Bakıda ATƏT Parlament Assambleyasının iyirmi

 üçüncü illik sessiyası çərçivəsində Daimi

Komitənin iclası keçirilmişdir

 

İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclası giriş nitqi ilə açan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç qurumun ötən bir ildəki fəaliyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Assambleya çoxşaxəli fəaliyyət göstərmiş, QHT sektorubeyin mərkəzləri ilə əməkdaşlığa üstünlük vermişdir. Bizim üçün hər bir üzv dövlətin fikri önəmlidir. Ölkələrin rəhbərləri, parlament sədrləri, xarici işlər nazirləri ilə görüşlər keçirilir.

O, qeyd etmişdir ki, ATƏT Avropada sülh, sabitlik və əməkdaşlığın sütunlarından biridir. Biz ötən il ərzində birgə yaxşı əməkdaşlıq edə bilmişik. Həmçinin “Helsinki + 40” Aktı çərçivəsində uğurlu əməkdaşlıq etmişik. İnanıram ki, Parlament Assambleyasının Bakı sessiyası bizim ümumi qayəmizi əhatə edə biləcəkdir.

ATƏT Parlament Assambleyasının QHT-lərlə əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verdiyini deyən R. Krivokapiç parlamentlərin demokratiyanın təminində önəmli rol oynadığını bildirmişdir. Qeyd edilmişdir ki, parlament diplomatiyası mahiyyətinə görə ənənəvi diplomatiyadan heçgeri qalmır. ATƏT təkcə dialoq forumu deyil, həm də əməli addımlar atan təşkilatdır.

R.Krivokapiç demişdir: “Qurum regionda təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm işlər görməlidir. Ötən dövrdə kollektiv səylərimizlə bir çox problemlərin həllinə töhfələrimizi verməyə çalışdıq. Seçki müşahidə missiyası bizim əsas fəaliyyət dairəmiz olmuşdur. ATƏT Parlament Assambleyası dünyanın digər mötəbər qurumları - BMT, Avropa Şurası ilə də səmərəli əməkdaşlıq edir.

Ukrayna böhranı təbii ki, regional təşkilat olaraq bizi çox narahat edir. ATƏT münaqişənin həll olunmasında körpü ola bilər. Biz vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışırıq. Düşünürəm ki, biz bu təşkilata üzv olan dövlətlər arasında əməkdaşlığı daha da genişləndirməyə çalışmalıyıq.

ATƏT sülh, sabitlikAvropada əməkdaşlığın inkişafında sütun rolunu oynayır. Biz Avropada təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə işimizi davam etdirməyə çalışacağıq. Bütün fürsətlərdən istifadə etmək lazımdır ki, fəaliyyətimizin səmərəliliyinə nail ola bilək”.

Sonra ümumi müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirmişdir ki, Bakıda keçirilən iyirmi üçüncü illik sessiya öz səmərəliliyi, önəmli qərarları ilə ATƏT Parlament Assambleyasının işinə töhfə verəcəkdir.

İl ərzində ATƏT-in, o cümlədən Ranko Krivokapiçin fəaliyyətini yaxından izlədiyini bildirən B.Muradova demişdir: “Ranko Krivokapiç bir illik fəaliyyəti ərzində ATƏT Parlament Assambleyasının rolunun artırılması və qurumun institutları arasında münasibətlərin normallaşması istiqamətində çox ciddi başlanğıclara start vermişdir”.

Bahar Muradova əminliyini bildirmişdir ki, bugünkü iclasda qaldırılacaq məsələlər Assambleyanın qarşıdakı fəaliyyəti dövründə gündəliyə daxil ediləcəkdir. O demişdir: “Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Suareşi çox yaxşı tanıyırıq. O, Cənubi Qafqazabu regiondakı problemlərə yaxşı bələddir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT və onun Minsk qrupu nəticə olmasa da, fəal görünür. Ancaq ATƏT PA-da bu fəallıq hiss olunmur. Xüsusi nümayəndə Suareşin mandatının və səlahiyyətinin artırılması istiqamətində düşünürsünüzmü? Mən düşünürəm ki, buna ehtiyac vardır. Onun Assambleyanın xüsusi nümayəndəsi olaraq fəaliyyəti sizi qane edirmi?”

ATƏT PA-nın prezidenti Ranko Krivokapiç Bahar Muradovanın sualının cavabında demişdir: “Əlbəttə biz bunu etmək istərdik. Biz ATƏT PA-nın rolunu, potensialını artırmaq niyyətindəyik. Xüsusi nümayəndələrin işinə diqqət artmışdır. Joao Suareş fəaldır. Cenevrədə yenidən bu məsələni qaldıracağıq. Suareşin fəaliyyəti üçün büdcədən kənar vəsait tapmağa çalışırıq. Ukraynadakı kimi daha fəal olmağa çalışırıq. Joao Suareş bunu təkbaşına edə bilməz, ona dəstək verməliyik. Bu, çox mühüm məsələdir. Biz bu sahədə müxtəlif təcrübələrdən istifadə edəcəyik. Suareşin regiondakı səylərini yüksək dəyərləndiririk”.

İclasda qurumun büdcəsi ilə bağlı da müzakirələr aparılmış, ATƏT Parlament Assambleyasının yaxın bir il üçün nəzərdə tutulan büdcəsi qəbul edilmişdir.

Sonra müzakirələr davam etdirilmişdir. Daimi Komitənin iclasında ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı hazırladığı qətnamə layihəsinin müzakirəsi ciddi etirazlara səbəb olmuşdur.

Qətnamə layihəsi ilə bağlı müzakirələrə qoşulan Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova demişdir: “Hesab edirəm ki, iclasın gündəliyinə kifayət qədər ciddi məsələlər daxil edilmişdir. Bizim bu məsələlərlə bağlı öz mövqeyimiz vardır. Bu məsələlərin bizi daha çox narahat etdiyini heç kim inkar edə bilməz. Bu münaqişə ilə bağlı məsələ bizə yaxın mövzu olduğu üçün bunun nə yerdə olduğunu daha yaxşı anlayır və ağır nəticələr verə biləcəyini düşünürük. Bu məsələyə bizim xüsusi yanaşmamız vardır. Mən amerikalı senator cənab Kardinə təşəkkür edirəm ki, Helsinki Yekun Aktının prinsiplərinin qorunması ilə bağlı mövqeyini bildirib. Qətnamənin tonu sərt, dili ciddidir. Biz 22 ildir ki, ərazisi işğal altında qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan və Dağlıq Qarabağ münaqişəsinin məhz Helsinki Yekun Aktının prinsiplərinə uyğun həllini gözləyən ölkə kimi bu cür qətnamənin qəbulunu çoxdan istəyirik. Mən hesab edirəm ki, səyləri birləşdirməklə ATƏT regionundakı mövcud münaqişələri aradan qaldırmaq və yeni yaranacaq münaqişələrin qarşısını almaq üçün çox ciddi addımlar ata bilər. Bu sözü xüsusi vurğulayıram - bu gün beynəlxalq hüquq prinsipləri tənəzzül dövrünü yaşayır. Dövlətlərin və beynəlxalq ictimaiyyətin, bizim hər birimizin qəbul etdiyimiz bu prinsiplərin demək olar ki, yaşamaq haqqı tanınmır. Belə bir şəraitdə biz qüvvələrimizi birləşdirərək ATƏT regionundakı bütün münaqişələrin həllinə tətbiq edilə, problemlərin aradan qaldırılmasına kömək ola, mövqeyimizi ciddi şəkildə ortaya qoya biləcək bir qətnamə hazırlaya bilərdik. Əlbəttə ki, cənab Kardin bu sənədi çox yaxşı işləyib. Düşünürəm ki, biz o zaman bunu dəstəkləyərdik ki, sənəd regiondakı bütün münaqişələri əhatə edərdi. Biz bu cür selektiv yanaşmanın tərəfdarı deyilik. Biz illərlə beynəlxalq hüquq prinsiplərinin pozulduğunu ATƏT-in bütün tədbirlərində, bütün beynəlxalq təşkilatlarda diqqətə çatdırmışıq. Qəbul edilən sənədlərdə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsiplərinin bütün müddəaların içərisində önəmli yer tutduğunu, regiondakı vəziyyətlərə məhz bu prinsiplər çərçivəsindən baxılmasını diqqətə çatdırmağa çalışmışıq.

Amma təəssüf ki, bizə çox az dəstək verən olubdur. Artıq son zamanlar həqiqət anlaşılmağa başlanılmışdır. Bu, məni sevindirir. Hər kəs ərazi bütövlüyü prinsipinin vacibliyini vurğulamaqdadır. Amma hesab edirəm ki, biz ən azı 22 il gecikmişik. Bu illər ərzində biz çox işlər görə bilərdik.

ATƏT münaqişələri, təhlükələri aradan qaldıran təşkilatdan bu gün onları yalnız qeydə alan təşkilata çevrilib. Məncə bu, bizim günahımızdır. Həmkarlarıma müraciət edərək soruşmaq istəyirəm ki, bugünkü məsələyə münasibət bildirdiyiniz kimi, illərlə bizim çağırış etdiyimiz məsələyə də bu şəkildə kəskin münasibət bildirmək istəyirsinizmi? Mən dəfələrlə ABŞ-a çağırışlar etmişəm ki, Birləşmiş Ştatlar öz nüfuzundan, təsir gücündən istifadə edərək Minsk qrupunun üzvü kimi öz borcunu yerinə yetirsin. Amma təəssüflər olsun ki, bu günə qədər biz belə kəskin, sərt bir sənədin şahidi olmamışıq.

Əlbəttə ki, mən Ukraynanın ərazi bütövlüyünün və böhranın sülh yolu ilə həllinin tərəfdarıyam, bu, mənim dövlətimin mövqeyidir. Bu, bizim prinsipial mövqeyimizdir. Təkcə ona görə yox ki, bizim torpaqlarımız işğal altındadır. Həm də ona görə ki, bütün beynəlxalq ictimaiyyət özünün qəbul etdiyi qayda-qanunlara hörmətlə yanaşmalıdır. Bu illər ərzində bu qayda-qanuna hörmət nümayiş etdirilmədiyi, problemlərə ayrı-ayrı ölkələrin maraqları prizmasından yanaşıldığı üçün biz ATƏT olaraq ümumi mövqe ortaya qoya bilməmişik. Bu gün də belə acınacaqlı durumdayıq. Təklif edirəm ki, bu sənəddə Moldovanın, Gürcüstanın, Azərbaycanın, Ukraynanın mövqelərinə dair müddəalar balanslaşdırılmış şəkildə əks etdirilsin. Düşünürəm ki, bizim bunun üçün kifayət qədər vaxtımız vardır. Bu vaxt ərzində bütün müddəalar burada əks etdirilə bilər. Bu birtərəfli, ATƏT regionundakı bütün münaqişələri əhatə etməyən sənəd geri götürülsün, qətnamədə Azərbaycanın, Gürcüstanın, Rusiyanın, Ukraynanın, Ermənistanın məsələlərlə bağlı mövqeləri ifadə edilsin. Bu sənədi hazırlamaqla biz həm də “Helsinki +40” yubiley tədbirinə töhfəmizi vermiş olacağıq”.

Komitənin iclası digər deputatların mövzu ilə bağlı müzakirələri ilə davam etmişdir.

 

Azərbaycan.-2014.- 29 iyun.- S.2.