Azərbaycan Prezidenti İlham Əliyev
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən
iyirmi üçüncü illik sessiyasının plenar
iclasının açılış mərasimində
iştirak etmişdir
İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə ATƏT-in 2011-2014-cü illərdəki fəaliyyətini əks etdirən fotostendə baxdı.
Stenddə Azərbaycanın qurumdakı fəaliyyətindən bəhs edən fotolar xüsusi yer almışdır.
Sonra ATƏT Parlament Assambleyasının iyirmi üçüncü sessiyasının plenar iclasının açılışı oldu.
ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç qurumun Bakıda keçirilən iyirmi üçüncü sessiyasının plenar iclasını açıq elan etdi. O, bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycana və şəxsən Prezident İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Cənab Parlament Assambleyasının prezidenti.
Cənab İsveçrə Prezidenti.
Hörmətli qonaqlar, əziz dostlar.
Əvvəlcə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Ümidvaram ki, ölkəmizə səfərinizdən razı qalacaqsınız. Bu cür mühüm tədbiri qəbul etməkdən şərəf hissi duyuruq.
Parlament Assambleyasının sessiyası Azərbaycanda ilk
dəfədir ki, keçirilir. Hazırkı tədbiri
təşkil etmək fürsətini bizə yaratmış
bütün insanlara təşəkkürümü bildirirəm.
Bununla bizə ölkəmizi, nailiyyətlərimizi
təqdim etmək, o cümlədən üzləşdiyimiz
çağırışlar və qarşımızda
qoyduğumuz planlar haqqında danışmaq imkanı
yaradıldı.
Bilirəm ki, qonaqlarımızın əksər hissəsi
Azərbaycana ilk dəfədir ki, səfər edirlər. Beləliklə, bu tədbir
onlar üçün ölkəmizi daha yaxşı
tanımaq, bəzi tarixi yerlərlə tanış
olmaq, tarixi abidələri görmək imkanı
yaradacaqdır.
Abidələrimizdən
bəziləri UNESCO-nun dünya mədəni irs
siyahısına daxil edilərək qorunur. Azərbaycan
qədim diyardır. Bu ölkənin
böyük mədəniyyəti və tarixi vardır, lakin
müstəqillik baxımından gənc ölkədir. Təxminən 23 ildir ki, biz müstəqil ölkə
kimi yaşayırıq. Bu illər dövlətçiliyimiz,
inkişafımız, gələcəyimiz üçün
mühüm illər olub. Biz müstəqil
dövlət qurmalı, müstəqil dövlətin əsaslarını
yaratmalı, eyni zamanda, yeni siyasi sistem yaratmalı idik. Əslində, əvvəllər bizim heç bir
siyasi sistemimiz olmayıb. Ona görə də
demokratik təsisatların yaradılması, siyasi
islahatların aparılması uğurlu
inkişafımızın əsasını təşkil edib.
Siyasi və iqtisadi islahatların eyni zamanda həyata
keçirilməsi bizi böyük çətinliklərdən
sığortaladı, sabit ölkə qurmağa imkan
yaratdı və davamlı inkişafı mümkün etdi. Siyasi sahəyə
gəldikdə, bildirmək istəyirəm ki, bu gün Azərbaycan
funksional demokratik təsisatlara malik olan ölkədir. Biz demokratiyanın və qanunun aliliyinin inkişaf
etdirilməsi, eləcə də fundamental azadlıqların təmin
edilməsi üçün bir çox səylər göstəririk.
Hesab edirəm ki, bu istiqamətdə
böyük müvəffəqiyyətlər
qazanmışıq. Azərbaycanda
bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq,
ifadə, media azadlıqları təmin edilir. Azərbaycanda yüzlərlə çap mediası
vardır, internet azaddır, əhalimizin 70 faizdən çoxu
internet istifadəçisidir.
Bütün
bunlar uğurlu inkişaf üçün ilkin şərtlərdir,
çünki biz yalnız iqtisadi islahatları aparmaqla öz məqsədimizə
nail ola bilməzdik. Məqsədimiz
isə müasirləşmədir. Biz
olduqca qısa vaxtda müasir, özünə arxalanan ölkə
qurmuşuq. Gələcəyimiz
üçün isə planlarımız çoxdur. Gələn illər ərzində siyasi islahatlar
gündəliyimizdəki əsas məsələlərdən
biri olacaqdır. Biz daha çox işləməliyik,
daha çox islahatlar həyata keçirməliyik. Əminəm ki, ATƏT və digər beynəlxalq təsisatlar
qarşısında götürdüyümüz öhdəliklər
və apardığımız əməkdaşlıq
planlaşdırdığımız bütün işləri
icra etməyə imkan yaradacaqdır.
Əlbəttə ki, siyasi islahatlar cəmiyyətimizdə
olduqca müsbət mühit yaradır. Siyasi vəziyyət
sabitdir, proqnozlaşdırılandır. Bunun
sayəsində biz gələcəyimizi elə
planlaşdırırıq ki, müasirləşməyə
nail olaq və Azərbaycanı dünyanın inkişaf
etmiş ölkəsinə çevirək.
Təbii ki, beynəlxalq təmaslarımız ümumi əməkdaşlıq
baxımından mühüm rol oynayır. Eyni zamanda, bu
münasibətlər milli maraqlarımızı daha
yaxşı şəkildə müdafiə etməyə imkan
yaradır. Bir sözlə, Azərbaycan
çox fəal xarici siyasəti ilə seçilən ölkədir.
Ölkəmizin çox aydın xarici siyasət
prioritetləri vardır. Verdiyimiz vədlər
həmişə gördüyümüz işlərlə
üst-üstə düşür. Bu səbəbdən
Azərbaycan hazırda etibarlı tərəfdaş
sayılır, dost ölkələr, tərəfdaşlarımız
buna görə bizə etimad göstərirlər. Bu, çox vacibdir. Çünki
etimad elə bir şeydir ki, siz onu hər gün
qurmalısınız. Yalnız bir səhv
və ya yanlış addım bu etimadı məhv edə bilər.
Buna görə də beynəlxalq ictimaiyyətin
bir çox üzvləri, xüsusən Avropa ölkələri
ilə fəal ikitərəfli münasibətlər bizim
prioritetlərimizdən biridir. Bu sözləri
həm də digər qitələrdə olan ölkələrə
də şamil etmək olar.
Azərbaycan çoxsaylı mühüm beynəlxalq təsisatların
üzvüdür. Biz bu üzvlüyü dünya ilə
daha yaxşı əlaqələr qurmaq fürsəti kimi qəbul
edirik. Biz Qoşulmama Hərəkatının, Avropa
Şurasının, İslam Əməkdaşlıq Təşkilatının
və bir çox digər beynəlxalq təşkilatların
üzvüyük.
Xarici
siyasət sahəsində əldə etdiyimiz ən
böyük nailiyyətlərdən biri iki il
yarım əvvəl baş verdi. Azərbaycan
155 üzv dövlətin böyük dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçildi. Bu, beynəlxalq səhnədə
mümkün olan ən böyük siyasi və diplomatik nailiyyət
idi. Baxmayaraq ki, ölkəmiz gəncdir və
dünyada o qədər də çox tanınmasa da biz öz
namizədliyimizi irəli sürdük və dostlarımız
atdığımız addımlara böyük etimad göstərdilər.
BMT Təhlükəsizlik Şurasının fəal
üzvü kimi Azərbaycan iki il ərzində
sülh, təhlükəsizlik, sabitlik, ədalət
amallarının və beynəlxalq hüquq normalarının
həyata keçirilməsini təşviq etdi. Əslində,
bu, bizim hazırkı prioritetlərimizdən biridir.
Bu yaxınlarda Avropa Şurasının Nazirlər Komitəsində
sədrliyə başlamışıq. Bu
yaxınlarda mən Avropa Şurasının Parlament
Assambleyasında oldum və nitq söyləyərək
prioritetlərimizi açıqladım. Burada
onların hamısına yenidən toxunmaq istəməzdim.
Lakin onlardan biri beynəlxalq hüquq
normalarının qlobal səviyyədə bərqərar
olunması üçün mexanizmlərin işlənib hazırlanmasından
ibarətdir. Bu halda beynəlxalq təşkilatların
qərar və qətnamələrinin icra mexanizmləri nəzərdə
tutulur. Əfsuslar olsun ki, biz
ayrı-seçkiliyə əsaslanan yanaşmanın şahidi
oluruq. Bu məsələ Azərbaycan
xalqını çox narahat edir. Görürük
ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri
bir neçə saat ərzində icra olunur. Digər qətnamələr isə sadəcə
kağız üzərində qalır. Azərbaycana
gəldikdə, bu, artıq 20 ildir ki, davam edir. Buna görə də ümumi meyarların, beynəlxalq
təşkilatların qərarlarının həyata
keçirilməsi mexanizmlərinin işlənib
hazırlanması Avropa Şurasının Nazirlər Komitəsinin
sədri kimi bizim, o cümlədən beynəlxalq ictimaiyyət
üçün prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların qərarları
kağız üzərində qalacaqdır. Həmin təşkilatlara olan etimad da azalacaqdır.
Azərbaycan bu vəziyyətdən əziyyət çəkir,
çünki biz 20 ildən çoxdur ki, erməni təcavüzü
və işğalı ilə üzləşmişik. Dağlıq
Qarabağ Azərbaycanın tarixi hissəsidir, Azərbaycanın
20 ildən çoxdur ki, Ermənistan tərəfindən
işğal edilən əzəli torpağıdır. Beynəlxalq səviyyədə tanınan ərazimizin
20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı
öz doğma ölkəsində qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb.
Biz etnik təmizləməyə məruz
qalmışıq. Ermənilər
Xocalı şəhərində azərbaycanlılara qarşı
soyqırımı törədiblər. Bu
soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən
tanınıb. Beynəlxalq hüquq
normaları pozulub. BMT Təhlükəsizlik
Şurası Ermənistan qoşunlarının işğal
edilən ərazilərdən qeyd-şərtsiz və dərhal
çıxarılmasını tələb edən 4 qətnamə
qəbul edib. Bu qətnamələr icra
olunmamış qalır, kağız üzərində
qalır. Münaqişənin həlli
üçün atılacaq addımları aydın şəkildə
müəyyən edən ATƏT-in qərarları, xüsusən
də Lissabon Zirvə görüşünün qərarları
da kağız üzərində qalır. Avropa
Parlamenti, Avropa Şurasının Parlament Assambleyası,
İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı və digər təşkilatlar
qərar və qətnamələr qəbul ediblər. Ermənistan sadəcə onlara məhəl qoymur.
Onlar özlərinə məxsus olmayan ərazilərdən
çıxmaq istəmirlər, mövcud vəziyyəti qoruyub
saxlamaq fikrindədirlər. Onlar hətta
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin
dövlət başçılarının verdiyi bəyanatlara
belə məhəl qoymurlar. ABŞ, Rusiya
və Fransa prezidentləri aydın şəkildə bəyan
ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o demədir ki, status-kvo dəyişilməlidir.
Status-kvonu dəyişmək üçün
Ermənistan öz qoşunlarını torpaqlarımızdan
çıxarmağa başlamalıdır. Lakin Ermənistan bu bəyanatlara məhəl qoymur.
Buna görə də beynəlxalq təşkilatların
qərarlarının icrası, Azərbaycanın ərazi
bütövlüyünün bərpası və
münaqişələrin ölkələrin ərazi
bütövlüyü əsasında həlli hər hansı
qarşıdurmanın uğurla aradan qaldırılması
üçün əsas şərtlərdən biridir.
Öz müqəddəratını təyinetmə
prinsipinə gəldikdə isə, biz Helsinki Yekun Aktına
diqqətlə baxsaq görərik ki, öz müqəddəratını
təyinetmə prinsipi ölkələrin ərazi
bütövlüyünü şübhə altına
salmamalıdır. Bundan əlavə, ermənilərin
artıq müstəqil dövləti vardır, onlar artıq
öz müqəddəratını təyin ediblər. Buna görə də tarixi Azərbaycan ərazilərində
ikinci erməni dövlətinin yaradılması
üçün heç bir əsas yoxdur. Nəzərə almalıyıq ki, hazırkı Ermənistan
dövləti Azərbaycan torpaqları hesabına
yaradılıb.
ATƏT işğal edilən ərazilərə iki
missiya ezam edib.
Hər ikisi - faktaraşdırıcı və
qiymətləndirmə missiyaları işğal edilən ərazilərdə
hər şeyin tam dağıdıldığını qeyd
ediblər. Bu, ölü zonadır. Şəhərlərimiz yerlə yeksan olunub, tarixi
abidələrimiz dağıdılıb, məscid və qəbiristanlıqlarımız
ermənilər tərəfindən məhv edilib. Bu, faktaraşdırıcı və qiymətləndirmə
missiyaları tərəfindən etiraf olunur. Biz bu təşəbbüslərə görə
ATƏT-ə minnətdarıq. Lakin yenə
də bu hesabatlar münaqişənin həllində heç
bir rol oynamır. Biz münaqişənin nizamlanmasına
nail olmalıyıq. Bu, bizim ölkəmizə,
xalqımıza, qaçqınlarımıza lazımdır.
Region buna ehtiyac duyur. Çünki
Ermənistan-Azərbaycan münaqişəsi region
üçün əsas təhlükə mənbəyidir.
Gərginliyin azaldılması, etimad doğuran mexanizmlərin
yaradılması və etimad doğuran tədbirlərin
gücləndirilməsi üçün ən münasib yol
erməni qoşunlarının Azərbaycan ərazilərindən
çıxarılmasının başlanması ola bilər.
Münaqişəyə baxmayaraq, Azərbaycan sürətli
iqtisadi inkişafını nümayiş etdirir. Son 10 il ərzində
biz dünyada ən sürətlə inkişaf edən
iqtisadiyyata malik olmuşuq. Sosial və iqtisadi
islahatlar firavanlığı təmin edib, işsizliyi və
yoxsulluğu azaldıb. Hesab edirəm ki,
hökumətimizin ən böyük nailiyyətlərindən
biri sürətli iqtisadi inkişafın güclü sosial
siyasətlə müşayiət olunmasından irəli gəlir.
Son 10 ildə iqtisadiyyatımız 3 dəfədən
çox artıb. Bu, dünyada ən sürətli
inkişaf göstəricisidir. Eyni zamanda,
yoxsulluq demək olar ki, 10 dəfə azalıb. Hazırda yoxsulluq 5 faiz səviyyəsindədir.
Biz ümumən işsizlik məsələsini
həll etmişik. İşsizlik də təxminən
5 faiz səviyyəsindədir. Çox
sabit maliyyə sistemimiz mövcuddur. Xarici
borcumuz ümumi daxili məhsulun yalnız 8 faizini təşkil
edir. Bu, dünyada ən yaxşı
göstəricilərdən biridir. Valyuta
ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən
çoxunu təşkil edir. Bunun sayəsində
bizim sərmayə qoymaq və beynəlxalq bazarlarda kredit
götürmək imkanımız vardır. Kredit
reytinqimiz S&P, Moody`s və Fitch kimi əsas reytinq agentlikləri
tərəfindən yaxşılaşdırılıb. Azərbaycan xarici sərmayələri lazımi
qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir.
Ötən 10 ildə Azərbaycana 170 milyard
dollar məbləğində sərmayə
yatırılıb. Keçən il
bu göstərici 28 milyard dollar olub. Bu rəqəmin
70 faizi yerli, 30 faizi isə xarici sərmayədir. Gələcək üçün iqtisadi perspektivlər
çox müsbətdir. Hazırda biz
iqtisadiyyatımızın şaxələndirilməsi üzrə
fəal çalışırıq.
Bu gün Azərbaycan kosmos sənayesinə malik olan
ölkədir.
Peykimiz fəzaya buraxılıb, inkişaf
etmiş informasiya texnologiyaları sistemimiz vardır.
Avropa Şurasının Nazirlər Komitəsinin sədri
kimi qarşımıza qoyduğumuz digər prioritetlərdən
biri təhsildir. Biz təhsil sahəsinə böyük
investisiyalar qoyuruq, çünki bizə savadlı insanlar,
yaxşı mütəxəssislər lazımdır. Eyni zamanda, savadlı insanlar heç zaman aldatmaya,
xarici təsirə, müdaxiləyə məruz qala bilməz.
Təhsil ekstremizmə, radikalizmə, millətçiliyə
və ksenofobiyaya qarşı zəmanətdir. Bu məsələlər də Assambleyanın
toplantısında müzakirə olunacaqdır.
Deyə bilərəm ki, Azərbaycanın təcrübəsi
öyrənilə bilər. Çünki cəmiyyətimizdə
multikulturalizm uğurumuzun əsas elementlərindən biridir.
Biz çoxmillətli, çoxdinli ölkəyik.
Bu, Azərbaycanın əsas sərvətlərindən
biridir ki, ölkəmizin bütün vətəndaşları
dini və etnik mənşəyindən asılı olmayaraq, bərabər
hüquqlara və imtiyazlara malikdirlər. Biz
vahid ailə kimi yaşayırıq, müxtəlif dinlərin
nümayəndələri bayramları birgə qeyd edirlər.
Bu, sözün əsl mənasında nadir təcrübədir
və qlobal səviyyədə yüksək qiymətləndirilir.
Bu gün biz dünyada, bəzən istər Avropa, istər
Asiyada, istərsə də Orta Şərqdə və ya
qonşu bölgələrdə təcridolunma və
ayrı-seçkilik kimi çox təhlükəli meyllərin
şahidi oluruq. Biz bu məsələlərin həllinə nail
olmalıyıq. Onları aradan
qaldırmalıyıq, onlar haqqında
danışmalıyıq və uğurun müsbət tərəflərini
görməliyik. Əgər biz
özümüzü elə aparsaq ki, bu cür məsələlər
guya mövcud deyil və ya onları beynəlxalq forumlarda
qaldırmasaq, fikrimcə, vəziyyət yalnız çətinləşəcəkdir.
Çünki təəssüflər olsun ki,
meyllər düzgün istiqamətdə cərəyan etmir.
Bu gün ölkələrin milli təhlükəsizliyinə
enerji təhlükəsizliyindən ayrı baxıla bilməz. ATƏT
Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır.
Azərbaycan təhlükəsizlik və əməkdaşlığa
töhfə verir. Enerji diplomatiyası vasitəsilə
biz artıq regional əməkdaşlığı qurmuşuq
və genişləndiririk. Bu gün
planlarımız region hüdudlarından kənara
çıxır. Enerji siyasətində ənənəvi
tərəfdaş və müttəfiqlərlə
yanaşı, bu gün biz təşəbbüslərimizə
qoşulmaq üçün avropalı tərəfdaşlarımızı
da dəvət edirik.
Azərbaycan dünyada ilk ölkədir ki, Xəzər,
Qara və Aralıq dənizlərini şaxələndirilmiş
boru kəmərləri ilə birləşdirir. Bunun sayəsində
biz təchizat marşrutlarını müxtəlifləşdirmişik
ki, bir marşrutdan asılı olmayaq. Bu,
hasilatçı kimi bizim üçün çox vacibdir.
Eyni zamanda, həmin şaxələndirilmə tərəfdaşlarımız
üçün də vacibdir. Onlar enerji
resurslarının əlavə mənbələrini
qazanır, neft və qaz yataqlarımızda aparılan hasilat və
infrastrukturumuz Avropanın enerji təhlükəsizliyinə
töhfə verir.
Avropa İttifaqı ilə Azərbaycan arasındakı
münasibətlər müəyyən dərəcədə
enerji əməkdaşlığına söykənir. Mənimlə Avropa
Komissiyasının sədri arasında 3 il
əvvəl imzalanmış memorandumda Azərbaycan “Cənub”
qaz dəhlizinin əsas tərəfdarı və təşəbbüskarlarından
biri kimi qeyd olunur. “Cənub” qaz dəhlizi Azərbaycanın
irəli sürdüyü tarixi layihədir. Biz maliyyə yükünün əsas hissəsini
öz üzərimizə götürmüşük. Bu, çox böyük məsuliyyətdir və biz
bu layihəni həyata keçiririk. Bu gün “Cənub”
qaz dəhlizi üç əsas elementdən ibarətdir:
dünyada ən böyük qaz yataqlarından biri sayılan
“Şahdəniz” yatağından qazın hasilatı, həmin
qazın nəqli və şaxələndirmədir. Qazın nəqli üç boru kəməri ilə
həyata keçiriləcəkdir. Tikinti
işləri başa çatdıqda bizim Bakıdan Avropaya,
xüsusən də İtaliyaya gedən böyük boru kəmərimiz
olacaqdır. Söhbət Trans-Anadolu, Cənubi Qafqaz və
Trans-Adriatik boru kəmərlərindən gedir. Bu,
Avropa üçün hazırda həyata keçirilən ən
böyük infrastruktur layihəsidir.
Azərbaycan isə belə bir tarixi layihənin həyata
keçirilməsində lider rolunu oynayır. Bu layihə
bölgəmizin və Avropanın enerji xəritəsini dəyişəcək
və bizim, yəni hasilatçıların, tranzit ölkələrin
və istehlakçıların maraqlarına xidmət edəcəkdir.
Enerji siyasəti, enerji təhlükəsizliyi və
enerji diplomatiyası sahəsində həmin üç
komponent arasında maraqların tarazlığı uğur
üçün əsas şərtdir. Əminəm
ki, biz buna nail olacağıq. Gələn
illərdə tərəfdaşlarımızla bir yerdə biz
bu tarixi layihəni başa çatdıracağıq.
Gördüyünüz kimi, mən ölkəmiz
haqqında çox danışa və həyatımızın
bir çox mühüm aspektlərini əhatə edə bilərəm. Lakin hesab edirəm
ki, bu gün bizim üçün ən böyük
üstünlüklərdən biri Bakıda bu qədər
çox qonağımızın olmasıdır. Bir
neçə gün ərzində sizin Azərbaycanı daha
yaxşı tanımaq, ölkəmizi görmək,
insanlarımızla tanış olmaq, vəziyyəti
qiymətləndirmək, öz təəssüratlarınızı
qazanmaq imkanınız olacaqdır. Əminəm
ki, sizlərdən bir çoxu tərəfdaşlıq və
dialoqun davam etdirilməsi məqsədilə ölkəmizə
yenidən gələcəksiniz.
Bu gün bizimlə olduğunuza görə sizə bir
daha təşəkkürümü bildirmək istəyirəm. Mən
Assambleyanın prezidentinə minnətdaram. Ümidvaram ki, bu günlərdə iclasınız
uğurlu keçəcəkdir. Çox sağ
olun.
X X X
ATƏT Parlament Assambleyasının prezidenti Ranko
KRİVOKAPİÇ rəhbərlik etdiyi qurumun tarixin dərslərindən
lazımınca ibrət götürdüyünü,
müharibə və insanlıq üçün digər
böyük təhlükələrin qarşısının
alınmasında səylərini əsirgəmədiyini
bildirdi.
Müsəlman Şərqində ilk dünyəvi
dövlət quran Azərbaycan xalqını Ramazan ayı
münasibətilə təbrik edən Ranko Krivokapiç
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən
iyirmi üçüncü illik sessiyasının plenar
iclasının da parlament demokratiyasının ən
yaxşı nümunələrindən biri olacağına əminliyini
ifadə etdi.
O, Azərbaycan xalqının ATƏT-in məqsədlərinə
və ölkəmizin bu qurum qarşısında üzərinə
götürdüyü öhdəliklərə sadiqliyini vurğuladı
və bu istiqamətdə tədbirlərin davam etdirildiyini
dedi. Demokratiya, çiçəklənmə, ATƏT-in
üzv dövlətlərinin əməkdaşlığını
və digər xoşməramlı təşəbbüsləri
özündə ehtiva edən 1999-cu il İstanbul Bəyannaməsini
xatırladan Ranko Krivokapiç bu baxımdan növbəti
dövr üçün Bakı Bəyannaməsinin də
mühüm əhəmiyyət kəsb edəcəyinə
inamını diqqətə çatdırdı.
Milli Məclisin
sədri Oqtay ƏSƏDOV bu sessiyanın əlamətdar hadisə
olduğunu deyərək ölkəmizin mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi etməsinin
artıq bir ənənə halı aldığını
vurğuladı. Şərqdə ilk parlamentin məhz
Azərbaycanda yarandığını deyən Oqtay Əsədov
bu qurumun bugünkü fəaliyyətindən
danışdı. ATƏT-in potensialına diqqəti cəlb
edən Milli Məclisin sədri vurğuladı ki,
münaqişələrin qarşısının
alınmasına yönələn fəaliyyəti ilə
ATƏT yalnız dialoq vasitəsi deyil, əməli fəaliyyət
təşkilatı da olmalıdır, qurumun səmərəliliyi
artırılmalı, münaqişələrin tənzimlənməsi
təşkilatın proqramında mühüm yer
tutmalıdır. Oqtay Əsədov ATƏT
Parlament Assambleyasının Helsinki prinsiplərinin Ermənistan
tərəfindən kobudcasına pozulduğunu təəssüflə
qeyd edərək bu məsələyə qurumun layiqli qiymət
vermədiyini diqqətə çatdırdı. Bildirdi ki, dövlətlərin ərazi
bütövlüyü məsələsi Helsinki prinsiplərinin
təməlində dayanır, amma Ermənistan uzun illərdir
bu prinsipləri pozur, ATƏT tərəfindən isə
heç bir addım atılmır. “Biz bunu
ikili standartlar kimi qəbul edirik”, - deyən Milli Məclisin sədri
ATƏT-ə güclü və ədalətli olmağı
arzuladı.
ATƏT-in
fəaliyyətdə olan sədri, İsveçrə
Konfederasiyasının Prezidenti Didye BURKHALTER Bakıya dəvətə
görə təşəkkürünü bildirdi, bu
sessiyanın Bakıda təşkilinin Azərbaycanın
ATƏT-in demokratikləşmə prosesinə sadiqliyini təcəssüm
etdirdiyini vurğuladı. Diqqətə
çatdırdı ki, burada ATƏT-in gələcək fəaliyyəti
ilə bağlı nəticələr çıxarmaq
üçün qurumun fəaliyyəti müzakirə ediləcəkdir.
Bir müddət əvvəl regiona səfərini
xatırladan ATƏT-in fəaliyyətdə olan sədri
mövcud münaqişələrin həllinin vacibliyini
vurğuladı.
AzərTAc
Azərbaycan.-2014.- 29 iyun.- S.1-2.