Qəbələdə gənc xilasedici və yanğınsöndürənlərin
III respublika birinciliyi
və gənc xilasedicilərin II Beynəlxalq yarışı
başa çatmışdır
İyunun
28-də Qəbələdə gənc xilasedici və
yanğınsöndürənlərin ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr
edilmiş III respublika birinciliyi və gənc xilasedicilərin
II Beynəlxalq yarışı başa
çatmışdır.
AzərTAc
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı,
Təhsil, Gənclər və İdman nazirliklərinin birgə
dəstəyi ilə keçirilən yarışın
bağlanış mərasimində fövqəladə hallar
naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil
naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin
müavini İsmayıl İsmayılov iştirak etmişlər.
Əvvəlcə
FHN-in Fövqəladə Halların Xəbərdar Edilməsi
Baş İdarəsinin rəisi, general-mayor Elşad
Hüseynov nazir, general-polkovnik Kəmaləddin Heydərova
raport vermişdir.
Sonra
nazir Kəmaləddin Heydərov yarışın
keçirildiyi çadır düşərgəsində
bütün komandaların üzvləri ilə
görüş keçirərək onların geyimi, fiziki və
taktiki hazırlığı, və qidalanması
üçün yaradılmış şəraitlə
tanış olmuş, xilasedici və yanğından mühafizə
komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti,
onların təlimləri, müxtəlif texnikalardan istifadə
etmək bacarıqları ilə maraqlanmışdır.
Komandalar
şərti olaraq yük avtomobilində və
yaşayış evində baş verən yanğının
söndürülməsi, zəlzələ və torpaq
uçqunu köməksiz qalan insanların xilas edilməsi əməliyyatını
uğurla başa vurmuş, qısa vaxt ərzində
yanğını dəf etməklə insanları müxtəlif
vasitələrin köməyi ilə xilas etmişlər.
Komandalar “Axtarış-xilasetmə işi” üzrə
keçirilən mərhələdə kinoloqların dəstəyi
ilə əməliyyatları nümayiş etdirmişlər.
Sonra
Kəmaləddin Heydərov və Mikayıl Cabbarov “dəyirmi
masa” ətrafında müxtəlif ölkələrdən gəlmiş
gənc xilasedicilərin suallarını
cavablandırmışlar. Onlar bildirmişlər ki, belə
yarışların keçirilməsi gənclərin fövqəladə
hallara qarşı mübarizədə təcrübə əldə
etmələrinə geniş imkanlar açacaqdır. Əcnəbi
gənc xilasedicilər bu cür yüksək səviyyəli tədbirin
keçirilməsi üçün Azərbaycanın fövqəladə
hallar nazirinə təşəkkür etmişlər.
Sonra Qəbələ Mədəniyyət Mərkəzində yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçirilmişdir. Mərasim gənc xilasedicilərin səhnələşdirdikləri və iştirak etdikləri təbii və texnogen mənşəli fövqəladə hallara dair kompozisiya ilə başlamışdır. Yarışlar haqqında FHN-in hazırladığı videoçarx da nümayiş etdirilmişdir. Sonra yarışda iştirak edən yerli və xarici komandaların öz milli rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng qatmışdır.
Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək bildirmişlər ki, bu yarışın əsas məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğindən ibarətdir. Yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər və onlarda bu sahəyə böyük maraq yaranır.
Qeyd edilmişdir ki, ölkəmizin müxtəlif bölgələrində keçirilmiş zona yarışlarında yüksək yer tutan komandalar finala vəsiqə qazanmışlar. Məlumat verilmişdir ki, bu yarışın iştirakçısı olan 16 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Gürcüstandan olan təmsilçilər beş mərhələdə - “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparmışlar.
Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi adını qazanan Siyəzən rayon komandasına və beynəlxalq yarışların iştirakçısı olan Türkiyə, Gürcüstan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstan komandalarına mükafatları təqdim etmiş, gənc yanğınsöndürən və xilasedicilərə uğurlar diləmişdir.
Məlumat verilmişdir ki, beynəlxalq yarışda birinci
yeri Rusiya, ikinci yeri isə Azərbaycan
komandaları tutmuşlar.
Azərbaycan.-2014.- 29 iyun.- S.9.