Dünya birliyi Azərbaycanın
artıq
böyük nüfuz sahibi olduğunun fərqindədir
Prezident İlham Əliyevin AŞ
PA-dakı çıxışı bu məsələnin
möhürünü birdəfəlik vurdu
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı dünyanın diqqət mərkəzindədir. Sessiyada bir çox vacib məsələlərdən söz açan dövlət başçısı Azərbaycanın təşəbbüsü və əsas iştirakçısı kimi reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili və xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə fikirlərini səsləndirdi. Həmçinin AŞ PA deputatlarının suallarını cavablandırdı. Dövlət başçısının AŞ PA-dakı çıxışı bir daha göstərdi ki, Azərbaycan Prezidentinin ölkəmizdə və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında bilgiləri, analitik mühakiməsi, prinsipiallığı, qətiyyəti çox yüksəkdir. Odur ki, Prezidentin sessiyadakı çıxışı AŞ PA deputatları, ekspertlər, şərhçilər, yerli və xarici KİV, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirildi.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumun yaz sessiyasının ölkə üçün uğurlu nəticələrlə yadda qalacağı qənaətindədir: “Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı çıxışı tarixi çıxış oldu. Prezident sübut etdi ki, Azərbaycan çox güclü bir dövlətdir. Bu sessiya Azərbaycan üçün uğurlu nəticələrlə yadda qalacaq”. Səməd Seyidovun fikrincə, dövlət başçısının çıxışından sonra bir çox dövlətlər Azərbaycanla hesablaşmağın vacibliyini anlayıb: “Avropanın digər ölkələri də, Avropa strukturları da bu həqiqəti dərk edirdilər: Azərbaycan güclü təsir imkanlarına malik dövlətdir və Azərbaycanın sözü ilə, mövqeyi ilə hesablaşmaq lazımdır. Söhbət təkcə Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərdən getmir. Dünya birliyi Azərbaycanın artıq böyük nüfuz sahibi olduğunun fərqindədir. Cənab Prezidentin çıxışı bu məsələnin möhürünü birdəfəlik vurdu. Bunu dost da, düşmən də, istəyən də, istəməyən də qəbul edir”.
Komitə sədri dövlət başçısının çıxışının Dağlıq Qarabağla bağlı hissəsini xüsusi vurğuladı: “Prezident dedi ki, bəlkə AŞ PA-dakı Ermənistan nümayəndə heyəti bilmir, ancaq Ermənistanda çoxları bilir ki, nəinki Qarabağ, o cümlədən İrəvan da Azərbaycan ərazisidir. Bu, tarixi bir çıxış idi və biz bundan sonrakı fəaliyyətimizi də bu çıxışda səsləndirilən tezislər üzərində qurmalıyıq”.
“Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı siyasət və diplomatiya tarixində bir hadisə, eyni zamanda Avropa siyasətçiləri üçün hələ uzun müddət yaddan çıxmayacaq təqdirəlayiq çıxış idi”. Bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov dedi: “Prezident AŞ PA-dakı çıxışı ilə bəzi “siyasətçilərə” əsl demokratiya dərsi keçdi. Ağlın, məntiqin, cəsarətin, ən əsası, diplomatiyanın necə olmasını onlara öyrətdi. Prezident qərəzli suallara o qədər dəqiq, məntiqli cavab verdi ki, fikrimcə, o sualları verənlərin özləri öz riyakarlıqlarından utandılar. Avropa cənab Prezidenti yenidən tanıdı və xalqının milli mənafeyi üçün gecə-gündüz çalışan ağıllı, cəsarətli bir lideri qarşısında gördü. Bu, belə də olmalı idi. Çünki Prezident AŞ PA-ya alnıaçıq və daima xalqının yanında olan siyasi lider kimi getmişdi”.
Deputat daha sonra qeyd etdi ki, Prezidentin AŞ PA-da milliyyəti və mənşəyi məlum olmayan antiazərbaycançı şəbəkənin ona qarşı hazırladığı “ssenari”nin fiyaskoya uğratmasının şahidi olduq. Ölkəmizin rəhbəri son 10 ildə Azərbaycanın keçdiyi uğurlu iqtisadi yola nəzər saldı və artıq Avropa üçün model ola biləcək dövlətimizin iqtisadi inkişafının günü-gündən necə irəlilədiyini diqqətə çatdırdı. Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında bu məsələyə ikili standartlarla yanaşan beynəlxalq qurumların tutduqları mövqeni açıq şəklidə pislədi. İngiltərəli deputatın çıxışına münasibət bildirən Prezidentin ona “sən yalan danışırsan” deməsi ümumilikdə bizim ədalətli mövqeyimizə qərəzli yanaşanların hamısına tutarlı cavab idi.
Deputat deyir ki, Prezidentin çıxışı xalqımızı, millətimizi onun ətrafında daha sıx birləşməyə səsləyir: “Bizim ölkəmizin iqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyimiz dünyaya bir modeldir, nümunədir. Biz cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycanda dünyada tayı- bərabəri olmayan işlər görülür. Bu da Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir”.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva da Prezident İlham Əliyevin AŞ PA-dakı çıxışından qürur duyduğunu söylədi: “Çıxışdan sonra nümayəndə heyəti üzvləri Prezidentlə görüşdü və biz təbriklərimizi çatdırdıq. Cənab Prezidentin çıxışı dostları sevindirdi, düşmənləri çox pərt etdi, onları üzdü. Məndən ön sırada əyləşən Ermənistan nümayəndə heyətinin üzvləri əsəblərini cilovlaya bilmirdilər. Prezidentin Qarabağla bağlı çox ciddi mesajları isə onlara daha ağır zərbə vurdu və onlar dövlət başçısının “Hər kəs bilməlidir ki, Azərbaycan uzun illər oturub vəziyyətin bu cür davam etməsini gözləməyəcək” sözünün nə demək olduğunu yaxşı başa düşdülər.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə də qeyd etdi ki, Prezident İlham Əliyev AŞ PA-dakı çıxışında Azərbaycanın strateji proqramını açıqlamaqla bərabər, Azərbaycan-Avropa əməkdaşlığına toxundu. Dedi ki, Azərbaycan Prezidenti Ermənistanın təcavüzkar siyasətini pisləməklə yanaşı, işğalçı ölkəni beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri hələ də yerinə yetirməməkdə günahlandırdı: “Cənab Prezident bu çıxışında ermənilərin simalarını bir daha dünyaya göstərdi. Mən də o qənaətdəyəm ki, AŞ PA üçün, Ermənistandan fərqli olaraq, Azərbaycan bütün mənası ilə - istər strateji, istər mədəniyyət, istərsə də sivilizasiya baxımından daha maraqlı dövlətdir”.
Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin digər üzvü Sevinc Fətəliyeva bildirdi ki, Prezident İlham Əliyev həm çıxışında, həm də suallara verdiyi cavablarında milli maraqlarımızı birmənalı şəkildə qorudu. Bəzi dairələrin ölkəmiz haqqında mənfi rəy yaratmaq cəhdlərinə tutarlı cavab verdi: “Prezidentin çıxışı və nümayiş etdirdiyi mövqe bizim üçün qürurvericidir. Biz Prezident İlham Əliyevin timsalında əsl müstəqil, güclü və öz xalqının maraqlarını qətiyyətlə müdafiə edən ölkənin liderini gördük. Təbii ki, Azərbaycanı güclü görmək istəməyən xarici qüvvələr var. Biz AŞ PA-nın sessiyasının gedişi zamanı bir daha bunu müşahidə etdik. Təəssüf ki, erməni lobbisinin alətinə çevrilmiş azərbaycanlılar da var. Onların bu hərəkəti heç bir halda qəbulolunmazdır. Əgər onlarda milli heysiyyət varsa, işğalçı Ermənistanın rəhbərlərinin çıxışı zamanı belə aksiyalar keçirməli idilər. Lakin görünən odur ki, belələri üçün dövlət maraqları və milli heysiyyət yoxdur”.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 28 iyun.- S.8.