Türkiyənin Avropa Birliyi üzrə naziri Milli Məclisdə olmuşdur

 

İyunun 27-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyənin Avropa Birliyi üzrə naziri Mövlud Çavuşoğlu ilə görüşmüşdür. Bu barədə Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a məlumat verilmişdir.

Oqtay Əsədov ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gələn qonağı salamlayaraq beynəlxalq tədbirlər çərçivəsində nümayəndə heyətlərimizin görüşlərinin mütəmadi xarakter aldığını söyləmişdir. Bildirilmişdir ki, strateji tərəfdaşlar kimi hər iki ölkənin nümayəndə heyətləri prinsipial məsələlərdə eyni mövqedən çıxış edir, bir-birini dəstəkləyirlər. Bu gün Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunə ola biləcək səviyyədədir.

Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyası, burada müzakirə olunacaq məsələlər barədə fikirlərini bölüşmüş, tədbirin yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün işlərin görüldüyü demişdir. Bildirilmişdir ki, sessiyada müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfi öz mövqeyini bildirəcəkdir.

Türkiyənin Avropa Birliyi üzrə naziri Mövlud Çavuşoğlu ölkəmizə növbəti səfərindən məmnun olduğunu demişdir. O, Bakının ev sahibliyi etdiyi ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının yüksək səviyyədə keçəcəyinə əminliyini bildirmişdir. Qonaq Azərbaycan-Türkiyə əlaqələrinin bu günüinkişaf perspektivləri barədə fikirlərini bildirmiş, ölkəsinin həmişə Azərbaycanın yanında olduğunu, onun uğurlarına qəlbən sevindiyini vurğulamışdır.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda nümayəndə heyətlərinin birgə fəaliyyəti və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 28 iyun.- S.3.