“ADA” Universitetində “Via
della seta”
(“İpək
yolu”) jurnalının təqdimatı olmuşdur
İyunun
27-də “ADA” Universitetində “Via della seta” (“İpək yolu”)
jurnalının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli tədbiri açaraq demişdir ki, jurnal İtaliya-Azərbaycan və Azərbaycan-İtaliya assosiasiyalarının birgə səyləri nəticəsində nəşr olunmuşdur. İldə dörd dəfə buraxılacaq və əsas məqsədi Azərbaycan-İtaliya əlaqələrinin inkişafına töhfə vermək olan jurnalın bu nömrəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və s. haqqında məqalələr yer almışdır.
A.Kərimli demişdir ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində son illərdə Azərbaycan ilə İtaliya arasında əlaqələr yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu münasibətlərin inkişafında tariximizin, mədəniyyətimizin, incəsənətimizin bütün dünyada olduğu kimi, İtaliyada da geniş təbliğində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Həmçinin əlaqələrimizin inkişafına hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları ilə yanaşı, İtaliya-Azərbaycan və Azərbaycan-İtaliya assosiasiyalarının töhfələri xüsusi qeyd edilməlidir.
“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək bu ali təhsil ocağının İtaliya universitetləri ilə əlaqələrindən danışmışdır.
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov mərasimdə çıxış edərək bugünkü tədbirin Azərbaycan ilə İtaliya arasındakı dostluq əlaqələrinin inkişafında mühüm bir addım olduğunu söyləmişdir. Novruz Məmmədov təqdimatı keçirilən jurnalda ölkələrimiz arasında əlaqələrdən bəhs edən, xalqlarımızın bir-birini daha yaxından tanımalarında mühüm rol oynayan məlumatların yer aldığını diqqətə çatdırmışdır.
Prezident Administrasiyası rəhbərinin müavini jurnalın ərsəyə gəlməsində Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rolunu qeyd etmişdir. Novruz Məmmədov bildirmişdir ki, parlamentlərarası əlaqələr ölkələrimizin əməkdaşlığının genişlənməsinə böyük töhfə verir. İtaliya Azərbaycan üçün Avropada ən vacib tərəfdaşlardan biridir. Azərbaycan İtaliya ilə bütün sahələrdə əlaqələrə böyük əhəmiyyət verir. Əməkdaşlığımız təkcə iqtisadi sahədə deyil, digər sahələrdə də sürətlə inkişaf edir. Prezident Administrasiyasının rəsmisi ötən il İtaliya Baş nazirinin Azərbaycana səfər etdiyini və bu səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı faydalı danışıqların aparıldığını xatırlatmışdır.
Şöbə müdiri Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etmişdir. Novruz Məmmədov əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə olacaq bu jurnal öz fəaliyyətini daha da genişləndirəcəkdir.
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo ölkələrimiz arasında əlaqələrin hazırkı inkişaf səviyyəsindən məmnunluğunu bildirmişdir. Səfir qeyd etmişdir ki, Azərbaycan ilə İtaliya arasında geniş əməkdaşlıq münasibətləri və strateji əhəmiyyət daşıyan möhkəm siyasi-iqtisadi tərəfdaşlıq mövcuddur. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da möhkəmlənməsinin göstəricisidir.
Avropa Parlamentinin xarici əlaqələr komitəsinin keçmiş vitse-prezidenti Fiorello Provera Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, humanitar, elmi-mədəni, səhiyyə, turizm və digər sahələrdə intensiv əlaqələrin inkişafından danışmışdır.
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən F.Provera bildirmişdir ki, Ermənistan təcavüzkar siyasətinə son qoymalı, işğal altında saxladığı Azərbaycan ərazilərindən dərhal çıxmalıdır. F.Provera demişdir ki, münaqişəyə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir və bu, təqdirəlayiqdir.
İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sergio Divina ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini söyləmişdir. Bildirilmişdir ki, birgə həyata keçirilən tədbirlər münasibətlərin daha da dərinləşməsinə xidmət edir. O, əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında qarşılıqlı dəstəyə, anlaşmaya və hörmətə əsaslanan münasibətlər gələcəkdə daha da inkişaf edəcəkdir.
İtaliya-Azərbaycan Assosiasiyasının rəhbəri xanım Paola Casaqrande rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, assosiasiyanın əsas məqsədi mədəniyyət, turizm, səhiyyə, təhsil və digər sahələrdə ikitərəfli əlaqələri təbliğ etməkdir.
Tədbirdə digər
çıxış edənlər Azərbaycan-İtaliya əlaqələrinin
böyük inkişaf
perspektivlərinin olduğunu bildirmiş, təqdimatı keçirilən
jurnalın ölkələrimizin və xalqlarımızın
dostluq münasibətlərinin möhkəmlənməsində
önəmli yol oynayacağını
vurğulamışlar.
Azərbaycan.-2014.- 28 iyun.- S.7.