Azərbaycan tarixinin yeni səhifələrindən bəhs edən əsər

 

Azərbaycan dövlət müstəqilliyinin və suverenliyinin bərpa edilməsindən keçən 23 il ərzində milli tariximizin problemlərinin kənar müdaxilə olmadan obyektiv və elmi şəkildə tədqiq edilməsi, habelə təbliği sahəsində xeyli iş görülmüşdür. Onlardan biri  Şərqin əzəmətli və sonuncu fatehi, Azərbaycan Əfşar dövlətinin banisi Nadir şahın həyatına, hərbi və dövlət xadimi kimi fəaliyyətinə həsr olunmuş “Azərbaycan Nadir Əfşar dövləti” kitabıdır. Tədqiqatçı-alim, hüquq elmi üzrə fəlsəfə doktoru Cahangir Hüseyn oğlu Əfşarın təzəcə çapdan çıxmış “Azərbaycan Nadir Əfşar dövləti” kitabını milli tariximizə qiymətli töhfə hesab etmək olar. Nəfis şəkildə çap olunmuş 255 səhifəlik bu əsərdə qədim Azərbaycan tarixinin yeni səhifələri ilə ətraflı tanış olmaq mümkündür.

 

Müəllif vurğulayır ki, bu il - 2014-cü ildə Nadir şahın anadan olmasının 325 (1689-2014) illiyi, 2015-ci ildə isə Əfşar dövlətinin yaranmasının 280 ili tamam olur. Onun qəhrəmanlıqlarla dolu fəaliyyəti və yaratdığı Azərbaycan Əfşar dövləti barədə yeni bilgilər xalqımızın vətənpərvərlik və milli təəssübkeşlik ruhunda tərbiyə olunmasında önəmli rol oynaya bilər.

Çoxsaylı qaynaqlar və zəngin mənbələr əsasında ilk növbədə Azərbaycan, Rusiya, Türkiyə,  İran arxivlərindən, muzey və kitabxanalarından istifadə edilərək gərgin əmək hesabına ərsəyə gətirilən bu kitabda Nadir şah Əfşarın şəxsi həyatı, dövlət xadimi kimi daxili və xarici siyasəti, hərbi sərkərdəlik məharəti gündəmə gətirilir, Azərbaycan torpaqlarını yadelli işğalçılardan təmizləmək üçün apardığı döyüşlərdən bəhs edilir.

Kitabda Nadir şahın görkəmli dövlət xadimi olması ilə yanaşı, həm də alovlu vətənsevər və qeyrətli sərkərdəliyi, döyüşçüləri öz şəxsi nümunəsi ilə ruhlandırması barədə yetərincə faktlarmisallar var. Əsərdə Səfəvilərin son hökmdarları dövründə itirilmiş torpaqların geri qaytarılması uğrundakı vuruşlara xüsusi önəm verilib.

Kitabın “Nadir şahın ordu quruculuğu” adlı bölməsində göstərilir ki, o, böyükgüclü  ordu hesabına qüdrətli imperiya yarada bilmişdir.

Ulu öndər Heydər Əliyev Naxçıvan Respublikasının 75 illik yubileyi ilə əlaqədar keçirilən iclasdakı nitqində, eləcə də digər məruzə və çıxışlarında alimlər qarşısında erməni ekspansiyasının tarixi köklərini açıqlamağı, indiki Ermənistan Respublikasının büsbütün Azərbaycanın tarixi torpaqlarında yaradıldığını, ermənilərin bizim ərazilərimizdə məskunlaşdırıldığını açıqlayan kitablar yazıb nəşr etdirmək vəzifəsi qoymuşdur. Bu baxımdan Cahangir Əfşarın kitabı ulu öndər Heydər Əliyevin çağırışına uğurlu töhfədir.

Kitabda qırmızı xətlə keçən belə bir ideya əsaslandırılır ki, xalqımızın tarixində qürur və güvənc mənbəyi olan tarixi şəxsiyyətlərimiz çox olmuşdur. Məhz Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda Tomris, Cavanşir, Babək, Şah İsmayıl Xətai, I Şah Abbas, Nadir şah Əfşar və XX yüzillikdə isə ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir.

Müəllif 120-dən artıq döyüş keçirən Nadir şahın XVIII yüzilliyin birinci yarısında Azərbaycan torpaqlarını əfqanlardan, özbəklərdən, rus müstəmləkəçilərindən, osmanlılardan, fars şovinistlərindən azad edib onun müstəqilliyinin təmin edilməsi ilə bağlı çoxsaylı faktları ümumiləşdirərək tədqiqata cəlb etmişdir. Yeni təfəkkür baxımından yazılan kitabda həm də Nadir şahın olduqca qərəzli, qaniçən, qatil olması barədə fikirlər təkzib edilir, real faktlarmisallarla onun ədalətli şah, qanunlara sadiq şəxsiyyət olduğu göstərilir. 1971-ci ildə rus dilində nəşr edilən “Müsəlman sülalələri” kitabında əfşarlar monqol tayfası kimi qələmə verilir. Cahangir Əfşar isə çoxsaylı qaynaqlar əsasında əfşarlar sülaləsinin, o sıradan Nadir şahın gəlmə deyil, regionun yerli türk əhalisi olduğunu, Nadir şahın türk mühitində böyüdüyünü və Azərbaycan türkçəsinin onun doğma dili olduğunu bildirir. Nəzərə çatdırılır ki, əsl azərbaycanlı olan Nadir şahın hakimiyyət illəri fəthlər, qələbələr tarixidir.

Müəllif fikirlərini əsaslandırmaq üçün akademik Ramiz MehdiyevinŞah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” əsərinə istinad edir: “...İstər Şah İsmayıl, istərsə də Nadir şah dövründə Azərbaycan təkcə müstəqil dövlət deyildi, həm də həmin zamanlardan dünyanın sosial-mədəni və dövlət kimi subyekti idi”.

Nadir şahın və onun məsləkdaşlarının böyük azərbaycanlı olduqlarını vurğulayan müəllif nəzərə çatdırır ki, ordudasarayda Azərbaycan dili hakim mövqe tuturdu. Azərbaycanın paytaxtı əvvəlcə Ərdəbil, sonra Təbriz şəhəri olmuşdur. Nadir 1736-cı ildə şahlıq tacını da məhz Azərbaycanda, Muğanın Suqovuşan adlanan yerində başına qoymuşdu. Bunlar təsadüfi hal olmayıb, Nadirin öz milli kökünə ehtiramının göstəricisi idi.

Müəllif həm də Nadir şahın islamın böyük himayədarı olmasını, islam inanclarına xüsusi ehtiram bəsləməsini söyləyərək, eyni zamanda, bu günə ciddi zərbə vuran məzhəb ayrılığına, sünni-şiə ixtilafına qarşı ardıcıl mübarizə aparmasını təsdiqləyən çoxsaylı faktlarmisallar gətirir. Nadir şah dəfələrlə Türkiyə sultanına müraciət edərək türk dünyasını parçalayan bu məzhəblər əvəzinə cəfəri məzhəbini qəbul etməyi, bu minvalla böyük Turan dünyası yaratmağı qarşısına məqsəd qoymuşdu.

Tədqiqatın müasir dövrlə sıx əlaqələndirilməsi onun müəllifinin böyük uğuru hesab olunmalıdır. Müəllif son illərdə azərbaycançılıq məfkurəsinin hərtərəfli inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini nəzərə çatdırır. Göstərir ki, zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyev 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayında azərbaycançılığın milli dövlət ideologiyası olduğunu hərtərəfli əsaslandırdı.

Müəllif vurğulayır: “Bu gün bütün dünyada azərbaycançılığın qüdrət mənbəyi Azərbaycan Respublikası və onun müdrik, uzaqgörən Prezidenti İlham Əliyevdir. Bu gün azərbaycançılıq dövlət siyasətinin bütün istiqamətlərində, əxlaq normalarında, cəmiyyət və ailə münasibətlərində fəal şəkildə inkişaf etdirilir...

Yeni nəşrin müəllifi Cahangir Hüseyn oğlu Əfşar hüquq elmi üzrə fəlsəfə doktoru, istefada olan polkovnik, Qarabağ müharibəsi veteranı olmaqla, uzun müddət daxili işlər orqanında fəaliyyət göstərmişdir.

 

Süleyman MƏMMƏDOV,

tarix elmləri doktoru, professor,

Dövlət mükafatı laureatı,

əməkdar elm xadimi

 Xəlil KÖÇƏRLİ,

tarix elmləri doktoru, professor, əməkdar müəllim

Azərbaycan.-2014.- 29 iyun.- S.12.