İkinci Bakı Beynəlxalq turizm filmləri
festivalının qalibləri
mükafatlandırılmışlar
İyunun
28-də Nizami Kino Mərkəzində Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
keçirilmiş ikinci Bakı Beynəlxalq turizm filmləri
festivalının qaliblərinin
mükafatlandırılması mərasimi olmuşdur.
AzərTAc
xəbər verir ki, əvvəlcə festival günlərində
proqrama uyğun keçirilmiş tədbirlər, ustad dərsləri,
film nümayişləri və qonaqlar üçün təşkil
edilmiş şəhər turunu əks etdirən videoçarx
təqdim olunmuşdur.
Sonra festival haqqında
məlumat verilmişdir. Bildirilmişdir ki, artıq ənənəvi olaraq keçirilən festivalın
məqsədi turizmin müxtəlif sahələrinə
həsr edilən, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.
Festival, eyni zamanda,
diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri
olan Azərbaycanın
turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoymuşdur.
Builki festivalın
proqramının əvvəlkinə
nisbətən genişləndiyi
diqqətə çatdırılaraq
bildirilmişdir ki, festivala, ümumilikdə,
55 ölkədən 405 film göndərilmişdir. Festivalın müsabiqə
proqramına 31 ölkədən
68 film daxil edilmişdir.
Filmlər 6 kateqoriyada yarışmışlar.
Müsabiqə proqramına Azərbaycanın
7 filmi də daxil edilmişdir.
Vurğulanmışdır ki, festivalın keçirildiyi dörd gün ərzində proqrama daxil edilmiş filmlər Nizami Kino Mərkəzində,
axşam seansları isə Dənizkənarı
Milli Parkda nümayiş olunmuşdur.
Filmləri kinematoqrafçılardan, səyahət
və turizm ekspertlərindən ibarət
7 nəfərlik beynəlxalq
münsiflər heyəti
qiymətləndirmişdir. Beynəlxalq münsiflər
heyəti hər kateqoriyada 3 filmi qalib kimi müəyyən
etmişdir.
Sonra qaliblərin
adları açıqlanmışdır.
“Ölkə, region, şəhər”
kateqoriyasında yunanıstanlı
rejissor Teo Papadoulakis “Krit: bütün dünya bir adada” filminə,
“Mədəniyyət, ənənə”
kateqoriyasında türkiyəli
rejissorlar Şerif Yenen və Levent
Ayaşlı “Yaşmaqsız
İstanbul” ekran əsərinə, “Reklam filmləri” kateqoriyasında
xorvatiyalı rejissor İvan Peric “Adriatikin qəlbi” filminə, “Turizm xidmətləri” kateqoriyasında
türkiyəli rejissor
Levent Ayaşlı “İstanbul: ünsiyyət
üçün ən
yaxşı yer” filminə, “Ekoloji turizm və xarici turizm” kateqoriyasında Böyük
Britaniyadan olan rejissor Geoff Tompkinson “Göl” filminə, “TV filmləri” kateqoriyasında
isə avstriyalı rejissorlar Piter Bardehle və Sebastian Lindemann “Zirvələrin simfoniyası/Alp dağları
yuxarıdan” filminə
görə birinci yerlərə layiq görülmüşlər.
Qaliblərə qızıl mükafat və 2000 avro pul verilmişdir. Hər bir
kateqoriyada ikinci və üçüncü
yerlərin sahiblərinə
isə müvafiq olaraq gümüş və bürünc mükafatlar verilmişdir.
Avstraliyalı rejissor Cefri Darlinq “Barossa. Sənin ixtiyarında” filminə
görə festivalın
ən yüksək mükafatına “Qran-pri”yə
layiq görülmüş
və ona diplom və 4000 avro təqdim edilmişdir.
Azərbaycanlı rejissor Mariya İbrahimovanın “Azərbaycan:
Şərqin Avropa cazibəsi” filmi “Milli mükafat”a, italiyalı rejissorlar Ciulio Pedretti və Roberto Karini “Thilafuşi Qon Dhudoh – Maldivlərdə sonuncu tullantı yeri” filmi isə
münsiflərin heyətinin
xüsusi mükafatına
layiq görülmüşdür.
Tədbir boyu incəsənət ustalarının ifasında
milli musiqilər və rəqslər, həmçinin bəstəkar
mahnıları təqdim
edilmişdir.
Azərbaycan.-2014.-
29 iyun.- S.9.