Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Avropa Şurasının iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və
yaradıcılığına həsr edilmiş
sərginin açılışı olmuşdur
Azərbaycanın
zəngin mədəni dəyərlərini tanıtmaqda Heydər
Əliyev Fondunun həyata keçirdiyi layihələr təqdirəlayiqdir.
Bu fikri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı Avropa Şurasının iqamətgahında təşkil olunan sərginin açılışında qurumun demokratiya üzrə baş direktoru xanım Snejana Makaroviç çıxışında səsləndirmişdir.
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının ilk günü Azərbaycanı tanıtmaqla bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Avropa Şurasının iqamətgahında “Xll və XXl əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)” mövzusunda sərgi təşkil edilmişdir.
Sərginin açılışında qonaqları salamlayan Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov ekspozisiyanın Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində təşkil edildiyini xatırlatmış, sərginin Şərq intibahının görkəmli şəxsiyyətlərindən biri olan böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunduğunu diqqətə çatdırmışdır.
Şairin əsərlərinin bir çox dillərə tərcümə edildiyini və çoxlu sayda tədqiqat predmeti olduğunu vurğulayan səfir Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama əsasən, Azərbaycan poeziyasını zənginləşdirən orta əsrlər fəlsəfəsinin görkəmli nümayəndəsi və söz ustadı olan şairlə bağlı həm ölkəmizdə, həm də xaricdə tədbirlər keçirildiyini bildirmiş, bu kontekstdə Fransanın bir çox şəhərlərində Nizami Gəncəvi irsinə həsr olunan sərgilərin və tədbirlərin təşkil olunduğunu qeyd etmişdir.
Diplomat şairin əsərlərində Azərbaycan xalqına məxsus keyfiyyətlər, gender bərabərliyi, qardaşlıq, tolerantlıq, söz azadlığı kimi qiymətli universal ideyaların bu gün də aktual olduğunu diqqətə çatdırmış, sərginin yalnız şairin həyat və yaradıcılığına deyil, eyni zamanda, Azərbaycana virtual səfər etməyə imkan yaradacağına əminliyini bildirmişdir.
Sərginin Avropa Şurasının iqamətgahında təşkil edilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayan E. Eyyubov təşkilatın mədəni müxtəlifliyin genişlənməsi, mədəni irsin inkişafı və qorunması sahəsində mühüm rol oynadığını, Azərbaycanın Avropa Şurasının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdiyini və həmin müddəaların Nazirlər Komitəsinə sədrliyi dövründə əsas prioritetlər olduğunu qeyd etmişdir.
Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Makaroviç çıxışında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qədim İpək yolu üzərində yerləşən Azərbaycanın zəngin mədəni dəyərlərini tanıtmaq istiqamətində həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu xüsusi vurğulamış, fondun təşkilatçılığı ilə 2014-cü il mayın 28-də Avropa Şurasının iqamətgahında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin keçirildiyini xatırlatmış, bu tədbirlərin müxtəlif mədəniyyətlər arasında dialoqun fəallaşmasına xüsusi təsir göstərdiyini diqqətə çatdırmışdır.
Baş direktor fondun Azərbaycanın zəngin mədəni və əxlaqi irsini dünyada tanıtmaqda çox fəal olduğunu bildirmiş və Avropa Şurasında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan sərginin bu istiqamətdə mədəni tədbirlərin davamı olduğunu qeyd etmişdir.
S. Makaroviç Nizami Gəncəvinin əsərlərində səsləndirdiyi fikirlərin dünyəvilik baxımından bu gün də aktuallığını itirmədiyini, universal fəlsəfi problemlərə cavab verdiyini bildirmişdir.
Şairin bəşəri ideyalarının məcmusu olan, romantik poemalarının toplandığı məşhur “Xəmsə” əsərinin dünyada “Beş xəzinə” adı altında tanındığını, bu gün Nizami Gəncəvinin əlyazmalarının dünyanın bir çox tanınmış muzey və kitabxanalarında, o cümlədən Fransa və Strasburq milli kitabxanalarında qorunub saxlandığını diqqətə çatdıran baş direktor dahi mütəfəkkirin yaradıcılığının əsas qayəsini azadlıq, qardaşlıq, qadınlar və kişilər arasında bərabərlik, tolerantlıq kimi ideyaların təşkil etdiyini bildirmişdir.
S.Makaroviç Nizami Gəncəvinin əsərlərinin Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yenidən nəşr olunduğunu, şairin 850 illik yubileyi ilə əlaqədar UNESCO tərəfindən 1991-ci ilin “Nizami Gəncəvi ili” elan olunduğunu, dünya ədəbiyyatının zənginləşməsinə dəyərli töhfələr verən mütəfəkkirin 2014-cü ildə Romada büstünün açılışının təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırmışdır.
Şairin yaradıcılığının sivilizasiya tarixi üçün mədəni dəyər olduğunu qeyd edən baş direktor Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən fransız və ingilis dillərinə tərcümə olunaraq nəşr edilən əsərlərinin, sərgidə nümayiş etdirilən əlyazmalarının surətlərinin və miniatürlərin, Gəncədəki mavzoleyinin maketinin və bu qədim şəhərin fotoşəkillərinin sərgi iştirakçılarında xoş təəssürat doğuracağına əminliyini vurğulamışdır.
Sərginin açılışında Avropa Şurasının rəsmiləri, quruma üzv olan ölkələrin deputatları, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak etmişlər.
Əsgər
Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
Azərbaycan.-2014.- 28 iyun.- S.7.