxvektorlu,
sərbəst və müstəqil xarici
siyasət strategiyasının parlaq əksi
və əsl sübutu oldu.
İsrailli ekspert Arye Qut bu
barədə fikrini AzərTAc-a bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq birlik tərəfindən Cənubi Qafqaz regionu ölkələrinə
münasibətdə fərqli
yanaşma mövcud olduğunu bildirərək,
ikili standartlar siyasətindən əl çəkməyə çağırmışdır. İlham
Əliyev demişdir:
“Ölkəmiz regionda
sabitləşdirici rol
oynayır, çünki
Azərbaycanın potensialı
artır. Regional əməkdaşlığa aid təşəbbüslərimiz qonşularımız tərəfindən
dəstəklənir”.
Azərbaycan Prezidenti bildirmişdir ki, müxtəlif ölkələrə fərqli
yanaşma məsələsi
Azərbaycanın Avropa
Şurasında sədrliyi
dövründə xüsusi
diqqət yetiriləcək
mövzulardan biri olacaqdır.
Azərbaycan dövlətinin başçısının
sözlərinə görə,
dünya ölkələrinin
əksəriyyəti Azərbaycana
etimad bəsləyir və onu etibarlı
tərəfdaş hesab
edir. Lakin təəssüf ki, Azərbaycana münasibətdə təcavüzkar
siyasət yeridən ölkələr də var, biz bu siyasətlə
barışmaq fikrində
deyilik. Azərbaycan
Prezidenti demişdir: “Dağlıq Qarabağ Azərbaycanın tarixi tərkib hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda
əsrlər boyu yaşayıblar. Ermənilər
bu yerlərdə 200 ildən az
müddət öncə
yaşamağa başlayıblar.
Tarixi abidələr, Dağlıq
Qarabağdakı irsimiz,
əfsuslar ki, hazırda erməni işğalçı ordusu
tərəfindən dağıdılıb.
Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisinin
20 faizinin işğalı
ilə nəticələnib.
BMT-nin Təhlükəsizlik
Şurası erməni
işğalçı qüvvələrin
işğal olunmuş
ərazilərdən dərhal
və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələr
icra edilməyib.
Bu, bir daha
ikili standart siyasətini göstərir,
çünki bəzən
görürük ki,
BMT-nin qətnamələri
bir neçə saat ərzində icra edilir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın
hissəsi kimi tanıyır. Yəni doğrudanmı,
ermənilərin yaşadığı
hər bir dövlət erməni dövləti olmalıdır?
Azərbaycan ərazisində ikinci
erməni dövləti
yaratmağa nə ehtiyac var? Biri kifayətdir”.
Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsində Ermənistanın pozucu mövqe tutması Azərbaycanı başqa təzyiq və pressinq vasitələrindən
istifadə etməyə
məcbur edir. Azərbaycan diplomatiyasının
danışıqlar prosesində
iştirak etməsi faktı hələ son ümidin qalmasına dəlalət edir. lakin ərimə
prosesinin də sonu olur. Biz Azərbaycanın müdafiə
məqsədləri üçün
xərcləri barədə
yaxşı bilirik.
Bu onu göstərir
ki, Qarabağ münaqişəsinin dinc
yolla tənzimlənməsinə
ümidlər tədricən
əriyib gedir. Dağlıq Qarabağda
22 il ərzində
davam edən status-kvo rəsmi Yerevanı tamamilə qane edir, Azərbaycan
haqqında isə bunu demək olmaz. Prezident İlham Əliyev bir neçə il bundan
əvvəl Azərbaycanın
hərbi xərclərini
Ermənistanın bütün
xərclərinə bərabərləşdirmək
vəzifəsini qarşıya
qoymuşdur. Bu vəzifə artıq gerçəkləşmişdir. Bu gün Azərbaycanda
hərbi xərclərə
sərf edilən vəsait Ermənistanın
bütün büdcəsindən
50 faiz artıqdır.
İsrailli ekspert qeyd etmişdir ki, Azərbaycan dövlətinin
başçısının bu bəyanatları bir daha sübut
edir: Azərbaycan xarici siyasət arenasında öz müstəqil davranışı
ilə sübut etmişdir ki, dünyada heç bir ölkə və heç bir iri beynəlxalq
təşkilat ona başqa dövlətlərlə
və təşkilatlarla
necə işləməyi,
necə əməkdaşlıq
etməyi diktə edə bilməz. İlham Əliyev bu baxımdan Azərbaycanın
son illərdə qazandığı
nailiyyətləri vurğulamış,
bu uğurlar arasında iqtisadi inkişafın yüksək
sürətini, diplomatiya
sahəsində, insan potensialının möhkəmlənməsində
böyük uğurları
xüsusi qeyd etmişdir. Bu gün Cənubi Qafqazla bağlı bir sıra analitiklər
və ekspertlər etiraf edirlər ki, Azərbaycan Cənubi Qafqazda cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir.
Azərbaycan regionun lider
dövləti kimi özünü tamamilə
təsdiqləmişdir, Cənubi
Qafqazda heç bir geosiyasi və
geoiqtisadi layihə onsuz həyata keçirilə bilməz.
Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Azərbaycanın geosiyasi rolunun güclənməsi həm
də qlobal enerji təhlükəsizliyi
sistemində rəsmi Bakının rolunun möhkəmlənməsinin nəticəsidir.
Bu, danılmaz faktdır ki, Bakı-Tbilisi-Ceyhan kimi böyük geosiyasi neft layihəsi dünya karbohidrogenlər bazarında
Azərbaycanın sanballı
aktor ölkələrdən
birinə çevrilməsinə
imkan vermişdir.
Prezident İlham Əliyev demokratik təsisatların fəaliyyətinin, dini etiqad azadlığının təmin edilməsi sahəsində işin yüksək səviyyədə olmasını vurğulayaraq qeyd etmişdir ki, Azərbaycanda əsrlər boyu tolerantlıq ab-havası qorunub saxlanır. O demişdir ki, bu gün Bakı dünyada əsas multikulturalizm mərkəzlərindən biridir, Azərbaycan 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış Bakı prosesinin təşəbbüskarı olub.
Arye Qut demişdir: “Mən İsrail vətəndaşı və İsrail-Azərbaycan “Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü kimi qürurla qeyd etmək istəyirəm ki, İsrail dövləti Azərbaycanda yəhudi icmasının inkişafına xüsusi əhəmiyyət verir. İsrail dövləti Azərbaycanın 20 minlik yəhudi icmasına səmimi münasibətin qorunub saxlanmasında Azərbaycan Prezidentinin və ölkənin birinci xanımının rolunu yüksək qiymətləndirir. Bu, danılmaz tarixi faktdır ki, Azərbaycanda antisemitizm yoxdur və heç vaxt olmamışdır, biz, əslən bu ölkədən olanlar bu tolerantlıq və dini dözümlülük amilinə görə fəxr edirik. Prezident Əliyev bu məqamı çox peşəkarcasına, həqiqətən Azərbaycanın bir nömrəli diplomatı kimi vurğulayaraq göstərmişdir ki, bu gün Azərbaycan tolerantlıq siyasəti yürüdür, bütün dünyaya sübut edir ki, ölkə ərazisinin 20 faizinin qonşu dövlət tərəfindən işğal edilməsi Azərbaycanın əsl sivilizasiyalararası dialoq nümunəsi və bütün xalqların, bütün konfessiyaların nümayəndələrinin sülh şəraitində yaşadığı bir məkan kimi qalmasına mane olmur”.
Onun sözlərinə görə, universal nümunə kimi Azərbaycanın şimalındakı Qırmızı Qəsəbəni göstərmək olar. Bu, bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal yerdir. Bu tarixi məkan həqiqətən Azərbaycanın fəxridir.
İsrailli ekspert
demişdir: “Mən bir faktı bütün dünyada yorulmadan və fəxrlə
qeyd edirəm ki, son dörd ildə Azərbaycan
Prezidentinin və birinci
xanımın himayəsi ilə Cənubi Qafqazda
ən böyük yəhudi təhsil mərkəzi
və iki sinaqoq tikilmişdir, bu fakt özü hər şeyi deyir”.
Azərbaycan.-2014.- 26 iyun.- S.5.