Ranko Krivokapiç:
Son on ildə Azərbaycan
çox böyük nailiyyətlər
əldə etmişdir
İyunun
27-də Azərbaycan Respublikası Milli Məclisinin sədri
Oqtay Əsədov ATƏT Parlament Assambleyasının
prezidenti, Monteneqro Respublikası parlamentinin sədri Ranko
Krivokapiç ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycan-ATƏT
münasibətlərinin inkişaf etdiyini demiş, yüksək
səviyyəli səfərlərin bu inkişafa təkan
verdiyini bildirmişdir. Milli Məclisin sədri
vurğulamışdır ki, Azərbaycan ATƏT ilə əlaqələrin
daha da inkişaf etdirilməsində maraqlıdır və
Assambleyanın işində fəal iştirak edir.
ATƏT
Parlament Assambleyasının 23-cü illik sessiyasının Azərbaycanda
keçirilməsini yüksək qiymətləndirən sədr
sessiyanın səmərəli keçməsi
üçün bütün lazımı işlərin
görüldüyünü qeyd etmişdir. O, sessiya çərçivəsində
bir sıra önəmli məsələlərin müzakirə
olunacağını da əlavə etmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin
sədri vurğulamışdır ki, Ermənistan Helsinki Yekun
Aktının prinsiplərini kobudcasına pozmuşdur.
Münaqişə nəticəsində Azərbaycan ərazisinin
20 faizi işğal olunmuş, bir milyondan çox insan
qaçqın və məcburi köçkünə
çevrilmişdir. Təəssüf ki, ATƏT Parlament
Assambleyası tərəfindən bu istiqamətdə heç
bir addım atılmamışdır. İyirmi ildir ki,
ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğuldur,
ancaq heç bir nəticə yoxdur. Oqtay Əsədov
vurğulamışdır ki, Azərbaycan bütün dövlətlərin
ərazi bütövlüyünü dəstəkləyir. Biz
istəyirik ki, ATƏT məkanında olan bütün dövlətlərin
problemlərinə eyni yanaşma nümayiş etdirilsin. Biz
qurumun təsir mexanizmlərinin daha güclü olmasını
istəyirik.
Ranko
Krivokapiç ATƏT PA-nın Bakıda sessiyasının
yüksək səviyyədə keçməsi
üçün hər cür şəraitin
yaradıldığını demişdir. Buna görə də
o, ATƏT-in bütün qurumları adından Azərbaycana təşəkkürünü
bildirmişdir.
ATƏT
PA-nın prezidenti vurğulamışdır ki, son on ildə
Azərbaycan hər kəsi heyrətləndirə biləcək
böyük nailiyyətlər əldə etmişdir.
ATƏT-ə
üzv dövlətlərin ərazi bütövlüyü ilə
bağlı məsələlərin hər zaman önəmli
olduğunu bildirən R.Krivokapiç Dağlıq Qarabağ
münaqişəsinin gələcək sessiyalarda müzakirə
edilə biləcəyini söyləmişdir.
Azərbaycan.-2014.- 28 iyun.- S.5.